Bir neçə gün öncə IPO aksiya satışında rekord qıraraq 21+ milyard dollar toplayan, ümumi dəyərində Facebook kimi şirkəti belə geridə qoyan, internet şirkətlər aləmində Google-dan sonra ikinci pilləyə çıxan Çin e-ticarət nəhəngi Alibaba şirkəti bütün dünyanın diqqətini özünə cəlb etdi. Bu kiçik yazıda şirkətin iş prinsipi, uğur qazanma səbəbi və.s. haqda bəhs etmək fikrim yoxdur, sadəcə şirkətin adı maraqlıdır deyə o haqda yazıram. 3-4 il öncə bu şirkət ilk dəfə diqqətimi cəlb edəndə dərhal əsasən adı diqqətimi çəkdi, Alibaba=Əlibaba? Niyə məhz Alibaba? Çin hara Alibaba hara? Bəlkə banisi müsəlman bir kimsədir? Araşdırma isə tam başqa mənzərə ortaya qoydu. Və əslində bu adın seçilməsinin də uğurun səbəblərindən biri olması aydın oldu.
Şirkətin banisi Jack Ma-nın bu adın tarixçəsi haqda dediklərinə nəzər salaq:
Bir gün San Fransisko şəhərində kofe klubda idim, özlüyümdə düşünürdüm ki, Alibaba yaxşı bir addır(sadəcə ad olaraq). Offisiant qız mənə yaxınlaşanda, ona sual verdim:
-Sən Əlibabanı tanıyırsan?
Və o cavab verdi:
-Hə, tanıyıram.
-Onun haqqında nə bilirsən?
-Əlibaba və 40 quldur.
-Bəli! Bax budur uğurlu ad.
Sonra çölə çıxdım və küçədə təsadüfi 30 nəfərə yaxınlaşıb eyni sualı soruşdum: “Siz Əlibabanı tanıyırsız?”. Hindistan, Almaniya, Tokio, Çin və.s. yerlərdən olan müxtəlif insanlar idi onlar… Onlar hamısı Əlibabanı tanıdı: “Sim-sim açıl!”.
Əlibaba xeyirxah, ağıllı ticarətçi və başqalarına mərhəmətli insan idi. Beləliklə, asan tələffüz olunan, və hamının bildiyi bir ad.Bizim Alibaba da sim-sim deyərək qapısını kiçik və orta həcmli bütün şirkətlərə açdı.
Bir kiçik sitatda uğurlu ad seçimi üçün çox maraqlı bir nümunənin şahidi olduq.