Sosial şəbəkələr və biz

Hal-hazırda orta statistik internet istifadəçisi haqda “Sosial şəbəkə istifadə edir ya etmir?” sualı aktual deyil, soruşula bilən sual “Neçə sosial şəbəkədən aktiv şəkildə istifadə edir?” sualı ola bilər.

Öyrəşiklik və səbəbləri

Bəs niyə bir yox, bir neçə sosial şəbəkələrdən(bundan sonra SŞ), servislərdən istifadə edirik? Səbəbi təxminən belə xarakterizə etmək olar: SŞ-ləri auditoriya,təyinat,xidmət və funksionallıq və.s. baxımdan bir-birindən fərqləndirən məqamlar mövcuddur, ona görə də əksər aktiv internet istifadəçiləri paralel olaraq bir neçə xidmətdən istifadə edir.

Nümunə 1: Sosial aktiv olan A adlı istifadəçi dostları ilə ünsiyyət qurmaq, paylaşmaq üçün Facebook-dan(bundan sonra FB), maraq dairəsinə uyğun mikrobloqlardan ibarət daha mobil, çevik və qısa paylaşım üçün Twitterdən, rusdilli auditoriya ilə, həmsiniflərlə danışmaq üçün Odnoklassniki-dən, maraq dairəsində olan multimedia materialları paylaşımı,reytinqi və.s. üçün Getglue-dan, maraqlı şəkillər üçün İnstagram-dan, vizual baxımlı paylaşımlar üçün Pinterest-dən, videolar üçün Youtube-dan və.s. xidmətlərdən istifadə edir. Siyahını kifayət qədər uzatmaq da olar.

Nümunə 2: Sosial aktiv olan B adlı istifadəçi kiçik sosial servislərdə elə də maraqlı deyil. O gününü əsasən FB-da keçirir. Digər servislərdə hesaba malik olsa da, onlardan nadir hallarda istifadə edir.

Fayda və zərərlər

Yaxşı bəs bu xidmətlərə nə qədər vaxt sərf olunur,  zərəri varmı, varsa nədən ibarətdir? Maraqsız olsaydı, təbii ki, bu xidmətlərdən heç biri populyarlıq qazanmazdı. Adları çəkilən hər bir xidmət A və B adlı istifadəçilərə maraqlıdır. Bu maraq sonda addiktivliyə çevrilir və A-nın həyatı SŞ-larda keçməyə başlayır, real həyat arxa plana keçir. B isə yalnız FB-da “oturur”, like toplamaqdan həzz alır, maraqlı şəkillərə,videolara baxır, paylaşır, oyun bölməsində çox xal toplamağa çalışır və.s.

SŞ-ların real həyatdakı fəsadları haqda ton-ton yazılar var. real dostları itirmək, açıq havada daha az vaxt keçirmək, ailə konfliktləri, yeniyetmə psixologiyasının pozulma halları və.s. bunlar haqda yazmağa ehtiyac yoxdur.

İndi SŞ-in A-ya və B-yə vurduğu iki zərər, vaxt və effektivlik göstəricisi haqda danışacam.

1. Vaxt: A adlı istifadəçi 7-8 SŞ-dən aktiv şəkildə istifadə edir. Bu şəbəkələrdən FB-a gün ərzində 2-3 və ya daha çox saat, Twitterə tutaq ki 2 saat, digərlərinin də hərəsinə yarım saat vaxt ayırır. B isə bu vaxtı FB-ya sərf edir. Cəmdə 7-8 saat vaxt SŞ-lara sərf edilmiş olur. Məlum “vaxt puldur” həqiqəti var, gənc bir insan üçün isə o puldan daha artıq bir məfhumdur. Nəsə öyrənə bilinəcək vaxtlar FB stream-ində yeni nə var nə yox buna baxmaq, maraqlı bir şəkli like etmək, videoya baxmaq və.s.-a sərf edilir.

