N.Taleb-in Qara Qu (Black Swan) kitabında maraqlı və ətraf mühitimizi anlamaqda, düzgün qərarlar verməkdə kömək ola biləcək bir konsepsiya var – o kitabı oxumayanlar üçün də bu iki anlayış ayrıca anlaşıla bilər deyə, kiçik bir yazı şəklində təsvir etməyə çalışacam.
Deməli, Taleb zaman-zaman müşahidələr aparıb və nəticəyə gəlib ki, bizi əhatə edən davranış modellərini şərti olaraq iki alt-dünyaya bölmək olar: Mediocristan və Extremistan – təxmini tərcümə etsək, Ortastan və Kənarstan.
Ortastan – komfortlu, riskin az olduğu, təxmin edilə bilən dünya.
Kənarstan – təxmin edilə bilməyən, təlatümlü, yüksək riskli dünya.
Həyatda hər gün qərarlar verməli oluruq, ciddi və ya az əhəmiyyətli, fərq etməz. Hər verilən qərar isə özündə müəyyən qədər risk daşıyır.
Çünki qeyri müəyyənlik ilə təmas ediriksə, bunun bir riski var: harasa getməyə qərar vermək, işini dəyişməyə qərar vermək, iş axtarmağa qərar vermək, səyahət etməyə qərar vermək, yaxındakı parkda gəzməyə getməyə qərar vermək, hansısa şəxsə hansısa sözü nəhayət ki, deməyə qərar vermək və.s. – hər biri özündə müəyyən risk daşıyır, çünki nəticənin nə olacağı bizə 100% dəqiqliklə məlum deyil.
Bir çoxumuz da fərqində olmuruq ki, risk etmiş olduğumuz sahə ortastan yoxsa kənarstana aiddir.
Pis asimmetriya
Sabit maaşlı işdə işləyən bir nəfər əlavə gəlir haqqında düşünür. Forex və ya mərc oyunları. Ayda maaşımdan 300 azn ayıraram, futbol proqnoz bacarığım da yüksəkdir, həmişə düz tapıram. Ayda 300 ayırıb 500-600 qazansam bəs edər. Alınsa, gələcəkdə daha çox ayıraram və daha çox qazanaram.
Və yaxud, hər ay maaşımdan 300 azn futbol proqnoza (və ya online pokerə, qumara və.s.) qoyacam, əsla o məbləği keçməyəcəm, və ayda filan qədər qazansam bəsimdir.
Sözügedən şəxsin gəliri Ortastandan olduğu halda o Kənarstana da eyni təfəkkür ilə yanaşır, oradakı emosiyaların, hisslərin (azart, qorxu, revanş, eyforiya və.s.) tam başqa cür olduğunun fərqində olmur. Və bu tip yanaşmaların sonu adətən maddi faciə ilə bitir. Hər biriniz ətrafınızda belə şəxslər tanıyırsız yəqin ki.
Yaxşı asimmetriya
Əgər xərcimiz Ortastanlı(limitli olduğu dəqiq olan), gəlir şansımız isə Kənarstanlıdırsa, bu yaxşı asimmetriyadır. Nümunə kimi bundan əvvəlki Miletli Fales yazısını oxuya bilərsiniz.
Qurbanlıq qoç yanılması #1
Qurbanlıq üçün alının bəslənən bir qoç var. Hər gün bol-bol bəslənir. 40 gün 40 gecə xoş üzlü bir humanoid canlı gəlib ona yem, su verir, əzizləyir. Qoyunun gözündə o artıq bir mələkdir. Heç bir təmənna güdmədən, nəsə istəmədən gəlib ehtiyacları qarşılayır və gedir. Qoçun beyni artıq keçmiş günlərin nəticəsinə əsasən növbəti günü də proqnoz edir – əvvəlki 38 günə əsasən hesablaya bilirəm ki, sabah da bu mələk insan mənim qayğıma qalacaq. Və elə də olur. Hə, düz tapmışam. Sabah da belə olacaq deməli. Sabah isə nə olacağını biz bilirik. Kənarstan dünyasının özünü bir müddət Ortastan kimi aparması yazıq qoçda səhv fikir formalaşmasına səbəb olur. Və həqiqəti boğazı üzüləndə anlayır.
Qurbanlıq qoç yanılması #2
Pandemiyanın az qala yüz ildir ki, olmaması dünya insanında “bu heç olmayacaq” yanılması yaratmışdı. (eyni şeyi sülh içində yaşayan ölkələr də düşünür, müharibə haqqında) Yəni dünyadakı pandemiya sabitliyinin Ortastan davranışlı olma yanılqısı. (ümumən hər şey sabitdir, arabir kiçik xəstəliklər olur və yox olur arxayınlığı) Keçmiş təcrübə bir növ unudulmuşdu. Birdən birə pandemiya baş verdi və hər kəsin yadına saldı ki, pandemiya riyazi model olaraq Kənarstanlıdır(eksponensial yoluxma sürətinə görə), Ortastanlı yox.
Qurbanlıq qoç yanılmaması
Pandemiya sığortası deyə bir şey varmış. Ortastanlı dünyamızda heç kimin nisbi kiçik bir məbləği bu növ sığorta üçün ödəmək fikri yox imiş – olmayan bir şeyə görə niyə sığorta məbləği ödəyək ki.
