Musiqi, yoxsa audiokitab, yoxsa podcast?

Bu yaxınlarda bir tanışın tvitində smartfonlar barədə danışarkən “smartfonda musiqi, audiokitab, podcast dinləmədən necə yaşamaq olar?” tipli yarı-zarafat tvitini görmüşdüm.

Bu mənə çoxdandır yazmaq istədiyim bir mövzunu xatırlatdı, elə ona görə də bir az bu barədə danışım, ümid edirəm ki, faydalı olar.

İlk öncə “smartfon və qulaqcıq istifadə etməklə insanlar … dinləyirlər?” suallarına cavab verək.

–  nə dinləyirlər?

Əlimizdə statistik rəqəmlər olmasa da, yəqin 95%-dən çox şəxsin musiqi dinlədiyini cəsarətlə deyə bilərik. Digər kiçik qisim isə audiokitab(hər hansı kitabın səslənişindən ibarət audio fayl), podcast, radio veriliş, xəbər və.s. dinləyə bilmiş ola bilər.

–  harada dinləyirlər?

Əsas etibarilə, yollarda (ev-iş, ev-dərs, ev-hər hansı başqa bir məntəqəyə olan yol və.s. – marşrutda, taksidə, piyada yol gedərkən), iş görərkən, evdə istirahət edərkən və.s.

– niyə dinləyirlər?

Burada artıq cavablar haçalanır. Məs. musiqi dinləyənlər – boşluq doldurmaq, zövq almaq, öyrəşikliyin tələbini ödəmək və.s.

Yaxşı, musiqi dinləməyin payı bu qədər böyük olmalıdırmı? Musiqi insan həyatında doğrudanmı bu qədər çox yer tutmalıdır? Nə qazanırıq, nə itiririk?

İlk öncə tələb-təklif aspektindən girək:

Məlum məsələdir ki, müasir cəmiyyətlərdə bəzi sənaye sektorları var ki, təklif tələbdən doğmur, əksinə, ilk öncə təklif olur, sonra insanların kobud desək, beynini yuyaraq onların bu təklifə əslində tələbləri olduqları təbliğ edilir ( “elmi” məqalələrlə, reklamlarla, influencer şəxslərin təşviqi ilə və.s.).

Tipik 2 nümunə:

  • Məsələn diş pastası yetmir, ağız və dil təmizləyicisi adlı tələb də uydurulur. Diş pastası yaxşıdır, dişlərinizi qoruyur amma, ağızda qorunmayan bölgələr varmış, buyurun hər gün bu mayeni alıb qarqara edin, əla olacaq.
  • İşinizdə, dərsinizdə daha məhsuldar ola bilməniz üçün hər gün qəbul edilməli olan vitamin dərman.
  • Enerji içkisi – az qala 99%-i şəkər və sudan ibarət olar zərərli bir şey üçün “cool” imici yaradılır (bunu içmədən işləyə bilmirəm kimi cəfəngiyyat əzbərlər, bu əzbərlərin doğurduğu “həqiqətən təsir edir” plaseboları), reklamlar vasitəsilə hədəf kütlə inandırılır – və buyurun, əlində ətirləndirmiş şərbət bankası olan gənclər küçədə onu içərək qanadlana-qanadlana yol gedirlər.

Qayıdaq mövzumuza. Uzun illərdir olan müşahidələrimdən bu qənaətə gəlirəm ki, musiqi sektorunda da vəziyyət eynidir.

İnsanların ruhunu oxşamaq, istirahətlərini təmin etmək, janrına uyğun hisslər yaşatmaq kimi funksiyaları olan musiqi bu gün tamamilə nəhəng şirkətlərin əlində sənayeləşərək insanların gün ərzində bütün boşluqları doldurmalı olan ehtiyac kimi təşviq edilir. Nəticədə yuxarıda dediyimiz kimi hər fürsətdə musiqi dinləyən kütlə – və bu kütlənin “tələbini” ödəyən Sənayə – Apple Music, Spotify, Youtube Red, Google Play Music, Amazon Prime Music və.s. yaranıb.

Normalda musiqini istehsal edənlər (xidmət göstərənlər, ifaçi, müğənni, production team-də olan onlarla peşə sahibi və.s. və bunların idarə olunduğu şirkətlər) və istehlakçılar arasında artıq böyük güclər dayanıb və xidmət onlar üzərindən həyata keçir. Onlara isə təbii ki, sənin “kefimə düşəndə xoşladığım musiqiləri dinləyirəm” ayarlanman lazım deyil, onların ehtiyacını qarşılamaq üçün sən musiqini gündəlik istehlak etməlisən.

Bu gedişata etiraz etmək fikrində deyiləm. Bunun qarşısında dayanıb insanlara, dayanın, yanlış iş görürsünüz, vaxtınızı israf etməyin demək də mənasızdır, nəhəng kütlə qarşısında 1-2 fərdin nəsə deməsi Sizif əməyidir. Məqsəd formalaşmış musiqi sənayesinə qarşı mübarizə də deyil. Musiqi sənayesi digər qonşuları kimi daimi təkamüldən keçir və illər ərzində dəyişə-dəyişə gedir. Bu öz yerində.

Tək məqsəd bu bloq postu oxuyan və hər gün musiqi dinləyən məhdud sayda insanlara “fərqində olmaq” siqnalı ötürmək və musiqi dinləməklə doldurduqları o boş zaman kəsimlərini musiqi ilə yanaşı daha faydalı şeylərlə doldurma şanslarının olduğunu deməkdir.

