Əziz Nesin – EHİSTAŞ

Boş piştaxta ilə bazara çıxan İT şirkətlərimizə həsr olunur 🙂

Qeyd 1: Bu hekayənin Azərbaycan dilində versiyasını sovet vaxtının köhnə bir kitabından oxumuşdum. O kitabı tapmaq imkanı olmadığı üçün hekayəni orijinaldan Azərbaycan dilinə özüm yenidən uyğunlaşdırmışam.

Qeyd 2: Kursiv ilə qeyd olunan terminlər tərcümə edilməyib. 

Hekayə

Əziz Nesin – EHİSTAŞ (Aziz Nesin – YEPETAŞ)

Uzun müddət işsiz-gücsüz gəzdikdən sonra, bir gün körpünün üstündə gedərkən, intiharın cəsarət, yoxsa qorxaqlıq olduğu barədə öz-özümə ucadan danışırdım. Biri qolumdan yapışdı:
– Nə olub sənə Nuri, dəli olmusan?
Sinif yoldaşımı tanıdım. Adını dərhal xatırlaya bilmədim.
-Bilmirəm, bəlkə də dəli olmuşam, xəbərim yoxdur.
Bir az yanaşı gəzdik.

– Nə işlə məşğulsan?
– İki ildir hər səhər saat 8-də evdən çıxıram.. Axşam 9-a qədər iş axtarıram.
– Çətin məsələdir…
– Çətindir ya deyil, iş belədir. İstanbulda nə qədər rəsmi, özəl şirkət var, hamısında ünvanım var. Kimdən iş istəsəm, “siz ünvanınızı verin, biz sizə məktubla xəbər verəcəyik” deyirlər.
– Sənə hələlik ayda 300 bəs edər?
– Zarafat edirsən?
– Mənimlə gəl.
– Taksiyə mindik. Böyük bir mağazanın qabağında endik. Mağazanın şüşəsinə “EHİSTAŞ” yazılmışdı.

Mazağanın içində əla görünüşlü bir dükana girdik. Dostum:
– Çox təəccüblüdür, dedi. Sən bizim məktəbin ən tənbəli, yaramazı idin. Liseyi zorla bitirsin, ali təhsil də ala bilmədin. Həm də çox axmaqsan. Belə olduğu halda necə oldu ki, bir iş-güc sahibi ola bilmədin?
– Yəqin başqa bir əksik tərəfim var, dedim.
– Bu “EHİSTAŞ” mənim şirkətimdir.
– “EHİSTAŞ” nə deməkdir?
– Ehtiyat Hissə Türk Anonim Şirkəti. Baş hecaları götürəndə “EHİSTAŞ” alınır.
– Şəriklərin kimdir bəs?
– Şərik zad yoxdur. Formal olaraq arvadımı, baldızımı ortaq olaraq yazmışam. Bu formada şirkət olanda müştəri də daha çox güvənir, rahat aldanır, həm də vergi filan işlərində daha asan olur. Nə isə sonra hamısını öyrənəcəksən.
– Bəs burada nə satırsan?
– Heç nə.
– Necə yəni heç nə?
– Heç də, yəni heç nə satmıram. Bu boyda mağazaya bax, bir şey görürsən?
Doğurdan da o boyda mağazada böyük bir saxsı qabda palmadan və böyük yarpaqlı bitkilərdən başqa bir şey yox idi. Rəflər hamısı bomboş.
– Şirkətimin Adanada, Konyada, Malatyada, İzmirdə, Ankarada 5 şöbəsi də var. Əgər istəyirsənsə səni də yetişdirim, sonra yeni bir şöbə açıb ona müdir qoyaram. Hələ ki, maaşın 300 lirə. Yetişəndən sonra 1000 lirəyə qədər artar.
– Nə iş görəcəm ki?

Sənəd şkafından böyük, qalın bir dəftər çıxardı.
– Burada malların adı və qiyməti var.
Dəftərin ilk səhifəsinə baxdım. Bunlar yazılmışdı:
“Akkumulyator, mil, şaft, silindr örtüyü, kiçik konus… “
– Dərhal işə başlaya bilərsən.
Aşağı düşdük.
Uzun piştaxtanın baş tərəfində duran adamla məni
– Saim… Nuri bəy… deyə tanış etdikdən sonra Saim bəyə
– Nuri bəy sizin yanınızda staj keçəcək dedi və getdi.
İşi öyrənmək üçün tam diqqətlə Saim bəyi izləyirdim. Saim bəy siqaret çıxarıb mənə də verdi. Siqareti bitirməmişdik ki, içəri iki kəndli girdi.
– Salam Əleyküm.
-Əleyküm Salam, cənablar. Buyurun.
Saim bəy kəndlilərlə çox hörmətli davranırdı.
– Bir qulluğunuz varmı? Buyurun, əyləşin.
– Sağol bəy, başımıza iş gəlib.
– Traktor?
– Hə e. Traktorun priz dirəyi qırılıb. İşlər də qalıb yarımçıq. Nə edək indi? Sizdə var?
– Vay, vay, vay. Var idi e, amma az öncə satdıq getdi. Beş dəqiqə əvvəl gələydiniz kaş.
Kəndlilərdən biri:
– Vah, deyərək əlinizi dizinə vurdu.
– Amma bir nəfər var, onda olmalıdır. Əgər satmayıbsa əlbəttə.
– Aman bəy, bir soruşun lütfən.
– Siz pulunu bura qoyun, iki gün sonra gəlin.
– Allah razı olsun. Nə qədər ödəməliyik?
– Vallah elə bir vəziyyətdir ki. Beşcə dəqiqə əvvəl 25 lirəyə satdıq. Bizdə olsaydı iş asan idi.
– Nə isə qardaş, əsas işimiz alınsın.
– Hərif çox namussuz adamdır. Bilmirəm e heç. 250-yə verər ya verməz.
Kəndlilər aralarında pıçıldaşdılar. Sonra 250 sayıb verdilər.
– Birigün gələcəyik, bəy. Allah amanında.
– Gülə-gülə.
Beş dəqiqə keçər keçməz başqa bir kəndli daxil oldu:
– Sizdə traktor üçün cer dişlisi var?
Aynavari dişlisi var, cer dişlisi yoxdur.
– Mənə cer dişlisi lazımdır.
– İndi o tapılmır. Cəmi bir nəfərdə var, amma çox namussuz adamdır, anasının toy pulunu da qiymətin üstünə qoyar.
– Təki olsun e, qoy istəsin pulu. Traktor bir həftədir leş kimi tarlada yatıb qalıb.
– Sən onda 300 lirə qoy bura get, baxaq, bəlkə razı sala bildik. Daha çox istəsə, biz cibimizdən verərik, sonra sən ödəyərsən qalığı.
Adam 300 saydı.
– Sabah gəl, al.
– Sağol, bəy.
O, çıxdı, arxasından biri bu səfər ayna dişlisini istədi. Ona da,
– Bizdə cer dişlisi var, ayna dişlisini azca əvvəl satdıq getdi, dedi.
Kamalı mil istəyənə şanjman mili var deyirdi, şanjman mil istəyənə kamalı mil var deyirdi.
Sürgü qolu varmı?
Sürgü var, amma qolu yoxdur. Azca əvvəl satdıq. Amma namussuz bir nəfər var, onda var. Əgər hələ də satmayıbsa əlbəttə…
O çıxır, arxadan başqa biri gəlib soruşurdu:
Geri vites dişlisi var sizdə?
– Ay ay, indicə satdıq…
Yuvarlaq bilya var?
Masura bilya var. Amma istəsəz, namussuz bir hərifdə var. Çox namussuz adamdır, qara bazar qiymətinə satır.
Hər girən çıxan 300-500 qoyub gedirdi.
Bir kəndli də gəldi:
– Bizim akis gəldi? – deyə soruşdu. Əvvəlki gün 750 lirə vermişdim sizə.
Saim bəy:
– Tapdıq e tapmağına, amma əclaf o qədər namussuz adamdır ki, 100 lirə də istəyir.
Kişi 100 lirəni də verdi. Saim bəy satıcısına:
– Qaç Apostolun yanına, akisi al gətir, dedi.
Əvvəldən pulunu verib mal sifariş edənlər gələn kimi, Saim bəy satıcısını Apostolun, Vasilinin, Avrahamın dükanlarına göndərirdi.
Axşam üstü EHISTAŞ’ın sahibi dostum gəldi.
– Necədir?
– Çox yaxşıdır… dedim.
– Görürsən də, bizdə heç bir şey yoxdur. Burada heç satırıq. Axşam dükanı bağlayanda da kassaya ən azı 3-5 min lirə girməlidir. Bircə dəftərimiz kifayət qədər qaydasındadır.  Elə deyil, Saim bəy?
– Əlbəttə, bəy.
– Dəftərdə faktura qiymətləri ilə işləyirik. Hə Nuri, bacararsan bu işi?
– Əlbəttə… işləri tam qavradım. Artıq başlaya bilərəm.
Bu anda iki kəndli içəri daxil oldu.
– Haydı görək, göstər bacarığını.
Kəndilərə dərhal üzümü tutub:
– Buyurun bəylər, dedim.
– Ventilyator kəməri var sizdə?
Eynən Saim bəydən öyrəndiyim kimi başladım:
– Axx! Ventilyator kəməri var idi e, amma azca əvvəl satdıq. Əgər istəsəniz şalvar kəməri var. Amma dayanın… bir dəqiqə, hmmm. Biri var onda olmalıdır ventilyator kəməri.
– Neçəyə?
– Qiyməti  heç soruşmayın e. Adam deməyə utanır. Elə bir namussuz, əxlaqsız bir gözüylə görəndir ki. Anasının kəbin pulunu istəyir. 100 lirədən aşağı verməz hər halda. Alçaq, namussuz, qara bazar alverçisinin biridir, milləti soyur soğan qabığı kimi. Allah bəlasını versin onun!
Kəndlilər 100 lirə verdilər, mənsə hələ də döşəyirdim:
– Şəxsiyyətsiz alçaq. 100 lirəyə ventilyator kəməri olar?  Amma nə edək. Südü pozuqların əlində qalmışıq. İt oğlu itdə din, iman da yoxdur.
Kəndilər,
– Hə e, elədir – deyərək getdilər.
Necə də olsa qovulacağım üçün, mən də onların arxasıycan getməyə özümü hazırlayırdım ki, dostum:
– Eşq olsun, dedi. Bu nə istedad… Maşallah, bir gündə işi qavradın. İndidən sənə 500 lirə maaş təyin edirəm.
Altı aydır EHİSTAŞ’da işləyirəm.  Maaşım 1000 lirəyə qədər qalxıb. Bu 1000 lirəni qazanmaq üçün səhərdən axşama qədər müdirimizin anasına, arvadına yağlı söyüşlər göndərirəm. O da eşitdikcə
– Yaşa e! Tam axtardığım adam imişsən! Deyə kürəyimə vurur.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir