WordPress təhlükəsizlikdə kiçik, amma çox önəmli bir detal

WordPress(WP) saytların təhlükəsizliyi mövzusu çox önəmlidir, ən azı ona görə ki bu CMS dünyada ən populyar CMS-dir.
Bu yazıda sadə bir əməliyyatın, administrator istifadəçi adını fərqli etməyin nə dərəcədə önəmli olmasından bəhs edəcəyik.
Amma ilk öncə WP CMS-inin Core halında nə dərəcədə təhlükəsiz olması haqda deyim: Tam təhlükəsizdir. Heç bir əsaslandırılmamış əks fikrə inanmaq lazım deyil. Kod tərəfdən heç bir problem yoxdur, problem insan amili ilə bağlıdır ki, o haqda bəhs edəcəyik.
Sual: Bəs o halda Core halda belə əlavə təhlükəsizlik tədbirləri nəyə lazımdır? (Plugin və theme haqda bu dəfə danışmırıq)
Cavab: Ona görə lazımdır ki, WordPress nə qədər güvənli olsa da, açıq kodludur deyə strukturu hər kəsə aydındır. Və aydındır deyə, internetdə gəzib dolaşan çoxsaylı botlar arabir sizin sayta da bir tilov atacaq. Çünki hansı faylın harda yerləşdiyini bilir.

Məsələn wp-admin-ə təsadüfi post request göndərəcək 100 dəfə, təsadüfi parollarla, tutar tutar, tutmaz tutmaz. Bu tip hücumları əksər developerlər tədqiq etmir deyə say haqda təsəvvürləri yoxdur. Amma gerçək olan budur ki, hər bir WP sayt ay ərzində 100-lərlə, bəlkə minlərlə belə hücuma məruz qalır. Və hər hücumda milyonda bir ehtimal olsa belə saytın admin panelinin ələ keçirilməsi ehtimalı var.

WP təhlükəsizlik uzun mövzudur, bir yazıda ətraflı bəhs etmək olmaz. Amma cəmi 1 detalı dəyişməklə siz hücumların mütləq əksərinin qarşısını almış olursunuz. Aşağıdakı şəklə baxaq:
Screenshot from 2013-06-04 09:23:43
Burada mən Cavablar.net analitikasını aparmışam və bir gün ərzində əcnəbi İP-lərdən edilən hücumların sayına diqqət edin. Yüzlərlə hücum var, hər hücum 16 cəhddən sonra xüsusi plugin ilə blok edilib hələ, edilməsəydi say minlərlə olardı.

Gələk bugünku əsas məqama: Bütün bu hücumları bir şey birləşdirir: username = admin yoxlanılır, yalnız və yalnız. Çünki WP-də başlanğıc halda username admin olur. İnstall zamanı bircə admin username-ni dəyişməklə siz bütün bu hücumları tam mənasız etmiş olursunuz. Gördüyünüz kimi kiçik, amma çox önəmli detaldır.

Sual: Bəs artıq aktiv olan saytımda admin userini necə dəyişim, axı login-i dəyişmək icazəsi yoxdur?
Cavab: Bəli yoxdur, amma bunu asanlıqla sql admin-dən etmək olar. Məsələn girirsiniz phpmyadmin-ə, wp_users cədvəlində admin userini tapıb, user login-i dəyişib yadda saxlayırsınız, vəssalam. Və ya SQL dili ilə desək: update
wp_users set user_login=’yeni_ad’ where user_login=’admin’;

Təkrar edirəm ki, WP təhlükəsizlik tədbirləri bircə bu deyil və xeyli sayda tədbirlər var, sadəcə mən ən asan bir tədbirin necə effektiv olması haqda bəhs etmək istədim.

Qeyd: Yuxarıdakı analitikanı Limit Login Attemps plugini ilə aparmışam. Pulsuzdur, yükləyə bilərsiniz. Plugin bu tipli analiz hesabat ilə yanaşı həm də bu tip İP-ləri blok etmək imkanına malikdir.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

2 Replies to “WordPress təhlükəsizlikdə kiçik, amma çox önəmli bir detal”

  1. Xəbər üçün sağ olun sizin sayənizde wordpress adımı dəyişdim.Bunu eləmək üçün isə yeni istifadəci yaradib onu “Yönetici” edirik.Sonra yeni yaratdığımız profille girib Admin silirik və bütün yazıları yeni istifadəci adına elavə edilməsini işarəliyirik

    1. Buyurun. Aha, bu da düzgün metoddur. Sadəcə yazıları köçürərkən səhvən “yazılar silinsin” kimi seçim seçilə bilər səhvən, bu ehtimala görə bundan bəhs etməmişəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir