Publikaya danışan ekspertlər – qısa-qısa #3

Bu yaxında oxuduğum kitabda narrator(romandakı hadisələri danışan şəxs) maraqlı bir fikir səsləndirir:


Dünyadakı bütün ekspertlər mənim bildiyim sahədə danışana qədər gözümə ekspert kimi görünürlər.

Kim Yong-Ha – “Bir qatilin gündəliyi”

Bu eynən mənim uzun müddətdir yazmaq istədiyim bir fikir idi, sadəcə yadıma bir daha saldı.

Araşdırmaçı-jurnalist və ya ekspert kimi təqdim edilən şəxs tibbdən, ekologiyadan, siyasətdən, müharibədən və.s. danışdıqda bir növ içimizdə asana qaçma meyli olur, həmin şəxsin dediklərini ciddiyə almaq (hər halda bir şeylər bilir danışır, araşdırıb öyrənib deyə) istəyirik və çox vaxt da alırıq.

Amma eyni tip şəxslər bizim çox yaxşı bildiyimiz bir spesifik sahə üzrə danışanda, necə dəhşətli bərbad səhvlər etdiyi, bəsit danışdığı, danışdığı mövzunu ümumiyyətlə anlamadığını və.s. görürük.

Əslində isə bütün digər sahədə danışanlara da bu öz bildiyimiz sahə üzrə danışanlar haqqında düşündüyümüzü proyeksiya etsək, daha yaxşı olar.

Yəni, bilmədiyimiz bir sahə üzrə danışan, yazan “ekspertə” elə öz sahəmiz üzrə yazan şəxslərə olan potensal diaqnozumuzu qoymalıyıq.

Bizim vaxtımızda belə deyildi – qısa-qısa #2

Nəsillər(generation) arası əbədi mübahisə mövzusu olan “heyf deyildi bizim uşaqlıq, indiki uşaqlar…” tipli fikirləri yəqin ki, özünüzdən yaşlı nəsildən çox eşitmisiz.

Və ya aşınız 30-dan çoxdursa, artıq yeni nəsil yeniyetmə və gənclərdə müşahidə elədiyiniz ümumi problemləri sezib, ümumiləşdirib narazılıq edirsiniz.

Zəmanə uşaqları anlayışı da boşuna deyil. Hz. Əlinin ta 14 əsr öncə dediyi kimi, uşaqlar valideynlərindən daha çox zəmanələrinə bənzəyərlər.

Zəmanə dediyimiz də hansısa mistik varlıq deyil, ətraf mühitin yetişməkdə olan uşağa olan təsiridir -texnologiya, urbanizasiya, sosial təkamülün davamı(adət-ənənə, din və.s.)

Özündən gənc nəslin yetişdiyini(özündən gənc yəni minimum 10-20 yaş kiçik nəsil) görməyincə bu mövzu ümumiyyətlə insana yad gəlir. Amma prosesi gördükcə artıq insanın içində həmin o yaşlı nəslə xas etirazlar yaranır və özündən yaşlıları başa düşməyə başlayırsan.

Bu yersiz narazılığı, etirazı dəf etmək də əslində sadədir.

Sual qoyursan özünə – Mən məhz bu zəmanədə doğulsaydım, eynən əvvəlki kimi keçirərdimmi o yaş dövrümü?

Və yaxud – mənim dövrümdə eynən indiki texnologiya və mühit olsaydı, mən yenə uşaqlığımı, gəncliyimi keçmişdə keçirdiyim kimi keçirərdimmi? – Səmimi cavab əlbəttə ki “xeyr”-dir.

Yəni sən kiçik yaşda ikən smartfon yox idi deyə fiziki oyuncaqlarla daha çox oynayırdın, çünki darıxmamaq üçün uşaq bir şeylə başını qatmalıdır.

Sən uşaq ikən smartfon olsaydı, sən də smartfonla oynamağı daha maraqlı biləcəkdin.

Ona görə də özündən sonrakı nəsli nədəsə ittiham etmək ümumiyyətlə absurd məsələdir.

Hər şey yenə də riyazi çoxhədli bənzətməmə gəlir – sol tərəfdəki əmsalların dəyişdiyini bilə bilə sağ tərəfdəki qiymətin eyni qalmasını ummaq düzgün deyil.

Keçmiş zamanları hazır ssenari kimi oxumaq – qısa-qısa #1

Keçmiş haqqında və tarix haqqında nələrsə oxuyanda məruz qaldığımız yayğın bir yanılqı var – bütün bu keçmişdə olub bitənlər hamısı bir anda olub bitibmiş kimi, hazıra-nazir bir hekayə kimi gəlir bizə. Sanki bir roman oxuyuruq, kiminsə planlı şəkildə oturub yazdığı ssenari izləyirik.

Problem çoxdur bu yanaşmada.

Tarix laylardan ibarətdir, zaman tunelinin kəsik kəsik laylarından. İnformasiya keçmişdən bu günə qədər ötürülərək gəlib çıxıb. Bir çox hallarda bu ötürülmə şifahi şəkildə olub – şifahi ötürülən məlumat da necə təhrif edilir, bunu hər kəs bilir.

Məlumatların çoxu da yalnız son 200-300 ildə nizamlanıb, mərkəzləşdirilib, ciddi yanaşma ilə tənzimlənib.

Amma bu o demək deyil ki, hazırki tarix materiallarında yazılanlar hamısı həqiqətdir.

Bu gün gözümüzün önündə olan hadisələr təhrif edilirsə, indi görün yüz illər öncə baş verən hadisələr necə təhrif edilib.

Qonşu binada yanğın olsa, yarım saat gec gəlib tamaşa edənlərdən səbəbi soruşsanız, 3-4 müxtəlif versiya eşidəcəksiz( qaz partlayıb, kimsə qəsdən yandırıb, elektrikdən olub və.s.) – bir də bunun yüz illərdən keçən formasını düşünün.

Haqqında oxuduğumuz bəzi tarixi şəxsiyyətlər əslində mövcud olmamış biriləri ola bilər. 2500 il əvvəl haqqında oxuduğunuz bir hadisə, şəxsiyyət kimi məlumatlar məsələn, 1600 il əvvəl uydurulmuş ola bilər.