Keçmiş haqqında və tarix haqqında nələrsə oxuyanda məruz qaldığımız yayğın bir yanılqı var – bütün bu keçmişdə olub bitənlər hamısı bir anda olub bitibmiş kimi, hazıra-nazir bir hekayə kimi gəlir bizə. Sanki bir roman oxuyuruq, kiminsə planlı şəkildə oturub yazdığı ssenari izləyirik.
Problem çoxdur bu yanaşmada.
Tarix laylardan ibarətdir, zaman tunelinin kəsik kəsik laylarından. İnformasiya keçmişdən bu günə qədər ötürülərək gəlib çıxıb. Bir çox hallarda bu ötürülmə şifahi şəkildə olub – şifahi ötürülən məlumat da necə təhrif edilir, bunu hər kəs bilir.
Məlumatların çoxu da yalnız son 200-300 ildə nizamlanıb, mərkəzləşdirilib, ciddi yanaşma ilə tənzimlənib.
Amma bu o demək deyil ki, hazırki tarix materiallarında yazılanlar hamısı həqiqətdir.
Bu gün gözümüzün önündə olan hadisələr təhrif edilirsə, indi görün yüz illər öncə baş verən hadisələr necə təhrif edilib.
Qonşu binada yanğın olsa, yarım saat gec gəlib tamaşa edənlərdən səbəbi soruşsanız, 3-4 müxtəlif versiya eşidəcəksiz( qaz partlayıb, kimsə qəsdən yandırıb, elektrikdən olub və.s.) – bir də bunun yüz illərdən keçən formasını düşünün.
Haqqında oxuduğumuz bəzi tarixi şəxsiyyətlər əslində mövcud olmamış biriləri ola bilər. 2500 il əvvəl haqqında oxuduğunuz bir hadisə, şəxsiyyət kimi məlumatlar məsələn, 1600 il əvvəl uydurulmuş ola bilər.