Keyfiyyət və qiymətin önəmi – taksi və daşıma xidmətləri

Bugün Azərbaycanda hamımısın bildiyi iki sahə haqqında bir müşahidəmi yazacam – o sahələrdə ki, çoxsaylı kiçik və orta bizneslər azad rəqabət aparır:
taksipoçt daşıma xidmətləri.

Azad bazar şəklində fəaliyyət göstərən taksi şirkətləri biznesində vəziyyət yəqin hamıya məlumdur. İnanılmaz dərəcədə düşən qiymətlər, artan taksi şirkətləri.
narazı qalan taksistlər və.s.

Bu reallığa ən çox təəccübləndiyim reaksiya bu tip reaksiyalardır: “azad rəqabət belə olmamalıdır, bizimkilər bunun da zayını çıxardılar və.s.”

Azad bazar, rəqabət elə budur da. Qəddar və uyğunlaşabilənlərin sağ qaldığı, qalanların isə məhv olduğu bir təkamül prosesi.
(Yeri gəlmişkən, təkamül nəzəriyyəsi haqqında işlədilən güclülər sağ qalma məsələsi doğurdan da yanlışdır, güclü əvəzinə uyğunlaşabilən işlədilməlidir.
Təkamül prosesində uyğunlaşa bilməyən güclü rahatca məhv ola, uyğunlaşa bilən bir az zəif isə rahatca sağ qala bilir
)

6-7 il öncə şəhərin mərkəz yerində iki nöqtə arası qiymət təxminən 6$ idisə, indi bu rəqəm hardasa 1-2$ arası dəyişir.
(devalvasiya çaşdırmasın deyə hər ikisini dollar ilə yazdım)

Doğrudanmı azad rəqabətdə qiymət limitinin də bir həddi var və bu həddi aşdıqda artıq “bizimkilər rəqabət işinin də ağını çıxarıb” demək doğru sayıla bilər?

Mürəkkəb xüsusi hallara girmədən qısa cavab verək – Xeyr, bu ən təməl rəqabət prinsiplərinə ziddir.

Rəqabət olduqda nə baş verib və verməkdədir, gəlin addım-addım yazaq:

  • yeni şirkət daxil olur və qiymətlər enir. Nəticədə daha əvvəlkilər həm say olaraq bir az müştəri itirir, həm də baha xidmət verir deyə oradan da
    bir qədər müştəri itirir.
  • nəticədə köhnə şirkət qiyməti salmağa başlayır. Əvvəlki payını bəlkə də bərpa edir, amma bu zaman ucuzluq səbəbilə daha az qazanmağa başlayır.

Bu proses yeni-yeni şirkətlərin gəlməsi ilə davam edir, qiymətlər düşür-düşür və düşür. Hər dəfə də bazarda mövcud olan oyunçuların gəliri düşməkdə davam edir.

Nəhayət o həddə çatır ki, xərclərini yaxşı idarə edə bilməyənlər ziyana işləyir, sıradan çıxır və batır.

Yerdə kimlər qalır? Ya ehtiyatında çox pul olub hazırda sağ qalmağı və digərlərinin batmasını gözləyənlər. Ya da xərclərini daha yaxşı idarə edib hələ də
xeyir götürə bilənlər.

Yuxarıdakı proses nə qədər davam edir etsin, hər zaman xeyir götürə bilənlər qalacaqdır.

Təbii, burada işin digər tərəfi, taksiçilər var ki, şirkətlər bir-biri ilə qiymət savaşı edərkən hər dəfə onların da gəliri azalır – halbuki onların aləmində bu
rəqabətin onlara heç bir dəxli olmamalıdır, maşınlarını sürüb pullarını qazanmalıdırlar.

Empatiya quraraq özümü taksiçinin yerinə qoyub amortizasiya, benzin, zaman, enerji, taksi şirkətinin 15-20%-lik komissiyası və.s. faktorları nəzərə alanda doğurdan da
görürsən ki, qazancları çox aşağı düşüb.

Bəs, onların gəliri niyə düşür? Səbəbi çox sadədir – çünki taksiçilərin də sayı çoxdur. Niyə çoxdur? Çünki sürücülük vəsiqəsi və bir avtomobil kifayət edir ki,
taksiçi olasan. Yəni sadə dildə desək “hər kəsin bacaracağı işdir”.

Bazar iqtisadiyyatında isə, ən az qazananlar “hər kəsin bacardığı” işi görənlərdir. İstənilən sektor üzrə bu qaydanı düşünün və bəsit həqiqətin hər yerdə
olduğunu görmək mümkün olar.

Çox qazanan defisit olan xidmətdir, defisiti də yüksək bilik, bacarıq, texnologiya, innovasiya, üstün təqdimat və.s. ilə etmək mümkündür – bizim mövzumuz üzrə taksiçilər bunların
hər hansı biri ilə fərqlənə bilmir deyə hansısa humanist inzibati əlin gəlib “bundan sonra bu qiymətdən aşağı heç kim qoya bilməz” deməsini gözləyir.

Yəni bazar deyir ki, “xoşun gəlmirsə, başqa sənət tap”.

Qısacası, qəbul etməliyik ki, rəqabət varsa, komfort gəlir yerləri azalır və nələrisə dəyişməsən, məhv ola bilərsən prinsipi işə düşür.

Bir anlıq düşünün və yada salın – o hansı işlərdir, sənət növləridir ki, onu hər kəs, və ya daha çox kəs bacara bilir?
İçlərində bir dənəsi varmı ki, oranın gəlirliliyi yüksəkdir?

