/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Author: E-Haci

  • Sonrakı ağıl və pandemiya dövrünün qaçırılan fürsəti

    Sonrakı ağıl və pandemiya dövrünün qaçırılan fürsəti

    Məşhur milli frazamızı yəqin bilməyən yoxdur – müsəlmanın sonrakı ağlı.

    Bu elə bir ağıldır ki, hər çətin situasiyada hər zaman hər şeyin ən doğrusunu tapır, amma bircə qüsur var – bu doğru variant hadisə baş verəndən sonra gəlir ağlımıza. Heç bir faydası olmur və bunu sonrakı ağlımız adlandırırıq.

    Sonrakı ağlı indiki ağıla çevirmək doğurdanmı çətindir? Əlbəttə. Sonradan düşünəndə hadisənin sonunu bilirsən deyə ona uyğun düşünürsən və hər şey daha sadə görünür. Və yaxud hadisədən sonra xeyli saat və ya gün keçir və sən bu müddətdə xeyli düşünürsən və daha yaxşı variantlar ağlına gəlir, hansılar ki, qərar vermək üçün cəmi bir neçə saniyə vaxtın olduğuna görə lazım olan anda ağlına gəlməsi çox çətin idi.

    davamı…
  • Qanunauyğunluq axtarma mərəzi

    Qanunauyğunluq axtarma mərəzi

    İnsan adətən qeyri-müəyyənliyi sevmir. İş prinsipini anlamadığı mexanizmlərin ya iş prinsipini anlamağa çalışır, ya da sadə qanunauyğunluq tapıb qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır. Bu qanunauyğunluq uydurma olsa belə, insan özünü rahatca təsəlli edib nəticəyə qane olur. Yetər ki, qeyri-müəyyənlik yox olsun.

    Ta qədimdən bəri təbiət hadisələrinə qarşı uydurulan inanclar məhz bu məqsədlə olub.
    “Bir izahı varsa, bu heç izah olmamasından yaxşıdır” – məntiqi ilə.

    Konspirasiyaların mütləq əksəri, səfsətələr və.s. bir çox şeylərin təməlində də məhz bu problem yatır. Təkamül zamanı sağqalma nöqteyi nəzərindən bu tip inanclar pozitiv rol oynayıb deyə bunlar bizdə var, yoxsa çoxdan ələnib getmişdi. Bəlli ki, təbiət və ətrafla savaş halında yaşayan qədim insan üçün sadə qanunauyğunluqlar özünüqoruma baxımdan faydalı olub. (məsələn qaranlıqda öz-özünə vahimələnin sənə hücum olacağından çəkinmən – sağqalma nöqteyi nəzərindən faydalıdır. Qaranlıqdan qorxub qaranlıq yerlərə çox getməmək insanı müəyyən real təhlükələrlə qarşılaşma ehtimalını azaldır)

    Birdən-birə sıçrayırıq bugünümüzə. Bugünlərdə ABŞ-da baş verən etiraz aksiyalarının səbəbi bildiyiniz kimi, qara dərili vətəndaşın polis tərəfindən öldürülməsi oldu.

    Və dərhal internetdə belə şəkil(lər) peyda oldu (bəziləri zarafat üçün və ya veb saytına əlavə trafik qazanmaq üçün hər zaman belə şeylər uydurur )

    “Simpsonlarda sən demə bu epizod neçə illər öncədən varmış, demək hər şey plan üzrə gedir, gizli qüvvələr hər şeyi əvvəlcədən planlaşdırıb” – bu tip fikirə inanmaq üçün rasionallıqdan nə qədər uzaq olmaq lazımdır, təsəvvür belə etmək çətindir.

    Amma minlərlə insan (heç də hamısı “çox savadsız” kəsimə aid edilməyəcək dərəcədə geniş kütlə) buna inanır və sosial şəbəkələrdə paylaşır.

    Niyə? Təməlində nə yatır? ABŞ nifrəti? Xeyr. Qanunauyğunluq olmasına inanmaq istəyi? Bəli.

    İnsan bu dünyada bir nizamın, kontrolun olmasını içdən arzu edir – nəinki xaos ilə hər şeyin mürəkkəb və idarəolunmaz təsadüflər nəticəsində ortaya çıxmasını.

    “Masonlar bunu 100 il əvvəldən planlayıb” tipli cəfəngiyyata inanan şəxs masonlara nifrət etdiyini düşünsə də, içində rahatlıq tapır ki, hər şeyi idarə edən biriləri var və deməli hər şey idarəedilə biləndir.

  • Yeni formatda bloq yazıları

    Təxminən bir illik fasilədən sonra bloq yazıları yazmağı bərpa edə bildim. Keçən bir il ərzində bloq yazma istəyi azalmamışdı, sadəcə necəsə alınmırdı. Az qala hər həftə yadımda düşdüyü, mənim üçün aktual qaldığı halda.

    Bir il müddət keçməsi isə daha ciddi bir təkan oldu ki, nələrsə edim.

    Bloq yazmaq istəyim var, amma yazmıramsa, özümü buna məcbur da etmək istəmirəm. Demək ki, ortada bir yanlışlıq var, onu aradan qaldırmaq lazımdır.

    Bu yanlışlıq da fikrimcə uzun yazılara yetərincə diqqət və zaman ayıra bilməməyim + bu səbəbdən gec-gec yazmağım = nəticədə də vərdiş olmaqdan çıxması.

    Bu səbəbdən də, yeni formatda yazılar ilə davam etmək qərarına gəldim – artıq sosial şəbəkə statusları tipində, qısa-qısa da olsa yazmağı düşünürəm.

    Əsas odur, yazı bitkin bir fikri ifadə etmiş olsun. Həm özümü ifadə etməklə, fikrimi yazı ilə ifadə etməklə özümə faydası olsun, həm də maraqlı bilib oxuyan şəxslərə.

    Niyə sosial şəbəkədə yox, burada? Bu barədə 2012-ci ildə yazmışam. Və əlavə də olaraq deyim ki, sosial şəbəkə aktual olan nələr üçünsə faydalı platforma olsa da, dəyərli ola biləcək məzmun üçün qəbiristanlıq deməkdir. Göz görə-görə çox yaxşı yazılar yazılır, 100-500 like toplayır və sonra da qeybə çəkilərək gedir. O məzmundan bir daha heç kim yararlana bilmir.

    Müstəqil bloq platformasının isə axtarış motoru və digər vasitələrlə daim yeni oxucuları olur. Bəzən 10 il əvvəl yazılmış faydalı bloq yazısı belə oxuduğumuz olur.

    Ona görə də bloqa davam. Yeni formatın necə effetiv olacağını isə qarşıdakı bir il göstərəcək.

  • Tarixə emosional baxış və zaman maşını

    Tarixə emosional baxış və zaman maşını

    Məktəb illərindən bəri özümün də dəfələrlə yaşadığım və əminəm ki, az qala hər kəsin yaşadığı maraqlı bir fenomen var – keçmişdəki tarixi hadisələrə baxıb hansısasa təəssüf, qəzəb hissi keçirmək.

    Çoxdur belə hadisələr,

    • Babək hərəkatı
    • Çaldıran döyüşü
    • Gülüstan və Türkmənçay müqavilələri,
    • 1918-ci il ADR-in qurulması və 1920-ci ildə işğal edilməsi.
    • 1937-ci il repressiyaları
    • İkinci dünya müharibəsində iştirakımız
    • Qarabağ müharibəsində baş vermiş ciddi siyasi səhvlər və bunun nəticəsində olan itkilər
    • və ya bir şəxsin öz ideologiyasına məxsus qüvvələrin hansısa zamanda məğlub olması

    və.s.

    Bunların hər birinə indidən boylanaraq keçmişə baxaraq hansısa hisslər keçirə bilirik.

    Kaş ki… ilə başlayan o qədər cümlə qura bilərik ki.

    – Kaş o vaxt ADR işğal edilməyəydi, indi daha firavan bir ölkədə yaşayardıq.
    – Sovet olmasaydı indi daha yaxşı ölkə olardır.
    – 37-ci ildə xalqımızın ən qaymaq təbəqəsini məhv etdilər. Yoxsa indi hər şey başqa cür olardı.
    – Səhl ibn Sumbat o vaxt Babəki satmasaydı indi hər şey başqa cür ola bilərdi
    və.s.

    Bu fərziyyələrin bir çoxunun məntiqli olmasına şübhə etmirəm.

    Amma gəlin, bir fikir eksperimenti edək, görək, biz bu fərqli ssenariləri doğurdan istəyə bilərikmi?

    İndi fərz edək ki, sənə bir zaman maşınını idarə etmək səlahiyyəti verilib. Bu maşının keçmiş zamana qayıdıb məhz indi baxıb təəssüfləndiyin bir hadisəni dəyişmə gücün var. Müvafiq düyməyə sıxıb bunu etmək istədikdə isə qəflətən sənə aydın olur ki, keçmişdəki bu acı verən hadisəni tarixdən çıxarıb, daha yaxşı ssenariyə səbəb olmaqla bərabər sən həm də özünü yox etmiş olursan.

    Yəni, sən, bütün ağrısı ilə acısı ilə, faciəsi və səhvləri ilə olan bir tarixin ssenarisinin gətirdiyi təsadüflər zəncirinin bəhrəsisən. Keçmişdəki istənilən kiçik mikro(kəpənək effekti) və ya makro dəyişiklik sənin dünyaya gəlməmən demək olacaq. Yəni yenilənmiş dünyada sən olmayacaqsan.

    Tutaq ki, sən 1990-cı ildə dünyaya gəlmisən – ata və ananın, nənə və babalarının harada və zaman dünyaya gəlməsi, bir-biri ilə hansı şərtlərin nəticəsində tanış olması, evlənməsi və.s. kimi ardıcıllığı düşün – görəcəksən bu yalnız və yalnız keçmişin məhz indiki keçmiş olması halında mümkün olacaqdı. Yəni, məsələn, Sovet qurulmasaydı, indi sən fərd olaraq dünyada yox idin.
    Çünki sənin dünyaya gəlmə ssenarində sovetin qurulmasının gətirdiyi hadisələr və şərtlər zənciri rol oynayır. (bu, fikri eksperimentdir deyə, “keçmişi dəyişsək paralel bir gələcək yaranar, indiki ssenari heç bir halda dəyişməz” kimi fərziyyələrə bu məsələmizdə yer vermirəm)

    Maraqlıdır, belə olan halda nə qədərimiz tarixdə keçmişə qayıdıb bizi mənəvi əzab verən keçmiş bir xalq faciəmizi dəyişib daha yaxşı ssenari ilə davam etməyə razılıq verər?

  • Yerli Banklarda Plastik Kart Statistikası

    Yerli Banklarda Plastik Kart Statistikası

    Yadımdadır, təxminən 9 il əvvəl ilk dəfə layihələrimizdən birinə online ödəmə imkanı qoşduğumda istifadəçilərdən gələn suallar, məlumatsızlıq və.s. gördükdə düşünərdim ki, görən neçə il çəkəcək ki, insanlar tam nəqd ödənişmiş kimi rahatlıqla online ödənişlər edə biləcəklər.  O zamanlar plastik kartı olanların sayı (əsasən əmək haqqı kartları) elə də az olmasa da, bundan online ödənişlərdə istifadə sayı çox aşağı idi.

    Aradan 9 il keçdi , çox şey dəyişdi. Əlbəttə, yenə də qaneedici deyil. Nəqdsiz ödənişlərin ümumi ödənişlərdəki payı hələ də çox aşağıdır.

    Nəqdsiz ödənişlərin artmasında iki tərəf xüsusi maraqlıdır. Dövlət – daha rahat vergi nəzarəti edə bilmək üçün. Elektron ticarət və xidmətlərlə məşğul olan sahibkar – fiziki ziyarət olmadan müştərilərdən ödənişi qəbul edə bilmək üçün.

    Elə buna görə də yəqin ki, çoxunuzun da bildiyi kimi, bir neçə ay əvvəl Mərkəzi Bank stimullaşdırıcı lotereya keçirirdi, belə ki, 5 azn-dən çox nəqdsiz ödəniş edən istifadəçi bir pay lotereya şansı bileti qazanmış olurdu, sonda bu tranzaksiyalar arasında lotereya keçirib qalibləri elan edirdilər. Hədiyyə 50 azn, qalib sayı 3*600=1800.

    Məlumatlar publik-dir deyə bu məlumatlar üzərində kiçik bir analiz edib paylaşmaq qərarına gəldim.

    davamı…
  • Keyfiyyət və qiymətin önəmi – taksi və daşıma xidmətləri

    Keyfiyyət və qiymətin önəmi – taksi və daşıma xidmətləri

    Bugün Azərbaycanda hamımısın bildiyi iki sahə haqqında bir müşahidəmi yazacam – o sahələrdə ki, çoxsaylı kiçik və orta bizneslər azad rəqabət aparır:
    taksipoçt daşıma xidmətləri.

    Azad bazar şəklində fəaliyyət göstərən taksi şirkətləri biznesində vəziyyət yəqin hamıya məlumdur. İnanılmaz dərəcədə düşən qiymətlər, artan taksi şirkətləri.
    narazı qalan taksistlər və.s.

    Bu reallığa ən çox təəccübləndiyim reaksiya bu tip reaksiyalardır: “azad rəqabət belə olmamalıdır, bizimkilər bunun da zayını çıxardılar və.s.”

    Azad bazar, rəqabət elə budur da. Qəddar və uyğunlaşabilənlərin sağ qaldığı, qalanların isə məhv olduğu bir təkamül prosesi.
    (Yeri gəlmişkən, təkamül nəzəriyyəsi haqqında işlədilən güclülər sağ qalma məsələsi doğurdan da yanlışdır, güclü əvəzinə uyğunlaşabilən işlədilməlidir.
    Təkamül prosesində uyğunlaşa bilməyən güclü rahatca məhv ola, uyğunlaşa bilən bir az zəif isə rahatca sağ qala bilir
    )

    davamı…
  • Əzbərçi iç düşmən

    Əzbərçi iç düşmən

    Bir çox fikir var ki, doğruluğu haqqında heç bir real bilgin olmasa da, doğru olmasına inamın tamdır və bunun sənin üçün törətdiyi əngəllər, verdiyi zərərlər, qərarlarında oynadığı rol haqqında təsəvvürün belə yoxdur.

    Bir çox fikir də var ki, doğruluğuna heç bir şübhən olmasa da, orada-burada təkrar-təkrar o qədər eşidirsən ki, adiləşir və bu fikrin təşviq etdiyi icraatlar çətinləşir. Bir növ mənbəyini unudursan, fikir sadəcə söz olaraq qalır, hər hansı batini əhəmiyyət daşımır.

    Ona görə də bəzən olur ki, hansısa self-development və ya psixologiya, biznes və.s. qeyri-bədii kitabını oxuyanda, sənədli filmini izləyəndə, hansısa spikeri dinləyəndə və.s. bu tip rəylər səsləndiririk: “bu kitabda/filmdə əslində bilmədiyimiz heç nə yox idi, bildiyimiz şeyləri deyir, sadəcə maraqlı və fərqli tərzdə ifadə edir, fərqindəlik yaradır – danışılanları arasında bilmədiyim heç bir şey yoxdur, amma bu danışılanlar çox faydalı göründü mənə – fikirlər arıcıl şəkildə, daha yaxşı düzüldüyü üçün, daha maraqlı anlatdığı üçün, səbəb-nəticələri daha yaxşı əlaqələndirdiyi üçün …”

