Sənaye inqilabı sayəsində istehsalat sürəti istehsalat həcmi min dəfələrlə artdı, ayaqqabı ustası, dərzi, xalça toxuyan və.s. məsləklər kiçildi və gözdən itdi.
Amma maraqlı olan bir şey də baş verdi, bu məsləklərin heç biri tamamilə yox olmadı, kiçik ölçüdə qaldılar və hətta fərasətli olanlar qat-qat çox qazanclı olmağa başladılar.
Belə ki, əllə toxunan xalça, əllə tikilən kostyum, əllə çəkilən rəsm və.s. fabrik alternativlərindən adətən baha olmağa başladı.
Eyni tendensiyanın internet veb saytlar/app-lar ilə də yaşanacağının cücərtilərini indidən hiss edirəm.
Süni intellekt sayəsində internet məzmununun da “fabrik” versiyası yarandı – Daha çevik hazırlanan, daha geniş, hər ehtiyaca uyğun mətn, şəkil, videolar – lakin burada da eynən fabrikdəki problem ortaya çıxır: Keyfiyyəti yaxşı da olsa, pis də olsa, sintetik, ruhsuz olduğu hiss edilir. Çünki yazan alqoritm “unikal, xətalı, emosional, öz şəxsi təəssüratları, ilhamı, hormonları olan” varlıq deyil, sadəcə və sadəcə patternlərlə ən yaxşı statistik mətn planlaması edən alqoritmdir.
Bu o demək deyil ki, süni intellekt mətni pisdir, təbii ki xeyr. Sadəcə dediyim məsələlərdən məhrumdur. Eynən fabriklərdə çox keyfiyyətli geyimlər də istehsal edilir və insanların əksəri də məmnuniyyətlə alır və geyir. Bugün adi mağazalarda gördüyümüz geyimlərin heç biri əllə tikilməyib. Demək ki, işimizə tam yarayır.
Amma eyni zamanda bu qədər geyim bolluğu olmasına rəğmən paralel olaraq əllə bahalı model-dərzi butikləri işləyir və ciddi pullar qazanır. Çünki orada konveyer yox, individuallıq var, müştərinin pulu çox olanda o özünə fərqli bir şey axtarır.
Vikipediya, reddit və.s. layihələr süni intellektdən imtina edir və ya edəcək, aydın məsələdir. Bu onların bəlkə də kiçilməsinə gətirəcək, amma məzmunlarının da dəyərini artıracaq.
“Süni intellektin bulaşmadığı, xalis, saf insani kontent” bu gün bəlkə də qəribə səslənə bilər. Amma bir müddət sonra bu kriteriyanın necə bir dəyər göstəricisi olacağına şübhə etmirəm.