2. İş effektivliyi. Əgər A və ya B işləyirsə, bu halda zərərin miqdarı daha böyük olur. Zehni əməklə məşğul olan insanlarda tez-tez antraktlara ehtiyac olur. Ən uzağı yarım saat dayanmadan işlədikdən sonra mütləq kiçik fasilə olmalıdır. Normalda bu antraktlar durub gəzişmək, kompüterdən və ya iş masasından aralanıb beynə dinclik verməkdən ibarətdirsə, A və B bu boş vaxtı FB-u açıb neçə bildiriş gəldiyinə baxmaqla, son dərcinə neçə yeni like gəldiyinə baxıb sevinməklə, paylaşımlara şərh yazmaqla və.s. keçirir. Burada artıq sağlamlıq baxımından zərərlər meydana  gəlməklə yanaşı başqa bir pis məqam da var: FB-dakı bu gəzişmələr zehni əmək tələb etmədiyindən qısa müddətdə daxili tənbəlliyin dəstəyi ilə A və B-yə qalıb gəlir və bir müddət sonra A və B artıq bütün iş günü FB-da gəzişir, yorulanda antrakt yerinə öz işinə baxır, yəni tam tərsinə edir. İş yorucu və maraqsız olduğundan az sonra yenidən şəbəkəyə qayıdır. Və iş günü beləcə başa çatır. Aylar illər hiss olunmadan ötüb keçir, A və B öz işində(~dərsində, təhsilində, elmində) günü gündən geriləyir, zehni kütləşmə baş verir, eyni zamanda karyerasında durğunluq olur.

Çıxış yolu təklifim və şəxsi həll metodum

Bu yazını qeydə alan müəllif də A  və B qədər olmasa da, bir müddət öncəyə qədər kiçik formada SŞ-ya aludə olmuş bir şəxsdir. Sadəcə vaxtında və ya vaxtından bir qədər gec ayılaraq müəyyən tədbir və islahatlar nəticəsində bu problemdən qismən azad olmuşam. Ona görə də bu yöndə nələr etdiyimi bu abzasda paylaşıram:

Hal hazırda ən zərərli SŞ sözsüz ki FB-dır. Ona görə ki populyardır, ona görə ki az qala hamı ordadır, ona görə ki qaynardır. Məhz bu səbəbdən ilk olaraq FB ilə məsələni çözmək lazımdır. FB-da uzaqda yaşayan dostlar, keçmiş məktəb ya tələbə yoldaşları və.s. ola bilər və bəziləri ilə yeganə əlaqə vasitəsi məhz oradır. Ona görə də FB hesabınızı silməyi təklif etməyəcəm.

1. FB-da Chat-ı OFF edin. Bunun faydası çoxdur.

2. FB-da bütün dostlarınızı Unsubscribe edin. Bu bir düyməyə klik etməklə olan asan işdir və hər kəs bacarar. İradə tələb etmir.

Bunu etdikdən sonra addiktivliyiniz sizi bir müddət yenə təhrik edəcək ki, antraktlarda, gecə yerinizə uzananda, yolda, metroda və.s. FB-ya daxil olasınız. Amma hər daxil olanda yeni heç nəyin olmadığını görüb gec-tez usanacaqsınız. Əgər paylaşımlardan mütləq xəbər tutmaq istəyirsinizsə, qeyri iş vaxtında, ya 2-3 gündə bir, ya həftədə bir dəfə sayta daxil olub sol sütundakı Listlərin köməyilə yenə də bütün paylaşımlardan xəbərdar ola bilərsiniz. Amma iradənizi çalışdırıb elə etməlisiniz ki, Listə baxmaq özü də bir aludəçiliyə çevrilməsin. Bir müddət sonra FB sizin üçün sönük bir servisə çevriləcək. Əvəzində hesabınız aktiv qalacaq, İnbox işləyəcək və kimsə sizə yazanda və ya kiməsə yazmaq istəyəndə adi mail xidməti kimi ora daxil olub məktubunuzu yazacaqsınız.

Keçdik digər servislərə:

3. Getglue, Pinterest, İnstagram və.s. kimi konkret təyinata malik, əslində heç bir ciddi faydası olmayan servislərdən tamamilə imtina etmək mümkündür, delete account və vəssalam. Əminəm ki, bunu asanlıqla edə bilərsiniz. Çünki bunlar FB kimi addiksiya yaratmaq gücündə deyil.

4. Youtube-da kifayət qədər faydalı kontent var. Ona görə də bu servisdən istifadəyə davam etmək hətta lazımdır. Amma gün ərzində 1 dəfə, ancaq seçdiyimiz abunə kanalların yeni videolarına baxmaqla. Daha gəzişmək olmaz, gəzişmək addiksiya yaradır və vaxtı boşa sərf edir.

5. Twitter saytının ya veb versiyasından istifadə etmək, hər istifadədən sonra pəncərəni mütləq bağlamaq, açıq saxlamamaq. Klientdən istifadə edilirsə, pop-up notificationları bağlamaq. Nəticədə baş verən heç bir yenilik diqqəti cəlb etməyəcək. Bu halda Twitter-dən istifadədə də dəyişikliklər hiss edəcəyik, gün ərzində əvvəl 15-20 və ya daha çox baxırdıqsa, indi artıq 3-4 dəfə baxacağıq.

Bu qədər. Ümid edirəm əsas fikirləri çatdıra bildim. Əsas məqam budur ki, yazıda SŞ-lardan imtina təklif edilmir, onları zəncirləmək təklif olunur.

Yuxarıda yazılanlar sırf şəxsi təcrübəyə əsaslanıb və artıq 70-80% uğurla reallaşdırılıb. Bəhrəsi də artıq hiss edilməkdədir. Düzdür, mən heç vaxt A və ya B qədər addiktiv olmamışam, vaxtı normadan bir az çox yalnız FB və Twitterə sərf etdiyim günlər, aylar olub. Amma bu yetərincə pis bir haldır və nə qədər ki, gec deyil, qarşı tədbir görmək yaxşı olar.

Bu prosesi uğurla reallaşdırandan sonra iş prosesimiz qaydasına düşəcək, məhsuldarlığımız xeyli artacaq, işdən sonra isə yaranacaq bol-bol vaxtlara kitab oxuya, filmə baxa, gəzməyə çıxa, dostlarla görüşə və.s. seçimlərdən istifadə edə biləcəyik. Özüm də daxil olmaqla hər birinizə uğurlar. Yazını elə məhz SŞ-ların özündə paylaşaq ki, hamı oxusun. 🙂

Elvin Hacı.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

8 Replies to “Sosial şəbəkələr və biz”

  1. Gözəl yazıdır və doğrudur. Digər məsləhət, Android işlətməkdir.Daim onlaynda olursan,Yenilik gələndən gələnə achıb baxırsan,üstəlik notification bar-da yenilik haqqında qısa məlumat olur,orda yeniliyin nə qədər əhəmiyyətli olduğuna baxırsan,maraqlı deyilsə clear edirsən. Məsələn,mən FB-da notificationlar kimi ancaq mənim post və səhifəmdə yazılmış yazı və kommentlər və məktublar ücün qoymuşam,və artıq comment olanda onun əhəmiyyətinə baxıb sonra achıram.Tvitter də həminin.Ancaq məktub və mention olanda.Bir də istirahət günü darıxanda timeline-a baxıram və bəzən maraqlı tvitlər olur. Foursquare (sənin ən nifrət etdiyin servis,getglue ilə səhv eləmirəmsə eyni funksiyadadırlar) gəzintiyə chıxanda maraqlı olur.Sadəcə gəzdiyin yerləri şəkillərlə paylaşırsan və bu elə də vaxt almır və gəzintiyəchox da mane olmur. İnstagram lazımsız servisdir.Amma bəzən maraqlı şəkli dostlarla paylaşmaq üün yaxşı variantdır.Bu isə artıq evdə boş vaxtda edilir. Nəticə: Sosial şəbəkələrə ancaq mənə aid nəsə yazılanda daxil oluram (fb-yə gündə 30 dəq,tvitter mention olanda ancaq aıb cavablamaq və boş vaxt olanda 10,15 tvit oxumaq. Flipboard- ancaq bekar vaxtlarda texnalogiya saytlarının başlıqlarını oxumaq.) Kompüterdə isə yalnız vk və ya gplus-da şəkil albomu yaradıb şəkilləri yükləmək.Bir də bəzən vk-da musiqi qoşub işə davam etmək.

    1. Emin, smartfon barədə etdiyin təkliflə razı deyiləm. Bu yağışdan çıxıb yağmura düşməkdir. Notificationlar mobil proqramlarda da mütləq söndürülməlidir. Ki heç bir bildiriş səni narahat etməsin, cari məşğuliyyətindən ayırmasın.

  2. Elvin, kifayət qədər uğurlu və dünya səviyyəsində yazıdır.Əgər Çıxış yolu təklifim və şəxsi həll metodum hissəsini yazmasaydın, növbəti boş fikir və tənqiddir deyib keçəcəkdim. Sənin dediyin SŞ xəstəliyi məndə də yaranmışdı, qismən sən yazdıqların şəkildə qurtulmuşdum. FB (inbox nəzarətindən başqa),İnstagram,Flipboard tərk edilmişdi. Pintereset,Flickr,Odnoklassniki,Mail.ru və s. kimi SŞ-lər isə vaxt itkisi hesab edildiyindən heç yaxın da durmamışam. Qısası, 21-ci əsr insanı üçün TV əhəmiyyətini itirdikcə yeri SŞ-lər ilə doldurulur.Bu post bu xəstəliyin ən yaxşı dərmanıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir