Yəqin bir çox veb saytlarda başlığın və ya mətnin ayrılmış sahəni doldurmasına görə ... ilə məhdudlaşdırılıb davamını oxu düyməsi ilə keçid qoyulmasını görmüsünüz. Azərbaycandilli resursların əksərində belə qısaltmalar zamanı tez-tez bu tip problemlər görürük: qonaqları qəbul etmi�... davamı → Yəqin ki tanış gəldi. Bu tip situasiyalarda PHP-də "sətirkəsən" funksiya olan substr bizim milli hərfləri başa düşmür və onları 1 baytlıq qaydada kəsməyə cəhd edir. Nəticə multibyte simvollar ortadan bölünür və anlaşılmaz simvollar meydana gəlir. Bunun qarşısını almaqçün multibyte funksiyalardan istifadə etmək lazımdır. Məsələn [code] mb_internal_encoding("UTF-8"); echo mb_substr("Hər hansı Azərbaycan əlifbasında olan söz",0,15).'... <a>davamı</a>'; [/code] bu koddan istifadə etsək ilk 15 simvol normal şəkildə dərc ediləcək, sonrası isə 3 nöqtə ilə davam edəcək.
Əsas sual: Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Cavab hə isə davam edək. Ön qeyd: Bu yazı əsasən İKT sahəsinə aid olmayan Azərbaycan internet istifadəçiləri üçün daha çox məsləhətlidir, əgər siz İKT sahəsinə aidsinizsə, mövzunun bir qismi və ya böyük hissəsi sizə asan və məlum məsələlərdən bəhs etmiş ola bilər. Amma məlumat xarakterli hissələrlə yanaşı yazıda şəxsi yanaşmalar və şəxsi həll təklifləri də var deyə hər kəs üçün faydalı məqamlar tapıla bilər. Yazını çoxdan yazmaq istəsəm də mövzu üzrə qaneedici həlli özüm də tapmadığımdan yazmaq hər dəfə təxirə düşürdü. Qaneedici həllin çətinliyi təklif olunan xidmətlərin say çoxluğu, onların minimal sayda olanını seçib maksimal effektivlik çıxarmağın çətin olmasındadır. Hazırda gəldiyim nəticə özümü tam qane etməsə də, optimal varianta yaxınlaşdığım qənaətindəyəm. Mövzu biz və kompüterlər - buludlara köçməkdir. Mövzunun mahiyyəti Başlıq bir az çaşdıra bilər. Ona görə də dərhal mövzunun mahiyyətini yazaq. Biz paralel olaraq bir və ya bir neçə ev kompüteri, laptop, netbook, smartfon, tablet və.s. işlədə bilərik. Bunların hər biri smart qurğular olduğundan ümumi olaraq hər birinə kompüter adı verək. Ki yazı daha asan alınsın. Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Yəqin ki, azı bir neçəsi var. Bunları necə idarə edirsiniz? Kompüteriniz fiziki zədələnsə, itsə və.s. olsa, sizin kompüterinizin yaddaşına ulaşmanız bir an içində kəsilsə, o sənədlərin aqibəti necə olacaq? İtəcəkmi? Bəlkə ehtiyat nüsxəni saxlamaq üçün external diskdən, flash kartdan istifadə edirsiniz? Edirsinizsə yaxşıdır, amma bu optimal idarəetmədirmi? Axı neçə gündən bir kopya çıxaracaqsınız, son variantı təzələyəcəksiniz və.s.? Belə pərakəndə yanaşma ilə sözsüz ki, optimal idarəetmə əldə etmək mümkün deyil. Əksinə bu halda sənədləriniz daha da dağınıq olacaq, arzuolunmaz nüsxələr, əlavə yaddaş sahələri və.s. çıxacaq, üstəgəl yenə də ən son versiya problemi mövcud olmuş olacaq. Məqsədimiz Beləliklə ortalığa bir zərurət çıxır: Bütün adı çəkilən sənədləri vahid mərkəzdən idarə edə bilmək imkanını əldə etmək. Kompüterdən fiziki olaraq asılı olmamaq zəruridir. Bu asılılığı aradan qaldırmaq üçün bulud texnologiyalarından(cloud technology) istifadə etmək olar. Terminin xırdalığına getmədən(belə şeylər üçün Wikipedia var) məlumat verim ki, bulud həll variantında sizin sənədlər güvənli bir serverdə qorunub saxlanılır və sizin xüsusi login-parolla bütün kompüterlərinizdən öz sənədlərinizə əliniz yetir. Hər dəfə birbaşa serverlə, yəni internet üzərindən işləməməyiniz üçün, offline rejimdə adi qaydada işləməyiniz üçün Sync(serverlə sinxronizasiya) adlanan texnologiya da var. Bu halda sizin sənədlər kompüterinizdə adi sənədlər kimi qalır və hər dəyişiklikdən sonra dəyişikliklər internet üzərindən serverə göndərilir və beləliklə sizin məsələn planşetdən girib planşetin yaddaşındakı sənədə gələn həftə üçün yazdığınız plan kompüterinizdən girdikdə kompüterinizdəki sənəddə də əks olunmuş olur. Və ya işdə hər hansı mətn yığırsınız, iş vaxtı bitir, kompüteri bağlayıb evə gəlirsiniz, evdəki kompüterdə sənədi açırsınız, işdə ən son harada qalmışdınızsa oradan da davam edirsiniz. Yaxşı səslənir, bəs konkret hansı xidmətlərdən istifadə edək? İşin qəliz tərəflərindən biri də məhz buradır. İnternet şirkətlərin sizə təqdim etdiyi 100-lərlə xidmətdən ən optimal variantı seçmək və xidmət sayını minimuma endirmək. Belə ki qeydlər üçüb ayrı, şəkillər üçün ayrı, videolar üçün ayrı, plan üçün ayrı və.s. ayrı-ayrı servislərdən istifadə etsəniz, mövzumuzdakı problemi həll edəcəksiniz, amma bu zaman yeni problem meydana çıxacaq, çoxsaylı account-hesabları yığıb-yığışdırmaq, idarə etmək çətinliyi. Mən bu yarımbaşlıqda sırf öz  həllimi, öz minimallaşdırılmış optimal seçimimi sizinlə paylaşacam: 1. Şəkillər, videolar, kitablar, sadəcə müxtəlif fayllar, ofis sənədləri, backup-lar və.s. Bunları qoruyub saxlamanız üçün Dropbox və ya Google Drive-dan istifadə edə bilərik.(Mən bölgü aparmışam, sənədlər üçün GDrive, digər sadalananlar üçün Dropbox istifadə edirəm, amma əslində hər ikisini istifadə etməyə gərək yoxdur) Dropbox-un üstünlüyü daha asan, daha zəngin həllərə malik sistemə malik olmasında, bütün əməliyyat sistemlərini dəstəkləməsində, əlavə pulsuz yaddaş hədiyyə etməsində və.s.-dədir. GDrive-ın üstünlüyü isə- Google hesab altında olmasında(eyni hesabla siz Gmail, Youtube və.s. saytlara da girirsiniz), ofis(doc,xls,ppt) sənədlərinin yerindəcə online redaktə imkanındadır. Şərti olaraq Dropbox-un üzərində dayanaq. Dropbox seçdiyiniz halda Dropbox.com-a daxil olursunuz, proqramı yükləyib kompüterdə quraşdırırsınız. Vəssalam, sizə verilən papka artıq bulud server ilə Sync, yəni sinxronizə olunmuş vəziyyətdədir. Və siz bütün sənəd,şəkil,video və müxtəlif fayllarınıza dünyanın istənilən yerindən, istənilən kompüterdən ulaşa bilərsiniz. Sync məntiqinin hesabına hər bir kompüterdə offline rejimdə, internetsiz də işləyə bilərsiniz. Sonra nə vaxt internet olacaqsa, o zaman dəyişikliklər serverə göndəriləcək. 2. Qeydlər, planlar, görməli işlərin siyahısı, internetdən seçib yadda saxladığınız informasiya və.s. Bu xidmətlərin şəksiz lideri Evernote adlanan proqram təminatıdır. Evernote.com-a daxil olaraq siz hesab əldə edə bilərsiniz. Evernote-da mən aşağıdakıları cəmləşdirə bilmişəm: Qeydlər, cızma-qaralar, ideyalar Görüləsi işlərin siyahısı  - Todo adlı qol-stack yaradıb içində proyektlərin hərəsinə aid papka yaratmaq, onların da içinə işlərin hər hansı formada qeydini daxil etmək, bitdikdə YERİNE YETİRİLDİ adlı papkaya atmaq; və yaxud daha sadə variant hər həftə bir note yaradıb adını tarixə uyğun qoyub(məsələn 2012,14-21 avqust)  içinə həftəlik işləri yazmaq, işləri gördükcə pluslamaq. və.s. öz rahatlığınıza uyğun formalar düşünmək olar. İnternetdən götürülən informasiya - Hər hansı saytda maraqlı şəkil,məlumat gördükdə onu copy edib Word-ə də atmaq olar, html kimi də saxlamaq olar. Amma bunlar qeyri-effektivdir. Ən gözəl yol Evernote plugini köməyilə məlumatları qeyd edib CLİP SELECTİON tıqlamaqdır. Bu halda yeni kəsilmiş qeyd gedib düşəcək məsələn "İnternetdən maraqlı seçmələr" adı papkanıza. Bütün bunlar Sync hesabına hər yerdə əlçatan olacaq, asan axtarışla, açar sözlərlə daim köhnə məlumatı tapa biləcəksiniz və.s. Beləliklə buracan hansı nəticəyə gəlmiş olduq: Biz sadəcə iki xidmətin sayəsində(Dropbox və Evernote) aşağıda sadalanan şəxsi elektron obyektlərimizin-mülklərimizin idarəetmə yüyənini əlimizə keçirmiş olduq. Şəkillər, videolar, ofis sənədləri, istənilən tip digər fayllar, qeydlərimiz, planlarımız, ağlımıza qəfil gələn ideyalar, görməli işlərimizin siyahısı, intertnetdən kəsib götürdüyümüz informasiya və.s. Az deyil, deyilmi? Təhlükəsizlik və məxfilik Meydana təbii sual çıxa bilər. Əvvəllər bərbad idarə altında olsa da öz fayllarımı öz kompüterimdə saxlayırdım və təhlükəsizlik və məxfilikdən əmin idim. Bəs indi? Axı bütün məlumatlar hansısa amerikan yaxud Avropa serverində saxlanılmış olacaq. Haqlı sualdır. Məxfilik: Sizin facebook hesabınız, email yazışmalarınız və.s. internet üzərindən olan məxfi elektron mülkiyyətiniz də eyni durumda deyilmi? Müasir internet bunu diqtə edir, artıq məlumatlarımızın byulud serverlərdə cəmləşməsi zərurət halına gəlməkdədir. Hər halda əgər düşünürsüzsə ki sizin sənəd,şəkil,video məsələn GDrive-ın məxsus olduğu Google-un hər hansı xüsusi imtiyazlı işçisinə həyati önəmli ola bilər, o halda o tip sənədləri elə öz kompüterinizdə saxlayın :) Təhlükəsizlik: Bu tip xidmətlərin kənar müdaxilədən qorunma keyfiyyəti çox yüksəkdir. Təhlükəsizliyə etibar etmək olar. Alət proqramlar, istifadə qaydaları Evernote, Dropbox və.s. bu tip proqram təminatlarından istifadə qaydaları çox asandır, hər hansı ciddi dokumentasiyaya gərək qalmadan özünüz praktiki məşq ilə öyrənə bilərsiniz. Dropbox-da istifadə olunacaq alətlər: Dropbox proqram təminatı, smartfonlar üçün Dropbox app və Dropbox.com veb klientidir. Bu 3-lük sizə Dropbox-dan tam rahat istifadə imkanı verəcək: Həm smartfonlarda, həm tablerlərdə, həm kompüterin hard diskində, həm də birbaşa brauzerdə. Evernote üçün lazım olan alətlər: Evernote proqram təminatı, Evernote.com veb klienti, Google Chrome üçün Evernote clipper extensionu(Digər brauzerlərdə də analoji pluginlər var) Bəs bütün bunları edərkən meydana çıxan suallarıma cavabı haradan əldə edəcəm? Yazıda təkliflər olsa da, realizasiya necə olacaq, şəkilli izahlar və.s. mövcud deyil. Çünki məqsəd istiqamət verməkdir. Sualların meydana çıxması təbiidir. Rus və ya ingilis dilində bu sualları Google-da axtarıb cavab ala bilərsiniz. Öz dilimizdə cavab və ya anlaşılmaz qalan məsələlərə izah lazımdırsa, Cavablar.net köməyinizə çata bilər. Sonda yazını səhifənin yuxarı hissəsindəki sosial paylaşım düymələrinə(like,tweet,+1) klikləməklə dostlarınızla paylaşmağı unutmayın. Elvin Hacı.
Hal-hazırda orta statistik internet istifadəçisi haqda "Sosial şəbəkə istifadə edir ya etmir?" sualı aktual deyil, soruşula bilən sual "Neçə sosial şəbəkədən aktiv şəkildə istifadə edir?" sualı ola bilər. Öyrəşiklik və səbəbləri Bəs niyə bir yox, bir neçə sosial şəbəkələrdən(bundan sonra SŞ), servislərdən istifadə edirik? Səbəbi təxminən belə xarakterizə etmək olar: SŞ-ləri auditoriya,təyinat,xidmət və funksionallıq və.s. baxımdan bir-birindən fərqləndirən məqamlar mövcuddur, ona görə də əksər aktiv internet istifadəçiləri paralel olaraq bir neçə xidmətdən istifadə edir. Nümunə 1: Sosial aktiv olan A adlı istifadəçi dostları ilə ünsiyyət qurmaq, paylaşmaq üçün Facebook-dan(bundan sonra FB), maraq dairəsinə uyğun mikrobloqlardan ibarət daha mobil, çevik və qısa paylaşım üçün Twitterdən, rusdilli auditoriya ilə, həmsiniflərlə danışmaq üçün Odnoklassniki-dən, maraq dairəsində olan multimedia materialları paylaşımı,reytinqi və.s. üçün Getglue-dan, maraqlı şəkillər üçün İnstagram-dan, vizual baxımlı paylaşımlar üçün Pinterest-dən, videolar üçün Youtube-dan və.s. xidmətlərdən istifadə edir. Siyahını kifayət qədər uzatmaq da olar. Nümunə 2: Sosial aktiv olan B adlı istifadəçi kiçik sosial servislərdə elə də maraqlı deyil. O gününü əsasən FB-da keçirir. Digər servislərdə hesaba malik olsa da, onlardan nadir hallarda istifadə edir. Fayda və zərərlər Yaxşı bəs bu xidmətlərə nə qədər vaxt sərf olunur,  zərəri varmı, varsa nədən ibarətdir? Maraqsız olsaydı, təbii ki, bu xidmətlərdən heç biri populyarlıq qazanmazdı. Adları çəkilən hər bir xidmət A və B adlı istifadəçilərə maraqlıdır. Bu maraq sonda addiktivliyə çevrilir və A-nın həyatı SŞ-larda keçməyə başlayır, real həyat arxa plana keçir. B isə yalnız FB-da "oturur", like toplamaqdan həzz alır, maraqlı şəkillərə,videolara baxır, paylaşır, oyun bölməsində çox xal toplamağa çalışır və.s. SŞ-ların real həyatdakı fəsadları haqda ton-ton yazılar var. real dostları itirmək, açıq havada daha az vaxt keçirmək, ailə konfliktləri, yeniyetmə psixologiyasının pozulma halları və.s. bunlar haqda yazmağa ehtiyac yoxdur. İndi SŞ-in A-ya və B-yə vurduğu iki zərər, vaxt və effektivlik göstəricisi haqda danışacam. 1. Vaxt: A adlı istifadəçi 7-8 SŞ-dən aktiv şəkildə istifadə edir. Bu şəbəkələrdən FB-a gün ərzində 2-3 və ya daha çox saat, Twitterə tutaq ki 2 saat, digərlərinin də hərəsinə yarım saat vaxt ayırır. B isə bu vaxtı FB-ya sərf edir. Cəmdə 7-8 saat vaxt SŞ-lara sərf edilmiş olur. Məlum "vaxt puldur" həqiqəti var, gənc bir insan üçün isə o puldan daha artıq bir məfhumdur. Nəsə öyrənə bilinəcək vaxtlar FB stream-ində yeni nə var nə yox buna baxmaq, maraqlı bir şəkli like etmək, videoya baxmaq və.s.-a sərf edilir. 2. İş effektivliyi. Əgər A və ya B işləyirsə, bu halda zərərin miqdarı daha böyük olur. Zehni əməklə məşğul olan insanlarda tez-tez antraktlara ehtiyac olur. Ən uzağı yarım saat dayanmadan işlədikdən sonra mütləq kiçik fasilə olmalıdır. Normalda bu antraktlar durub gəzişmək, kompüterdən və ya iş masasından aralanıb beynə dinclik verməkdən ibarətdirsə, A və B bu boş vaxtı FB-u açıb neçə bildiriş gəldiyinə baxmaqla, son dərcinə neçə yeni like gəldiyinə baxıb sevinməklə, paylaşımlara şərh yazmaqla və.s. keçirir. Burada artıq sağlamlıq baxımından zərərlər meydana  gəlməklə yanaşı başqa bir pis məqam da var: FB-dakı bu gəzişmələr zehni əmək tələb etmədiyindən qısa müddətdə daxili tənbəlliyin dəstəyi ilə A və B-yə qalıb gəlir və bir müddət sonra A və B artıq bütün iş günü FB-da gəzişir, yorulanda antrakt yerinə öz işinə baxır, yəni tam tərsinə edir. İş yorucu və maraqsız olduğundan az sonra yenidən şəbəkəyə qayıdır. Və iş günü beləcə başa çatır. Aylar illər hiss olunmadan ötüb keçir, A və B öz işində(~dərsində, təhsilində, elmində) günü gündən geriləyir, zehni kütləşmə baş verir, eyni zamanda karyerasında durğunluq olur. Çıxış yolu təklifim və şəxsi həll metodum Bu yazını qeydə alan müəllif də A  və B qədər olmasa da, bir müddət öncəyə qədər kiçik formada SŞ-ya aludə olmuş bir şəxsdir. Sadəcə vaxtında və ya vaxtından bir qədər gec ayılaraq müəyyən tədbir və islahatlar nəticəsində bu problemdən qismən azad olmuşam. Ona görə də bu yöndə nələr etdiyimi bu abzasda paylaşıram: Hal hazırda ən zərərli SŞ sözsüz ki FB-dır. Ona görə ki populyardır, ona görə ki az qala hamı ordadır, ona görə ki qaynardır. Məhz bu səbəbdən ilk olaraq FB ilə məsələni çözmək lazımdır. FB-da uzaqda yaşayan dostlar, keçmiş məktəb ya tələbə yoldaşları və.s. ola bilər və bəziləri ilə yeganə əlaqə vasitəsi məhz oradır. Ona görə də FB hesabınızı silməyi təklif etməyəcəm. 1. FB-da Chat-ı OFF edin. Bunun faydası çoxdur. 2. FB-da bütün dostlarınızı Unsubscribe edin. Bu bir düyməyə klik etməklə olan asan işdir və hər kəs bacarar. İradə tələb etmir. Bunu etdikdən sonra addiktivliyiniz sizi bir müddət yenə təhrik edəcək ki, antraktlarda, gecə yerinizə uzananda, yolda, metroda və.s. FB-ya daxil olasınız. Amma hər daxil olanda yeni heç nəyin olmadığını görüb gec-tez usanacaqsınız. Əgər paylaşımlardan mütləq xəbər tutmaq istəyirsinizsə, qeyri iş vaxtında, ya 2-3 gündə bir, ya həftədə bir dəfə sayta daxil olub sol sütundakı Listlərin köməyilə yenə də bütün paylaşımlardan xəbərdar ola bilərsiniz. Amma iradənizi çalışdırıb elə etməlisiniz ki, Listə baxmaq özü də bir aludəçiliyə çevrilməsin. Bir müddət sonra FB sizin üçün sönük bir servisə çevriləcək. Əvəzində hesabınız aktiv qalacaq, İnbox işləyəcək və kimsə sizə yazanda və ya kiməsə yazmaq istəyəndə adi mail xidməti kimi ora daxil olub məktubunuzu yazacaqsınız. Keçdik digər servislərə: 3. Getglue, Pinterest, İnstagram və.s. kimi konkret təyinata malik, əslində heç bir ciddi faydası olmayan servislərdən tamamilə imtina etmək mümkündür, delete account və vəssalam. Əminəm ki, bunu asanlıqla edə bilərsiniz. Çünki bunlar FB kimi addiksiya yaratmaq gücündə deyil. 