Məlum məsələdir ki, bir çox hallarda veb sayt tərtibatçısı veb saytı ilk öncə lokal host-da (kompüter daxilində yaradılan daxili server hostu) tərtib edir hazırlayır, hər şey bitəndən sonra saytın əsas serverə daşınmasını həyata keçirir. Bu ardıclııq WordPress veb saytlar üçün də keçərlidir.
O halda köç zamanı hansı dəyişikliklər lazım olur? Məlum məsələdir ki, veb saytda lokal hosta özəl bütün konfiqurasiya parametrləri real serverə aid parametrlər ilə əvəz edilməlidir. Bu işi görən pluginlər də var(açar söz: migrate), eyni zamanda verilənlər bazasında müvafiq dəyişikliklər etməklə bunu fərdi qaydada da etmək olur. Fərdi qaydada veb saytı lokal hostdan real serverə daşıyarkən aşağıdakı ardıcıllıqla əməliyyatlar edilməlidir.
- Faylları ftp və ya digər vasitə ilə köçürmək.
- Verilənlər bazasını ixrac-idxal əməliyyatı ilə serverə köçürmək.
- Verilənlər bazası parametrlərini wp-config.php faylında dəyişmək.
- Veb saytın əsas ünvanını verilənlər bazasının wp_options mysql cədvəlində 2 yerdə dəyişmək.
- wp_posts cədvəlində post content, post guid və.s. kimi sütunları kütləvi redaktə etmək.(vacib olmayan addımdır)
İndi paylaşacağım çox kiçik bir texnika ilə yuxarıdakı 5 addımdan 4-nü ləğv etmək olar.
Bütün əməliyyat sistemlərində belə bir anlayış var: HOSTS. Burada kompüterdən çıxan müraciətləri yönləndirmək üçün müxtəlif əvəzetmələr etmək mümkündür. Yəni tutalım hosts-da yazsanız ki
google.com apple.com
o zaman kompüterinizdə apple.com yazdığımız zaman google.com açılacaq. Məhz bu yönləndirmə hesabına biz saytın real adını orada yazaraq sayt hazır olub bitincəyədək lokal hostdakı saytı gələcək adı ilə işlədə bilərik. Təbii ki, bu yalnız bizim kompüterin daxilində işləyəcək, bizə lazım olan da budur. Amma bu zaman biz saytı real adı ilə qurmuşuq bitirmişik deyə saytın bütün verilənlər bazası parametrləri əsl real adı üçün olacaq, daha 127.0.0.1 və localhost adı üçün yox. Ona görə də köç zamanı heç nəyi dəyişməyə gərək olmayacaq.
Necə edəcəyimizi yazaq::
Lokal hostda WordPress qurmaqdan öncə kompüterimizdəki HOSTS faylında aşağıdakı tipli sətir əlavə edirik. (Windows üçün bu HOSTS faylı C:\Windows\System32\drivers\etc qovluğunda, Linux üçün /etc/ qovluğunda, OSX üçün isə /private/etc/ qovluğunda yerləşir.)
127.0.0.1 mysite.com
#təbii ki, mysite.com əvəzində sizə lazım olan sayt adı olmalıdır.
Yadda saxlayıb faylı qapayın.
İndi isə public_html/ ,(və ya var/www) lokal host qovluğuna WordPress qurun. Brauzerinizdə mysite.com yığın, WordPress lokal qurulması pəncərəsi çıxacaq. Vəssalam, artıq gerisi məlum proseslərdən ibarətdir.
Bütün işlər bitəndən sonra köç zamanı yalnız wp-config.php-də olan verilənlər bazası ad,istifadəçi və parolunu dəyişmək lazım olacaq. Yəni yuxarıdakı beş addımdan yalnız biri. Hə, bir də ən sonda hosts faylından bu yuxarıda bəhs edilən sətri silmək də lazımdır, yoxsa kompüterdən real sayta girmək olmaz, daim lokal hosta yönlənmə baş verər.
Qeyd: Nəzərə alın ki, əgər lokal hostunuzda çoxlu saytlar varsa çox güman ki, hər saytı bir alt qovluqda qurursunuz, o halda yuxarıdakı qaydanı eynilə tətbiq etmək olmayacaq. Çünki IP yönləndirmə zamanı alt qovluq işləmir, yəni məsələn “127.0.0.1/mysite mysite.com” düzgün yazılış deyil. Belə hallarda alt qovluqlardan biri üçün yeni bir lokal İP yaratmaq (məs. 127.0.0.2) və HOSTS-da yeni sətir əlavə etmək lazımdır:
127.0.0.2 mysite.com
Yeni İP yaratmaq hər veb serverdə müxtəlif cür olur, gələcək yazılardan birində bu haqda yazacam.