Son iki həftədə futbol dünyasında iki böyük hadisə baş verdi.
- Dünya çempionatı başa çatdı, Argentina çempion oldu, bütün zamanların ən yaxşı futbolçularından biri sayılan Messi yeganə çatışmayan böyük titulunu – dünya kubokunu da əldə etdi.
- Futbolun Kralı hesab edilən Pele dünyasını dəyişdi.
Bu iki hadisəni birləşdirən bir məsələ haqqında danışmaq istəyirəm. Hansı ki, tək futbola yox, bir çox idman-rəqabət sahələrinə aid edilir.
Bütün zamanların ən yaxşı futbolçusu kimdir və necə hesablanmalıdır?
Şəxsi karyera statistikası, fiziki-texniki parametrlər, liderlik bacarıqları, yoxsa qazanılan titulların sayı? Və ya bəlkə qarışıq olaraq birgə?
Bu barədə nə dərəcədə dəqiq bir analitik formula qurulmağa çalışılsa da, rəylər adətən subyektiv olur – səbəbi məlumdur: azarkeşlik, həyəcan, sevgi və.s. olan bir yerdə soyuq başla analiz aparmaq, koqnitiv yanılmalardan, qərəzdən qaçmaq az qala mümkünsüzdür. Bu barədə bir yazımda Nyuton yoxsa Eynşteyn abzasında yazmışdım.
Ona görə də, “bugün bütün zamanların ən yaxşı oyunçusu Messidir” deyənlərin faiz nisbəti, bundan, tutalım 20 il sonra xeyli dərəcədə azalacaq (daha güclü oyunçu çıxıb çıxmayacağından asılı olmayaraq).
Yəni, hazırki rəyi formalaşdıran meyarlar təbii olaraq qərəzlidir – bu qərəzi müəyyən edən əsas faktorlar:
– hazırda karyerasını davam edən oyunçuların daha çox üzdə olması, canlı olaraq özlərini xatırlatması, reklamı
– gənc kütlənin əvvəlki nəsil oyunçular haqqında məlumatının az olması
– daha yaşlı nəslin əvvəlki oyunçulara nostalgiyaya qapılaraq layiq olduğundan da çox üstünlük “yükləməsi”
– və.s.
Hər kəs özü üçün öz qaydasını müəyyən edərək, bütün zamanların ən yaxşısını özü üçün müəyyən edə bilər, əlbəttə.
Sadəcə bunu obyektiv olaraq hesablamağa çalışmaq üçün əslində görünən parametrlərdən başqa görünməyənlərin olduğu da diqqətdən qaçmamalıdır.
Yuxarıda da dediyim kimi – ən yaxşı necə müəyyən edilir, əvvəlcə bunu dəqiqləşdirməmiz lazımdır – ən yaxşı parametr və statistikası olan, yoxsa ən yaxşı istedadı olan və bu istedadı nümayiş etdirən?
– Məsələn Maradona zəif bir komanda olan Napolini xəyallarına belə gəlməyəcək titullara çatdırdı.
– Messi də Barselonada bir neçə superulduzun saysız hesabsız ötürmələrini ideal sonluğa çatdıraraq Maradonadan da çox titul qazandı.
– Pele isə milli yığmada adı çəkilən hər iki oyunçudan 3 qat daha böyük uğur qazandı – amma çox güclü komanda ilə, təkbaşına yox.
Bu 3 “fərqli ölçülü fəzalarda” üzən göstəriciləri birgə necə müqayisə etmək olar? – çox çətin məsələdir.
Deməli titulların sayı, vurulan qollar, assistlər heç də əsas göstərici ola bilməz.
Ümumən ən yaxşı oyunçu kimdir – ən yaxşı yekun nəticə ortaya qoyan, yoxsa ən yaxşı olan sadəcə bunu dövrünün məhdudiyyətlərinə görə müasir oyunçular qədər göstərə bilməyən – əsas haçalanma burada baş verir.
İki alternativ yanaşma göstərmək olar.
Normallaşdırılmış göstəricilər yaratmaqla müqayisə
Mən inanıram ki, süni intellektin optimal alqoritmləri bir gün bütün meyarları bir yerə toplayıb bu tip müqayisələri “normallaşmış bir ortaq fəzaya” daşıyıb müqayisələr edə biləcək. Şəxsən mən özüm də bu yanaşmanın tərəfdarıyam, riyazi düşüncələli biri olaraq belə mürəkkəb hesab sistemi mənə daha cəlbedici və daha obyektiv görünür.
Hələ ki, bu mümkün görünmür, sadəcə nələrin vacib olacağını qeyd edək:
– Futbolçunun oynadığı dövrdə meydançanın ot örtüyünün keyfiyyəti və futbolçuya nə dərəcə rahat oynamaq imkanı verməsini bilmək.
– Zədələri sağaldan dərmanların və ümumi səhiyyənin həmin dövrdə səviyyəsini bilmək.
– Oynadığı klubların səviyyəsini bilmək.
– Məşq və texniki şəraitin səviyyəsini bilmək.
– Zaman tunelində daha əvvəlmi, daha sonramı gəlməsini nəzərə almaq – irs ölçüsü.
Yəni məsələn, ekranlarda Maradonanı görərək, onun texnikasından ilhamlanaraq uşaqlara məşq keçən məşqçi ilə həm Maradona, Pele, Messi, Zidan, Ronaldinyonu görərək öz məşqini stilini quran məşqçinin öyrətdikləri eyni ola bilməz.
– və sair.
Bu yanaşmanın əsas problemi – parametrlər dəhlizində bir məhdudiyyət varmı? Yəni tutalım 1890-cı ilin, bərbad stadionunda, indiki meyarlarla götürəndə çox bəsit futbol oynayan komandanın bir ulduzunu əgər şərait, tibb və.s. parametrləri nəzərə alarsaq, ən yaxşı olarsa, o doğurdan da ən yaxşı hesab edilə bilərmi? Axı indi az qala hansısa 4-cü liqa oyunçuları açıq-aşkar daha yaxşı futbol oynayır.
Faktiki göstəricilər üzrə yanaşma
Bu yanaşma daha sadə məntiqə dayanır – hər şeyi kənara qoyuruq, mövcud şəraitin, tibbin, meydançanın, məşqlərin səviyyəsini – hamısını kənara qoyub yekun nəticəyə baxırıq.
Ki məsələn
“Messinin texniki göstəriciləri və bunların realizasiyası əvvəllər olan ulduz oyunçularda olubmu? Olmayıbsa deməli, bütün zamanların ən yaxşısı odur. Əvvəllər daha istedadlı olan oyunçular olubsa və sadəcə yaşadıqları dövr onlara Messi səviyyəsinə gəlməyə imkan verməyibsə də, bu onların problemidir, nə edək, olan olub, biz fakta baxırıq.”
Bu yanaşma daha sadə yanaşmadır və ən yaxşını müəyyən etməyi daha asan edir – sadəcə belə olan halda nəzərə almalıyıq ki, bütün zamanların ən yaxşısı daim təzələnmiş olacaq, əksər hallarda hazırda karyerası davam edən bir oyunçu olacaq.
Yəni bugün Messidirsə, 10 il sonra Mbappe və ya Haaland olacaq, daha sonra da başqaları olacaq və.s. Çünki zaman keçdikcə mükəmməlləşən şərait(tibb, Aİ dəstəyi, texniki avadanlıqlar, məşqçi təcrübəsi və.s.) insanın fiziki imkanlarının şirəsini maksimal sıxıb çıxarmağı öyrənir.
Bu yanaşmanın əsas problemi – Nəticəyə baxırıqsa, o zaman, 100 metr qaçışda maneələrdən tullanaraq qaçan şəxslə maneəsiz qaçan şəxsin yekun nəticəsini müqayisə edib “fakt bu biri tez çatdı, daha sürətli qaçdı” demək nə dərəcədə doğrudur?
Axı onların qaçdıqları 100 metr tamamilə ayrı idi, birində maneələri də tullanmaq lazım idi.
Göründüyü kimi, məsələ ilk baxışda göründüyündən də qat-qat çətindir. Süni intellektin köməyilə hansısa obyektiv hesablama sistemi qurularsa, bu zaman həm parametrlərin seçilməsi, həm də parametr dəhlizlərinin və çəkilərinin müəyyən edilməsi işin ən çətin hissəsi olacaq.
Bu yazıda qoyulan əsas suala cavab tapmadıq, üzrxahlıq edirəm 🙂 – sadəcə ona görə ki, belə bir cavab yoxdur. Yazıda məqsəd əslində ilk baxışda tam subyektiv görünən bir qiymətləndirmə sistemini obyektiv sistemə daşımaq cəhdinin təsviri idi.