4. Youtube-da kifayət qədər faydalı kontent var. Ona görə də bu servisdən istifadəyə davam etmək hətta lazımdır. Amma gün ərzində 1 dəfə, ancaq seçdiyimiz abunə kanalların yeni videolarına baxmaqla. Daha gəzişmək olmaz, gəzişmək addiksiya yaradır və vaxtı boşa sərf edir. 5. Twitter saytının ya veb versiyasından istifadə etmək, hər istifadədən sonra pəncərəni mütləq bağlamaq, açıq saxlamamaq. Klientdən istifadə edilirsə, pop-up notificationları bağlamaq. Nəticədə baş verən heç bir yenilik diqqəti cəlb etməyəcək. Bu halda Twitter-dən istifadədə də dəyişikliklər hiss edəcəyik, gün ərzində əvvəl 15-20 və ya daha çox baxırdıqsa, indi artıq 3-4 dəfə baxacağıq. Bu qədər. Ümid edirəm əsas fikirləri çatdıra bildim. Əsas məqam budur ki, yazıda SŞ-lardan imtina təklif edilmir, onları zəncirləmək təklif olunur. Yuxarıda yazılanlar sırf şəxsi təcrübəyə əsaslanıb və artıq 70-80% uğurla reallaşdırılıb. Bəhrəsi də artıq hiss edilməkdədir. Düzdür, mən heç vaxt A və ya B qədər addiktiv olmamışam, vaxtı normadan bir az çox yalnız FB və Twitterə sərf etdiyim günlər, aylar olub. Amma bu yetərincə pis bir haldır və nə qədər ki, gec deyil, qarşı tədbir görmək yaxşı olar. Bu prosesi uğurla reallaşdırandan sonra iş prosesimiz qaydasına düşəcək, məhsuldarlığımız xeyli artacaq, işdən sonra isə yaranacaq bol-bol vaxtlara kitab oxuya, filmə baxa, gəzməyə çıxa, dostlarla görüşə və.s. seçimlərdən istifadə edə biləcəyik. Özüm də daxil olmaqla hər birinizə uğurlar. Yazını elə məhz SŞ-ların özündə paylaşaq ki, hamı oxusun. :) Elvin Hacı.
Bu gün Wordpress-də əksəriyyətin nəzərindən qaçan, amma əslində faydalı ola biləcək bir alət olan Bookmarklet haqda yazıram. Bayaq Launchpad-da Wordpress tərcüməsində redaktə apararkən adına rast gəldim deyə xatırladım və yazmaq qərarına gəldim. Bookmarklet bir düymədir, düyməni görməkçün Wordpress idarə panelində Alətlər bölməsinə keçirik, orada "Kliklə"(Press this) adlı düyməni sürüşdürüb brauzerin seçilmişlər(bookmark) panelinə atırıq və orda qalır. Daha sonra istənilən bir saytı açırıq və həmin seçilmiş keçidə klikləyirik. Bu zaman yeni pəncərədə Wordpress redaktoru açılır. Bu redaktor yazıya ad və qısa mətn düzəltmiş vəziyyətdə olur. E-Haci.net baş səhifəsi üçün bu əməliyyatı etdim. Daha sonra İnsert image düyməsinə klik etdim. Və aşağıdakı durum yarandı: Göründüyü kimi redaktorda yazının başlığı və kiçik giriş informasiya artıq yaranıb. Üstəgəl bizə lazım olan səhifədəki bütün şəkillər sıraya düzülərək yazıda istifadəyə hazır vəziyyətə gətirilib.
Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar "Electronic ink display" yazıb axtarış edə bilərlər. 2007-ci ildən başlayaraq Amazon-un alt şirkəti olan Lab126 şirkəti AmazonKindle adı altında bu tip eink ekranlı oxuyucu istehsalına başlayıb. Və hazırda ən son məhsulları 3-cü nəsil Kindle-lar olan Kindle 3 wifi, Kindle 3 wifi+3g, Kindle 3 DX cihazlarıdır. Mənim əldə etdiyim cihaz adını ilk çəkdiyim Kindle 3 wifi-dır. Bu aparat haqda ilkin təəssüratlarımı qısaca paylaşıram. E-oxuyucu son dərəcədə zərif və gözəl dizaynla hazırlanıb. Ələ yatımlıdır. Ekranı başqa texnologiya ilə hazırlandığından işiq saçmır, işıq əks etdirmir-güzgü effekti vermir. Ekrana saatlarla baxdıqda belə göz yorulmur, adi kitab vərəqindən fərqlənmir. Şəkildə solda Amazon Kindle, sağda isə planşet təsvir olunub, fərq aydın nəzərə çarpır. İstifadəsi haqda qısaca deyim. Cihazın təyinatı əsasən 1 istiqamətə yönəlib. Kitab oxumaq. Kitabı əldə etmək üçün bir neçə üsul düşünülüb. 1. Wifi ilə internetə qoşularaq hər hansı saytdan yükləmək və ya Amazonun öz saytından almaq. 2. USB ilə kompüterə qoşularaq adi usb-yaddaş qurğusu kimi kitabları cihaza köçürmək. 1-ci halda istədiyimiz kitabı yükləyirik və istifadə edirik. 2-ci hal üçün isə ortaya bir sual çıxa bilər. Amazon hansı kitab formatlarını dəstəkləyir və ya hansısa formatı dəstəkləmirsə onda nə edək? Bu sualın cavabı bu: Amazon bir neçə kitab formatını dəstəkləyir: MOBİ, PDF, PRC, TXT, TPZ, AZW. Dəstəkləməyən tiplərdə kitab kolleksiyanız varsa narahat olmağa dəyməz. Əksər e-oxuyucu istifadəçiləri məhz bu proqramdan istifadə edərək kitabların formatını çevirirlər. Bu kompüter proqramının adı Calibre-dır. Windows, MAC və Linux üçün versiyaları var. Proqramı quraşdırıb açırsınız, çevirmək istədiyiniz kitabı açıb convert düyməsini basırsınız, almaq istədiyiniz tipi seçib START edirsiniz. Vəssalam. Bu proqram elektron kitab oxuyanların kompüterində daim hazır vəziyyətdə olmalıdır. Proqramı buradan yükləyə bilərsiniz. Kindle üçün ən məsləhətli tip MOBİ formatıdır. Bu formatda kitablar Kindle-da çox aydın, səliqəli halda olur, miqyası böyütməyə və ya skroll-a və.s. ehtiyac olmur. Rahat kitabınızı oxuyursunuz. Kindle menyusunda Experimental adlı bölmədə daha 3 maraqlı funksiya var. 1. Brauzer: Adi Webkit browserlə siz internet saytlara daxil olub istədiyiniz məlumatı əldə edə, əməliyyat apara bilərsiniz. Amma təbii ki hər şeyi edə bilərsiniz demək olmaz. Çünki bu cihazın təyinatı internetdə işləmək deyil. Birincisi ekran ağ-qaradır, ikincisi brauzer tam funksional deyil, məsələn çoxtablı rejim yoxdur. 2. Mp3 oxuyucu(player): Cihazın çox keyfiyyətli səsə malik mp3 playeri var. Mobil telefonlardan, hətta laptoplardan daha yaxşı, təmiz səs effektlərinə malikdir. Amma bu da tam funksional player deyil, playlist düzəltmək və başqa özəlliklər yoxdur, sadəcə mahnılar düzülüb, siz də hansını istəyirsiz oxudursunuz və ya özü oxuyur sıra ilə. 3. Mətn səsləndiricisi. Yalnız ingilis dilində olan kitabları avtomatik səsləndirmə imkanı. Bu xüsusən bizim istifadəçilər üçün çox faydalı ola bilər. Kitabı dinləməkdən əlavə ingilis dili öyrənmək üçün də köməkçi vasitə ola bilər. Funksiyanı işə salırsınız, standart kişi səsi ilə kitab oxunmağa başlayır. Hələ ki bu qədər. Yeni-yeni təəssüratlar olsa şərhdə bölüşərəm. Bir az pulsuz reklam kimi çıxdı yazı, amma məncə hədəf kitab oxumaqdırsa, dəyər bunu etməyə. :) P.S. Cihaz bir dəfəyə 1 ay(!) enerji saxlayır. Wi-fi daim açıq olduqda isə 2-3 həftə.