Hazırda içində olduğumuz növbəti süni intellekt dalğası dövründə onun haqqında gözləntilər, proqnozlar, qorxular da bir-birindən kəskin fərqlənir. Bu təbiidir, çünki mürəkkəb sistemlərdə növbəti addımların haraya doğru gedəcəyini təxmin etmək çətindir.
Bügün LLM(GPT, Gemini və.s.) modellər çox bacarıqlı şəkildə məqalələr yaza bilir. İstədiyimiz mövzu və açar sözləri verdikdə bizə hazır məqalə, dokumentasiya, xülasə, iş planı, proyekt texniki tapşırığı və.s. təqdim edə bilir.
Bu insanları bir çox rutindən azad edir – bəs bu günə olan ən yaxşı LLM botlarda bu mövzuda çatışmazlıq yoxdurmu?
Var əlbəttə – həm də çox ciddi.
Öncəki nəsil məqalə yaradan süni intellekt botları verilmiş mövzular haqqında malik olduğu cümlələri bərbad şəkildə sinonimlərlə əvəz edərək, yenidən cümlələr toxuyaraq bizə sırıyırdı – ucuz bir təqlid idi.
Hazırki LLM botlar isə bir səviyyə daha dibə enib – artıq cümlələrin yox, fikirlərin təqlidini edir.
Yəni yenə də özü fikir yaratmır, elədiyi yenə də təqliddir. Amma fikirlərin (patternlər – sözlər arasıda münasiblətlər şəbəkəsi) təqlididir deyə real fikirlərlə bir addım daha yaxınlaşmış olub.
Bəs onda problem nədir?
Problem odur ki, əldə elədiyimiz şey təqlid olaraq qalır, içində inisiativ, yaradıcılıq, cəsarətli yenilik edəcək tərəfi yoxdur.
Təbii ki, gündəlik rutin işlərdə saydığım bu insana özəl parametrlər bizə lazım da deyil, ona görə də LLM botların verdiyi nəticə çox faydalı ola bilir.
Amma təsəvvür edək ki, uzun vədədə nəzəri olaraq hər kəs ondan istifadə etsə, məzmun yaradılmasındakı yaradıclıq tam ölər, tamamilə ölü-boz mətn kütləsi əldə etmiş olarıq.
Məzmun yaradılmasını irəli aparan əsas qüvvə insanların özləri ilə gətirdiyi xətalı-xətasız yeniliklərdir. Öz həyatlarından olan epizodların təsiri, assosiativ olaraq tamamilə dəxlisiz görünən sahədən ilhamlanmaqdır və.s.
Yəni hər bir yaradıcı insan öz həyatındakı digər sahələrdən gətirir yenilikləri yaradıcılıq tələb edilən işinə.
Dostoyevski sürgündə, həbsxanada illərlə yatmasaydı, öz ölümsüz əsərlərini yarada bilməzdi, çünki əsərlərinin hamısında o keçirdiyi illərdə yaşadığı acıların və şahid olduğu hadisələrin və onlardan təsirlənməsinin böyük rolu olmuşdur.
Çox maraqlıdır ki, növbəti nəsil süni intellekt botları bu problemin öhdəsindən necə gələcək. Elm elə bir şeydir ki, filan şeyi etməyi heç vaxt bacarmayacağıq deməyi hər zaman yanlış çıxarır.
Bir şeyin təbiət qanunları çərçivəsində reallaşmış olduğunu görürüksə, demək ki, onu təkrar etmək də mümkündür, problem çətinlik dərəcəsindədir.