Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları

Yazım qeyri-bədii kitabların seçim və oxunması prosesi haqqındadır.

Daha dəqiqi, hansı kitabları oxumaq, hansı kitabları oxumamamaq lazım olduğu haqqında.
Bir nisbi təcrübəli oxucu olaraq.

Son 10 illik kitab seçimim, ələkdən keçirmə proseslərinin təkamülünün nəticəsi haqda uzun uzadı danışmaq olar.

Məsələn, kitabın adı, müəllifin bioqrafiyası, kitabın kiçik təsvirdəki iddiası və.s. ilkin informasiyalardan yola çıxaraq “bunu oxumağa dəyərmi” nəticəsi çıxarmaq.

Bu gün bu mövzuda ən vacib məqamlardan biri haqqında – müəllifin şəxsi fəaliyyəti və kitabın mövzusuna baxaraq keyfiyyət haqqında qərar vermək – haqqında qısaca yazıram.

Bu günlərdə çox hörmət bəslədiyim müəllif N.N.Taleb-in “Skin in the game” kitabını oxuyurdum. Məhz bu kitabı oxuyarkən yadıma kitab seçimi mövzusu da düşdü deyə bu barədə bloq yazısı yazmağa qərar verdim.

Skin in the game – Sənin cildin (bədənin) oyunun içində – və ya hərfi tərcümə etməsək – əlini daşın altına qoymaq – anlamında, ilk dəfə məşhur milyarder Warren Buffet tərəfindən səsləndiyi güman edilən bir fikirdir – filtrdir.

.

İlk baxışdan çox-çox sadə səslənən, amma praktikada möcüzəvi dərəcədə faydalı olan bir ələkdir(filtrdir).

Kitablara keçək.

Necə milyoner olmalı,
Birjada necə milyonlar qazanmalı,
Sağlam olmağın 7 sirri,
Varlı olmağın 3 sirri,
Xoşbəst olmağın 101 qaydası,
və.s.
Bu adda saysız hesabsız kitablara yəqin ki, orada burada rast gəlmisiniz. Saymaqla bitməz, içlərində bestsellerə çevrilmişlər də var, heç kimin yaxına buraxmadıqları da.

Zaman-zaman şəxsi inkişaf, biznes, psixologiya və.s. digər non-fiction kitabları rəylərə, məşhurluğuna, təsadüfi rastlantıya və.s. meyarlara əsasən seçib oxumuşam, ümumi sayları asanlıqla 100-ü aşar. İçlərində oxumağa dəyənlər də olub, vaxt israfları da olub, şedevrlər də olub, 99%-i lazımsız, 1%-i isə əla bir şey öyrətmiş olanlar da.
Bəs formalaşmış təcrübə mənə nəyi öyrətdi, keyfiyyətsiz olanların öncədən bilinən ortaq əlamətləri varmıymış?
Bəli, varmış.

Keyfiyyətsiz kitablar əsasən “skin in the game” sadə qaydasına uymayan müəlliflərin kitablarıdır.
Nədir bu kontekstdə “skin in the game“?
Bu kontekstdə “skin in the game” müəllifin şəxsi praktikası, fəaliyyəti ilə kitabda yazılanlar arasında əlaqənin olması. Bu əlaqədəki təcrübə, yaşananlar baş verərkən müəllifin müşahidəçi və ya iştirakçı olmasıdır.
Daha sadə danışaq:
1-ci növ: Əgər bir biznes sahibi, sıfırdan bir biznes qurubsa, bu biznesi qurarkən yaşanan riskləri birbaşa özü yaşamışsa, təhlükələri birbaşa özü görmüşsə – o şəxsin birbaşa özünün yazdığı kitabın əhəmiyyəti ola bilər.
2-ci növ: Əgər bir müşahidəsi – Elon Musk-ın uğurunun sirri, Steve Jobs əslində necə dahiyə çevrildi və.s. kimi mövzularda yarı bioqrafik, yarı biznes janrında kitab satırsa – bu kitaba bir saniyə belə sərf etməyiniz ciddi zaman itkisi ola bilər. Təbii, siz əgər sadəcə motivasiya, qaz verən kitab axtarırsınızsa, sizə lazım olan təkcə budursa, əlbəttə, 2-ci növ kitablar da sizə faydalı ola bilər, o heç.

Məsəlçün, Henry Ford-un, Wallmart-ın banisi Sam Walton-un bioqrafik, məşhur psixoloq Daniel Kahneman-ın təcrübi biliklər toplusu olan kitablarını oxumağa dəyər, niyə, çünki prosesi birbaşa özü yaşamış, riskləri özü gözə almış şəxsin mövqeyini oxuyursunuz.  Kənardan ancaq öncədən təyin etdiyi ssenariya uyğun faktları seçərək(təhrif edərək), özünə sərf edən, çox satmağı qarantiləyən hekayələr quran uğur hekayələri kitabları isə sizə motivasiyadan, qazdan (bəzən də zərərli) başqa nəsə verməyəcək.

Bir daha təkrar edirəm, əgər bir işə başlamaq üçün cəsarət, motivasiya axtarırsınızsa, o halda bestseller “how to…” kitabları sizə kömək edə bilər, sizi yerininizdən tərpədəcək cəsarəti verə bilər. Amma sizə nəsə öyrədə bilməz.

Çünki “skin in the game” riskini yaşamamış  mühazirəçilər, konsultantlar, kouçlar(coach), uğur hekayələri toplayanlar “cherry picking” ilə toplanan informasiyanı sizə ötürürlər, hansı ki, bu informasiyada ciddi natamamlıq, öncədən təyin edilən qəlibə məcburi uyğunlaşdırma, təhriflər və.s. var. Bu isə beyninizə ciddi yanlış nəticələrə gətirib çıxaran zərərli bilgilər yeridə bilər.

