/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Özünü kitab oxumağa məcbur etmək

Yəqin ki, kitab oxumağın (həm bədii, həm qeyri bədii) faydası haqqında danışmağa ehtiyac yoxdur.

Bədii kitab oxumaq kitab nəyimə lazımdır?

Hələ də klassik “Yetkin yaşlı, iş, pul qazanmaq, karyera inkişafı istəyən adam niyə bədii kitab oxumalıdır ki?” sualı verən varsa, çox qısa bir cavab verərək mövzuya davam edək.

Hər şeyi rasional, birbaşa mənfəət üzərindən ölçürüksə, bədii kitab oxumaq insan beynindəki yaradıcılığı gücləndirir, insan beynini rejissor-quruluşçu kimi canlandırır, inkişaf etdirir. Neyron şəbəkələrini yeni və fərqli kombinasiyalarda işləməyə məcbur edir.

Bədii ədəbiyyat beynimiz üçün bir növ simulyasiya poliqonudur. Sən fərqli xarakterlərin motivasiyalarını, onların böhran anlarındakı qərarlarını və mürəkkəb insan münasibətlərini analiz edərkən əslində həm də emosional intellektini və strateji düşüncə qabiliyyətini də məşq etdirirsən.

Bütün bunlar dolayı yolla, sabah sənin işində, karyeranda, ünsiyyət qurma bacarığında, söz ehtiyatında özünü göstərməyə başlayır.

Qeyri bədii kitablardan isə yəqin ki danışmağa dəyməz. Psixologiya-fəlsəfə, elmi-populyar, bioqrafiya, motivasiya, maliyyə və.s. janrlarda ixtisas səviyyəsində yox, geniş kütlə üçün yazılmış kitablar təbii ki, adıçəkilən sahələrdə ciddi köməkçi rolunu oynayır.

Yaxşı bəs, necə oxuyaq?

Bəzi insanlar bu suala, “sadəcə kitab əlinə götür və oxu” deyə cavab versə də , aydın məsələdir ki, məsələ bu qədər sadə deyil.

Sosial media, tiktok, instagram, youtube erasında telefonu əlinə götürüb scroll edib saatları israf etmək artıq ciddi bir asılılığa çevrilmiş bir şeydir və bunları kənara qoyub əlində kitab tutub sakitcə, başqa bir şey etmədən kitab oxumaq çətin bir işdir. Bunu yəqin ki, əksəriyyət öz üzərində hiss edir.

Ona görə də, çarə kimi qısa zaman kəsiklərini məsləhət görürəm. Sınanmış və çox effektiv bir metoddur.

Çox sadə, hər kəsin sınaya biləcəyi bir metodu təsvir edirəm: işdən və digər məşğuliyyətdən yorulduqda, gündə 1-2-3 dəfə bunu edin:

Smartfonların hər birində mövcud olan standart taymer ilə 10 dəqiqəlik gerisayma təyin edib kitabı oxumağa başlayın, özünüzə söz verin ki, bu 10 dəqiqəlik qaydanı əsla pozmayacaqsız. Əliniz telefonu götürüb instagrama girmək üçün qaşınırsa, sadəcə 10 dəqiqə sonra qovuşacaqsınız – ona görə də gözləmək çətin olmamalıdır.

Vəssalam. 10 dəqiqə bitdikdə telefon bildiriş zəngi çalacaq və sonra işinizə və ya instagrama geri dönə bilərsiniz.

10 dəqiqə çox asandırsa, 15 dəqiqəyə də qaldıra bilərsiniz. Amma minimum 10 dəqiqə olmalıdır ki, heç olmasa bir neçə səhifə qət edə biləsən.

Belədə belə bir minimal sürətlə belə ayda 2-3 kitab bitirmək mümkündür.

Bu metodun digər kəskin metodlardan fərqi odur ki, davamlı olaraq tətbiq etmək çətin deyil.

Yəni mən desəm ki, sosial mediaya, xəbər saytlarına girməyin, kitab oxuyun – açıq danışaq ki, bu real bir şey olmayacaq. Əksəriyyət maksimum 1-2 gün riayət edib yenə əvvəlki ritmə geri qayıdacaq, tənbəl beynimiz də kitab oxumamaq üçün bəzi bəhanələr uyduracaq (kitab oxuyanda yuxum gəlir və.s.)

Kitab oxuyanda yuxun gəlirsə – demək ki, əslində yuxun gəlir, kitabla əlaqəsi yoxdur, sadəcə digər hiper-aktiv media – ekran informasiya bombardmanı beyni məşğul tutaraq bu yuxu ehtiyacını ertələyir – bu da aydın məsələdir ki, zərərli şeydir. Bir az yuxunu alıb, sonra kitab oxuduqda görərsən ki, kitab oxuyanda əslində yuxu gəlmir.

Son məsləhət də bu olsun: yanında çantaya sığan bir kitab daşımaq. Daim, oxusan da oxumasan da. Daim yanında kitab olduqda gün ərzində bəhs etdiyim 2-3 dəfə 10 dəqiqəlik oxu gerisaymalarını reallaşdırmaq şansları da artır.


Yeni yazı olanda məlumat al

Email ünvanı daxil edərək yazıları oxuya bilərsiniz

Yazılan şərhlər

Yazıya şərh yaz