Məlumdur ki, “da,də”-ni bitişik, yoxsa ayrı yazmağı internet istifadəçilərimizin(gənclərin də deyə bilərik) azı 70%-i bacarmır, bəlkə də daha çoxu.

Bir-bir oturub izah etmək ki, bu cümlədə bitişikdir, bu cümlədə ayrıdır – çətin məsələdir.
Yaxud ədat buna deyilir, şəkilçi ona, bağlayıcı buna – bu da çətindir. Öyrənsəydilər, məktəbdə öyrənərdilər.

Birdəfəlik öyrənə bilmələri üçün kiçik bir “hack” lazımdır.

Bir dəfə hansısa Türkiyə filmində eşitmişim, xoşuma gəlmişdi (Bizim türkcədə olduğu kimi, onlarda da bu problem var, hətta onlarda daha qəlizdir).
Siz də dost-tanışın sosial mediada tez-tez bu qıcıqlandırıcı xətanı təkrar etdiyini görəndə, izah kimi bundan istifadə edə bilərsiniz:

“Da”,”də”-ni cümləndən çıxar, əgər cümlənin mənası itdisə, deməli bitişik yazılır.

Cəmi bir cümləlik, sadə həll.
Daha yaxşı izah üçün nümunə deyim:

Misal 1: “Mən*də sizin tədbirinizə gəlmək istəyirəm” – “də”-ni çıxarsaq, alarıq: “Mən sizin tədbirinizə gəlmək istəyirəm”.
Məna itdimi? Xeyr. Hər iki cümlədə fikir aydındır və eynidir: mən tədbirə gəlmək istəyirəm.
Deməli, buradakı “də” ayrı yazılır.

Misal 2: “Mən*də çoxlu bədii kitab var” – də-ni çıxarsaq, alarıq: “Mən çoxlu bədii kitab var”.
Məna itdimi? Bəli. Nəinki itdi, hətta yanlış cümlə alındı. Deməli, buradakı “də” bitişikdir. (yəni, şəkilçidir)

Misal 3: “Belə*də savadsızlıq olar?” – də-ni çıxarsaq, alarıq: “Belə savadsızlıq olar?”
Məna itdimi? Xeyr. Hər ikisində eyni fikir var. Deməli, buradakı “də” ayrı yazılır.

Misal 4: “Mən*də*də o kitabdan var” – burada iki “də” var. İkincini çıxarsaq, alarıq: “Məndə o kitabdan var”.
Məna itdimi? Xeyr. Birincini də çıxaraq: “Mən o kitabdan var”. Məna itdi. Deməli birinci bitişik yazılır, ikinci ayrı, yəni: “Məndə də o kitabdan var”.

Bəli, əslində çox sadədir, amma ortada olan fakt onu göstərir ki, əksəriyyət bu bəsit fərqi öyrənməyib.

One thought on ““Da”, “də” ayrı, yoxsa bitişik

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required