    Deməli bəyəndiyimiz bu yazı/nitq bir növ beynimizdə mövcud olan hansısa passivləşmiş bilgiləri “refresh” etmişdir.

    davamı…
  • Müasir smartfonlarda əsas trendlər və seçim meyarlarımız

    Müasir smartfonlarda əsas trendlər və seçim meyarlarımız

    Tez-tez dost-tanışlardan smartfon seçimi ilə bağlı suallar eşidirəm deyə, qərara gəldim ki, hazırki smartfon bazarındakı ümumi vəziyyət haqda bir bloq post yazım. Alarkən nəyə fikir veririk, nəyə vermirik, nəyə verməliyik bunları punktlar ilə qeyd edim.

    davamı…
  • Məsləhətli podcast kanalları

    Məsləhətli podcast kanalları

    Bir neçə ay öncə Podcast və Audio kitablar barədə yazdığım bloq yazısında bu iki səsli materialın bizə necə faydalı ola biləcəyindən bəhs etmişdim.

    İstənilən məşğulluqda olan adam gündəlik qrafikinə podcast və ya audio kitab dinləməyi daxil edə bilər. Məsələn yolda, metroda, avtomobildə və.s. olarkən.

    Bugünkü yazımda isə öz məsləhət bildiyim bir neçə podcastı sizinlə paylaşıram.

    Paylaşmadan öncə də “Podcast-ları harada dinləyə bilərik ki?” sualına da cavab yazım ki, qaranlıq məqam qalmasın.

    Android – Spreaker, yaxud Google Podcasts kimi app-lardan birində. (Spreaker daha çoximkanlıdır, Google Podcasts isə daha yaxşı kəşfetmə, məsələhətli kanallar təklif etmə özəlliyinə sahibdir)

    IOS – iPhone-larda hazır qurulu olan Apple Podcasts. Yaxud da hər hansı digər populyar app-da, məsələn The Podcast App

    App-lardan birini qurduqdan sonra sıra gəlir məsləhətli bir neçə kanal əlavə etməyə. Sonra artıq proqramlar özləri də sizə Explore və ya Discover bölməsi ilə yeni-yeni kanallar məsləhət görəcəklər.

    davamı…
  • Asan yanıl(t)malar

    Asan yanıl(t)malar

    Bizə nəsə satmaq istəyənlər ( = bizdən nəsə qoparmaq istəyənlər) bunu daha yaxşı edə bilmələri üçün bizi daha yaxşı tanımalıdırlar. İnsan beyninin necə çalışmasını elmi, empirik və ya məntiqi şəkildə çözə bilmək bizə nəsə satanların uğur qazanma şanslarını artırır. 

    Hər şey razı salmaq üçün

    İstehlakçılar olaraq hər daim hədəfdəyik, hər yerdə hər gün hansısa xidmət və ya məhsulu almağa inandırılmaqdayıq.

    Bu ayrı bir ixtisaslaşma və şaxələnməyə malikdir – marketinq, reklam, brend yaratmaq, müştəri məmnuniyyəti və.s. və ilaxır.

    Nə isə, mövzumuz bu yox, haqqında bəhs etdiyim fəaliyyətlər baş verərkən bizləri asanlıqla yanıldan hallardır. 

    Ümumən bizim nəyisə almağa razı salınmağımız üçün bəsit bölgü ilə 3 metod qrupu saya bilərik: 

    • hisslərimizə , ehtiyaclarımıza, psixoloji durumumuza, məntiqimizə və.s. çağırışlar edərək normal deyə biləcəyimiz inandırma metodları. 
    • yalan danışmaqla, aldatmaqla olan inandırma metodları. 
    • və yuxarıdaki iki kəskin koloritli istiqamətdən fərqli olan, onların hardasa arasında duran bir istiqamət – yanıltma metodları. Elə bu sonuncudan bir az danışmaq istəyirəm.
    davamı…