Struktur baxımdan çox sadə məntiqə əsaslanan, amma buna baxmayaraq milyonlarla insanı çaşdıra bilən bir metod haqqında qısaca yazmaq istədim.
Asimmetrik proqnozlar – nədir bu asimmetrik və nədir bu proqnozlar.
Metod çox sadədir, əsasən fırıldağa, yalana meylli şəxslər tərəfindən istifadə edilsə də, əslində normal reputasiyalı şəxslər tərəfindən də təəssüf ki, istifadə edilir.
Mexanizm belədir:
Proqnoz 1:
Addım 1: Spekulyasiya etmək – Bir şeyin olacağını proqnoz edirsən və car çəkirsən ki, baxın mən dedim, baxarsınız, olacaq.
Yardımçı komponent: Əgər lazımdırsa, sonda bir dənə kiçik ayaq yeri qoyursan ki, əgər filan filan tədbirlər görülsə, bu dediyim şey olmaya bilər bəli, amma böyük ehtimal ki, olacaq.
Addım 2: Həmin şey baş verdikdə “mən demişdim” hay-küyü salmaq. Screeenshot qoymaq. Baxın, mən demişdim.
Həmin şey baş vermədikdə isə bu barədə heç bir şey deməmək.
Əgər sorğuya çəkən, “noldu paşinyan” sualı verən olarsa, o halda, “yardımçı komponenti” göstərib demək ki, mən demişdim axı, olmaya da bilər, filan-filan tədbirlər görüldü deyə, olmadı. Deməli mən haqlı idim yenə də.
Addım 3: Zaman-zaman bunu təkrar-təkrar gözə soxmaq, “mən öncədən demişdim”-çilik etmək.
Proqnoz 2:
Addım 1: Eyni formada.
Addım 2: Eyni formada.
Addım 3: Eyni formada.
…
və sair.
Beləliklə bu sadə, amma içində saxtakarlıq ehtiva edən metoddan istifadə edən sosial media “eksperti” bir neçə ay/il sonra “proqnozları daim doğru çıxan” ekspert ünvanı qazanır.
İndi bu mexanizm üzrə istənilən mövzuları yerləşdirib özünüz yada salın hansı bu tip ekspert tanıyırsınız. Mövzular müxtəlif ola bilər: müharibə, siyasət, kriptovalyuta, internet texnologiyalar, iqtisadiyyat, biznes, koronavirus, idman və.s. nə istəsəniz.
Kiminsə haqqında “proqnozları doğru çıxan” rəyini eşitsəniz, mütləq bu mexanizmi yada salıb, qısa bir yoxlama edin. Düzdür, fırıldağa bir az daha çox meyl edənlər, səhv çıxan proqnozlarını sonradan silə də bilərlər. Amma yenə də, müəyyən müddəti əhatə edən müşahidə belə tipləri rahatca üzə çıxarmaqda kömək edə bilər.
Mövzuya yaxın bir neçə yazı linkini də yerləşdirirəm, oxumaq məsləhətdir: