Elm və subyektivlik

Elm nə qədər insani qərəz və yanılmalardan arındırılmağa çalışılsa da, burada insan amili hər zaman mövcuddur. Yəni elm obyektiv reallıqdan az və ya çox dərəcədə uzaq olur. Humanitar sahələrdən heç bəhs etmirəm, onların əksərinin ümumiyyətlə elm adlandırılması özü ayrı bir problemdir. 🙂

Texniki elmlər isə ilk baxışdan subyektivliyə yeri olmayan bir bütöv mexanizm kimi görünsə də, əslində orada da problemlər hər zaman olub və olacaq.
Əsas səbəblərdən biri də odur ki, hər bir elm sahəsi davam edən bir prosesdir, kamil və bütöv bir orqanizm deyil – loru desək, heç bir elm bitib başa çatmayıb – elə olsaydı, o halda bitmiş texniki elm yəqin ki ideal sayıla bilərdi. Davam edən proseslərdə isə qüsurların olması kiminsə onu düzəldəcəyi tarixə qədər qaçılmazdır.

Burada söhbət hansısa obyektiv qüsurdan da getmir – Məsələn Nyutonun zaman məfhumunu mütləq və dəyişməz bir şey hesab etməsi kimi – burada Nyutonun bu fikirdə olması onun qərəzli olmasından irəli gəlmirdi, sadəcə o zaman əldə olan məlumatlara əsasən çıxarılan nəticə idi.

Bu yazıda isə sırf insani problemdən danışırıq.


Aydın məsələdir ki, elm adamının obyektiv olması lazımdır, amma bu asan məsələ deyil.
Məsələn hər hansı digər ölkələrdə “bütün zamanların ən yaxşı, ən güclü alimi kimi bir nəfərin adı çəkilsəydi, bu kim olardı?” – bu tip suala verilən cavablarda Nyuton və Eyntşeyn deyənlərin sayı təxminən bərabər olur.

Amma bir neçə il əvvəl Royal Society (İngilitərə Elmlər Akademiyası kimi bir şey) alimləri arasında keçirilən sorğuda Nyutonu seçənlər 90% civarında olmuşdu.

Niyə? Çox sadə, yerlibazlıq – Yəni ən bəsit, primitiv bir insani tərəfkeşlik, azarkeşlik təzahürü gəlir özünü ən yüksək səviyyəli alimlərdə də göstərə bilir. Özü də sırf elm sahəsində verilən bir suala cavab verərkən.

Eləcə də, sırf elmi proseslərin özündə də bu hər zaman olub – mühafizəkarlıq, “confirmation bias” kimi insanin iç gücləri elmin inkişafında hər zaman maneələr formalaşdırıb.

Bunlardan daha betəri, ideologiya deyə bir əngəldir ki, zaman-zaman özünü göstərir.

Məsələn, indi ən çağdaş sayılan qərb ölkələrində belə kimsə çıxıb afrikalı insanın beyni bu-bu səbəblərdən daha zəifdir və ya daha güclüdür kimi şeyləri iddia edən hipotezlər irəli sürə bilməz – ağzından vurarlar ki, irqçisən sən. Və ya qadın-kişi mövzusunda nəsə sosio-bioloji fərq filan haqda kiminsə nəsə deməyə haqqı çatmaz, dərhal seksist elan edilər.
Hipotetik olaraq fərz edək ki, kimsə belə bir elmi kəşf edib, qadın-kişi fərqi barədə, və ya irqlər barədə – indiki hakim ideologiyaya zidd olan bir şey olsun – bu tip paper-in dərc edilmə şansı belə yoxdur.

Eynisini nasist və faşistlərin zamanında İtaliya, Avstriya, Almaniyada çıxan elmi məqalələrdə də görmək olardı. Açıq aşkar hakim siyasi ideologiyaya xidmət edən, “bias” və “fallacy”-lərlə dolu və bütün meyarlara görə elmi sayılan məqalələrin sayı hesabı yox idi.

Ona görə də, elm dediyimiz məfhumu təsəvvürümüzdə ideallaşdırmaqdan çəkinməliyik.
Bu halı ilə elm icaddır, kəşf deyil.(icad – olmayan nəyisə insanın var etməsi; kəşf – olan bir şeyi insanın tapması, üzə çıxarması)
Hətta özünün böyük abstrakt dünyası olan, real dünya ilə əlaqəsi olmayan, elmlərin şahı sayılan riyaziyyat belə birmənalı olaraq kəşf sayılmır, icad sayanların arqumentləri daha güclü görünür.

Bu ayrı söhbətin mövzusudur, amma qısa onu deyim ki, icad sayanların arqumenti budur ki, biz obyektiv reallıqdakı qanunauyğunluqları müşahidə edərək onların necə işləməsini izah edən aparat qurmuşuq, adını da riyaziyyat qoyaraq. Və bunu qurarkən də başlanğıca aksiomlar qəbul etməli olmuşuq. Bu aksiomlar da sırf biz insanların bioloji-sosioloji xüsusiyyətləri, bu dünyamızın reallıqları və.s. çərçivədə yaradılıb. Ona görə də fərqli-fərqli riyaziyyatlar var ola bilər.

Hətta Stefan Wolfram (internetdə görə biləcəyiniz ən dəyərli elmi veb-saytlardan biri olan wolframalpha-nın sahibi. ) kompüter modelləməsi ilə, başqa aksiomatikalar ilə çalışan çoxlu “fərqli riyaziyyatların” olduğunu isbat da edib.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir