Kriptovalyuta xəbərləri oxuyanda arabir toxunulan mövzu var, yəqin ki, sizin də rastınıza çıxıb – dünya üzrə bitcoin mayn etməyə sərf edilən enerji filan ölkənin işlətdiyi toplam enerjinin miqdarını keçdi, bəhmən ölkəni keçdi, son 1 ildə 2 dəfə artdı və.s.
Hər xəbərdə çıxan ölkənin ölçüsü zaman keçdikcə böyüyür. Ən son deyəsən bu ölkə Türkiyə idi.
Yəni dünya üzrə bitcoin mine-a sərf edilən enerji bütün Türkiyənin işlətdiyi enerji qədərmiş.
Nəhəng göstəricidir. İlk baxışdan normal da görünür – yəni hə nə olsun ki, bu boyda sistem işləyirsə, enerji də getməlidir də – Məni isə ilk gündən bu məsələnin etik tərəfi maraqlandırır.
Yəni bir üstünlük, alət, texnologiya əldə etmək üçün bir bədəl ödənməlidir əlbəttə – bu bədəl enerji ilə də ödənmiş ola bilər. Bu normaldır. Mənə normal görünməyən bu enerjinin sərf edilmə formasıdır, məntiqidir. Yəqin ki, bu sahə ilə çox dərindən maraqlanmayanlar bu nəhəng enerji sərfiyyatının hansısa sirli kripto pul istehsalına, tranzaksiyaların həyata keçməsinə sərf edildiyini düşünür. Əslində isə elə deyil. Tranzaksiya, bağlantı, çoxmərkəzli serverlər şəbəkəsinin enerji sərfiyyatı çox cüzidir.
Burada sərf edilən enerji uşaq oyunu sayağı “boş bir şeyə” gedir.
Yəni təməl məntiq mərkəzləşmiş avtoriteti (bank, prosessinq şirkətlər və.s.) əvəz edəcək mərkəzsizləşmiş sistem qurmaqdır deyə, bu mərkəzsizləşmiş sistem insanlara süni riyazi problemlər yaradıb onun həllini tələb edir. Kim tez həll etsə(kimin server parametrləri güclü olsa), o da təsdiq edən olaraq mayn mükafatı qazanır.
Yəni mövzunun məğzi buradadır – ortada problem olmadığı halda çətin bir şifrə (loru dildə deyirəm burasını – əslində şifrə yox, daha mürəkkəb bir prosedurdan gedir söhbət) yaradılır və insanlara deyilr ki, buyurun kim bu şifrəni birinci tapsa, mükafat da ona düşür.
Və dünyada bu işlə məşğul olmaqçün nəzərdə tutulan tutalım 1 milyon server başlayır eyni bir problemi həll etməyə çalışmağa.
Sonda deyək ki 10 nəfər qalib gəlir və tranzaksiyanı təsdiq edən olaraq qeydə keçir. Qalan 999990 serverin sərf elədiyi enerji havaya uçur. Qalan 10 serverin də sərf elədiyi enerji real problem yox, süni bir riyazi məsələnin həllinə yönəlir.
Yəni insanlara lazım olan bir problemi həll etmək üçün düşünülən modelin enerjini belə uşaq oyunu kimi sərf etməsi ilk gündən mənə etik problem kimi görünür.
Sanki, məsələn restoranda gedib yemək sifariş edirsən, sənə deyirlər ki, sifarişin icrası üçün əvvəlcə riyaziyyat 6-cı sinif kitabını aç və orada olan “4 fəhlə tikintini 8 günə bitirirsə, 8 fəhlə bu işi neçə günə bitirər” məsələsini həll edin, tez həll etsəz, sifarişiniz icra olunacaq. 🙂
Yəni mənə görə əsas düyün nöqtəsi də olmayan problemi yaradıb onun həllini isəmətk üçün “yarış elan etmək” görünür.
- A şəxsi B şəxsinə 10 manat pul göndərmək üçün müvafiq interfeysdən istifadə edir
- Bu zaman bu ödənişi təsdiq edəcək X sayda könüllü axtarılır.
- Əcaib bir süni riyazi problem yaradılır(əsas problem də süni olmasıdır. Yəni heç bir mənası olmayan saxta bir problem yaradılır və sürət yarışı elan edilir), kim A-nın B-yə 10 azn ödədiyini təsdiq edib kiçik mükafat qazanmaq istəyirsə, buyursun hamıdan tez həll etsin.
- Kimsə bunu, yəni A-nın B-yə pul göndərməsini bir neçə dəqiqəyə təsdiq edilir. Bu bir neçə dəqiqədə minlərlə kompüter-server təsdiqetmə yarışına qoşulub olmayan bir problemi həll etməyə çalışır və sonda 99.99% enerji tamamilə israf edilir(=uduzan yarışçılar), 0.01% isə təsdiqetmədə iştirak edir. Amma həm 99.99% həm də 0.01% ikisi də olmayan bir problemin həllinə çalışmış olurlar.
Yəqin ki, məğz anlaşıldı. Mərkəzsizləşmənin bədəli fikrimcə belə israfçı model olmamalıdır və zamanla yəqin ki, daha səmələri modellər formalaşacaq və əsas mərkəzsizləşmiş ödəniş vasitəsinə çevriləcək.