Gəlin iki şərti model şəxs var sayaq və o sözügedən zamanlarını nəyə sərf edir, görək:

Birinci şəxs:

O, işləyir. Həftədə 6 gün işə gedib gəlir. İş-ev, ev-iş yoluna gündəlik saat yarım vaxt sərf edir. Bunun yarım saatı piyada, 1 saatı isə nəqliyyatda keçir.

Onun telefonunda musiqi proqramları, abunə olduğu musiqi xidməti, əlavə olaraq telefonunun yaddaşında da sevdiyi 100-200 musiqi faylı var.

O, işə gedərkən səhərlər və qayıdarkən axşamlar sevdiyi musiqiləri və ya online musiqi radio kanallarını dinləyir.

Nəticədə nə əldə etmiş olur?

Bir ilə 1000-lərlə dinlənilmiş musiqi.

İkinci şəxs:

O, işləyir. Həftədə 6 gün işə gedib gəlir. İş-ev, ev-iş yoluna gündəlik saat yarım vaxt sərf edir. Bunun yarım saatı piyada, 1 saatı isə nəqliyyatda keçir.

Onun telefonunda musiqi proqramları, telefonun yaddaşında da sevdiyi 100-200 musiqi faylı var.

Onun telefonunda Podcast dinləmə proqramları da var. (Podcast dinləmək üçün – Androiddə: 1, 2. IOS-da 1 və ya Apple-in öz ön-qurulu itunes app-ı)

Onun telefonunda həmçinin 2 audiokitab mp3 faylı da var.

O, işə gedərkən səhərlər audiokitab dinləyir.
Ortalama audio-kitab uzunluğu 6-10 saat arası olur, səslənmə sürətini bir az artırmaqla bunu 4-6 saata düşürmək olar.  Ayda 25 gün işə gedən Əli beləliklə bir ayda işə getməyə 18 saatdan bir az çox vaxt sərf edir. Dinləmədiyi günləri (məsələn dostu ilə birgə getdi deyə yolda söhbət eləmiş oldu) çıxanda qaldı 15 saat. Bu ona imkan verir ki, bir aya 3 kitab dinləmiş(=oxumuş) olsun. Bu isə ilə 36 kitab edir. 36! Bu isə dünyanın ən çox kitab oxuyan ölkələrindəki orta statistik kitab oxuyanın göstəricisindən belə üstündür. Bu təkcə dinləməklə olan ədəddir, evdə boş zaman olanda oxunan az sayda kitabı da üstünə gəlsək, edir ilə 45 kitab.

O, işdən evə qayıdarkən podcast dinləyir. Podcastların janrı müxtəlifdir – şəxsi inkişaf, biznes qurmaq, iqtisadi analizlər, astronomiya barədə və.s. kanallar mövcuddur. Yeni yayımlar olduqca seçir və dinləyir.

Bəzən isə işdən evə qayıdarkən beyni hər hansı informasiyanı qəbul edəcək enerjidə olmur, yorğunluq buna imkan vermir – bax, o zaman, o musiqi dinləyir. Sevdiyi və əhvalına uyğun janrda.

Nəticədə nə əldə etmiş olur?

Bir ilə 45 dinlənilmiş (əxz edilmiş) kitab  – Bunlar faydalı bilgi və inkişaf xəzinəsi olan müəllif kitabları + beynin yaradıcılıq potensialını hədsiz şəkildə artıran klassik və ya müasir bədii kitablar.

100-lərlə podcast – radionun, tv-nin ötürdüyü xaotik və zərərli informasiya axını əvəzinə öz seçdiyi və ona xoş, onu yormayan, amma eyni zamanda çox faydalı olan informasiya.

100-lərlə musiqi – lazım olan anda, zamanda zövqu oxşayan dəqiqələr.

Əgər siz, “birinci şəxs” kateqoriyasına daha çox uyğun gəlirsinizsə, sadəcə sınayın “ikinci şəxs”  kimi etməyi. 1-2 ay.
Müxtəlif fərqli janrda kitab, podcastlar sınayaraq, axtarışda olaraq. Əsas odur 1-2 ay səbr edib öz ritminizi tutmağı bacarasınız. Gerisi su kimi axacaq və həyatınızın ayrılmaz hissəsinə çevriləcək.

Əgər buna qərar verdinizsə, bildiyiniz dilə uyğun axtarışa çıxın, istər audiokitablar, istərsə də podcastlar internetdə sizi gözləyir. (Türkiyə türkcəsində, rusca, ingiliscə – hansı sizə daha çox uyğundursa)

Bonus: Eyni sözlər şəxsi avtomobili olanlara da aiddir, müntəzəm idmanla məşğul olanlara da. Gündəlik şəxsi avtomobildə keçirilən 1-2 saatı musiqi və radio kanal ilə yox, audiokitab (əgər diqqəti yayınmırsa – bəzi şəxslər sükan arxasında rahatlıqla kitab dinləyə bilir, bəzi şəxslər də var ki, fikirləri yayınır. Fikirləri yayınanlar sükan arxasında təbii ki, audiokitab dinləməməlidirlər.) və ya podcast-lar ilə keçirsəniz, 1 ilin sonunda həm rəqəmlə götürəndə, həm də özünüzün aşkar hiss edəcəyiniz dərəcədə inkişaf hiss etmiş olacaqsınız.

P.S. Ən əsas məsələni də unutmayaq ki, qulaqcıqla olduğumuz zaman ətraf aləmlə təmasımız zəifləyir və bu bəzən həyati təhlükələrə gətirib çıxara bilər. Nəsə pis bir şey olandan sonra peşman olmaqdansa, indidən maksimum diqqətli olub sağlıqlı qalmanız diləyilə…

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

2 Replies to “Musiqi, yoxsa audiokitab, yoxsa podcast?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir