Bir neçə gün öncə gördüyüm bir karikatura məni yazıdakı mövzuda çox düşündürdü.
Karyera və fərdi inkişaf barədə motivasiya, optimizm aşılayan kitablar oxumuş şəxslər mövzunu daha yaxşı anlayar(D.Karnegi, N.Hill, S.Kovi, R.Branson, T.Peters, C.Kohe, R.Kiyosaki və.s. yüzlərlə bestseller müəlliflərinin əsərləri). O tip əsərlərin məsələyə yanaşmaları fərdi ola bilər, amma ortaq təlqini budur: “hər şey insanın özündən asılıdır”, “problemlər əslində uğura aparan yoldur”, “çətinliklər görəndə ruhdan düşmə, bu sadəcə uğurun yaxında olmasının növbəti siqnalıdır” və.s. Bu fikirlər doğrudurmu? Və ya tam yanlışdır və insanlar sadəcə inamlı olmaları üçün belə yalanlar aşılanırmı? Əslində birmənalı cavab vermək çətindir.
Amma hər bir halda empirik müşahidələr, uğur hekayələri, bəzən şəxsi təcrübə və.s. ilə əmin olmaq olar ki, bu tip təlqinlər əsassız deyil və real olaraq işləyə bilir. Üstəlik böyük ölçüdə götürəndə zərərsizdirlər. Ona görə də özünə belə müsbət impulsları aşılaya bilmiş insanların doğru yolda olduğunu düşünürəm. Bəs bu kiçik yazını o halda niyə yazıram? Yazmamda məqsəd bu fikirlərdən irəli çıxıb hər kəsə aid hökm çıxarmağın yanlış olduğu göstərməkdir. Aşağıdakı səbəbkar karikaturaya DİQQƏTLƏ baxaq:
Bu karikaturanı başqa mövzulara da yozmaq olar, amma şəkil seçdiyim mövzunun mahiyyətini tam açıb göstərmək gücündədir. Hətta mini-nəticə də çıxara bilərik:
Karyera üçün motivasiya, optimizm aşılayan fikirlər yalnız müəyyən bir seqmentdə keçərlidir (təmsili şəkildə: tülkü üçün keçərlidir, qoyunun həyatı isə elə qurulub ki, o ancaq qurd tərəfindən yeyilməmə probleminin həlli ilə məşğul ola bilir, başqa bir hədəfə faktiki imkanı yoxdur), müəyyən bir seqment üçünsə keçərli deyil. Ona görə də uğur qazana bilməyən, öz rifahını təmin edə bilməyən şəxsi birbaşa ittiham etmək, bu onun öz fərsizliyidir, qəbahətidir söyləmək doğru deyil. Kapasitə məsələsi var, hər kəsin fərdi situasiyasının olması məsələsi var, seqment məsələsi var.
Elə peşə yiyələri var ki, onlar üçün inkişaf, irəli getmək, yüksəlmək imkanı başqa peşəyə nisbətdə çox məhduddur və ya yoxdur. Tək alternativ yol “iş axtarmaq əvəzinə o işi yaratmaq”dır ki, bu da hər fərdin bacaracağı məsələ deyil. Zira enterpreneur(sahibkarlıq ruhu) olmaq istəyi hər kəsin daxilindən gəlmir, insanların böyük əksəriyyəti “yaxşı peşəyə yiyələnib yaxşı maaş almaq” istəyində olur, enişli-yoxuşlu, stresli-riskli sahibkarlıq istəyində yox.(xüsusən enterpreneur məntiqinin tam məhv edildiyi sovet sistemindən çıxan ölkələrdə).
Çox gözəl yazıdır Həqiqətən indiyə qədər rast gəldiyim tək tük mükəmməl yazılardan biridir
Təşəkkür edirəm, şadam ki faydalı oldu.