Süni intellekt peşələri əlimizdən nə vaxt alacaq

2023-cü ildə cəmi 1 il ərzində 10 illərlə zamanda gediləcək yol gedildi, belə və hətta daha yüksək bir sürəti 2024 üçün düşündükdə gələn il bu vaxt nələr olacaq, təsəvvür belə etmək mümkün deyil. Hər şey gözümüzün önündə, çox sürətlə dəyişir.

Bütün bunlara adaptasiya olmaq zəruridir, ayaqlaşmaq zəruridir, əks halda bir neçə ilə lazımsız bir mütəxəssisə çevrilmə riski var.

Əlbəttə buradakı “bir neçə il” bir az nisbi anlayışdır.
Yeniliklərə keçidin bahalı olması, infrastruktur problemi, legacy dəstək zərurəti (miras prinsipi – köhnəlmiş bir sistemi hələ də istifadə edənlər var deyə həyatda saxlamaq, dəstəkləməyə məcbur qalmaq), insanların tənbəlliyi, mühafizəkarlıq, dünyanın böyük olması, xalqlar arasında dil baryerləri və.s. faktorlar belə keçidləri bəzən 10 illərə yayır.

Yəni tutalım bir X ölkəsi ADSL internet işlədirdi, və digər bir ölkədə fiber-optik internet çıxdı və texnologiyası da satılmağa başladı – bu o demək olmadı ki, ADSL işlədən ölkə bir aya fiber optikə keçəcək və ADSL kart/modem satan adam müflis olacaq – belə keçidlər uzun illərə yayılır, tədricən olur və öncədən də gəlirəm-gəlirəm deyir deyə əslində hər kəs təzə gələnə adaptasiya olmaq, ixtisaslaşmaq üçün kifayət qədər zamana sahib olur.

5G adını illərdir eşidirik, ortada hələ də bir şey yoxdur.

Oxşar şeyləri süni intellekt ilə bağlı da deyə bilərik. Hazırda geri dönüşü olmayan ciddi inteqrasiya prosesləri gedir, süni intellekt bir çox sahədə ciddi assistentə çevrilir və ya hansısa peşələri tamamilə əvəz edir (bir neçə ilə bu miqyas x10 dəfələrlə artdığını da düşünək).

Amma bu bir anda baş verib bizi oturduğumuz yerdə haqlayacaq anlamına gəlməməlidir.
Digər texnoloji yeniliklərdə olduğu kimi, burada da keçid bir iki gün içində yox, uzun illərə yayılan bir tədrici formada baş verir və verəcək. Səbəbini də yuxarıda qeyd elədim.

Ona görə də məsələnin nikbin tərəfinə diqqət çəkmək istəyirəm – texnoloji inqilablar, peşələrin sıradan çıxması nə dərəcədə kəskin, radikal olur olsun, bu bir anda baş verən şey deyil, ona görə də belə xəbərləri oxuyanda təşvişə düşmək yerinə, kifayət qədər zamanımızın olmasına sevinmək lazımdır.

İstənilən halda, bu zaman limitlidir və dəyərini bilmək lazımdır. Bir az uzaq perspektivdə, əksər peşələr ya dəyişəcək, ya da ləğv olacaq, bu daim baş verən bir prosesdir (qılınc düzəldən, qalayçı, nalbənd, komutator, konduktor və.s. yüzlərlə sıradan çıxan peşələri yada salaq).
Tək fərq prosesin sürətindədir, əks halda hər zaman davam edən bir proses bizi həyəcanladırmazdı.

Mövzunun daha maraqlı davamını növbəti yazıda yazacam (upd: buradan oxuya bilərsiniz).

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir