Gələcək barədə proqnozlar çox eşidirik, oxuyuruq – belə olacaq, uçan maşınlar olacaq, robotlar bizi idarə edəcək və.s.
Bu tip proqnozların ciddiyyəti varmı?
Əslində yoxdur. Yəni hər şey ola bilər əlbəttə – amma indi nələrisə hesablayıb proqnoz vermək ciddi bir şey deyil.
İstənilən riyazi formuladan da bilirik ki, uzun 100 hədli bir formula olsa, 100 dəyişən və ya əmsaldan təkcə birini bir vahid dəyişmək sağ tərəfdə alınan dəyəri yüz milyondan dəyişərək sıfır edə bilər. Yəni bu qədər həssas – kəpənək effekti kimi bir şey.
50 il sonra nə olacağı haqqında bugünə qədər əlimizdə olan bütün “əmsalları” və formulanı bilirik – və proqnoz da onun əsasında verilir.
Çatışmayan əmsal və hədlər isə növbəti illərdə olacaq. Yuxarıda da dediyimiz kimi, tək bir əmsal alınan qiyməti alt-üst etmək gücündədir. Bu gündən uzaq gələcəyə proqnoz vermək naməlum əmsalları təqribi bir qiymət verərək bütöv formulanın qiymətini hesablamaq kimi bir şeydir.
Məsələn bu şəklə baxaq:
Təxminən 100 il əvvəl üçün 2000-ci illərin vizyonudur. Poçt daşıma və şəxsi məqsədlər üçün uçan kiçik təyyarəciklər olacaq və məktubları poçtalyon evlərə daha sürətlə çatdıracaq.
İndi 2021-ci ildən buna sadəcə gülərək baxırıq. Amma o zamanın əmsallar və formulaları isə bu çox ağıllı bir proqnoz idi. Bu proqnozu alt-üst edən “naməlum hədlər və əmsallar” nələr oldu?
- İnternet – elektron poçt.
- Uçuşların təhlükəsizliyinin və uçan nəqliyyat vasitələrinin tamamilə fərqli yöndə təkamülü
- və.s.
Mən son illərdə futurologiya üzrə ciddi sayılacaq bir neçə kitab oxumuşam – müəlliflər proqnozları elə qurur elə burcudur ki, “belə də ola bilər elə də, belə olsa belə olar, olmasa olmaz, amma ehtiyatlı olmalıyıq və.s.” – yəni artıq keçmiş təcrübələrdən nəticə çıxarıb çox ehtiyatlı və ümumiləşmiş fikirlər yazırlar.
Ona görə də istənilən halda gələcək barədə proqnoz verildikdə, bu fikrə ehtiyatla yanaşmaq lazımdır.