/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Author: E-Haci

  • Sən bir brend kimi

    Bu yazını bir neçə ay öncə alıb oxuduğum maraqlı bir kitabdan etdiyim qeydlər və öz əlavələrim əsasında  yazıram. Yazının üslubu bir az qəribə görünə bilər, belə ki, yazıdakı üslubu kitabın üslubuna uyğun etmişəm. Bloqda yazmaqda əsas məqsədimi isə son abzasda oxuyacaqsınız. 
    Brand-Yourself-on-LinkedIn

    Sən brendsən, sən hazırda direktorsan- ÖZÜNÜN. Brend dedikdə şirkət adı, direktor dedikdə şirkət direktoru nəzərdə tutmuruq. Hələ ki. Söhbət səndən, bir nəfərdən, bir fərddən, orqanizmdən gedir. Sənin bacarıqların, işlərin, istirahətin, sənin rəhbəri olduğun bölmələrindir-şöbələrindir, onlara ən yaxşı şəkildə rəhbərlik sənin vəzifəndir, borcundur. Nədəsə tənbəlsən, gecikirsən, həvəs tapmırsan, əyləncəni, istirahətini düzgün və rəngarəng təşkil etmirsən, idman etməyə vaxt yoxdur – hamısının təqsiri sənin özündədir, çünki sən özünün müdirinsən, əgər vaxtı düzgün bölmürsənsə, effektivlik yoxdursa, deməli pis müdirsən, müəssisən yaxşı işləmir. Hər bir bölmən üzrə plan, idarəetmə tərtib etmək, ən yaxşı nəticəni almaq, özünü sübut etmək, potensialını meydana qoymaq gərəkdir.

    Fərqi yoxdur sən hazırda hansı vəzifəni icra edirsən, tək işləyirsən ya hansısa müəssisədə işləyirsən. Sən işlədiyin/oxuduğun sahədə istehsal etdiyin hər bir məhsula can qoymalısan, wow (heyranlıq reaksiyası) proyekt olmalıdır bütün məhsulların. Məhsul deyərkən ağla sənaye, zavod gəlməsin. İşdə icra etdiyin tapşırıq da sənin məhsulundur, müstəqil yaratdığın hər hansı proyekt də məhsulundur, əmək sərf edib hasil etdiyin nəticələr sənin məhsulundur. Fərqi yoxdur hansı sahədə çalışırsan. Heç bir məhsulu/xidməti/icranı yarım qüvvəylə görməməlisən, “buna az qüvvə sərf etdim, yoxsa daha yaxşı olardı” bəhanəsi olmamalıdır, çünki buna kimsə inanmaz, çünki sən = sənin proyektlərin. Sənin proyektlərin sənin təcəllindir, sənin potensialının aynasıdır, əgər onlar pisdirlərsə, zəifdirlərsə deməli sən də zəifsən, yox əgər sən zəif deyilsənsə, onda elə et ki məhsulların da zəif olmasın. Zəif olacaq heç bir məhsul çıxarma ortaya, bütün məhsullarına can qoy, ən kiçik detalını belə işlə, ən həssas məqamlarını araşdır, var gücünü sərf et, tam potensialını yansıtdıqdan sonra məhsulu burax, təhvil ver. Məhsulu təhvil verərkən, xidməti icra edərkən bunun sənin potensialını tam əks etdirməsi şərtinə mütləq əməl et. O halda uğur qazanacağına, brendinin qiymətə minəcəyinə şübhə etmə.

    Səndən az şey umulsa belə bu sənin məsuliyyətini azaltmasın, təhvil alan zəif məhsulla qane olsa belə sən var gücünü sərf edib wow proyekt hazırla, unikal ol, özünəməxsus dəst xəttə malik ol, qoy məhsulun təhvil alanı artıqlaması ilə qane etsin, brendin yüksəlsin. Məhsulun keyfiyyətli olması təhvil alandan çox sənə lazımdır. Sən işi hazırki iş yerində yaxşı icra edən nümunəvi işçi olmağa doğru yox, brendə çevrilməyə doğru getməlisən. Sən öz işində bir brend olmalısan, işlədiyin yerdən asılı olmadan, ayrılıqda, tək götürüb nəzər saldıqda bir brend hesab edilməlisən, harda işləsən, işləməsən, brend olmaq əsas ilkin vəzifədir.

    İndi isə özünü bir neçə cümləylə təsvir et, sən hazırda kimsən, nəçisən? Təsvir et. Lap fərz et ki, reklam lövhəsində xidmətlərini təklif etməlisən, təcili. 4-5 cümlə ilə təsvir et özünü. Sən nə təklif edirsən istehlakçılara, potensial müştərilərə? Nəyi bacarırsan və ya bacara bilərsən, gücün çatar? Onlar səndən hansı məhsulu, xidməti ala bilərlər? Sən başqalarından fərqli nə vəd edə bilərsən onlara?

    Daim istedadlı dostlar axtar, istedadlı insanları əldən buraxma, onlarla ünsiyyətə cəhd et, can at. Belə ünsiyyət fayda gətirir, hər görüşdən nəticəni çıxar, öz brendini necə təkmilləşdirə biləcəyini düşün.

    Keçən həftə nə öyrəndin? Yaz bir yerə və ya say şifahi. Beləcə vaxtı boşuna keçirməyindən xəbər tutmuş ol və ya boşuna keçirməmisənsə belə daha da effektiv ola biləcəyinin fərqinə var. Hər həftəsonu bu sualı özünə ver, təqvim ilə telefonda qur, sənin yadına salsın həftəsonu, ki bu sualı özünə vermək yaddan çıxmasın.

    Güvənli brendə malik ol. Tələbi qane edəcək təklifə malik ol, heç vaxt aldatma, etimadı doğrultmaq üçün var gücünlə çalış, doğrulan hər etimad irəliyə doğru addım, brendinin inkişafıdır.

    Sən istehlakçıya hansı məhsul və ya xidməti təklif edirsən? Bu təkliflərə tələb varmı? Zamanla ayaqlaşa bilirmi? Daim yenilə təkliflərini, daim zamana, tələbə görə təkmilləşdir. İslahatlar apar, lazım olsa xidmət portfelində radikal dəyişikliklər də et.

    Müştərilərin kimlərdir? Müştərilər pisdir, daim narazısan? Onda sənin brend də pisdir. Sən = sənin proyektlər olduğu kimi, sən = sənin müştərilər. Ona görə də müştəriləri də uyğun seqmentdən seç.
    Danışıqlar aparmağı öyrən, xidmət və məhsulları qısa və lakonik təsvir etməyi bacar. Bir biznes növünə fokuslan. Yalnız bir, amma bu bir növdə müxtəlif spektrli xidmətlər məhsullar təklif et.
    Üzərində daim işlə, şablon səslənsə də sözün əsl mənasında işlə. Nəyi bilirsən, nəyi bilmirsən, fərqinə var, plan tut və özünütədrislə məşğul ol. Özünü məsələn 30-35 sözlə təsvir etməyə cəhd et və bu 30-35 sözlük təsviri daim optimallaşdır. Bir yerə elə indicə yaz, 5 dəqiqə vaxt alacaq, yaz, çətin deyil. Sonralar üstündə zaman-zaman işlə.

    Brend olaraq hansı missiyan var, real missiyanı təsvir et, yoxdursa yarat, şüar düşün, əsas dəyərləri formalaşdır, sənin üçün əsas olan nədir, prinsiplərin nədir?

    Brendinin əsas pik hədəflərindən biri bu olsun, bunu özünə deyə biləsən: Elə bir biznes növünün elə bir spektri var ki, o spektrdə o qədər yüksək səviyyədə peşəkarlaşmışam ki, əminliklə özümə deyə bilərəm: Dünyada(heç olmasa bölgədə) bu spektrdə məhsulu/xidməti məndən daha yaxşı bacaran yoxdur. Bunu bacararsan? Çalışsan, əlbəttə ki hə.

    Sən ideal brendə çevrilmək üçün etməli olduqlarından xeylisini artıq bilirsən. Bəs bu ideal obraz necə olmalıdır. Ümumi bir nümunə təsvir edək:

    • O iş vaxtı işinə tam konsentrasiya olur, fikrini tam işinə yönəldir.
    • Hazırda gördüyü iş wow-proyektdir. Yəni unikal nəyəsə malikdir, onun potensialını tam yansıdır və nəhayət tələb edən tərəfi artıqlaması ilə qane edəcək.
    • Son proyekt onun üçün çox vacibdir. O ümumiyyətlə vacib olmayan proyekti işləmir.
    • O işində macəra axtarır, ruhən dəniz piratıdır, yeknəsək deyil.
    • O həyatının tək direktorudur.
    • İddiası çox böyükdür.
    • O düşünür ki, səhv etmək nəfəs almaq qədər təbiidir, qaçılmazdır.
    • İşindən zövq qalır
    • O istedadlı dostlarla tez-tez vaxt keçirir, ünsiyyət qurur.
    • O prestijli sabit işi qeyri adi, maraqlı, inkişaf üçün ona nəsə öyrətməyi vəd edən proyektə dəyişə biləcək qədər cəsarətə malikdir.

    Bu işlər bir günə həll olmur, qaçaraq yox, yeriyərək irəliləmək lazımdır, ideyalarını yaz, öz mənfi və müsbət məqamlarını qeyd et, özünü məqsədəuyğun hərəkətə sövq et, heç vaxt panikaya düşmə.

    Yaz elə indi, sən kimsən, nə ilə məşğulsan? Və sən kim deyilsən? Səndə peşənlə bağlı hansı mənfi xüsusiyyətlər yoxdur?

    Səni tanıyanlar(az ya çox sayda) nəyin hesabına tanıyırlar? Ən çox nəyə görə tanınmısan?
    Sənin hazırki proyektlərin hansı məqamlarına görə sənə maraqlı görünür? Maraqlı görünməyən varsa, nəyə lazımdır o proyekt?
    Son 90 gündə hansı önəmli biliyi mənimsəmisən?
    Hədəfin nədir? Hara doğru irəliləyirsən?

    Lozunqlar düşün, sənə məxsus lozunqlar. Dəyərləri, hədəfləri, inamını özündə ehtiva etsin məsələn.
    Sonuncu dəfə “mən gələcəkdə özümü harda görürəm, hədəfim nə olmaqdır?” sualını özünə nə vaxt vermisən? Unutma ki, bu sualın cavabını daim əzbərdən bilməyin səni konkret hədəfə doğru yönəltmiş olar. Niyə taleyin gedişatına buraxasan axı özünü? Konkret hədəfin varmı? Yoxdursa, yarat, qoy hara getdiyini bilmiş olasan.

    Öz brendin, öz direktorluğun daxilində bəzi mini-peşələrə malik olmalısan. Marketoloq, məhsul istehsalçısı, əməliyyatçı, müştərilərlə iş, satıcı, informasiya idarəetməsi, vaxt-idarəetməsi eksperti, analitik və planlaşdırma mütəxəssisi. Təbii ki bu peşələrə yiyələnmək tələb edilmir, sən sadəcə öz brendinin çərçivəsində öz xidmətlərini/məhsullarını satmaq üçün bu istiqamətlərdə müəyyən biliklər əldə etsən çox yaxşı olar.

    Fikirlərimi burda yekunlaşdırıram. Ümid edirəm ki, yazı oxuyucuya motivasiya vermək istiqamətində az da olsa faydalı olar və bu istiqamətli kitablar oxumağa həvəsləndirər. Məqsəd də bu idi. Əgər yazıdan hər hansı nəticəni çıxardınızsa, elə indicə hərəkətə keçin qeydlər aparın, yazıdakı suallara cavab verin. Suallara cavab verdikdən sonra keçirəcəyiniz xoş hiss sizə çox şey deyəcək.
    Bəhrələndiyim kitabın adı “The Brand Called You”, müəllifi Tom Peters. Yazıdakı cümlələr özümə məxsus olsa da, fikirlərimin ilkin mənbəyi adıçəkilən kitabdır.

    Cari yazını Amazon KindlePDF formatlarında yükləmək də olar.