Yaxşı, bəs, prosesi öz ağrısıyla, acısıyla, sevinciylə yaşamış şəxslərin özlərinin qələmə aldığı kitablar həmişə faydalıdırmı?

Bu suala birmənalı cavab vermək olmaz. Bu tip ciddi sayılan kitablarda belə yanlış yönəlmələrə səbəb olacaq bilgilər ola bilər.

Bu bilgiləri isə bir neçə məşhur yanılma növləri haqqında oxumaqla, rahatlıqla önləyə bilərsiniz. Bir neçə vacib olanın adını burada çəkirəm, əgər məlumatınız yoxdursa, wikipedia köməyə çata bilər.

  • Survivorship bias – Sağqalma yanılması.  Əgər oxuduğunuz kitabda müəllif qəhrəmanının risklər alaraq sonda necə milyardlıq şirkət qurduğunu danışırsa  – bu əsla və əsla o demək deyil ki, o müəllif uğur qazanmanın universal sirrini bilir. Unutmaq olmaz ki, eyni şeyləri edən minlərlə başqa şəxslər uğur qazana bilməyib. Survivorship bias da elə bu deməkdir, minlərlə uğursuz haqqında heç kim yazmır, bir dənə uğurlu haqqında mətbuat yazır, insanlar danışır, kitablar dərc edilir – və nəticədə mində bir şansı olan bir biznes sizə birdə bir şans kimi görünür. Elə təsəvvür edin ki, bir nəfər lotoreyada cek pot udur və cek potu necə udduğunu danışır  – tərəddüd edirdim, inanmırdım ki udam, bir səhər qərar verdim ki, alım şansımı sınayım, durdum getdim kioskdan 5 dənə bilet aldım. Və axşam canlı yayımda məlum oldu ki cek potu mən uddum. – Uğur hekayələrinə necə də bənzəyir, deyilmi? Bu yanılmanı aşmanın çox sadə sirri var – heç bir uğur hekayəsi sizə uğur qazanmaq haqqında universal bir şey öyrədə bilməz. Maraqlandığımız mövzuda uğurlu proyekt haqqında nəsə oxuyuruqsa, axtarıb tapıb, uğursuzlar haqqında da oxumaq lazımdır. Onda obyektiv mənzərə canlanmağa başlayacaq.
  • Confirmation bias – Təsdiqetmə yanılması. Öncədən formalaşmış yanlış nəticəyə uyan səbəblər axtarmaq. Yəni tutaq ki, sizdə inam var ki, qızıl biznesinə girsəniz uğur qazanarsınız. Bu haqda məlumat almaq üçün gedib qızıl biznesində uğur qazanan bir şəxsin kitabını oxuyursunuz və içinizdəki əminlik daha da möhkəmlənir – bax doğru düşünmüşəm, kitab da bunu deyir. Halbuki obyektiv araşdırma etmək istəsəydiniz, əks fikirdə olan bir kitab axtarardınız, və ya digər sektorlarda uğur qazanma haqqında kitab oxuyub müqayisə edə bilərdiniz.

Bu dediyim əsas yanılmaların fərqində olaraq oxunan, birbaşa riski yaşamış insanların özlərinin nəsə öyrətməyə çalışdığı kitablardan parça-parça, komponent-komponent, damla-damla ciddi biliklər, həyatınızda faydalı olacaq biliklər toplamaq mümkündür.

Sonda gəldiyim nəticəni bir daha qısaca təkrar edirəm:

Əgər oxuyacağınız kitabdan sadəcə motivasiya, cəsarət  almaq istəyirsinizsə, o zaman buyurun, bestseller olmuş “howto”, “özünə inan”, “özünü tanı”, “uğurlu adamların 7 sirri” şəxsi inkişaf və uğur hekayələri oxumaq olar.
Yox əgər işin həqiqət layına enib çətinliklərilə, əziyyətləri ilə real təcrübə və biliklərlə tanış olmaq istəsəniz – o halda həyatını bu işə vermiş, bu prosesdə əziyyət çəkmiş, RİSKLƏR YAŞAMIŞ(ən önəmli cəhət məzh budur), danışan yox, iş görən şəxslərin kitablarını oxumaq olar.

Nədir danışan iş görənin fərqi. – Danışan odur ki, danışdığı mövzunun ona isti-soyuğu yoxdur, sadəcə məlumatı toplayıb, öyrənir, müşahidə və analiz edir və.s. sonda da maraqlı hekayətə çevirib kitab şəklində satır.  İş görən isə odur ki, nəticəsi öncədən bilinməyən (= risk daşıyan) işə girib, enişli yoxuşlu yoldan sonra ümumi təcrübi biliklərə sahib olub.

Bu yazı barədə maraqlı bir rekurent cəhəti də qeyd edim:
Bu yazını yazmağa və bu barədə hansısa məsləhəti verməyə ixtiyarım ona görə çatır ki, məhz bu mövzuda “Skin in the game” prosesini yaşamışam, yəni nəticəsi öncədən bəlli olmadan oxu prosesinə başlayıb mənasız, mənalı, ortabab və.s. kitablar oxumuşam.  Yəni tutalım, öncədən, təcrübəli bir bələdçi köməyilə ancaq ən yaxşı kitabları oxumuş olsaydım, bu mövzuda danışmağa haqqım olmadığını düşünərdim.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

One Reply to “Əlini daşın altına qoyanlar və fərdi inkişaf kitabları”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir