Nəsillər(generation) arası əbədi mübahisə mövzusu olan “heyf deyildi bizim uşaqlıq, indiki uşaqlar…” tipli fikirləri yəqin ki, özünüzdən yaşlı nəsildən çox eşitmisiz.
Və ya aşınız 30-dan çoxdursa, artıq yeni nəsil yeniyetmə və gənclərdə müşahidə elədiyiniz ümumi problemləri sezib, ümumiləşdirib narazılıq edirsiniz.
Zəmanə uşaqları anlayışı da boşuna deyil. Hz. Əlinin ta 14 əsr öncə dediyi kimi, uşaqlar valideynlərindən daha çox zəmanələrinə bənzəyərlər.
Zəmanə dediyimiz də hansısa mistik varlıq deyil, ətraf mühitin yetişməkdə olan uşağa olan təsiridir -texnologiya, urbanizasiya, sosial təkamülün davamı(adət-ənənə, din və.s.)
Özündən gənc nəslin yetişdiyini(özündən gənc yəni minimum 10-20 yaş kiçik nəsil) görməyincə bu mövzu ümumiyyətlə insana yad gəlir. Amma prosesi gördükcə artıq insanın içində həmin o yaşlı nəslə xas etirazlar yaranır və özündən yaşlıları başa düşməyə başlayırsan.
Bu yersiz narazılığı, etirazı dəf etmək də əslində sadədir.
Sual qoyursan özünə – Mən məhz bu zəmanədə doğulsaydım, eynən əvvəlki kimi keçirərdimmi o yaş dövrümü?
Və yaxud – mənim dövrümdə eynən indiki texnologiya və mühit olsaydı, mən yenə uşaqlığımı, gəncliyimi keçmişdə keçirdiyim kimi keçirərdimmi? – Səmimi cavab əlbəttə ki “xeyr”-dir.
Yəni sən kiçik yaşda ikən smartfon yox idi deyə fiziki oyuncaqlarla daha çox oynayırdın, çünki darıxmamaq üçün uşaq bir şeylə başını qatmalıdır.
Sən uşaq ikən smartfon olsaydı, sən də smartfonla oynamağı daha maraqlı biləcəkdin.
Ona görə də özündən sonrakı nəsli nədəsə ittiham etmək ümumiyyətlə absurd məsələdir.
Hər şey yenə də riyazi çoxhədli bənzətməmə gəlir – sol tərəfdəki əmsalların dəyişdiyini bilə bilə sağ tərəfdəki qiymətin eyni qalmasını ummaq düzgün deyil.