Qanunauyğunluq axtarma mərəzi

İnsan adətən qeyri-müəyyənliyi sevmir. İş prinsipini anlamadığı mexanizmlərin ya iş prinsipini anlamağa çalışır, ya da sadə qanunauyğunluq tapıb qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır. Bu qanunauyğunluq uydurma olsa belə, insan özünü rahatca təsəlli edib nəticəyə qane olur. Yetər ki, qeyri-müəyyənlik yox olsun.

Ta qədimdən bəri təbiət hadisələrinə qarşı uydurulan inanclar məhz bu məqsədlə olub.
“Bir izahı varsa, bu heç izah olmamasından yaxşıdır” – məntiqi ilə.

Konspirasiyaların mütləq əksəri, səfsətələr və.s. bir çox şeylərin təməlində də məhz bu problem yatır. Təkamül zamanı sağqalma nöqteyi nəzərindən bu tip inanclar pozitiv rol oynayıb deyə bunlar bizdə var, yoxsa çoxdan ələnib getmişdi. Bəlli ki, təbiət və ətrafla savaş halında yaşayan qədim insan üçün sadə qanunauyğunluqlar özünüqoruma baxımdan faydalı olub. (məsələn qaranlıqda öz-özünə vahimələnin sənə hücum olacağından çəkinmən – sağqalma nöqteyi nəzərindən faydalıdır. Qaranlıqdan qorxub qaranlıq yerlərə çox getməmək insanı müəyyən real təhlükələrlə qarşılaşma ehtimalını azaldır)

Birdən-birə sıçrayırıq bugünümüzə. Bugünlərdə ABŞ-da baş verən etiraz aksiyalarının səbəbi bildiyiniz kimi, qara dərili vətəndaşın polis tərəfindən öldürülməsi oldu.

Və dərhal internetdə belə şəkil(lər) peyda oldu (bəziləri zarafat üçün və ya veb saytına əlavə trafik qazanmaq üçün hər zaman belə şeylər uydurur )

“Simpsonlarda sən demə bu epizod neçə illər öncədən varmış, demək hər şey plan üzrə gedir, gizli qüvvələr hər şeyi əvvəlcədən planlaşdırıb” – bu tip fikirə inanmaq üçün rasionallıqdan nə qədər uzaq olmaq lazımdır, təsəvvür belə etmək çətindir.

Amma minlərlə insan (heç də hamısı “çox savadsız” kəsimə aid edilməyəcək dərəcədə geniş kütlə) buna inanır və sosial şəbəkələrdə paylaşır.

Niyə? Təməlində nə yatır? ABŞ nifrəti? Xeyr. Qanunauyğunluq olmasına inanmaq istəyi? Bəli.

İnsan bu dünyada bir nizamın, kontrolun olmasını içdən arzu edir – nəinki xaos ilə hər şeyin mürəkkəb və idarəolunmaz təsadüflər nəticəsində ortaya çıxmasını.

“Masonlar bunu 100 il əvvəldən planlayıb” tipli cəfəngiyyata inanan şəxs masonlara nifrət etdiyini düşünsə də, içində rahatlıq tapır ki, hər şeyi idarə edən biriləri var və deməli hər şey idarəedilə biləndir.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

One Reply to “Qanunauyğunluq axtarma mərəzi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir