MIDA ilə verilən sosial evlər layihəsi bir neçə ildir davam edir və mediadan da gördüyümüz kimi, narazılıq heç zaman bitmir.
Hər dəfə sistem çökür, donur, və ya kimsə sistemi hack edir və.s.
Google-da kiçik axtarış ilə bu narazılıqların heç azalmadığını göstərir.
Ev ala bilməyən də ədalətsizlikdən şikayət edir, evlərin əvvəlcədən satıldığını iddia edir, müşahidə edənlər də proqram təminatının yüksək trafikə dözməyib hər dəfə çökməsini bacarıqsızlıq olaraq qiymətləndirir.
Amma ciddi şəkildə etiraz edən görməmişəm ki, ümumiyyətlə bu nə formatda layihədir belə, niyə qaliblər belə etik olmayan formada təyin edilir.
Hansısa ölkədə köməksiz qalan ac insanlara yemək aparıb tutalım sıra ilə paylamaq əvəzinə yemək paketlərini havaya tullayıb “kim hündürə tullanırsa tutsun yesin” – deməklə eyni deyilmi?
Tutaq ki, 10 min müraciət var və 100 ev satılır.
Bu 100 nəfər niyə barmaqlarının cəldliyi, internetin sürəti, formanı doldurmaq üçün kompütürdən istifadə cəldliyi və.s. kimi amillərdən asılı olaraq qalib gəlməlidir axı?
Burada məntiq nədir? Niyə bu cür mənasız meyar hansısa 100 nəfəri önə çıxarıb digər 9900 nəfəri uduzdurmalıdır ki?
Doğurdan da, internet sürəti və kompüterdə anket doldurmaq bacarığı bu cür məsələdə həlledici olmalıdırmı? Niyə axı?
Məsələn mən desəm ki, qaliblər İQ testinə əsasən seçilsin, DİM keçirsin imtahanı – hər kəs qəbul edərmi? Deməzlərmi ki, daha yüksək İQ-sü olmayan şəxs niyə şansdan məhrum qalmalıdır ki, axı bu absurddur? Və ya qaçış keçirilsin, finişə ən tez çatanlar qalib olsun – buna da qeyri etikdir deməzlərmi, qaçış bacarığı ilə ev qazanmanın nə əlaqəsi var deməzlərmi?
Bəs bu nümunələrdən ciddi fərqi varmı, hazırda keçirilən formatın?
Bəs necə etsinlər sualı soruşulsa – məncə alternativ olan ən bəsit lotereya metodu belə daha etikdir. Uduzan da sadəcə şansının gətirmədiyini düşünmüş olacaq, özünü yüksək sürətli internetinin olmaması və ya anket doldurmağı yetərincə məşq etməməsi və.s. şeylərdə günahlandırmayacaq.
1. Müraciətlərin qəbulu zamanı həqiqətən ehtiyacı olanların sorğuları qəbul edilir. Evi olan, amma sosial statusu müracətə uyğun gələnlərin sorğusu ya qəbul edilmir, ya da qəbul edilir, sadəcə daha aşağı çəki şansı ilə – Tutaq ki, evi olmayan, kirayədə qalan şəxsin şansı 5 çəki əmsalıdırsa, evi olanın əmsalı olsun 2.
2. Tam təsadüfə bağlı olaraq qutudan qaliblər seçilir.
Bəli, bəsitdir, amma indiki “marafon qaçışı” tərzində qeyri etik deyil – skeptiklər dərhal deyə bilər ki, burada da barmaq edə bilərlər, ədalətsizlik ola bilər və.s.
Ədalətsizlik hər bir sistemdə ola bilər, bu niyyətə bağlı şeydir. Sistemi təşkil edənin borcu da bunu sıfıra endirməkdir.
Əlbəttə niyyət olarsa, çoxlu modellər düşünmək olar.
Mən sadəcə ən bəsiti, “Bəxt loto” tərzində, qutuda kiçik kağızlardan kiminsə əlini salıb təsadüfi qalibləri seçməsini indikinindən qat-qat effektiv hesab edirəm.
Hər kəs öncədən istədiyi evi online olaraq seçər və bu qutular da ona uyğun tənzimlənər.
Ümid edirəm yaxın gələcəkdə bu layihə davam edər və qaliblərin seçilməsi əcaib formatdan daha sadə və etik formata dəyişdirilər.