Amma bir dəqiqə – sən demə ödəyən varmış. Məşhur tennis turniri olan Wimbledon təşkilatçıları, 17 ildir ki, pandemiya səbəbindən turnirin baş tutmaması ehtimalına görə sığorta ödəyirmişlər. Nəticədə pandemiya baş verdi və təşkilatçılar təxminən 141 milyon dollar kompensasiya aldılar. (bütün xərcləri çıxandan sonra belə 110 milyona yaxın xalis gəlir qalır). Düzdür, bu turniri keçirdikləri halda olacaq gəlirdən bir qədər azdır. Amma az pul deyil, həm də olacaq zərərləri də artıqlaması ilə qarşılamış oldu, hətta gəlir gətirdi.
Əksər sistemlərin bu iki dünyadan hansısa aid olduğunu təyin etmək mümkündür. Lazım olan odur ki, qərar vermədən öncə riskli sahənin özünü ən yaxşı və ən pis hallarda necə apara biləcəyini düşünək.
Sadə cədvəllə bu iki dünyadan nümunələr də gətirə bilərik:
Ortastan | Kənarstan |
İnsan çəkisi – Avtobusa 50 şəxs minibsə və onların ortalama çəkisi 71 kiloqramdırsa, 51-ci şəxsin 40 kiloluq arıq və ya 150 kiloluq iri cüssəli biri olması orta göstəriciyə ciddi təsir etməyəcək, elə təxminən eyni 71 olaraq qalacaq. | Maddi kapital – Avtobusa 50 şəxs minibsə və onların ortalama maddi sərvəti 3 min azn isə və bu zaman təsadüfən avtobusa minən 51-ci şəxs Bill Gates olarsa, bu zaman 3 min azn orta göstərici dəyişib olacaq 5-6 milyard azn. Yəni birdən birə 2 milyon qat artacaq. |
Fərdi xidmət gəlirləri – taksi, kiçik restoran, bərbər, texnik və.s. – müştərisi ən çox olan ayda belə təxmin edilən gəliri limitlidir və o limiti aşma ehtimalı yoxdur. Təsadüfən aşarsa belə, bu cüzi faizli artış ola bilər. Pis ehtimalda isə gəlir sıfıra və ya kiçik mənfiyə düşür. | Satış gəlirləri – hər hansı bir ayda gəlirlər birdən birə 100 dəfə arta bilər. (məsələn hansısa viral reklam səbəbilə) Itkilər – böyük borclanma ilə müflisləşmək və.s. |
Hər il milyonlarla insanları öldürən ağır xəstəliklər (xərçəng, ürək xəstəlikləri və.s.) | Pandemiya |
Maaşlı iş | Yatırım, biznes |
Mahiyyət tam aydın olduqdan sonra verəcəyimiz qərarları bu ikigözlü tərəzidə çəkərək qərarlar verə bilərik.
Beləliklə,
- Risk ediriksə, ən pis ehtimalın katastrofik dərəcədə pis olmadığına əmin olmalıyıq (ölüm, müflis olmaq, böyük borca düşmək və.s.) Və ya tutaq ki bu riski etmək istəyiriksə, arzuedilən nəticənin də eyni dərəcədə böyük bir xoşbəxtlik gətirəcəyi şey olması lazımdır. Məs. bir dəfə bir şirkətin işçisi kassadakı böyük məbləğdə pulu aparın idman mərc oyununda ən asan bilinən, kiçik əmsallı bir oyuna (məs. Real Madrid – Bate Belarus kimi bir cüt düşünün) qoymuşdu ki, tutaq ki, 100 min pulu qoymaqla bir gecədə 2-3 min qazanıb, geri qalan 100 mini də qoysun yerinə. Tərslikdən həmin gün oyunun nəticəsi fərqli olmuşdu və 100 min əldən getmişdi. Bu pis asimmetriyaya nümunədir. Pis ehtimalda itki faciəvi, yaxşı ehtimalda qazanc kiçik.
- O risklər xüsusi cəlbedici olmalıdır ki, vuracağı ən pis fəsad limitli bir fəsad olsun, katastrofik olmasın, amma uğurlu olduqda gətirəcəyi fayda çox böyük olsun.
- Həm potensial uğursuzluğun, həm də uğurun limitli olduğu risklər isə ortastana aiddir və daha təhlükəsiz və az mənfəətli olurlar.
- Orta hesabla hərəkət etmək yalnız Ortastanda keçərlidir. Kənarstanda orta hesab məntiqi işləmir. Hər iki dünyanın öz ayrı reallıqları var, bunu dərk etmək mütləqdir.
Məsələn üzmək bilməyən insana “bu çayın orta hesabla dərinliyi 1 metrdir, rahatca o taya keçə bilərsən” dedikdə, o insanın ağlı varsa o çayı keçməyəcək. Çünki orta hesab ən dərin nöqtə haqqında bilgi vermir. 80-110 sm dərinliklərdə çayı keçən şəxs ani bir 3 metrlik çuxura ayaq basıb boğula bilər.