Əzbərçi iç düşmən

Bir çox fikir var ki, doğruluğu haqqında heç bir real bilgin olmasa da, doğru olmasına inamın tamdır və bunun sənin üçün törətdiyi əngəllər, verdiyi zərərlər, qərarlarında oynadığı rol haqqında təsəvvürün belə yoxdur.

Bir çox fikir də var ki, doğruluğuna heç bir şübhən olmasa da, orada-burada təkrar-təkrar o qədər eşidirsən ki, adiləşir və bu fikrin təşviq etdiyi icraatlar çətinləşir. Bir növ mənbəyini unudursan, fikir sadəcə söz olaraq qalır, hər hansı batini əhəmiyyət daşımır.

Ona görə də bəzən olur ki, hansısa self-development və ya psixologiya, biznes və.s. qeyri-bədii kitabını oxuyanda, sənədli filmini izləyəndə, hansısa spikeri dinləyəndə və.s. bu tip rəylər səsləndiririk: “bu kitabda/filmdə əslində bilmədiyimiz heç nə yox idi, bildiyimiz şeyləri deyir, sadəcə maraqlı və fərqli tərzdə ifadə edir, fərqindəlik yaradır – danışılanları arasında bilmədiyim heç bir şey yoxdur, amma bu danışılanlar çox faydalı göründü mənə – fikirlər arıcıl şəkildə, daha yaxşı düzüldüyü üçün, daha maraqlı anlatdığı üçün, səbəb-nəticələri daha yaxşı əlaqələndirdiyi üçün …”

Deməli bəyəndiyimiz bu yazı/nitq bir növ beynimizdə mövcud olan hansısa passivləşmiş bilgiləri “refresh” etmişdir.

Bəs bu tip refresh’ləri özümüz edə bilmirikmi? Hansısa daşlaşmış inancını sorğulayıb yenidən analiz edə bilmirikmi? Bilirik – lakin insan beyninin tənbəllik xassəsi bunun qarşısını almağa çalışır. Məlum, beyin mümkün qədər az enerji sərf etməyə meylli orqandır, ona görə də istəmir ki, çox tez-tez yeni neuron şəbəkələri quraq, köhnələri dağıdaq. Yaşlandıqca isə bu enerji qənaət rejimi daha da güclənir və bizi gənc nəsli və yeni olan heç nəyi bəyənməyən, yeniliklərdən qorxan mühafizəkar qocaya çevrilir.

Digər yandan da insanda bir sosial varlıq olaraq da oxşar müqavimət mövcuddur. Bu qədim zamanlardan bəri özünüqoruma xarakteri daşıyıb deyə əksər hallarda faydalı olub. Məsələn bir topluma qərb ölkələrindən mentalitetə zidd şeylərin gəlməsi yaşlı nəsli qəzəbləndirir, yaxud mühafizəkar yaşayış məntəqəsində hamıdan fərqli geyinən bir gənc tənqid və ya təhqirə məruz qalır – bu təhqiri edənlərdən niyə belə etdiyini soruşssan, adət-ənənəmiz var filanımız var deyəcəklər – ki, əslində bu heç də sualın cavabı deyil – səbəb nədir ona cavab vermək lazım idi – səbəb də dediyim kimi, əslində özünü qoruma instinktindən başqa bir şey deyil. Toplum bir orqanizmdir, və yad ünsür görən kimi, orqanizmimizdəki immun sistemi kimi davranır – ona hücum edib neytrallaşırmağa çalışır – sən də bizim kimi olmalısan, fərqli olmamalılsan, çünki təcübə göstərir ki, hamı bizim kimi olsa biz toplum olaraq var olmağa davam edəcəyik, amma sən belə yeni halında aramızda qalsan, bizə məchuldur, bu bizim toplumu məhv edəcək, yoxsa etməyəcək.

Qayıdaq, öz daxili dünyamıza.

Şəxsi təcrübəmdən də deyə bilərəm ki, bu gedişatın qarşısını almağa çalışmaq çox yaxşı effekt verir. Yetər ki, skeptikliyi(tam əmin olmadığımız şeyə şübhəcil yanaşmaq) itirməyək, hazır yemək kimi bizə yeridilən fikirləri kənara çıxarıb bu dəfə məntiqi, analitik süzgəcdən keçirərək qəbul edək.

Status-kvonu pozmaq bir çox hallarda çox narahat edici olur. Yuxarıda yazdıqlarımdan sonra yəqin ki, aydındır niyə belə olur.

Məsələn,

  • İddia: “Millət necə tarac olur olsun nə işim var” şeiri Sabirin deyil. – bunu bir köşə yazarı öz köşəsində yazanda onu az qala daş qalaq edirdilər. Əks fikir səsləndirənlərin əlində real bir isbat varmı ki, bu şeiri Sabir yazıb? Yoxsa sadəcə illərdir bunu belə də eşidiblər deyə sanırlar ki, bu belə də olmalıdır, status kvonu pozmaq olmaz? Bəlkə elə bu sətri oxuyanda da sən düşündün ki, ağ eləmə də, bu ki, Sabirin şeiridir. Ola bilər Sabirindir, ola da bilər deyil. Bundan qorxmamaq gərək. Buyurun, bu mövzu maraqlıdırsa, araşdırın, özünüz əmin olmağa çalışın ki, şeiri Sabir yazıb, yoxsa Mirzə Cəlil. Qeyd: Hop-Hopnamə Sabirin ölümündən sonra toplanılıb deyə, iddia var ki, səhvən bu şeir də Sabirin hesab edilərək oraya daxil edilib. Əslində isə bu şeir Molla Nəsrəddin jurnalında Sabirin heç vaxt istifadə etmədiyi, Mirzə Cəlilə aid bir təxəllüs ilə çap edilib.
  • Himnimizin sözləri Əhməd Cavada aid deyil. – bu fikrin doğru olub olmadığını bilmirəm, amma bunu səsləndirəni də topa tutmuşdular. Əhməd Cavad bu sözləri yazarkən yanındaymışlar kimi.
  • Osmanlı İmperiyasının banisinin adı Osman olmayıb və bu da o deməkdir ki, əsrlərdir o boyda imperiyanın adını səhv bilirik. – keçən gün təsadüf əsəri bir məqalə oxuyurdum. 13-cü əsr türk bəylikləri, dövlətçilyi və.s. barədə. Orada bir sıra şəxs adlarını görəndən sonra Osman adı barədə şübhəyə düşdüm. Araşdırma elədim və məlum oldu ki, bunun fərqində olan və araşdıran bir çox adam olub əvvəllər, köşə yazıları, məqalələr və.s. – amma heç biri ciddiyə alınmayıb. Baxmayaraq ki, məsələ ciddidir və az qala doğruluğu 99% isbat edilir. Osmanın atası – Ərtoğrul, əmiləri Sungur Təkin, Dündar, Gündoğdu. Qardaşları Gündüz Alp və Savcı bəy. Osmanın övladları – Murad və Orhan. Gördüyümüz kimi 3 nəsil adlarda Osman xaric hamısı qeyri-ərəb, qədim türk adlarıdır. Bu artıq bir şübhə səbəbidir. Şübhəni ciddiləşdirən şey isə Osmanın ilk dəfə tarixdə adı keçdiyi iki mənbədə adının Attuman və Atman olmasıdır. (hər ikisi yunan mənbəyidir, kiçik türk dövlətlərinin həmin dövrdə yazılı tarixi olmayıb deyə tək mənbə yunan mənbələridir) Eyni mənbələrdə ərəb Osman adı Uthman kimi keçir. Demək ki, bu Attuman və ya Atman nədirsə, türk adıdır, Uthman ərəb adından törəmə deyil. Amma bu cür ciddi faktlara rəğmən bunu sorğulamaq istəyən çox deyil. (yeri gəlmişkən Avropalıların Osmanlı dövlətinə niyə Ottoman Empire deməsi bu versiya ilə daha yaxşı izah olunur. Avropalının tələffüzü Osman və ya Usman adını niyə çevirib Ottoman kimi daha uzun bir varianta çevirsin ki. Amma Attuman adının Ottoman kimi səslənməsi tam normaldır, çünki struktur olaraq ad eyni qalır, tələffüzdə bircə saitlərdə dəyişiklik olur.)
  • Və ya həqiqi olmayan bir şeylər desən – məsələn dönüb desən ki, Nizami yaxşı şair olmayıb, Füzuli ortabab şair olub – ömründə Nizami və Füzulidən heç bir şeir oxumayan, oxusa belə sadəcə əzbərləməkdən o tərəfə keçməyən, o şairlərin gerçək üstünlüklərinin səbəbini anlamayan şəxslər sənə hücüm çəkib əks fikir və ya təhqir səsləndirəcək. Bu da başqa bir nümunə.

Qısacası, beynin xüsusiyyətidir ki, bir çox mövzularda özündə şablon “shortcut”-lar saxlasın, bu mövzuya daha az enerji sərf etmiş olsun, bu mövzuda əks fikir eşidən kimi aqressiya ilə ona hücum etsin – axı bu onun beyin enerji təchizatında təlatümə səbəb olur: – Sən nə karəsən ki, daxilimdə formalaşdırıb bir küncdə saxladığım bir “həqiqəti” məhv edib məni bu barədə yenidən düşündürməyə, enerji sərf etməyə çalışırsan? Hələ-hələ bu yenilənmiş həqiqət toplum olaraq bizim qəbiləyə zərər verəcəkmi, verməyəcəkmi bu da məchul. Ona görə də ən yaxşısı sən səsini kəs, səhv fikir səsləndirmə, biz öz bildiyimizdə qalaq.

Hazır yedirilmiş fikirləri yuxarıda çəkdiyim nümunələrdə sorğulamasan, hər hansı zərər görmüş olmursan, mən onları bir növ məşq elətdirmək üçün elə kənar mövzulardan verdim. Yoxsa əlbəttə ki, Osmanlının banisinin adı Osman olsa nə olacaq, Ataman olsa nə olacaq.

Amma sənin şəxsi maraqlarına toxunan əngəllər ki, var – onlara da eyni şübhəni və sorğulamanı tətbiq etsən, yaxşı faydalar əldə etmək olar.

“Məndə filan şeyi etmək alınmır, uşaqlıqdan belədir”.

“Bəhmən şeyə qarşı həssasam, çəkinirəm, qorxuram. utanıram və.s.”

“Mənim ən zəif cəhətim budur”.

Bu tip fikirlərin bir çoxu səni təsəvvür edə bilməyəcəyimiz ölçüdə böyük zərərə uğradır – halbuki sadəcə yenidən sorğulayıb, “doğurdanmı elədir, bəlkə elə belə deyə deyə buna özümü inandırmışam, bəlkə əksinə inanaraq bir iki cəhd edim” desən, bir də gördün illərdir inandığın bir fikir sabun köpüyü kimi dağıldı və neçə illərdir etməyə cəsarət etmədiyin bir şeyi, atmadığın addımı atmağın əslində sənin bacarığın daxilində olduğunu kəşf etdin.

Şəxsən özümdə xeyli sayda belə yanlış inanclar kəşf etmişəm. Sadəcə sorğulamaq ilə. Tək bir sorğulama bəs edib ki, illərdir inandığım bir əngəlin, zəifliyin əslində illər öncə tam yanlış bir məntiqlə inanıb eləcə beyində “save etməm” nəticəsində olmasını kəşf edim. Bu save olunmuş informasiya hər dəfə mövzu düşəndə mənə qısa yol göstərib ki, “sən bunu bacarmırsan, bilirsən də, illərdir ki belədir, odur ki, eyni cavabı ver və mövzunu bağla”.

Ümid edirəm ki, çatdırmaq istədiyim fikirllərin əsas məğzini ifadə edə bildim. Hər hansı fikriniz varsa, şərhlərdə yazmağı unutmayın.

Mövzu ilə bağlı maraqlı kitab, yazı, anlayışlar:

  1. Evristika
  2. İlk padişahın adı Osman mı?
  3. “Millət necə tarac olur olsun” Sabirin deyilmiş
  4. Əhməd Cavad himnimizin müəllifi deyil?
  5. The Art of Thinking Clearly
  6. Idiot Brain: What Your Head Is Really Up To

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir