Sonrakı ağıl və pandemiya dövrünün qaçırılan fürsəti

Məşhur milli frazamızı yəqin bilməyən yoxdur – müsəlmanın sonrakı ağlı.

Bu elə bir ağıldır ki, hər çətin situasiyada hər zaman hər şeyin ən doğrusunu tapır, amma bircə qüsur var – bu doğru variant hadisə baş verəndən sonra gəlir ağlımıza. Heç bir faydası olmur və bunu sonrakı ağlımız adlandırırıq.

Sonrakı ağlı indiki ağıla çevirmək doğurdanmı çətindir? Əlbəttə. Sonradan düşünəndə hadisənin sonunu bilirsən deyə ona uyğun düşünürsən və hər şey daha sadə görünür. Və yaxud hadisədən sonra xeyli saat və ya gün keçir və sən bu müddətdə xeyli düşünürsən və daha yaxşı variantlar ağlına gəlir, hansılar ki, qərar vermək üçün cəmi bir neçə saniyə vaxtın olduğuna görə lazım olan anda ağlına gəlməsi çox çətin idi.

Pandemiya dövrüdür hazırda. İşi online olan nə biznes varsa, dövriyyəsi artıb və böyüyüb. Amazon, Google, Facebook kimi şirkətlərin səhmləri dayanmadan bahalaşır.

Bəzi istisna şirkətlərin səhmi isə bahalaşmaq yox , partlama həddinə çatdı. Çünki dünyanın gözləmədiyi bir qlobal hadisə o şirkətlər üçün əməllicə lotereya oldu. Bunlardan biri də Zoom şirkətidir.

Zoom şirkətinin pandemiya dövründə səhmləri az qala 5 dəfə (yəni 400%) bahalaşıb. Birja haqqında məlumatı olanlar yaxşı bilər ki, bu qədər qısa müddətdə belə artım sadəcə olaraq fantastik yüksək göstəricidir.

Bundan istifadə edib biz də varlana bilərdik – yatırım edib yatırımımızı ən azı 5 dəfə, broker xidməti ilə isə hətta 50-100 dəfə artıra bilərdik – Sonrakı ağlımız bizi danlayır, niyə istifadə etmədik deyə.

İndi gəlin konkret bu məsələyə bir qədər rasional yanaşaq. Dekabrın sonudur, Çində yayılan və xəbərlərdə dünyaya yayılması an məsələsi olduğu deyilən bir ciddi virus təhlükəsi var.

Bu zaman tutaq ki, uzaqgörən bir yatırımçı düşünür ki, bu virus dünyaya sıçrasa, aləm bir birinə dəysə, hər ölkədə karantinlər olacaq və deməli online təhsil kimi şeylər birdən birə aktuallaşacaq. Deməli online təhsil və ya online video təqdim edən şirkətə yatırım etməliyəm. Məsələn Zoom-a.

Bu xəyali ssenarını düşünən real yatırımçıların olduğuna və bu dəqiqə sevinclə pulları saydıqlarına əmin ola bilərsiniz. Nə isə. Deməli, bu asimmetrik yatırımdır. Yəni 1000 yatırım edirəmsə, əgər bədgüman özünü doğrultmasa və pandemiya zad olmasa, yatırımım yerində qalacaq, aşağı yuxarı 800-900-1000-1100-1200ə çevriləcək. Amma əgər pandemiya olsa, yatırımım partlayıb olacaq məsələn 100min. Asimmetriya burdadır. Ümumiyyətlə asimmetrik biznes fürsətlər kəşf edib buna uyğun yatırım edənlər hər zaman çox ciddi gəlirlər əldə edənlər olublar.

Ta qədim zamanda Miletli Fales o zaman üçün dahiyanə bir asimmetrik yatırım edib böyük bir sərvət qazanmışdı. Bu haqda gərək ayrı bir bloq yazıda yazam.

2008-də krizis zamanı milyonlarla insan və şirkətlər müflis olarkən krizisn gəlməkdə olduğunu ön görüb asimmetrik yatırım edən yatırımçılar böyük sərvət qazanmışdı.

Xəyali ssenaridən keçək real həyata. Təxminən mart ayının əvvəli, artıq virusun kontroldan çıxdığı vaxtlarda şəxsən mən öz dostlarımızla söhbətdə Zoom tipli şirkətlərin böyüməkdə olduğunu və daha da böyüyəcəyi reallığının fərqinə varmışdıq. Bu sonrakı ağıl idimi? Gəlin qrafikə baxaq

Göründüyü kimi mənim “oyandığım tarix” əslində heç də gec deyilmiş. O gündən bu günə yatırımı çox rahatlıqla 20 dəfə artırma imkanım var idi. Həm də asimmetrik yatırım ilə. Yəni tutalım 5 min dollar yatırım 2cə aya 100min götürmək. Bunu niyə etmədiyim ayrı söhbətin mövzusudur, qısa səbəb odur ki, yatırım işləri bir qədər ekskluziv diqqət və enerji tələb edir deyə sadəcə fərqinə varıb öngörmək bəs etmir, gərək yatırım işinə fokuslanmış olasan ki, öngörmə olduğunda hərəkətə keçəsən.

Yazıda məqsədim əslində sadəcə bu faktı və özümə aid olan xatirəni paylaşmaq yox – sonrakı ağlımızın bəzən heç də ÇOX gec gəlmədiyini göstərməkdir. Bəzən sonrakı ağlımız bir qədər gec gəlir, hələ də çox gec deyilkən. Bax, məhz bunun fərqinə varıb, özümüzdə bunu kəşf edib dəyərləndirməmiz lazımdır.

Yeni yazı olanda xəbər tutmaq istəyirsinizsə,

* indicates required

4 Replies to “Sonrakı ağıl və pandemiya dövrünün qaçırılan fürsəti”

    1. Belə həvəslə girməyi məsləhət görməzdim – əks halda qumar kimi bir şey olur. Öncə ciddi araşdırma, məlumat, psixoloji və analitik tərəflərini öyrənməli, sonra qərar verməli.
      Platforma çoxdur – metatrader, bybit, etoro və.s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir