Qeyd: Bu yazıya metaverse, web3 terminləri trenddə olarkən başlamışdım, heyf ki, 1 ilə yaxındır draft olaraq qalmışdı və tamamlanmamışdı.
Neomaniya – Yeni olan məhsullara, xidmətlərə can atma həvəsi, bağlılıq mənasını verir. Yeni olan nəyinsə həm də qabaqcıl olduğunu zənn etmək. Özlüyündə məntiqi səfsətə belə hesab edilə bilər.
Məlum olan isə odur ki, elmi və texnoloji inkişaf hər gələn yeniliklə yox, daha çox yeni gələnin köhnə orqanizmə adaptasiya olub-olmaması ilə baş verir.
Yəni loru desək, il ərzində 10 texnoloji yenilik təqdim edilir, onun 7-si uğursuzluqla bitir, qalanı isə olduğu şəkildə və ya bir az da dəyişərək qalıcı hala gəlir. Kiçik, amma yoxlanılan, sınaqdan keçən addımlarla irəli gedilir.
Yeri gəlmişkən, elmi tərəqqidə də bu yol eynən belədir. Əvvəllər bu mövzuya yaxın yazım olmuşdu.
Bir yeniliyin qəbul edilməsi mexanizmi sadədir – ilkin formada ortaya atılır, sınanır, bəyənilərsə(tələb görərsə) müəyyən ilkin kütlə tərəfindən istifadə edilir, tələbdən irəli gələn lazımi modifikasiyalar edilir, geniş kütləyə açılır və.s.
Müasir İT sferanın artıq dünya iqtisadiyyatının əsas parçasına, ən böyük tikəsinə çevrilməsi kimsəyə sirr deyil – belə olan yerdə yeni sektor yaratmaq, onun başında durmaq əlbəttə ki, nəhəng şirkətlərin arzusudur. Amma onlar oturub çoxlu sınaqlardan keçən kiçik yeniliklər etmək əvəzinə bəzən kəsə yoldan gedib qabağa düşmək istəyirlər. Büdcələrinin nəhəngliyi belə risklərə imkan verir. Tutsa da tutmasa da ciddi ekziztensial təhlükələri olmur.
Bir yeniliyin ortaya atılıb kütlə tərəfindən necə qarşılanmasını gözləmək, davamında da ona uyğun davam ya tamam qərarı vermək müasir İT nəhənglərin daim etdiyi bir şeydir. Google-un az qala hər ay bir məhsul buraxıb başqa birisini qapatması buna misaldır.
İlkin reaksiyası umduqları kimi olmayan məhsulları qapatmaq işində çox qəddar davrana bilirlər. Amazonun dinamik-perspektvli smartfonu, Google-un saysız hesabsız məhsulları (Stadio oyun dünyası, Reader, Wave, Slide və.s. tam siyahını buradan görə bilərsiniz, 100-lərlə proyekt adı var), Facebook kimsənin indi xatırlamadığı sosial media-smartfonu və.s. misal gətirmək olar.
Yaxın illərdə ortaya atılan, media və pul gücü ilə ağır güclə reklam edilən, beyinlərə məcbur yeridilən web3, NFT, metaverse terminləri isə bu məntiqə bir qədər zidd yolla, kəsə yolla getməyə çalışıldı.
Kəsədən getməyin riski daha yuxarıdır (ənənəvi sınaq-tələb-test mərhələsini keçmədən birbaşa insanlara qəbul etdirmə cəhdinə görə), sadəcə baş tutduqda da mükafatı daha böyükdür, çünki bütün bazar sənə qalmış olur. Yəqin ki, sırf bu səbəbdən də böyük oyunçular özünü doğrultmama ehtimalının yüksək olması öncədən də aydın görünən bu avantüraya getdilər.
NFT – təməlində insanın təbiətinə ziddir – aşılması gərəkli əsas əngəl də budur.
Bir şeyə sahib olma hissinin uğursuz imitasiyasıdır və real sahiblik hissi yaratmır deyə, eqo-muza bir şeyin unikal sahibi olma hissini vermir deyə onu insanlara qəbul etdirmək üçün çox əziyyət çəkilsə də olmadı ki, olmadı.
Bəs digital sahiblik anlayışı – mövzusu öldümü? Məncə, əsla yox. Bu məsələyə gələcəkdə də təkrarən qayıdılacaq və günlərin birində insan təbiətinə zidd olmayan bir forması qəbul ediləcək.
Web3 – Web2-dən fərqli olaraq təbii yolla yox, süni yolla dövriyyəyə buraxıldı. Sırf biznes maraqlara xidmət üçün – insanları yeni eranın başlamasına inandırmaq üçün dövriyyəyə buraxıldı. Web2.0 termini isə süni təbliğ edilən anlayış deyildi – adicə bir təsbit idi. Yəni yaranmaqda olan, baş verən, baş verməkdə olan dəyişikliyə verilən bir ad idi.
Metaverse – Açıq aşkar Skeomorfizmi insanlara sırımaq cəhdidir. Mən təsadüfən bu tip işlərin içində 17-18 il əvvəl olmuşdum, junior tələbə-developer olaraq.
Yeri gəlmişkən, o zamanlar Macromedia Flash (daha sonra Adobe Flash) ilə yaradıla bilən animasiyalar, oyunlar və.s. bu gün HTML5-in edə bildikləri ilə eyni idi, hətta Flash daha üstün idi. Sadəcə texnologiyanın özü problemli idi(veb-ə native deyildi, embed yola montaj edilirdi deyə gec-tez imtina olundu) deyə yerini HTML5-ə verdi. HTML5 isə illərdir gedilən yola rəğmən hələ də flash rahatlığına gəlib çatmayıb.
Hə, deməli, o zamanlar biz Virtual Shopping Mall kimi bəzi test-layihələr üzərində işləyirdik. Sənin o virtual dünyadakı personajın-avatarın addımlayır, 3D shopping mall görünüşlü yerdə dükanları açır, qapıdan girir vitrində malları görür – üstündə qiymətləri, Klikləyir səbətinə atır – hamısı da real dünyanı imitasiya edəcək formada. Bu layihəni işləyəndə təbii olaraq dünyadakı alternativlərini də internetdə araşdırmışdım. Və bir neçə e-ticarət saytı tapmışdım.
Sonluq necə oldu? Aydın məsələdir, sadə veb səhifədə grid kimi düzülən standart e-commerce veb saytları qalib gəldi, o tip real dünyanın imitasiyaları yox olub getdi. Axtarsanız bəlkə hələ də elə çabalar edənlər var. Amma boşuna.
Səbəb nədir? Səbəb rahatlıqdır. 2 ölçülü ekranda (kompüter, smartfon, tablet) insana hansı rahatdırsa, insan da onu istifadə edəcək. Ona məcbur gəl burda virtual reallıqda dostlarla real kafe atmosferində otur söhbət et deyilərsə, maraq üçün bunu sınaya bilər, amma qalıcı olması heç inandırıcı deyil. Çünki rahat deyil.
N.Taleb bir kitabında yazır ki, insanlar hələ oxumağı yazmağı icad edən dövrdən tablet-ekranın onlar üçün ən əlverişli informasiya mübadiləsi vasitəsi olduğunu kəşf etmişdilər. Əvvəllər tablet-daş kitabələr, daha sonralar papirus, kağız vərəqlər, ən nəhayət kompüter ekranı, tablet, smartfon və.s – qısacası düzbucaqlı müstəvi formasında interaktiv panel.
5+ min illik sınaqdan keçmiş bir şeyi yenisi ilə əvəz etməyə çalışırsansa, real olaraq daha rahat, daha avantajlı bir şey təqdim etməlisən. Yoxsa o gələcək barədə fimlərdə gördüyünüz ekransız havada proyeksiya olunan kodlarda işləyən proqramist görüntüləri elə o filmlərdə də qalacaq.
Bütün bu tip yeniliklər təqdim edəndə onlara inanaraq dərhal istifadə etməyə, eyforiyaya qapılıb artıq bu yeniliklərin əvvəlkini əvəz etdiyini düşünmək neomaniya əlamətidir.
Yeni olan heç də hər zaman daha yaxşı olan demək deyil – daha yaxşı olması üçün o öncə özünə yaşama haqqı qazanmalıdır.
2100 il əvvəl Vezuvinin püskürməsi ilə Pompey şəhəri məhv oldu, üstündən 2000 il keçəndən sonra ordakı tapıntılar arasından bir mətbəx otağı tapılır, əşyalar təmizlənir sərgilənir – məlum olur ki, 2100 il əvvəl də mətbəxdə bügünkünə bənzər əşyalar istifadə edirmişlər – qaşıq, qazan, qulplu tava, qrafin və.s.
Yeni olan hər zaman yaxşı olsaydı, bugün mətbəxdə 2100 il əvvəl ilə heç bir ortaq əşyamız olmazdı.