Bu yazını bir neçə ay öncə alıb oxuduğum maraqlı bir kitabdan etdiyim qeydlər və öz əlavələrim əsasında  yazıram. Yazının üslubu bir az qəribə görünə bilər, belə ki, yazıdakı üslubu kitabın üslubuna uyğun etmişəm. Bloqda yazmaqda əsas məqsədimi isə son abzasda oxuyacaqsınız. 
Brand-Yourself-on-LinkedIn

Sən brendsən, sən hazırda direktorsan- ÖZÜNÜN. Brend dedikdə şirkət adı, direktor dedikdə şirkət direktoru nəzərdə tutmuruq. Hələ ki. Söhbət səndən, bir nəfərdən, bir fərddən, orqanizmdən gedir. Sənin bacarıqların, işlərin, istirahətin, sənin rəhbəri olduğun bölmələrindir-şöbələrindir, onlara ən yaxşı şəkildə rəhbərlik sənin vəzifəndir, borcundur. Nədəsə tənbəlsən, gecikirsən, həvəs tapmırsan, əyləncəni, istirahətini düzgün və rəngarəng təşkil etmirsən, idman etməyə vaxt yoxdur – hamısının təqsiri sənin özündədir, çünki sən özünün müdirinsən, əgər vaxtı düzgün bölmürsənsə, effektivlik yoxdursa, deməli pis müdirsən, müəssisən yaxşı işləmir. Hər bir bölmən üzrə plan, idarəetmə tərtib etmək, ən yaxşı nəticəni almaq, özünü sübut etmək, potensialını meydana qoymaq gərəkdir.

Fərqi yoxdur sən hazırda hansı vəzifəni icra edirsən, tək işləyirsən ya hansısa müəssisədə işləyirsən. Sən işlədiyin/oxuduğun sahədə istehsal etdiyin hər bir məhsula can qoymalısan, wow (heyranlıq reaksiyası) proyekt olmalıdır bütün məhsulların. Məhsul deyərkən ağla sənaye, zavod gəlməsin. İşdə icra etdiyin tapşırıq da sənin məhsulundur, müstəqil yaratdığın hər hansı proyekt də məhsulundur, əmək sərf edib hasil etdiyin nəticələr sənin məhsulundur. Fərqi yoxdur hansı sahədə çalışırsan. Heç bir məhsulu/xidməti/icranı yarım qüvvəylə görməməlisən, “buna az qüvvə sərf etdim, yoxsa daha yaxşı olardı” bəhanəsi olmamalıdır, çünki buna kimsə inanmaz, çünki sən = sənin proyektlərin. Sənin proyektlərin sənin təcəllindir, sənin potensialının aynasıdır, əgər onlar pisdirlərsə, zəifdirlərsə deməli sən də zəifsən, yox əgər sən zəif deyilsənsə, onda elə et ki məhsulların da zəif olmasın. Zəif olacaq heç bir məhsul çıxarma ortaya, bütün məhsullarına can qoy, ən kiçik detalını belə işlə, ən həssas məqamlarını araşdır, var gücünü sərf et, tam potensialını yansıtdıqdan sonra məhsulu burax, təhvil ver. Məhsulu təhvil verərkən, xidməti icra edərkən bunun sənin potensialını tam əks etdirməsi şərtinə mütləq əməl et. O halda uğur qazanacağına, brendinin qiymətə minəcəyinə şübhə etmə.

Səndən az şey umulsa belə bu sənin məsuliyyətini azaltmasın, təhvil alan zəif məhsulla qane olsa belə sən var gücünü sərf edib wow proyekt hazırla, unikal ol, özünəməxsus dəst xəttə malik ol, qoy məhsulun təhvil alanı artıqlaması ilə qane etsin, brendin yüksəlsin. Məhsulun keyfiyyətli olması təhvil alandan çox sənə lazımdır. Sən işi hazırki iş yerində yaxşı icra edən nümunəvi işçi olmağa doğru yox, brendə çevrilməyə doğru getməlisən. Sən öz işində bir brend olmalısan, işlədiyin yerdən asılı olmadan, ayrılıqda, tək götürüb nəzər saldıqda bir brend hesab edilməlisən, harda işləsən, işləməsən, brend olmaq əsas ilkin vəzifədir.

İndi isə özünü bir neçə cümləylə təsvir et, sən hazırda kimsən, nəçisən? Təsvir et. Lap fərz et ki, reklam lövhəsində xidmətlərini təklif etməlisən, təcili. 4-5 cümlə ilə təsvir et özünü. Sən nə təklif edirsən istehlakçılara, potensial müştərilərə? Nəyi bacarırsan və ya bacara bilərsən, gücün çatar? Onlar səndən hansı məhsulu, xidməti ala bilərlər? Sən başqalarından fərqli nə vəd edə bilərsən onlara?

Daim istedadlı dostlar axtar, istedadlı insanları əldən buraxma, onlarla ünsiyyətə cəhd et, can at. Belə ünsiyyət fayda gətirir, hər görüşdən nəticəni çıxar, öz brendini necə təkmilləşdirə biləcəyini düşün.

Keçən həftə nə öyrəndin? Yaz bir yerə və ya say şifahi. Beləcə vaxtı boşuna keçirməyindən xəbər tutmuş ol və ya boşuna keçirməmisənsə belə daha da effektiv ola biləcəyinin fərqinə var. Hər həftəsonu bu sualı özünə ver, təqvim ilə telefonda qur, sənin yadına salsın həftəsonu, ki bu sualı özünə vermək yaddan çıxmasın.

Güvənli brendə malik ol. Tələbi qane edəcək təklifə malik ol, heç vaxt aldatma, etimadı doğrultmaq üçün var gücünlə çalış, doğrulan hər etimad irəliyə doğru addım, brendinin inkişafıdır.

Sən istehlakçıya hansı məhsul və ya xidməti təklif edirsən? Bu təkliflərə tələb varmı? Zamanla ayaqlaşa bilirmi? Daim yenilə təkliflərini, daim zamana, tələbə görə təkmilləşdir. İslahatlar apar, lazım olsa xidmət portfelində radikal dəyişikliklər də et.

Müştərilərin kimlərdir? Müştərilər pisdir, daim narazısan? Onda sənin brend də pisdir. Sən = sənin proyektlər olduğu kimi, sən = sənin müştərilər. Ona görə də müştəriləri də uyğun seqmentdən seç.
Danışıqlar aparmağı öyrən, xidmət və məhsulları qısa və lakonik təsvir etməyi bacar. Bir biznes növünə fokuslan. Yalnız bir, amma bu bir növdə müxtəlif spektrli xidmətlər məhsullar təklif et.
Üzərində daim işlə, şablon səslənsə də sözün əsl mənasında işlə. Nəyi bilirsən, nəyi bilmirsən, fərqinə var, plan tut və özünütədrislə məşğul ol. Özünü məsələn 30-35 sözlə təsvir etməyə cəhd et və bu 30-35 sözlük təsviri daim optimallaşdır. Bir yerə elə indicə yaz, 5 dəqiqə vaxt alacaq, yaz, çətin deyil. Sonralar üstündə zaman-zaman işlə.

Brend olaraq hansı missiyan var, real missiyanı təsvir et, yoxdursa yarat, şüar düşün, əsas dəyərləri formalaşdır, sənin üçün əsas olan nədir, prinsiplərin nədir?

Brendinin əsas pik hədəflərindən biri bu olsun, bunu özünə deyə biləsən: Elə bir biznes növünün elə bir spektri var ki, o spektrdə o qədər yüksək səviyyədə peşəkarlaşmışam ki, əminliklə özümə deyə bilərəm: Dünyada(heç olmasa bölgədə) bu spektrdə məhsulu/xidməti məndən daha yaxşı bacaran yoxdur. Bunu bacararsan? Çalışsan, əlbəttə ki hə.

Sən ideal brendə çevrilmək üçün etməli olduqlarından xeylisini artıq bilirsən. Bəs bu ideal obraz necə olmalıdır. Ümumi bir nümunə təsvir edək:

  • O iş vaxtı işinə tam konsentrasiya olur, fikrini tam işinə yönəldir.
  • Hazırda gördüyü iş wow-proyektdir. Yəni unikal nəyəsə malikdir, onun potensialını tam yansıdır və nəhayət tələb edən tərəfi artıqlaması ilə qane edəcək.
  • Son proyekt onun üçün çox vacibdir. O ümumiyyətlə vacib olmayan proyekti işləmir.
  • O işində macəra axtarır, ruhən dəniz piratıdır, yeknəsək deyil.
  • O həyatının tək direktorudur.
  • İddiası çox böyükdür.
  • O düşünür ki, səhv etmək nəfəs almaq qədər təbiidir, qaçılmazdır.
  • İşindən zövq qalır
  • O istedadlı dostlarla tez-tez vaxt keçirir, ünsiyyət qurur.
  • O prestijli sabit işi qeyri adi, maraqlı, inkişaf üçün ona nəsə öyrətməyi vəd edən proyektə dəyişə biləcək qədər cəsarətə malikdir.

Bu işlər bir günə həll olmur, qaçaraq yox, yeriyərək irəliləmək lazımdır, ideyalarını yaz, öz mənfi və müsbət məqamlarını qeyd et, özünü məqsədəuyğun hərəkətə sövq et, heç vaxt panikaya düşmə.

Yaz elə indi, sən kimsən, nə ilə məşğulsan? Və sən kim deyilsən? Səndə peşənlə bağlı hansı mənfi xüsusiyyətlər yoxdur?

Səni tanıyanlar(az ya çox sayda) nəyin hesabına tanıyırlar? Ən çox nəyə görə tanınmısan?
Sənin hazırki proyektlərin hansı məqamlarına görə sənə maraqlı görünür? Maraqlı görünməyən varsa, nəyə lazımdır o proyekt?
Son 90 gündə hansı önəmli biliyi mənimsəmisən?
Hədəfin nədir? Hara doğru irəliləyirsən?

Lozunqlar düşün, sənə məxsus lozunqlar. Dəyərləri, hədəfləri, inamını özündə ehtiva etsin məsələn.
Sonuncu dəfə “mən gələcəkdə özümü harda görürəm, hədəfim nə olmaqdır?” sualını özünə nə vaxt vermisən? Unutma ki, bu sualın cavabını daim əzbərdən bilməyin səni konkret hədəfə doğru yönəltmiş olar. Niyə taleyin gedişatına buraxasan axı özünü? Konkret hədəfin varmı? Yoxdursa, yarat, qoy hara getdiyini bilmiş olasan.

Öz brendin, öz direktorluğun daxilində bəzi mini-peşələrə malik olmalısan. Marketoloq, məhsul istehsalçısı, əməliyyatçı, müştərilərlə iş, satıcı, informasiya idarəetməsi, vaxt-idarəetməsi eksperti, analitik və planlaşdırma mütəxəssisi. Təbii ki bu peşələrə yiyələnmək tələb edilmir, sən sadəcə öz brendinin çərçivəsində öz xidmətlərini/məhsullarını satmaq üçün bu istiqamətlərdə müəyyən biliklər əldə etsən çox yaxşı olar.

Fikirlərimi burda yekunlaşdırıram. Ümid edirəm ki, yazı oxuyucuya motivasiya vermək istiqamətində az da olsa faydalı olar və bu istiqamətli kitablar oxumağa həvəsləndirər. Məqsəd də bu idi. Əgər yazıdan hər hansı nəticəni çıxardınızsa, elə indicə hərəkətə keçin qeydlər aparın, yazıdakı suallara cavab verin. Suallara cavab verdikdən sonra keçirəcəyiniz xoş hiss sizə çox şey deyəcək.
Bəhrələndiyim kitabın adı “The Brand Called You”, müəllifi Tom Peters. Yazıdakı cümlələr özümə məxsus olsa da, fikirlərimin ilkin mənbəyi adıçəkilən kitabdır.

Cari yazını Amazon KindlePDF formatlarında yükləmək də olar.

18 thoughts on “Sən bir brend kimi

  1. “Hocam döktürtmüşsün vallahi”

    Dəyərli, çox şey götürüləsi, faydalı və favorit ediləsi yazıdır. Hərdən özümə yazıda qeyd etdiyin bu sualı verirəm. “Səni tanıyanlar(az ya çox sayda) nəyin hesabına tanıyırlar? Ən çox nəyə görə tanınmısan?” “mən gələcəkdə özümü harda görürəm, hədəfim nə olmaqdır?” və s. Ancaq bir şeyə inanmışam və ümid etmişəm ki, mənim gələcəyim var. Yəni özümü istədiyim yerdə görə biləcəyim bir gələcəyin, gələcəyinə inanmışam. Bu yöndə çalışıram, çaba sərf edirəm. Nəticələrim yaxşı olur. Bu daha da həvəsləndirir məni. Məsələn keçənlərdə ilk işimin bəhrəsin aldım. Bu hiss özü adama işində daha məsuliyyətli olmağı və işinin öhdəsindən yaxşı gəlməyə sövq edir. İşimi inkişaf etdirmək üçün öyrənməyə cəhd edirəm. Hər gün yeni bir şey öyrənirəm. Düzdür, elə də böyük işlər görməmişəm amma gördüyüm işlər də olub. Yaxşı dostlarım, dəstək edənlərim kömək istəyəndə imtina etməyənlər və s. Səndən də az şey öyrənməmişəm. Dediyin kimi savadlı insanlarla dostluq edirəm və onlardan öyrəndiyimi, öz biliklərimə əlavə edirəm. Bu motivasiyaya görə bu yazıya görə təşəkkürlər. Yaşa!

    Reply
  2. Elvin çox gözəl yazıdır. Ən çox xoşuma gələn hissələrdən biri budur.

    Nədəsə tənbəlsən, gecikirsən, həvəs tapmırsan, əyləncəni, istirahətini düzgün və rəngarəng təşkil etmirsən, idman etməyə vaxt yoxdur – hamısının təqsiri sənin özündədir, çünki sən özünün müdirinsən, əgər vaxtı düzgün bölmürsənsə, effektivlik yoxdursa, deməli pis müdirsən, müəssisən yaxşı işləmir.

    Sənə gələcəkdə burda qeyd etdiyin kimi brendləşmək arzu edirəm

    Reply
  3. Elvin cox maraqli yazidir,heqiqeten de yazini oxuyanda dusunmeye basdiyirsan,insan neyese nail ola bilmirse,neyise bacara bilmirse bu onun gunahidi,cunki ozumde de bunu sinamisam ve neticesini de gormusem,ugur qazandigim vaxt da olub,meglub vaxtim da,amma yaziya diqqet yetirende gorursen ki meglubiyyetin sebebi ele pis direktorluqdu.Yazini cox beyendim,sene de daim brend olmagini arzu edirem

    Reply
  4. Gördüyü işə özünü ifadə etmə forması kimi yanaşanda insan daha yaradıcı və orijinal olmağa çalışır, sənin proyektlərin= sən. Sən öz məhsulun, xidmətin vasitəsi ilə dəyərlərin, düşüncələrin, duyğularının, intellektin və zövqünü kütlə ilə paylaşırsan. Keyfiyyətdə maraqlı tərəf sən olmalısan, çünki sənin UNİKAL və TƏKRAROLUNMAZ olduğunu hər kəs bilməli və qəbul etməlidir.

    Brend keyfiyyətli olmaqla yanaşı konkret dəyərləri ifadə etməlidir. Məsələn, Qənirə Paşayeva bacarıqlı jurnalist və siyasətçi kimi tanınır, brenddir. Amma Qənirə Paşayeva deyəndə ağlımıza həm də Vətənpərvər , milli dəyərlərinə sahib çıxan, humanist bir insan gəlir. Bu dəyərlər artıq onun platformasına çevrilib.

    Sonda, brendə çevrilmək insanın özünü təmsil etməkdə nə qədər maraqlı olması və öz dəyərlərini platformasına çevirərək yaddaşlarda həkk olunması ilə bağlıdır.

    Elvin, Android, Linux, Samsung və s.-dan vaxt ayırıb başqa mövzulara da toxunduğun üçün çox təşəkkür edirəm 🙂 Yazı əladır, mən çox bəyəndim. Ugurlar !

    Reply
    • Maraqlı şərhə görə təşəkkür edirəm.
      Fikirlərin boldursa, mövzunun davamını sən yazsan, yaxşı olar. 🙂

  5. İdealist mətndi, bəzi hissələri ilə razılaşmadım. İdeallıqdan başqa reallıqlar da var. Amma motivasiya etdi, deməli faydalıdır.

    Səni TedxBakı-ya çağırmalı idilər. Bu bir stand-up idi məncə və kifayət qədər də uğurlu. Sən ünvanı yerinə düşürdü, sanki birisi səninlə müzakirə edirdi, əslində özümüz özümüzlə.

    Təşəkkürlər & Uğurlar..

    Reply
    • Maraqlı şərhə görə təşəkkür.
      İdealist deyəndə ki, düzü bu yazının mətni üzərində çox işləməmişəm, bir kitabdan çıxan şəxsi qənaətin, fikirlərin tələsik, rabitəsiz şəkildə, sinədən yazıya alınmasıdır bu. Ona görə də kitabda ciddi əsaslandırılan nələrinsə bir cümlə şəklində verilməsi sən deyən təəssüratı yarada bilər, nələrsə qeyri-real, utopik, və ya olduğundan asan təqdim olunmuş kimi görünə bilər. Amma özlüyümdə əminəm ki tamamilə reallığa söykənən fikirlər və nəticələrdir, ona görə də ən yaxşısı kitabın özünü oxumaqdır.

      Tedx formatına uyğundur hə. Eybi yox, zamanla yerli Tedx-larımızın da səviyyəsi qalxar(hazırkılar heç cür qane etmir), eyni zamanda biz də özümüzü gəlişdirərik, onda çıxış daha maraqlı alınar 🙂

  6. Usta, yazıya söz ola bilməz. Super. Məni çox şeyə motivasiya etdi. Kindle variantına görə də çooooox təşəkkür edirəm. Kindle-imdə daimi olaraq qalacaq bu yazı. Bir daha təşəkkür edirəm, yazılarının davamını gözləyirəm

    Reply
    • Təşəkkür. Arabir təkrar nəzər salmaq və ya göstərdiyim kitabı tapıb oxumaqda fayda var 🙂

  7. Maraqlı məsləhətlərdir, ən əsası müəyyən yaşda adın tanınmalıdır. Məsələn, 30 yaşına qədər hər-hansısa sahənin mütəxəssisi kimi ölkənin ən yaxşı 5 nəfərinin içərisində olmalısan, 35 yaşında isə o 5-liyin lideri

    Reply
    • Tam razıyam, Urfan. 30 ciddi psixoloji sərhəddir və nələrisə çatdırmaq üçün deadline-dır.

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required