  • Web sayt yüklənmə sürətinin ciddi artırılması üsulları

    page-speed

    Bir çoxlarımız veb sayt hazırlayarkən standart mexanizmlərdən, qaydalardan istifadə edib saytı ərsəyə gətiririk. Amma performans haqda müşahidələrimə görə az adam düşünür. Əslində sadə metodları demək olar çox developer bilir və istifadə edir (şəkillərin həcminin çox olmamasına nəzarət, flash-dan az istifadə, bir səhifədə ağır sql sorğuların çox olmaması və.s.) Amma bəzi metodlar da var ki, onlar server səviyyəsində aparılır və effekti daha çoxdur. İndi onların əsas vacib olanları ilə tanış olaq.

    Öncə bir faydalı alət haqda yazım, Google-un Make Web Faster şüarı altında təqdim etdiyi çox faydalı xidməti var. Hansı ki, saytın sürət performansını ölçərək 100 ballıq dərəcə üzrə qiymətləndirir. Mən bu yaxında bir saytda sürət performansını artırmalı idim. Yazacağım sadə addımlarla saytın sürətini 55-dən 95 bala yüksəltdim. 

    1. İlk öncə hədəf veb saytı qiymətləndirək. Buradan saytın url-ni daxil edərək nəticəni alaq: https://developers.google.com/speed/pagespeed/insights
    2. Fayl tiplərinə görə faylları serverdən sıxılmış formada ötürülməsini təmin etmək. Bu metod əsas 3 önəmli metoddan birincisidir. Bunun üçün saytda root folderdə .htaccess faylına daxil olun, yoxdursa yaradın, və aşağıdakıları əlavə edin:
      AddOutputFilterByType DEFLATE text/plain
      AddOutputFilterByType DEFLATE text/html
      AddOutputFilterByType DEFLATE text/xml
      AddOutputFilterByType DEFLATE text/css
      AddOutputFilterByType DEFLATE application/xml
      AddOutputFilterByType DEFLATE application/xhtml+xml
      AddOutputFilterByType DEFLATE application/rss+xml
      AddOutputFilterByType DEFLATE application/javascript
      AddOutputFilterByType DEFLATE application/x-javascript
      
    3. Brauzerin sizin saytınızın statik fayllarını daha yaxşı və uzun müddət saxlaması üçün bütün fayl tiplərinə expire date təyin edin. Yenə də server-apache səviyyədə. Yenə də .htaccess-i açın, bunları yazın:
      <IfModule mod_expires.c>
      ExpiresActive on
      ExpiresByType image/gif "access plus 1 month"
      ExpiresByType image/png "access plus 1 month"
      ExpiresByType image/jpg "access plus 1 month"
      ExpiresByType image/jpeg "access plus 1 month"
      ExpiresByType text/x-component "access plus 1 month"
      # Webfonts
      ExpiresByType font/truetype "access plus 1 month"
      ExpiresByType font/opentype "access plus 1 month"
      ExpiresByType application/x-font-woff "access plus 1 month"
      ExpiresByType image/svg+xml "access plus 1 month"
      ExpiresByType application/vnd.ms-fontobject "access plus 1 month"
      # CSS and JavaScript
      ExpiresByType text/css "access plus 1 year"
      ExpiresByType application/javascript "access plus 1 year"
      ExpiresByType text/javascript "access plus 1 year"
      <IfModule mod_headers.c>
      Header append Cache-Control "public"
      </IfModule>
      </IfModule>
      

      Bu metod heç də bütün serverlərdə işləməyə bilər. Əgər hosting shared-dirsə o halda bu hostinq provider-dən asılıdır. Əgər server virtual dedicated və ya real serverdirsə o halda bu metodun işləməsini Apache modulları bölməsində EXPİRES adlı modulu aktiv etməklə təmin edə bilərsiniz. (Bəlkə də artıq aktivdir, amma yoxlamaqda fayda var)

    4. Nəhayət 3-cü metod. Bu metod server yox, browser tərədə olan CSS-ə tətbiq edilir. CSS sprite texnologiyası vasitəsilə saytınızdakı əksər statik şəkilləri(arxa fon, düymə, kiçik ikonlar və.s.) bir şəkildə birləşdirib sprite ilə onu əvvəlki görünüşdə olmaqla daha yüksək sürətlə yüklənməsini təmin etmək. Çoxsaylı kiçik kiçik şəkillərin yüklənməsi ilə onların hamısının birləşib bir şəkil kimi yüklənməsi arasında önəmli sürət fərqi var. Bu metod üçün çox yaxşı bir xidmət var. http://spriteme.org/ bu sayta daxil olub İnstallation bölməsindəki linki sürüşdürürsünüz brauzerinizin Bookmark bölməsinə. Daha sonra saytınıza daxil olub bu bookmarka klik edirsiniz. Və 1-2 saniyəyə hazır olan nəticə demək olar ki, sizə bir koderin saatlarla əziyyət çəkib edə biləcəyi bir nəticəni verir. Şəkilləri avtomatik yığır birləşdirir, sizə şəkli yükləmək imkanı verir. Daha sonra hətta css fayllarınızıda nəyi nə ilə əvəz etmənizi bir-bir dəqiq şəkildə deyir.

    Əsas önəmli metodları təqdim etmiş oldum. Digər az önəmli, sürətə az da olsa təsir edəcək metodlar haqda 1-ci bənddə təqdim etdiyim Google xidmətindən məlumat ala bilərsiniz. Orada xeyli sayda çox və az önəmli məsləhətlər verilir, hər birinin Learn More bölməsi var.

    P.S. Bunları etməkdə çətinlik çəkənlər üçün əlavə bir məsləhət. Ən azından CSS və JS fayllarınızın hamısını minify edin, yəni compressor xidmətləri ilə sıxın. Bu da sürətə çox önəmli təsir göstərir. Bu xidmət vasitəsilə CSS və ya JS mətni ora paste edirsiniz, icra düyməsi ilə alınan nəticəni CSS və ya JS faylınızda köhnə mətnlə əvəz edirsiniz.

  • Azerdict Chrome qoşması v2.0. haqda kiçik məlumat

    ikon
    Qoşmanın rəsmi linki
    Bu gün Azerdict Chrome qoşmasını uzun fasilədən sonra (~2il) yenilədim. Yeni versiyanın daha çevik və daha sürətli olması və istifadə rahatlığı üçün bəzi işlər görülüb.
    1. Vizual baxımdan daha səliqəli, rahat.
    2. Extensionu açanda input sahəni qeyd etməyə ehtiyac yoxdur, extensionu açan kimi hər hansı sahəyə kursoru gətirmədən sözü yazıb enteri basa bilərsiniz.(autofocus)
    3. AJAX və jQuery sayəsində hər sorğuda alınan informasiyanın miqdarı 2-3 dəfə azaldılıb və buna görə də nəticənin alınma vaxtı minimuma enib.

    Daha bir faydalı məsləhət. Əgər siz lüğəti hər dəfə açmaq üçün kursoru sağ yuxarı küncdəki ikona aparıb klikləməkdən qurtulmaq istəyirsinizsə, bunun üçün yaxşı həll var: Brauzerdən chrome://extensions/ ünvanına daxil olun, ən aşağıda sağda Configure commands-a klik edib Azerdict qoşmasını tapın önündəki sahəyə klik edin.(Şəkil)
    Screenshot from 2013-01-24 15:45:26
    Daha sonra istədiyiniz klaviatura kombinasiyasını sıxın. Sonra çərçivəni bağlayın.(Şəkil)
    Screenshot from 2013-01-24 15:46:21
    Məsələn mən alt+D kombinasiyasını qurdum. İndi sadəcə alt+D sıxmaq kifayətdir ki brauzerdə lüğət pəncərəsi açılsın.
    Təklif və ya sual olsa şərhlərdə yaza bilərsiniz.

  • Azərbaycan dilində WordPress paketi

    Azərbaycan dilində WordPress paketi hazırlamaq işi hələ 2009-cu ilin ortalarında Dev.az komandası tərəfindən başlanılmışdı. Layihə Launchpad kollektiv tərcümə sistemində yerləşdirildiyindən könüllülər də layihəyə qoşulmuşdu(59 nəfər). Təxminən 1 il öncə mən də layihəyə administrator olaraq qoşuldum və 1000-ə yaxın sözün tərcüməsində redaktələr apardım.
    Hazırda bir neçə aydır Launchpad tərcümə sisteminin məhz adıçəkilən bölməsində sistem xətaları meydana gəlir deyə tərcüməni davam etdirmək çətinləşib. Həm də tərcümə paketi WordPress-in köhnə versiyalarından birinə aiddir deyə yeni versiyalardakı sözlər orada öz əksini tapmır. Bu səbəbdən də Azərbaycan dili paketi aktiv edilmiş saytlarda tez-tez ingiliscə sözlərə də rast gəlinir.
    Ona görə də bir müddətdir budaq versiyanı Launchpad-dan ayırıb tək davam etdirirəm. Şəxsi istifadədə yanlış tərcümə və ya ingiliscə sözə rast gəldikcə paket faylında redaktələr edib onu yeniləyirəm. Planda var ki, bir neçə ay ərzində daim yenilənmə sayəsində keyfiyyətli bir tərcümə əldə edilmiş olsun. Beləliklə daim yenilənən paketi bu ünvandan yükləyə bilərsiniz. http://e-haci.net/wordpress-az%c9%99rbaycan-dili/

  • Google+ WordPress Developers Community – Məqsəd

    Belə bir Community yaratmağı qərara gəldim. https://plus.google.com/communities/115971210454065924105
    Screenshot from 2012-12-27 09:54:52
    Yəqin bəzilərinizin məlumatı var ki, Linkedin-də də belə bir qrupumuz var(qoşula bilərsiniz: http://www.linkedin.com/groups?home=&gid=3722491) və hazırda müxtəlif ölkələrdən 3000-ə yaxın üzvü var, qrup çox aktivdir. Məlumatımıza görə bu qrup Linkedin-də sırf WordPress Developer-lər üçün nəzərdə tutulan ən böyük qrupdur.

    Amma Linkedin bir növ qapalı sistem olduğundan, funksionalı da məhdud olduğundan orada qrup imkanları dardır və sırf qrup olmaqdan o tərəfə keçmir, Community ola bilmir. Facebook qruplarda da vəziyyət eynidir.

    Google+ isə Community üçün yaxşı imkanlar yaradır. Beləliklə bu qrupu yaratdıq və WordPress Development-də maraqlı olan hər kəs üçün maraqlı və faydalı bir platformaya çevirməyə çalışacağıq.
    https://plus.google.com/communities/115971210454065924105

    P.S. Səhifə ingilisdillidir və lokal xarakter daşımır.

  • WordPress üçün asan və funksional Backup qoşmaları

    wordpress-seo-plugins

    WordPress sistemində qurulan saytları Backup etmək üçün bir çox üsullar mövcuddur. Bazanı əllə dump etmək, file sistemi copy paste etmək həll yollarından ən qabasıdır. Bəs optimal yollar necədir? Optimal yollar üçün bir çox asanlaşdırıcı pluginlər mövcuddur. Bəzi pluginlər tək bazanı, bəziləri tək faylları, bəziləri hər ikisini backup edib sistemdə saxlayır, siz yükləyirsiniz. Bəziləri də var ki, backup etdikdən sonra arxiv faylı dərhal Dropbox bulud xidmətinə köçürə bilir. Bu da çox yaxşı funksiyadır. Belə ki backup-un hazır olmasından sonra dərhal hostinqi tərk edib Dropbox-a köçməsi hostinqdə istənilən an baş verəcək qəzanın fəsadlarını minimallaşdırır.

    backup-solutions

    Backup pluginlərinə 2 yaxşı nümunə yazım:

    1. Backup Scheduler
    Bəzi saytlarda istifadə edirəm. Yaxşı plugindir. Schedule imkanına malikdir, hansı ki, istənilən gün intervalı seçib hansı intervaldan bir backup çıxarılmasını təyin edə bilirik. Backupun ftp ilə kənar hostinqə yüklənməsini, habelə emailinizə göndərilməsini də təmin edə bilirik.
    Hostinqlərin məhdudiyyətini nəzərə alaraq backup faylını hissələrə bölmək imkanı da var. Yəni backup 100 MB olacaqsa, bunu yaratmaq və göndərmək hostinqə çətin ola bilər, onu 5-5 meqabaytla 20 yerə bölmək imkanı var.

    2. WordPress Backup to Dropbox 
    Bu da yaxşı plugindir. Backup faylını birbaşa Dropbox qovluğunuza göndərir. Saytın içərisindən Dropbox-a login Oauth metodu ilə aparılır, odur ki, sizin login məlumatlarınız haqda kiminsə xəbəri olmur, güvənlidir.

  • UTF-8 mətnli sətirləri kəsərkən meydana çıxan xoşagəlməz simvollar

    Yəqin bir çox veb saytlarda başlığın və ya mətnin ayrılmış sahəni doldurmasına görə … ilə məhdudlaşdırılıb davamını oxu düyməsi ilə keçid qoyulmasını görmüsünüz. Azərbaycandilli resursların əksərində belə qısaltmalar zamanı tez-tez bu tip problemlər görürük:

    qonaqları qəbul etmi�… davamı

    Yəqin ki tanış gəldi. Bu tip situasiyalarda PHP-də “sətirkəsən” funksiya olan substr bizim milli hərfləri başa düşmür və onları 1 baytlıq qaydada kəsməyə cəhd edir. Nəticə multibyte simvollar ortadan bölünür və anlaşılmaz simvollar meydana gəlir.
    Bunun qarşısını almaqçün multibyte funksiyalardan istifadə etmək lazımdır. Məsələn

    mb_internal_encoding("UTF-8"); 
    echo mb_substr("Hər hansı Azərbaycan əlifbasında olan söz",0,15).'... <a>davamı</a>';
    

    bu koddan istifadə etsək ilk 15 simvol normal şəkildə dərc ediləcək, sonrası isə 3 nöqtə ilə davam edəcək.

  • Gmail-də səhvən göndərilən e-məktubun geri çağırılması

    Gmail-də 2 ildir belə bir əlavə funksiyanın olduğunu bilənlər yəqin ki var, amma bilməyənlər daha çox olmalıdır. Çünki susmaya görə Gmaildə bu funksiya mövcud deyil. Yalnız Google Labs-a daxil olub bu tip əlavə funksiyaları aktivləşdirmək olur.

    Funksiyanın mahiyyəti bundan ibarətdir ki, əgər siz mesajı bitirməmiş səhv klik nəticəsində mesaj göndərildisə, yaxud səhv bir ünvana göndərildisə, yaxud fayl qoşmağı unudaraq göndərdinizsə və.s. hallarda maili yubanmadan verilmiş bir neçə saniyə ərzində ləğv edə bilərsiniz.

    App imkanları vasitəsilə bu funksiyanı aktiv hala gətirmək olur. Funksiyanı buradan aktiv edə bilərsiniz.(Undo adlı app)

    Həmçinin orada siz digər çox maraqlı əlavə funksiyalarla  da tanış olub sınaqdan keçirə bilərsiniz. Məsələn brauzer tab başlığında oxunmamış mail sayının ikonun özündə göstərilməsi.

  • Buludlara köçək, köçməyək?

    Əsas sual: Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Cavab hə isə davam edək.

    Ön qeyd: Bu yazı əsasən İKT sahəsinə aid olmayan Azərbaycan internet istifadəçiləri üçün daha çox məsləhətlidir, əgər siz İKT sahəsinə aidsinizsə, mövzunun bir qismi və ya böyük hissəsi sizə asan və məlum məsələlərdən bəhs etmiş ola bilər. Amma məlumat xarakterli hissələrlə yanaşı yazıda şəxsi yanaşmalar və şəxsi həll təklifləri də var deyə hər kəs üçün faydalı məqamlar tapıla bilər.

    Yazını çoxdan yazmaq istəsəm də mövzu üzrə qaneedici həlli özüm də tapmadığımdan yazmaq hər dəfə təxirə düşürdü. Qaneedici həllin çətinliyi təklif olunan xidmətlərin say çoxluğu, onların minimal sayda olanını seçib maksimal effektivlik çıxarmağın çətin olmasındadır. Hazırda gəldiyim nəticə özümü tam qane etməsə də, optimal varianta yaxınlaşdığım qənaətindəyəm.

    Mövzu biz və kompüterlər – buludlara köçməkdir.

    Mövzunun mahiyyəti

    Başlıq bir az çaşdıra bilər. Ona görə də dərhal mövzunun mahiyyətini yazaq. Biz paralel olaraq bir və ya bir neçə ev kompüteri, laptop, netbook, smartfon, tablet və.s. işlədə bilərik. Bunların hər biri smart qurğular olduğundan ümumi olaraq hər birinə kompüter adı verək. Ki yazı daha asan alınsın.

    Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Yəqin ki, azı bir neçəsi var. Bunları necə idarə edirsiniz? Kompüteriniz fiziki zədələnsə, itsə və.s. olsa, sizin kompüterinizin yaddaşına ulaşmanız bir an içində kəsilsə, o sənədlərin aqibəti necə olacaq? İtəcəkmi? Bəlkə ehtiyat nüsxəni saxlamaq üçün external diskdən, flash kartdan istifadə edirsiniz? Edirsinizsə yaxşıdır, amma bu optimal idarəetmədirmi? Axı neçə gündən bir kopya çıxaracaqsınız, son variantı təzələyəcəksiniz və.s.? Belə pərakəndə yanaşma ilə sözsüz ki, optimal idarəetmə əldə etmək mümkün deyil. Əksinə bu halda sənədləriniz daha da dağınıq olacaq, arzuolunmaz nüsxələr, əlavə yaddaş sahələri və.s. çıxacaq, üstəgəl yenə də ən son versiya problemi mövcud olmuş olacaq.

    Məqsədimiz

    Beləliklə ortalığa bir zərurət çıxır: Bütün adı çəkilən sənədləri vahid mərkəzdən idarə edə bilmək imkanını əldə etmək. Kompüterdən fiziki olaraq asılı olmamaq zəruridir. Bu asılılığı aradan qaldırmaq üçün bulud texnologiyalarından(cloud technology) istifadə etmək olar. Terminin xırdalığına getmədən(belə şeylər üçün Wikipedia var) məlumat verim ki, bulud həll variantında sizin sənədlər güvənli bir serverdə qorunub saxlanılır və sizin xüsusi login-parolla bütün kompüterlərinizdən öz sənədlərinizə əliniz yetir.

    Hər dəfə birbaşa serverlə, yəni internet üzərindən işləməməyiniz üçün, offline rejimdə adi qaydada işləməyiniz üçün Sync(serverlə sinxronizasiya) adlanan texnologiya da var. Bu halda sizin sənədlər kompüterinizdə adi sənədlər kimi qalır və hər dəyişiklikdən sonra dəyişikliklər internet üzərindən serverə göndərilir və beləliklə sizin məsələn planşetdən girib planşetin yaddaşındakı sənədə gələn həftə üçün yazdığınız plan kompüterinizdən girdikdə kompüterinizdəki sənəddə də əks olunmuş olur. Və ya işdə hər hansı mətn yığırsınız, iş vaxtı bitir, kompüteri bağlayıb evə gəlirsiniz, evdəki kompüterdə sənədi açırsınız, işdə ən son harada qalmışdınızsa oradan da davam edirsiniz.

    Yaxşı səslənir, bəs konkret hansı xidmətlərdən istifadə edək?

    İşin qəliz tərəflərindən biri də məhz buradır. İnternet şirkətlərin sizə təqdim etdiyi 100-lərlə xidmətdən ən optimal variantı seçmək və xidmət sayını minimuma endirmək. Belə ki qeydlər üçüb ayrı, şəkillər üçün ayrı, videolar üçün ayrı, plan üçün ayrı və.s. ayrı-ayrı servislərdən istifadə etsəniz, mövzumuzdakı problemi həll edəcəksiniz, amma bu zaman yeni problem meydana çıxacaq, çoxsaylı account-hesabları yığıb-yığışdırmaq, idarə etmək çətinliyi. Mən bu yarımbaşlıqda sırf öz  həllimi, öz minimallaşdırılmış optimal seçimimi sizinlə paylaşacam:

    1. Şəkillər, videolar, kitablar, sadəcə müxtəlif fayllar, ofis sənədləri, backup-lar və.s.

    Bunları qoruyub saxlamanız üçün Dropbox və ya Google Drive-dan istifadə edə bilərik.(Mən bölgü aparmışam, sənədlər üçün GDrive, digər sadalananlar üçün Dropbox istifadə edirəm, amma əslində hər ikisini istifadə etməyə gərək yoxdur) Dropbox-un üstünlüyü daha asan, daha zəngin həllərə malik sistemə malik olmasında, bütün əməliyyat sistemlərini dəstəkləməsində, əlavə pulsuz yaddaş hədiyyə etməsində və.s.-dədir. GDrive-ın üstünlüyü isə- Google hesab altında olmasında(eyni hesabla siz Gmail, Youtube və.s. saytlara da girirsiniz), ofis(doc,xls,ppt) sənədlərinin yerindəcə online redaktə imkanındadır. Şərti olaraq Dropbox-un üzərində dayanaq. Dropbox seçdiyiniz halda Dropbox.com-a daxil olursunuz, proqramı yükləyib kompüterdə quraşdırırsınız. Vəssalam, sizə verilən papka artıq bulud server ilə Sync, yəni sinxronizə olunmuş vəziyyətdədir. Və siz bütün sənəd,şəkil,video və müxtəlif fayllarınıza dünyanın istənilən yerindən, istənilən kompüterdən ulaşa bilərsiniz. Sync məntiqinin hesabına hər bir kompüterdə offline rejimdə, internetsiz də işləyə bilərsiniz. Sonra nə vaxt internet olacaqsa, o zaman dəyişikliklər serverə göndəriləcək.

    2. Qeydlər, planlar, görməli işlərin siyahısı, internetdən seçib yadda saxladığınız informasiya və.s.

    Bu xidmətlərin şəksiz lideri Evernote adlanan proqram təminatıdır. Evernote.com-a daxil olaraq siz hesab əldə edə bilərsiniz.

    Evernote-da mən aşağıdakıları cəmləşdirə bilmişəm:

    • Qeydlər, cızma-qaralar, ideyalar
    • Görüləsi işlərin siyahısı  – Todo adlı qol-stack yaradıb içində proyektlərin hərəsinə aid papka yaratmaq, onların da içinə işlərin hər hansı formada qeydini daxil etmək, bitdikdə YERİNE YETİRİLDİ adlı papkaya atmaq; və yaxud daha sadə variant hər həftə bir note yaradıb adını tarixə uyğun qoyub(məsələn 2012,14-21 avqust)  içinə həftəlik işləri yazmaq, işləri gördükcə pluslamaq. və.s. öz rahatlığınıza uyğun formalar düşünmək olar.
    • İnternetdən götürülən informasiya – Hər hansı saytda maraqlı şəkil,məlumat gördükdə onu copy edib Word-ə də atmaq olar, html kimi də saxlamaq olar. Amma bunlar qeyri-effektivdir. Ən gözəl yol Evernote plugini köməyilə məlumatları qeyd edib CLİP SELECTİON tıqlamaqdır. Bu halda yeni kəsilmiş qeyd gedib düşəcək məsələn “İnternetdən maraqlı seçmələr” adı papkanıza.

    Bütün bunlar Sync hesabına hər yerdə əlçatan olacaq, asan axtarışla, açar sözlərlə daim köhnə məlumatı tapa biləcəksiniz və.s.

    Beləliklə buracan hansı nəticəyə gəlmiş olduq: Biz sadəcə iki xidmətin sayəsində(Dropbox və Evernote) aşağıda sadalanan şəxsi elektron obyektlərimizin-mülklərimizin idarəetmə yüyənini əlimizə keçirmiş olduq.
    Şəkillər, videolar, ofis sənədləri, istənilən tip digər fayllar, qeydlərimiz, planlarımız, ağlımıza qəfil gələn ideyalar, görməli işlərimizin siyahısı, intertnetdən kəsib götürdüyümüz informasiya və.s. Az deyil, deyilmi?

    Təhlükəsizlik və məxfilik

    Meydana təbii sual çıxa bilər. Əvvəllər bərbad idarə altında olsa da öz fayllarımı öz kompüterimdə saxlayırdım və təhlükəsizlik və məxfilikdən əmin idim. Bəs indi? Axı bütün məlumatlar hansısa amerikan yaxud Avropa serverində saxlanılmış olacaq.
    Haqlı sualdır.
    Məxfilik: Sizin facebook hesabınız, email yazışmalarınız və.s. internet üzərindən olan məxfi elektron mülkiyyətiniz də eyni durumda deyilmi? Müasir internet bunu diqtə edir, artıq məlumatlarımızın byulud serverlərdə cəmləşməsi zərurət halına gəlməkdədir. Hər halda əgər düşünürsüzsə ki sizin sənəd,şəkil,video məsələn GDrive-ın məxsus olduğu Google-un hər hansı xüsusi imtiyazlı işçisinə həyati önəmli ola bilər, o halda o tip sənədləri elə öz kompüterinizdə saxlayın 🙂
    Təhlükəsizlik: Bu tip xidmətlərin kənar müdaxilədən qorunma keyfiyyəti çox yüksəkdir. Təhlükəsizliyə etibar etmək olar.

    Alət proqramlar, istifadə qaydaları

    Evernote, Dropbox və.s. bu tip proqram təminatlarından istifadə qaydaları çox asandır, hər hansı ciddi dokumentasiyaya gərək qalmadan özünüz praktiki məşq ilə öyrənə bilərsiniz.

    Dropbox-da istifadə olunacaq alətlər: Dropbox proqram təminatı, smartfonlar üçün Dropbox app və Dropbox.com veb klientidir. Bu 3-lük sizə Dropbox-dan tam rahat istifadə imkanı verəcək: Həm smartfonlarda, həm tablerlərdə, həm kompüterin hard diskində, həm də birbaşa brauzerdə.

    Evernote üçün lazım olan alətlər: Evernote proqram təminatı, Evernote.com veb klienti, Google Chrome üçün Evernote clipper extensionu(Digər brauzerlərdə də analoji pluginlər var)

    Bəs bütün bunları edərkən meydana çıxan suallarıma cavabı haradan əldə edəcəm?

    Yazıda təkliflər olsa da, realizasiya necə olacaq, şəkilli izahlar və.s. mövcud deyil. Çünki məqsəd istiqamət verməkdir. Sualların meydana çıxması təbiidir. Rus və ya ingilis dilində bu sualları Google-da axtarıb cavab ala bilərsiniz. Öz dilimizdə cavab və ya anlaşılmaz qalan məsələlərə izah lazımdırsa, Cavablar.net köməyinizə çata bilər.

    Sonda yazını səhifənin yuxarı hissəsindəki sosial paylaşım düymələrinə(like,tweet,+1) klikləməklə dostlarınızla paylaşmağı unutmayın.

    Elvin Hacı.

  • Sosial şəbəkələr və biz

    Hal-hazırda orta statistik internet istifadəçisi haqda “Sosial şəbəkə istifadə edir ya etmir?” sualı aktual deyil, soruşula bilən sual “Neçə sosial şəbəkədən aktiv şəkildə istifadə edir?” sualı ola bilər.

    Öyrəşiklik və səbəbləri

    Bəs niyə bir yox, bir neçə sosial şəbəkələrdən(bundan sonra SŞ), servislərdən istifadə edirik? Səbəbi təxminən belə xarakterizə etmək olar: SŞ-ləri auditoriya,təyinat,xidmət və funksionallıq və.s. baxımdan bir-birindən fərqləndirən məqamlar mövcuddur, ona görə də əksər aktiv internet istifadəçiləri paralel olaraq bir neçə xidmətdən istifadə edir.

    Nümunə 1: Sosial aktiv olan A adlı istifadəçi dostları ilə ünsiyyət qurmaq, paylaşmaq üçün Facebook-dan(bundan sonra FB), maraq dairəsinə uyğun mikrobloqlardan ibarət daha mobil, çevik və qısa paylaşım üçün Twitterdən, rusdilli auditoriya ilə, həmsiniflərlə danışmaq üçün Odnoklassniki-dən, maraq dairəsində olan multimedia materialları paylaşımı,reytinqi və.s. üçün Getglue-dan, maraqlı şəkillər üçün İnstagram-dan, vizual baxımlı paylaşımlar üçün Pinterest-dən, videolar üçün Youtube-dan və.s. xidmətlərdən istifadə edir. Siyahını kifayət qədər uzatmaq da olar.

    Nümunə 2: Sosial aktiv olan B adlı istifadəçi kiçik sosial servislərdə elə də maraqlı deyil. O gününü əsasən FB-da keçirir. Digər servislərdə hesaba malik olsa da, onlardan nadir hallarda istifadə edir.

    Fayda və zərərlər

    Yaxşı bəs bu xidmətlərə nə qədər vaxt sərf olunur,  zərəri varmı, varsa nədən ibarətdir? Maraqsız olsaydı, təbii ki, bu xidmətlərdən heç biri populyarlıq qazanmazdı. Adları çəkilən hər bir xidmət A və B adlı istifadəçilərə maraqlıdır. Bu maraq sonda addiktivliyə çevrilir və A-nın həyatı SŞ-larda keçməyə başlayır, real həyat arxa plana keçir. B isə yalnız FB-da “oturur”, like toplamaqdan həzz alır, maraqlı şəkillərə,videolara baxır, paylaşır, oyun bölməsində çox xal toplamağa çalışır və.s.

    SŞ-ların real həyatdakı fəsadları haqda ton-ton yazılar var. real dostları itirmək, açıq havada daha az vaxt keçirmək, ailə konfliktləri, yeniyetmə psixologiyasının pozulma halları və.s. bunlar haqda yazmağa ehtiyac yoxdur.

    İndi SŞ-in A-ya və B-yə vurduğu iki zərər, vaxt və effektivlik göstəricisi haqda danışacam.

    1. Vaxt: A adlı istifadəçi 7-8 SŞ-dən aktiv şəkildə istifadə edir. Bu şəbəkələrdən FB-a gün ərzində 2-3 və ya daha çox saat, Twitterə tutaq ki 2 saat, digərlərinin də hərəsinə yarım saat vaxt ayırır. B isə bu vaxtı FB-ya sərf edir. Cəmdə 7-8 saat vaxt SŞ-lara sərf edilmiş olur. Məlum “vaxt puldur” həqiqəti var, gənc bir insan üçün isə o puldan daha artıq bir məfhumdur. Nəsə öyrənə bilinəcək vaxtlar FB stream-ində yeni nə var nə yox buna baxmaq, maraqlı bir şəkli like etmək, videoya baxmaq və.s.-a sərf edilir.

    2. İş effektivliyi. Əgər A və ya B işləyirsə, bu halda zərərin miqdarı daha böyük olur. Zehni əməklə məşğul olan insanlarda tez-tez antraktlara ehtiyac olur. Ən uzağı yarım saat dayanmadan işlədikdən sonra mütləq kiçik fasilə olmalıdır. Normalda bu antraktlar durub gəzişmək, kompüterdən və ya iş masasından aralanıb beynə dinclik verməkdən ibarətdirsə, A və B bu boş vaxtı FB-u açıb neçə bildiriş gəldiyinə baxmaqla, son dərcinə neçə yeni like gəldiyinə baxıb sevinməklə, paylaşımlara şərh yazmaqla və.s. keçirir. Burada artıq sağlamlıq baxımından zərərlər meydana  gəlməklə yanaşı başqa bir pis məqam da var: FB-dakı bu gəzişmələr zehni əmək tələb etmədiyindən qısa müddətdə daxili tənbəlliyin dəstəyi ilə A və B-yə qalıb gəlir və bir müddət sonra A və B artıq bütün iş günü FB-da gəzişir, yorulanda antrakt yerinə öz işinə baxır, yəni tam tərsinə edir. İş yorucu və maraqsız olduğundan az sonra yenidən şəbəkəyə qayıdır. Və iş günü beləcə başa çatır. Aylar illər hiss olunmadan ötüb keçir, A və B öz işində(~dərsində, təhsilində, elmində) günü gündən geriləyir, zehni kütləşmə baş verir, eyni zamanda karyerasında durğunluq olur.

    Çıxış yolu təklifim və şəxsi həll metodum

    Bu yazını qeydə alan müəllif də A  və B qədər olmasa da, bir müddət öncəyə qədər kiçik formada SŞ-ya aludə olmuş bir şəxsdir. Sadəcə vaxtında və ya vaxtından bir qədər gec ayılaraq müəyyən tədbir və islahatlar nəticəsində bu problemdən qismən azad olmuşam. Ona görə də bu yöndə nələr etdiyimi bu abzasda paylaşıram:

    Hal hazırda ən zərərli SŞ sözsüz ki FB-dır. Ona görə ki populyardır, ona görə ki az qala hamı ordadır, ona görə ki qaynardır. Məhz bu səbəbdən ilk olaraq FB ilə məsələni çözmək lazımdır. FB-da uzaqda yaşayan dostlar, keçmiş məktəb ya tələbə yoldaşları və.s. ola bilər və bəziləri ilə yeganə əlaqə vasitəsi məhz oradır. Ona görə də FB hesabınızı silməyi təklif etməyəcəm.

    1. FB-da Chat-ı OFF edin. Bunun faydası çoxdur.

    2. FB-da bütün dostlarınızı Unsubscribe edin. Bu bir düyməyə klik etməklə olan asan işdir və hər kəs bacarar. İradə tələb etmir.

    Bunu etdikdən sonra addiktivliyiniz sizi bir müddət yenə təhrik edəcək ki, antraktlarda, gecə yerinizə uzananda, yolda, metroda və.s. FB-ya daxil olasınız. Amma hər daxil olanda yeni heç nəyin olmadığını görüb gec-tez usanacaqsınız. Əgər paylaşımlardan mütləq xəbər tutmaq istəyirsinizsə, qeyri iş vaxtında, ya 2-3 gündə bir, ya həftədə bir dəfə sayta daxil olub sol sütundakı Listlərin köməyilə yenə də bütün paylaşımlardan xəbərdar ola bilərsiniz. Amma iradənizi çalışdırıb elə etməlisiniz ki, Listə baxmaq özü də bir aludəçiliyə çevrilməsin. Bir müddət sonra FB sizin üçün sönük bir servisə çevriləcək. Əvəzində hesabınız aktiv qalacaq, İnbox işləyəcək və kimsə sizə yazanda və ya kiməsə yazmaq istəyəndə adi mail xidməti kimi ora daxil olub məktubunuzu yazacaqsınız.

    Keçdik digər servislərə:

    3. Getglue, Pinterest, İnstagram və.s. kimi konkret təyinata malik, əslində heç bir ciddi faydası olmayan servislərdən tamamilə imtina etmək mümkündür, delete account və vəssalam. Əminəm ki, bunu asanlıqla edə bilərsiniz. Çünki bunlar FB kimi addiksiya yaratmaq gücündə deyil.

    4. Youtube-da kifayət qədər faydalı kontent var. Ona görə də bu servisdən istifadəyə davam etmək hətta lazımdır. Amma gün ərzində 1 dəfə, ancaq seçdiyimiz abunə kanalların yeni videolarına baxmaqla. Daha gəzişmək olmaz, gəzişmək addiksiya yaradır və vaxtı boşa sərf edir.

    5. Twitter saytının ya veb versiyasından istifadə etmək, hər istifadədən sonra pəncərəni mütləq bağlamaq, açıq saxlamamaq. Klientdən istifadə edilirsə, pop-up notificationları bağlamaq. Nəticədə baş verən heç bir yenilik diqqəti cəlb etməyəcək. Bu halda Twitter-dən istifadədə də dəyişikliklər hiss edəcəyik, gün ərzində əvvəl 15-20 və ya daha çox baxırdıqsa, indi artıq 3-4 dəfə baxacağıq.

    Bu qədər. Ümid edirəm əsas fikirləri çatdıra bildim. Əsas məqam budur ki, yazıda SŞ-lardan imtina təklif edilmir, onları zəncirləmək təklif olunur.

    Yuxarıda yazılanlar sırf şəxsi təcrübəyə əsaslanıb və artıq 70-80% uğurla reallaşdırılıb. Bəhrəsi də artıq hiss edilməkdədir. Düzdür, mən heç vaxt A və ya B qədər addiktiv olmamışam, vaxtı normadan bir az çox yalnız FB və Twitterə sərf etdiyim günlər, aylar olub. Amma bu yetərincə pis bir haldır və nə qədər ki, gec deyil, qarşı tədbir görmək yaxşı olar.

    Bu prosesi uğurla reallaşdırandan sonra iş prosesimiz qaydasına düşəcək, məhsuldarlığımız xeyli artacaq, işdən sonra isə yaranacaq bol-bol vaxtlara kitab oxuya, filmə baxa, gəzməyə çıxa, dostlarla görüşə və.s. seçimlərdən istifadə edə biləcəyik. Özüm də daxil olmaqla hər birinizə uğurlar. Yazını elə məhz SŞ-ların özündə paylaşaq ki, hamı oxusun. 🙂

    Elvin Hacı.