Hansı kitabdan oxuduğumu unutmuşam, orada bir epizod vardı, SSRI-li bir nazir Londonda səfərdə olanda şəhər turuna çıxır və çörək dükanlarını görüb maraqlanır ki, sizdə çörəyin paylaşdırılmasına hansı qurum nəzarət edir? (yəni, hamıya yetəcək qədər dükan olsun, gündəlik istehsal olsun, eləcə də satılmayıb israf olacaq qədər də
yersiz artıq istehsal olmasın və.s. kimi şeylər üçün)
Londonlu məmur cavab verir: Heç kim. Bazar özü-özünü tənzimləyir. SSRİ məmuru bu cavabdan çox təəccüblənir. Çünki SSRİ-də eyni işi görmək üçün bir ordu məmur kağız-kuğuz, göstəriş, hesablama və.s. ilə məşğul olsa da yenə də dükanlarda gah israf qədər artıq çörək olur, gah da uzun növbələr və qıtlıq.

Qısacası, təkamül istəyiriksə, bazarda inzibati gücün yox, ədaləti təmin edən qanunların və görünməyən əlin, xaotik rəqabətin tənzimləyici olduğu bazar seqmentlərinə mız qoymamalıyıq.

Mız, insani, inzibati müdaxilənin kobud şəkildə olduğu seqmentlərə olmalıdır.

Uçan quşlar təbiətən uça bilirlər, onları sinif otağına qapadıb uğurlu uçuşun fiziki əsasları, uçuş trayektoriyasının ən optimal seçilməsi və.s. kimi
mühazirələrə məruz qoysanız (mühazirə də uçmağı bacarmayan kök bir professor tərəfindən aparılır – bənzətmə N.Taleb-ə məxsusdur),
onlar uçma qabiliyyətini itirmiş olacaq.

Oxşar şeyləri son zamanlar populyarlaşan poçt daşıma xidmətlərinə də aid etmək olar. Son illər bu şirkətlərin sayı sürətlə artdı, bazar özü də böyüdü (əvvəllər bir çox alıcı belə bir imkanın varlığından xəbərdar deyildi deyə alıcı da az idi, şirkət sayı da 2-3 dənə idi.) on minlərlə insan xaricdən özlərinə məhsul sifariş verməyə başladı.
Dərhal da bu tip xidmət göstərən şirkətlər göbələk kimi artmağa başladı. Eyni qayda ilə qiymətlər də düşdü, rəqabət də artdı.

Bu sahəni niyə ayrıca qeyd etdim, axı taksi sektoru ilə fikrimi izah etmişdim.
Mənə görə bu sahənin taksi sektorundan fərqi odur ki, yazının əvvəlindən bəri toxunmadığım, qiymətdən sonra ən önəmli faktor olan KEYFİYYƏT faktoru burada daha çox rol oynayır.
Taksi sektorunda da keyfiyyət eyni dərəcədə önəmlidir əlbəttə, amma reallıq budur ki, taksi şirkətlərinin xidmət keyfiyyətini artırma imkanı daha məhduddur.
Çünki çoxminlik taksiçi sektoruna təlim keçmək, maarifləndirmək və.s. çox çətin bir prosesdir. Düzdür, nə qədər çətin olsa da, gec-tez bunu da görəcəyik və xidmət səviyyəsi də artacaq, amma hələ ki, bu sahədə keyfiyyət baxımdan fərqlənmə azdır.


Qiymət rəqabətində manevr imkanları tükənmiş olanda məcburən keyfiyyətin üstünə getməli olursan.

Poçt daşımada isə keyfiyyəti artırmaq üçün müştəri ilə şirkət arasında çoxminlik taksiçi maneəsi yoxdur.
Ümumən maneələr var əlbəttə (kargo şirkəti, xarici e-ticarət şirkətinin xidmətində qüsur olması, Gömrük xidmətində axsamalar və yubanmalar və.s.), amma taksi sektorundakı qədər mürəkkəb deyil.
Ona görə də burada da rəqabətin hələ ki, qiymət sahəsində getməsi müştəri olaraq bizim üçün bir az məmnunedici deyil. Keyfiyyətdə üstünlük əldə etmək zamanı çoxdan gəlib.
Yəqin ki, bu sahədə yaxın zamanlarda pozitiv dəyişikliklər görəcəyik.

Hələ ki, mövcud olan reallıq budur:

  • bazarda uzun müddətdir var olan populyar daşıma şirkətləri – Müştərilər narazı, çatdırma prosesinin çox pis təşkili, ofislərdə SSRİ ərzaq növbələrini xatırladan dəhşətli növbə, müştəri xidmətlərinin pik günlərdə cavab verməməsi, malların itbata düşməsi və.s.
  • bazara yeni gələn şirkətlər – hər şey yaxşıdır. Ta ki, müştəri sayı artana qədər. Artanda onlar da çevrilib olur birinci bənddəki tip xidmət.

Demək ki, bu sahədə əsas problem böyüdükcə keyfiyyəti qorumaq problemidir ki, hələ ki, onu həll edən şirkət yoxdur.

Şirkətlərin sosial media hesablarına baxmaq bəs edir ki, eyni komik durumu hər yerdə müşahidə edəsən – Şirkət tərəfindən dərc edilən bəh-bəhli SMM bannerləri, altında da böyük əksəriyyəti əsəbi və narazı müştərilərin şikayətləri.

Bir müştəri olaraq, kiloqram başına 50 cent ucuz xidmət yox, mənə məhsulu vaxtında təslim edən şirkətə üstünlük vermək istəyirəm. Rəqabətin keyfiyyət anlayışına sıçramasını gözləyirəm.

Qısacası, “scale” etmə bacarığı(böyüdükcə keyfiyyəti qoruya bilmək) bizneslərdə həqiqətən də ən önəmli məsələlərdən biridir. Bu məsələdə nə zamansa dəyişiklik olarsa, yəqin ki, təkrarən bu mövzuya qayıdacam.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir