Sinqulyarlıq və ya niyə daha Mendeleyev, Bethoven, Nyutonlar yoxdur

Elm elm olalı (Elmi İnqilabdan sonrakı dövr – buna sonda qayıdacam) inqilablarla yox, kiçik addımlarla irəliləyir.
Bizə inqilab kimi təqdim edilən parlaq kəşflər, ixtiralar isə əslində “checkpoint” nöqtələridir, yəni biz qolu qapıya vuran adamı yadımızda saxlayırıq, yüksəldirik, qola qədər verilən pasları çox vaxt görməzdən gəlirik.

Ona görə də çox adam hesab edir ki,

– Eynşteyn dayanacaqda durub, keçən qatara baxarkən və nisbilik nəzəriyyəsini kəşf edib.
– Mendeleyev yuxuda Elementlərin Dövri Cədvəlini görüb səhər oyanıb və dəftərə köçürüb.
– Darvin təkamül nəzəriyyəsini bir səyahət nəticəsindən sıfırdan irəli sürüb və tanıdıb.

Əslində isə bunların heç biri belə olmayıb.

Darvindən əvvəl və onunla eyni dövrdə, paralel olaraq təkamül haqda fikirlər və çalışmalar olub, yazıq Mendeleyev o yuxunu görməzdən əvvəl 20 il bu yolda təpik döyüb, öyrənib, çalışıb. Eynşeyndən də 6 il əvvəl oxşar fikirləri başqası elmi məqalədə dərc edib və.s.

Sadəcə, qolu vuranlar yadda qalır, ona görə də belə sanılır. Əlbəttə, belə düşünmənin yanlış olması bu böyük alimləri kiçiltmir, əksinə, məncə, böyüdür.

Bir işlə məşğul olanların sayı artdıqca, birliklər yarandıqca, mübadilələr olduqca o sahədə həqiqi inqilab edəcək şəxslərin olma ehtimalı da azalır.

İndi yaşayan insanlar arasında Motsart, Arximed, Nyuton kimilərin olmama səbəbi o deyil ki, daha o istedadda şəxslər dünyaya gəlmir. Əlbəttə ki, gəlirlər. Ona görə yoxdurlar ki, indi elə böyük sıçrayış ediləcək sahələrin sayı azalıb, sıfıra yaxınlaşıb.

Bu anlayışa termin olaraq Sinqulyarlıq anlayışına da yaxındır.

Təxminən belə bir qrafik.


Biz insanlar olaraq sadəliyi, bir pilləli səbəb-nəticə bağlantısını sevirik, beynimizdə buna açıq-aşkar meyl var. Qəliz izahlar maraqsız görünür, “storytelling” baxımdan daha sadə izahları həzm etmək də rahat olur.

Ona görə də məşhur bias (beyin yanılqıları) fenomeni mövcuddur və ona görə də bu bias-lar haqqında kitab yazanlar özü belə bias-lara yol verə bilir. Çünki problemli bir şey haqqında yazan alət də o problemli şeylərdəndirsə, iş qəlizləşir.


İlk cümlədəki “Elm elm olalı – Elmi İnqilabdan sonrakı dövr” yazıb niyə yazdıqlarımı sadəcə o dövrə aid edirəm – sadəcə ona görə ki, ondan daha əvvəlki dövrlərdə elmlə məşğu olanların sayı daha az idi deyə, elmi icmalar kiçik, əlaqəli olmayan(interconnected olmayan) və ya yox dərəcədə idi deyə kiminsə sözün sıfırdan bir şeyi kəşf etməsi mümkün bir şey idi.
Tutalım, Arximedin oturub heç bir yerdən ilham almadan sırf öz məntiqi və müşahidə bacarığı ilə Arximed qanununu kəşf etməsi daha ağlabatan görünə bilər, nəinki 20-ci əsrdə kiminsə hansısa böyük kəşfi təkbaşına etməsi.

Əlbəttə, burada mütləq sıfırdan getmir söhbət. Heç bir alim sivilizasiyadan kənarda, mağarada yaşayıb elmi kəşf etməyib. Mütləq sıfırdan bir şey kəşf etmək mümkün olsaydı Arximed adlı alim Sokratın, Platonun, Aristotelin yaşadığı qədim yunan mədəniyyət beşiyindən yox, başqa bir ölkədən də çıxardı.

Yəni tutalım, bu gün Bakıda bir nəfər çıxıb desə ki, Termonüvə reaksiyasını(nuclear fusion) iqtisadi səmərəli etməyin yolunu tapmışam, rahatca ona inanmaya bilərsiniz.
Amma belə bir adam, Termonüvə reaksiyası üzərində illərdir çalışılan bir elmi çevrədən, coğrafiyadan çıxsa, o zaman ciddiyə alınası biri ola bilər.

Çünki kəşflərin olması üçün dahi beyinli şəxsin olmasından daha vacib şərt, müvafiq ekosistemin olmasıdır.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.