“Karyerada özünəinam və motivasiya” vs “Reallıq”

Bir neçə gün öncə gördüyüm bir karikatura məni yazıdakı mövzuda çox düşündürdü.

Karyera və fərdi inkişaf barədə motivasiya, optimizm aşılayan kitablar oxumuş şəxslər mövzunu daha yaxşı anlayar(D.Karnegi, N.Hill, S.Kovi, R.Branson, T.Peters, C.Kohe, R.Kiyosaki və.s. yüzlərlə bestseller müəlliflərinin əsərləri). O tip əsərlərin məsələyə yanaşmaları fərdi ola bilər, amma  ortaq təlqini budur: “hər şey insanın özündən asılıdır”, “problemlər əslində uğura aparan yoldur”, “çətinliklər görəndə ruhdan düşmə, bu sadəcə uğurun yaxında olmasının növbəti siqnalıdır” və.s. Bu fikirlər doğrudurmu? Və ya tam yanlışdır və insanlar sadəcə inamlı olmaları üçün belə yalanlar aşılanırmı? Əslində birmənalı cavab vermək çətindir.

Amma hər bir halda empirik müşahidələr, uğur hekayələri, bəzən şəxsi təcrübə və.s. ilə əmin olmaq olar ki, bu tip təlqinlər əsassız deyil və real olaraq işləyə bilir. Üstəlik böyük ölçüdə götürəndə zərərsizdirlər. Ona görə də özünə belə müsbət impulsları aşılaya bilmiş insanların doğru yolda olduğunu düşünürəm. Bəs bu kiçik yazını o halda niyə yazıram? Yazmamda məqsəd bu fikirlərdən irəli çıxıb hər kəsə aid hökm çıxarmağın yanlış olduğu göstərməkdir. Aşağıdakı səbəbkar karikaturaya DİQQƏTLƏ baxaq: Continue reading ““Karyerada özünəinam və motivasiya” vs “Reallıq””

Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu

Əslində bu tip yazıları bədii mövzulara aid olan bloqumda yazıram, amma bu yazıda riyaziyyat, informasiya saxlanması və.s. sahələrə də toxunulur deyə bu bloqumda da yazıram.

Keçən ayın sonunda oxuyub bitirdiyim bir əsər vardı, Haruki Murakaminin “Həqiqi möcüzələr diyarı və dünyanın sonu” (1985). Bu əsərdə bədii tərəfini bir kənara qoyaq, əsərdə informasiya qorunması, kriptoqrafiya, təhlükəsizlik, piratlıq və.s. barədə çox maraqlı epizodlar və bilgilər var. Bir dialoq isə diqqətimi xüsusilə çəkdi, əsəri bitirəndən sonra o dialoqa təkrar qayıdaraq üzərində bir qədər düşündüm, çünki mövzu diqqətimi çox çəkmişdi, sonda maraqlı şəxsi nəticələr çıxardım. İndi o dialoqu təxmini formada yazıram, mötərizələrdə isə şəxsi subyektiv nəticə-izahlarımı yazmışam. Diqqətlə oxuyub sonda hər kəs öz nəticələrini çıxara bilər.

Dialoq informasiya təhlükəsizliyi professoru ilə eyni sahənin şifrələmə proseslərini aparan işçisi arasında, qaranlıq mağarada düşmənlərdən gizlənən bir vaxtda baş verir.

(Söhbətin daha əvvəlində professor işçiyə deyir ki, sənin beynində olan filan[uzun söhbətdir] problemə görə cəmi 2 sutka ömrün qalıb, daha sonra koma kimi bir duruma düşəcəksən və yalnız şüurunda qurduğun bir aləmdə yaşayacaqsan, həmişəlik oranın sakini olacaqsan. Yeri gəlmişkən Inception filmində də yuxuda da olsa, buna bənzər məkanlar var)

– Bəs mən nə vaxta qədər orada, həmin dünyada qalacağam?

– Sonsuz olaraq.

– Anlamadım, necə yəni sonsuz? Axı hər bir halda hansısa fiziki sərhədlər mövcuddur. Bədən də, beyin də ölümlüdür. Beyin isə öldükdə şüur da ölür, elə deyil?

– Elə deyil. İnsanın düşüncəsi üçün zaman anlayışı mövcud deyil. Düşüncənin yuxudan əsas fərqi də budur. Düşüncə bir andaca bütün dünyanı özündə ehtiva edə bilər. Hətta sonsuz ömrü də fikrindən keçirə bilərsən.  Qapalı dairədə sonsuz dövrlər vura bilərsən. Elə bu səbəbdən də o düşüncə,fikir adlanır. Həm də o, yuxu kimi qəfil kəsilmir. İnsan düşüncəsi sonsuzluğu özündə ehtiva edə bilər, eynən   böyük ensiklopediyanın kiçik diş çöpündə yazıla bilməsi kimi.

– Nə? Diş çöpündə ensiklopediya? Continue reading “Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu”

Niyə məhz Əlibaba?

about_alibaba_logo6

Bir neçə gün öncə IPO aksiya satışında rekord qıraraq 21+ milyard dollar toplayan, ümumi dəyərində Facebook kimi şirkəti belə geridə qoyan, internet şirkətlər aləmində Google-dan sonra ikinci pilləyə çıxan Çin e-ticarət nəhəngi Alibaba şirkəti bütün dünyanın diqqətini özünə cəlb etdi. Bu kiçik yazıda şirkətin iş prinsipi, uğur qazanma səbəbi və.s. haqda bəhs etmək fikrim yoxdur, sadəcə şirkətin adı maraqlıdır deyə o haqda yazıram. 3-4 il öncə bu şirkət ilk dəfə diqqətimi cəlb edəndə dərhal əsasən adı diqqətimi çəkdi, Alibaba=Əlibaba? Niyə məhz Alibaba? Çin hara Alibaba hara? Bəlkə banisi müsəlman bir kimsədir? Araşdırma isə tam başqa mənzərə ortaya qoydu. Və əslində bu adın seçilməsinin də uğurun səbəblərindən biri olması aydın oldu.

Şirkətin banisi Jack Ma-nın bu adın tarixçəsi haqda dediklərinə nəzər salaq:

Bir gün San Fransisko şəhərində kofe klubda idim, özlüyümdə düşünürdüm ki, Alibaba yaxşı bir addır(sadəcə ad olaraq). Offisiant qız mənə yaxınlaşanda, ona sual verdim:
-Sən Əlibabanı tanıyırsan?
Və o cavab verdi:
-Hə, tanıyıram.
-Onun haqqında nə bilirsən?
-Əlibaba və 40 quldur.
-Bəli! Bax budur uğurlu ad.
Sonra çölə çıxdım və küçədə təsadüfi 30 nəfərə yaxınlaşıb eyni sualı soruşdum: “Siz Əlibabanı tanıyırsız?”. Hindistan, Almaniya, Tokio, Çin və.s. yerlərdən olan müxtəlif insanlar idi onlar… Onlar hamısı Əlibabanı tanıdı: “Sim-sim açıl!”.
Əlibaba xeyirxah, ağıllı ticarətçi və başqalarına mərhəmətli insan idi. Beləliklə, asan tələffüz olunan, və hamının bildiyi bir ad.

Bizim Alibaba da sim-sim deyərək qapısını kiçik və orta həcmli bütün şirkətlərə açdı.

Bir kiçik sitatda uğurlu ad seçimi üçün çox maraqlı bir nümunənin şahidi olduq.

Beyni təmizləyən 50 sual

Bu yaxınlarda bir əcnəbi saytda maraqlı bir yazı gördüm, qərara gəldim yavaş-yavaş tərcümə edib(tam hərfi yox, bəzən öz cümlələrimi də əlavə etmişəm). Sualların hər birinə mütləq cavab verdikdə həqiqətən insan üçün beyində ilişib qalan bir çox maneələr, çətinliklər və.s. aradan qalxır, təmizlənir gedir. Sualların quruluşu elədir ki, cavab vermək hələ ki, nəyisə ifadə etmir. Lakin hər cavabdan sonra azca fasilə versəniz, o halda sual-cavabın effektini hiss edəcəksiniz. Bəzən isə verilən sual elə cavabın özüdür.

1. Öz yaşınızı bilməsəydiz, özünüzə neçə yaş verərdiz?

2. Hansı daha pisdir: uğursuzluğa düçar olmaq yoxsa heç cəhd belə etməmək?

3. Əgər həyat qısadırsa, nə üçün sevmədiyimiz işlərə sevdiyimiz işlərdən daha çox vaxt sərf edirik?

4. Hər hansı problemi həll etdiyinizi yada salın, hansı ki sonda nəzərdə tutduğunuz nəticə alındı. Bəs alınanadək danışmağa çox güc verdiniz ya konkret problemin həllinə?

5. Əgər bu an həyatda istənilən bir şeyi dəyişiklik imkanına malik olsaydınız, o bir seçiminiz nə olardı, nəyi dəyişərdiniz?

6. Əgər məmnunluq, xoşbəxtlik milli valyuta elan edilsəydi, hansı iş sizi çox varlı adam edərdi?

7. Siz inandığınız şeyi edirsiniz ya etdiyiniz şeyə inanmağa çalışırsınız?

8. Əgər orta insan ömrü 40 yaş olsaydı, bu dəqiqədən sonra nə dəyişikliklər edərdiniz ki, qalan ömrünüz daha maraqlı olsun?

9. Öz həyatınızda baş verənlər nə dərəcədə sizin özünüzdən asılıdır?

10. Siz hansına daha çox önəm verirsiniz: İşi düzgün icra etmək yoxsa düzgün olan işləri icra etmək?

11. Siz üç tanış nahar edirsiniz. Digər iki tanış bir nəfər haqda çox xoşagəlməz, haqsız sözlər danışmağa başlayır. O bir nəfər də sizin hörmət etdiyiniz insandır, amma bu iki nəfər dost bundan xəbərsizdir. Sizin reaksiyanız necə olar?

12. Əgər bir uşağa gələcəyinə dair yalnız bir məsləhət vermək imkanınız varsa, hansı məsləhəti verərdiniz?

13. Sevdiyiniz insanı xilas etmən naminə qanunu pozardınızmı?

14. Elə olubmu ki, sizə dahiyanə görünən nəsə bir fikir sonradan ağılsızlıq kimi görünüb?

15. Bu həyatda digər insanların etdiyindən fərqli etdiyiniz nəsə varmı?

16. Sizi xoşbəxt edə bilən nəsə varmı ki, başqa insanlara zərər vura bilər?

17. Nəyi ciddi şəkildə planlaşdırsanız da sonradan etməmisiniz? Nə oldu sizi saxlayan?

18. Elə bir adətiniz varmı ki, düşünürsüz artıq onu tərk etməyin vaxtıdır?

19. Əgər sizə birdəfəlik hansısa başqa ölkəyə köçmək təklif olunsaydı, hara köçərdiniz və nə səbəbə məhz orda?

20. Lifti çağırma düyməsinə bir dəfədən çox basdığınız hallar olur? Doğurdanmı hesab edirsiniz ki, bu liftin daha tez gəlməsinə səbəb ola bilər?

21. Siz kim olmaq istərdiniz: əsəbləri yerində olmayan dahi, yoxsa xoşbəxt və avam bir insan?

22. Niyə siz – Sizsiniz? Sizi siz edən nədir? Sadalayın.

23. Sizlə tam eyni bir insan olsaydı, o insanla dost olardınız?

24. Hansı daha pisdir: ən yaxın dostunuz xaricə gedir və əlaqəniz kəsilir və ya yaxınlıqda yaşayır amma əlaqəniz hansısa səbəbdən kəsilir?

25. Həyatda ən çox nəyə görə şükür edirsiniz?

26. İkisindən birini seçmək lazım gəlsə hansını seçərdiniz: Bütün keçmiş xoş xatirələri beyindən silmək yoxsa heç bir yeni xoş xatirəyə malik olmamaq?

27. Həqiqətə mübarizəsiz çatmaq olarmı?

28. Ən çox qorxduğunuz şeyin başınıza gəlməsi halı olubmu?

29. 5 il əvvəl nədənsə ötrü hədsiz çox məyus olmağınız halı yadınıza gəlirmi? Əgər gəlirsə, hazırda o vaxt baş vermiş hadisənin nəsə bir əhəmiyyəti qalıbmı?

30. Uşaqlıqdan qalma ən xoş xatirəniz hansıdır? Onu ən xoş edən nədir?

31. Keçmişdən hansı xatirənizi yada salmaq sizi ruhlandıra bilər?

32. Əgər indi etməsəniz, o halda bəs nə vaxt?

33. Əgər siz istədiyinizə hələ də nail olmamısınızsa, o halda nəyi itirməkdən qorxursunuz ki?

34. Elə bir hal olubmi ki, bir insanla üz-üzə olmusunuz, amma bir kəlmə də danışmamısınız, amma sonra hesab etmisiniz ki, bu həyatınızdakı ən yaxşı dialoq idi?

35. Niyə sevgini, sülhü təbliğ edən dinlər bu qədər müharibələrin əsasını təşkil edir?

36. Şübhə hissi olmadan nə yaxşıdır, nə pis – bunu ayırd etmək olarmı?

37. Əgər bu dəqiqə haradansa bir milyon dollar alsanız, dərhal işdən çıxardınızmı?

38. Çoxlu işləri və uyğun gəliri olmaq, hansı ki icra etməyə məcbursunuz və ya az işləri olmaq və daha az gəliri olmaq, hansı ki, icra edilməsi sizə çox xoşdur. Hansını seçərdiniz?

39. Belə bir təəssüratınız var ki, bugünkü gününüz əvvəllər dəfələrlə olmuş günlərin təkrarıdır?

40. Son dəfə nə vaxt ideyadan başqa heç nəyə malik olmadığınız halda hansısa bir işi görməyə böyük həvəs və inamla başlamısınız?

41. Əgər tanıdığınız bütün insanar sabah həyatda olmasaydılar, bugün kimlərə baş çəkərdiniz? (sayın)

42. Elə bir imkan olsadı, dünya şöhrəti qazanmağın bədəli olaraq ömrünüzdən 10 il bağışlayardınızmı?

43. Sizə görə həyat ilə mövcudluq arasında nə fərq var?

44. O gün nə vaxt gələcək ki, siz riski gözə alaraq düzgün bildiyiniz şeyi etməyə başlayacaqsınız?

45. Əgər biz səhvlərimizdən nəticə çıxarıb fayda götürürüksə, o halda niyə səhv etməkdən qorxuruq?

46. Əgər heç kimin qınağına tuş gəlməyəcəyini bilsəniz, hazırda edə bilmədiyiniz nəyi edərdiniz?

47. Son dəfə öz nəfəsinizin və ürək döyüntüsünün səsini nə vaxt dinləmisiniz?

48. Siz nəyi sevirsiniz? Son zamanlar etdikləriniz bu sevgini təsdiq edirmi? (yada salın)

49. Növbəti 5 il boyu hər keçən gün “dünən,iki gün öncə və üç gün öncə nələr etdim?”sualına cavab verə bilərsinizmi?

50. Qərar indi və burda verilir. Siz özünüz qərar qəbul edirsiniz ya kimlərsə sizin yerinizə qərar qəbul edir?

Mənbə: selfgrowth.ru

 

Gmail-də səhvən göndərilən e-məktubun geri çağırılması

Gmail-də 2 ildir belə bir əlavə funksiyanın olduğunu bilənlər yəqin ki var, amma bilməyənlər daha çox olmalıdır. Çünki susmaya görə Gmaildə bu funksiya mövcud deyil. Yalnız Google Labs-a daxil olub bu tip əlavə funksiyaları aktivləşdirmək olur.

Funksiyanın mahiyyəti bundan ibarətdir ki, əgər siz mesajı bitirməmiş səhv klik nəticəsində mesaj göndərildisə, yaxud səhv bir ünvana göndərildisə, yaxud fayl qoşmağı unudaraq göndərdinizsə və.s. hallarda maili yubanmadan verilmiş bir neçə saniyə ərzində ləğv edə bilərsiniz.

App imkanları vasitəsilə bu funksiyanı aktiv hala gətirmək olur. Funksiyanı buradan aktiv edə bilərsiniz.(Undo adlı app)

Həmçinin orada siz digər çox maraqlı əlavə funksiyalarla  da tanış olub sınaqdan keçirə bilərsiniz. Məsələn brauzer tab başlığında oxunmamış mail sayının ikonun özündə göstərilməsi.