Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar “Electronic ink display” yazıb axtarış edə bilərlər.

2007-ci ildən başlayaraq Amazon-un alt şirkəti olan Lab126 şirkəti AmazonKindle adı altında bu tip eink ekranlı oxuyucu istehsalına başlayıb. Və hazırda ən son məhsulları 3-cü nəsil Kindle-lar olan Kindle 3 wifi, Kindle 3 wifi+3g, Kindle 3 DX cihazlarıdır.
Mənim əldə etdiyim cihaz adını ilk çəkdiyim Kindle 3 wifi-dır. Bu aparat haqda ilkin təəssüratlarımı qısaca paylaşıram.
E-oxuyucu son dərəcədə zərif və gözəl dizaynla hazırlanıb. Ələ yatımlıdır. Ekranı başqa texnologiya ilə hazırlandığından işiq saçmır, işıq əks etdirmir-güzgü effekti vermir. Ekrana saatlarla baxdıqda belə göz yorulmur, adi kitab vərəqindən fərqlənmir. Şəkildə solda Amazon Kindle, sağda isə planşet təsvir olunub, fərq aydın nəzərə çarpır.

İstifadəsi haqda qısaca deyim. Cihazın təyinatı əsasən 1 istiqamətə yönəlib. Kitab oxumaq. Kitabı əldə etmək üçün bir neçə üsul düşünülüb.
1. Wifi ilə internetə qoşularaq hər hansı saytdan yükləmək və ya Amazonun öz saytından almaq.
2. USB ilə kompüterə qoşularaq adi usb-yaddaş qurğusu kimi kitabları cihaza köçürmək.
1-ci halda istədiyimiz kitabı yükləyirik və istifadə edirik. 2-ci hal üçün isə ortaya bir sual çıxa bilər. Amazon hansı kitab formatlarını dəstəkləyir və ya hansısa formatı dəstəkləmirsə onda nə edək?
Bu sualın cavabı bu: Amazon bir neçə kitab formatını dəstəkləyir: MOBİ, PDF, PRC, TXT, TPZ, AZW. Dəstəkləməyən tiplərdə kitab kolleksiyanız varsa narahat olmağa dəyməz. Əksər e-oxuyucu istifadəçiləri məhz bu proqramdan istifadə edərək kitabların formatını çevirirlər. Bu kompüter proqramının adı Calibre-dır. Windows, MAC və Linux üçün versiyaları var. Proqramı quraşdırıb açırsınız, çevirmək istədiyiniz kitabı açıb convert düyməsini basırsınız, almaq istədiyiniz tipi seçib START edirsiniz. Vəssalam. Bu proqram elektron kitab oxuyanların kompüterində daim hazır vəziyyətdə olmalıdır. Proqramı buradan yükləyə bilərsiniz. Kindle üçün ən məsləhətli tip MOBİ formatıdır. Bu formatda kitablar Kindle-da çox aydın, səliqəli halda olur, miqyası böyütməyə və ya skroll-a və.s. ehtiyac olmur. Rahat kitabınızı oxuyursunuz.

Kindle menyusunda Experimental adlı bölmədə daha 3 maraqlı funksiya var.
1. Brauzer: Adi Webkit browserlə siz internet saytlara daxil olub istədiyiniz məlumatı əldə edə, əməliyyat apara bilərsiniz. Amma təbii ki hər şeyi edə bilərsiniz demək olmaz. Çünki bu cihazın təyinatı internetdə işləmək deyil. Birincisi ekran ağ-qaradır, ikincisi brauzer tam funksional deyil, məsələn çoxtablı rejim yoxdur.

2. Mp3 oxuyucu(player): Cihazın çox keyfiyyətli səsə malik mp3 playeri var. Mobil telefonlardan, hətta laptoplardan daha yaxşı, təmiz səs effektlərinə malikdir. Amma bu da tam funksional player deyil, playlist düzəltmək və başqa özəlliklər yoxdur, sadəcə mahnılar düzülüb, siz də hansını istəyirsiz oxudursunuz və ya özü oxuyur sıra ilə.

3. Mətn səsləndiricisi. Yalnız ingilis dilində olan kitabları avtomatik səsləndirmə imkanı. Bu xüsusən bizim istifadəçilər üçün çox faydalı ola bilər. Kitabı dinləməkdən əlavə ingilis dili öyrənmək üçün də köməkçi vasitə ola bilər. Funksiyanı işə salırsınız, standart kişi səsi ilə kitab oxunmağa başlayır.

Hələ ki bu qədər. Yeni-yeni təəssüratlar olsa şərhdə bölüşərəm. Bir az pulsuz reklam kimi çıxdı yazı, amma məncə hədəf kitab oxumaqdırsa, dəyər bunu etməyə. 🙂
P.S. Cihaz bir dəfəyə 1 ay(!) enerji saxlayır. Wi-fi daim açıq olduqda isə 2-3 həftə.

.doc e-book vs Android

Word document fayllarında olan hər hansı materialı Andorid smartfonda oxumaqda çətinliyim var idi.  QuickOffice və ya digər App-lar işə yaramırdı. Belə ki ya şrift kiçik olur, zoom edəndə narahatlıq yaradır, səhifədən səhifəyə keçid də çox narahat idi.  PDF haqda da eyni şeykəri deyə bilərəm. Bu gün http://aliev.ws -də rast gəldiyim  “Старая iКона и новые iPod” yazısında Androiddə online kitab oxumaq üçün maraqlı bir proqram adına rast gəldim:  Laputa. Onu install etdikdən sonra online pulsuz kitab bazasından istənilən kitabı öz kitab rəfinə əlavə edib oxumaq olar, həddən artıq rahat naviqasiya və interfeysə malikdir.

Belə olan  halda google-da .doc fayllarının Laputa-nın dəstəklədiyi .epub faylına convert olunmasına dair axtarış etdim və qarşıma http://www.web-books.com/Publishing/Word2EPUB.htm belə bir sayt çıxdı. Bu saytın köməyi ilə mən .doc-da olan kitabı epub-a çevirdim və SD-Card-ımdakı LaputaBooks qovluğuna standarta uyğun olaraq atdım. Nəticə əla! İndi mən əlverişsiz .doc-da olan e-book-u Laputa-da asanlıqla oxuya bilərəm.  Bu Laputa-nın E-BOOK ONLİNE bölməsində tapmadığımız(orada rusca kitaba ümumiyyətlə rast gəlmədim) və əlimizdə .doc formatımda olan hər hansı e-booku oxumaq üçün effektiv bir üsul oldu.