Əsas sual: Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Cavab hə isə davam edək.
Ön qeyd: Bu yazı əsasən İKT sahəsinə aid olmayan Azərbaycan internet istifadəçiləri üçün daha çox məsləhətlidir, əgər siz İKT sahəsinə aidsinizsə, mövzunun bir qismi və ya böyük hissəsi sizə asan və məlum məsələlərdən bəhs etmiş ola bilər. Amma məlumat xarakterli hissələrlə yanaşı yazıda şəxsi yanaşmalar və şəxsi həll təklifləri də var deyə hər kəs üçün faydalı məqamlar tapıla bilər.
Yazını çoxdan yazmaq istəsəm də mövzu üzrə qaneedici həlli özüm də tapmadığımdan yazmaq hər dəfə təxirə düşürdü. Qaneedici həllin çətinliyi təklif olunan xidmətlərin say çoxluğu, onların minimal sayda olanını seçib maksimal effektivlik çıxarmağın çətin olmasındadır. Hazırda gəldiyim nəticə özümü tam qane etməsə də, optimal varianta yaxınlaşdığım qənaətindəyəm.
Mövzu biz və kompüterlər – buludlara köçməkdir.
Mövzunun mahiyyəti
Başlıq bir az çaşdıra bilər. Ona görə də dərhal mövzunun mahiyyətini yazaq. Biz paralel olaraq bir və ya bir neçə ev kompüteri, laptop, netbook, smartfon, tablet və.s. işlədə bilərik. Bunların hər biri smart qurğular olduğundan ümumi olaraq hər birinə kompüter adı verək. Ki yazı daha asan alınsın.
Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Yəqin ki, azı bir neçəsi var. Bunları necə idarə edirsiniz? Kompüteriniz fiziki zədələnsə, itsə və.s. olsa, sizin kompüterinizin yaddaşına ulaşmanız bir an içində kəsilsə, o sənədlərin aqibəti necə olacaq? İtəcəkmi? Bəlkə ehtiyat nüsxəni saxlamaq üçün external diskdən, flash kartdan istifadə edirsiniz? Edirsinizsə yaxşıdır, amma bu optimal idarəetmədirmi? Axı neçə gündən bir kopya çıxaracaqsınız, son variantı təzələyəcəksiniz və.s.? Belə pərakəndə yanaşma ilə sözsüz ki, optimal idarəetmə əldə etmək mümkün deyil. Əksinə bu halda sənədləriniz daha da dağınıq olacaq, arzuolunmaz nüsxələr, əlavə yaddaş sahələri və.s. çıxacaq, üstəgəl yenə də ən son versiya problemi mövcud olmuş olacaq.
Məqsədimiz
Beləliklə ortalığa bir zərurət çıxır: Bütün adı çəkilən sənədləri vahid mərkəzdən idarə edə bilmək imkanını əldə etmək. Kompüterdən fiziki olaraq asılı olmamaq zəruridir. Bu asılılığı aradan qaldırmaq üçün bulud texnologiyalarından(cloud technology) istifadə etmək olar. Terminin xırdalığına getmədən(belə şeylər üçün Wikipedia var) məlumat verim ki, bulud həll variantında sizin sənədlər güvənli bir serverdə qorunub saxlanılır və sizin xüsusi login-parolla bütün kompüterlərinizdən öz sənədlərinizə əliniz yetir.
Hər dəfə birbaşa serverlə, yəni internet üzərindən işləməməyiniz üçün, offline rejimdə adi qaydada işləməyiniz üçün Sync(serverlə sinxronizasiya) adlanan texnologiya da var. Bu halda sizin sənədlər kompüterinizdə adi sənədlər kimi qalır və hər dəyişiklikdən sonra dəyişikliklər internet üzərindən serverə göndərilir və beləliklə sizin məsələn planşetdən girib planşetin yaddaşındakı sənədə gələn həftə üçün yazdığınız plan kompüterinizdən girdikdə kompüterinizdəki sənəddə də əks olunmuş olur. Və ya işdə hər hansı mətn yığırsınız, iş vaxtı bitir, kompüteri bağlayıb evə gəlirsiniz, evdəki kompüterdə sənədi açırsınız, işdə ən son harada qalmışdınızsa oradan da davam edirsiniz.
Yaxşı səslənir, bəs konkret hansı xidmətlərdən istifadə edək?
İşin qəliz tərəflərindən biri də məhz buradır. İnternet şirkətlərin sizə təqdim etdiyi 100-lərlə xidmətdən ən optimal variantı seçmək və xidmət sayını minimuma endirmək. Belə ki qeydlər üçüb ayrı, şəkillər üçün ayrı, videolar üçün ayrı, plan üçün ayrı və.s. ayrı-ayrı servislərdən istifadə etsəniz, mövzumuzdakı problemi həll edəcəksiniz, amma bu zaman yeni problem meydana çıxacaq, çoxsaylı account-hesabları yığıb-yığışdırmaq, idarə etmək çətinliyi. Mən bu yarımbaşlıqda sırf öz həllimi, öz minimallaşdırılmış optimal seçimimi sizinlə paylaşacam:
1. Şəkillər, videolar, kitablar, sadəcə müxtəlif fayllar, ofis sənədləri, backup-lar və.s.
Bunları qoruyub saxlamanız üçün Dropbox və ya Google Drive-dan istifadə edə bilərik.(Mən bölgü aparmışam, sənədlər üçün GDrive, digər sadalananlar üçün Dropbox istifadə edirəm, amma əslində hər ikisini istifadə etməyə gərək yoxdur) Dropbox-un üstünlüyü daha asan, daha zəngin həllərə malik sistemə malik olmasında, bütün əməliyyat sistemlərini dəstəkləməsində, əlavə pulsuz yaddaş hədiyyə etməsində və.s.-dədir. GDrive-ın üstünlüyü isə- Google hesab altında olmasında(eyni hesabla siz Gmail, Youtube və.s. saytlara da girirsiniz), ofis(doc,xls,ppt) sənədlərinin yerindəcə online redaktə imkanındadır. Şərti olaraq Dropbox-un üzərində dayanaq. Dropbox seçdiyiniz halda Dropbox.com-a daxil olursunuz, proqramı yükləyib kompüterdə quraşdırırsınız. Vəssalam, sizə verilən papka artıq bulud server ilə Sync, yəni sinxronizə olunmuş vəziyyətdədir. Və siz bütün sənəd,şəkil,video və müxtəlif fayllarınıza dünyanın istənilən yerindən, istənilən kompüterdən ulaşa bilərsiniz. Sync məntiqinin hesabına hər bir kompüterdə offline rejimdə, internetsiz də işləyə bilərsiniz. Sonra nə vaxt internet olacaqsa, o zaman dəyişikliklər serverə göndəriləcək.
2. Qeydlər, planlar, görməli işlərin siyahısı, internetdən seçib yadda saxladığınız informasiya və.s.
Bu xidmətlərin şəksiz lideri Evernote adlanan proqram təminatıdır. Evernote.com-a daxil olaraq siz hesab əldə edə bilərsiniz.
Evernote-da mən aşağıdakıları cəmləşdirə bilmişəm:
- Qeydlər, cızma-qaralar, ideyalar
- Görüləsi işlərin siyahısı – Todo adlı qol-stack yaradıb içində proyektlərin hərəsinə aid papka yaratmaq, onların da içinə işlərin hər hansı formada qeydini daxil etmək, bitdikdə YERİNE YETİRİLDİ adlı papkaya atmaq; və yaxud daha sadə variant hər həftə bir note yaradıb adını tarixə uyğun qoyub(məsələn 2012,14-21 avqust) içinə həftəlik işləri yazmaq, işləri gördükcə pluslamaq. və.s. öz rahatlığınıza uyğun formalar düşünmək olar.
- İnternetdən götürülən informasiya – Hər hansı saytda maraqlı şəkil,məlumat gördükdə onu copy edib Word-ə də atmaq olar, html kimi də saxlamaq olar. Amma bunlar qeyri-effektivdir. Ən gözəl yol Evernote plugini köməyilə məlumatları qeyd edib CLİP SELECTİON tıqlamaqdır. Bu halda yeni kəsilmiş qeyd gedib düşəcək məsələn “İnternetdən maraqlı seçmələr” adı papkanıza.
Bütün bunlar Sync hesabına hər yerdə əlçatan olacaq, asan axtarışla, açar sözlərlə daim köhnə məlumatı tapa biləcəksiniz və.s.
Beləliklə buracan hansı nəticəyə gəlmiş olduq: Biz sadəcə iki xidmətin sayəsində(Dropbox və Evernote) aşağıda sadalanan şəxsi elektron obyektlərimizin-mülklərimizin idarəetmə yüyənini əlimizə keçirmiş olduq.
Şəkillər, videolar, ofis sənədləri, istənilən tip digər fayllar, qeydlərimiz, planlarımız, ağlımıza qəfil gələn ideyalar, görməli işlərimizin siyahısı, intertnetdən kəsib götürdüyümüz informasiya və.s. Az deyil, deyilmi?
Təhlükəsizlik və məxfilik
Meydana təbii sual çıxa bilər. Əvvəllər bərbad idarə altında olsa da öz fayllarımı öz kompüterimdə saxlayırdım və təhlükəsizlik və məxfilikdən əmin idim. Bəs indi? Axı bütün məlumatlar hansısa amerikan yaxud Avropa serverində saxlanılmış olacaq.
Haqlı sualdır.
Məxfilik: Sizin facebook hesabınız, email yazışmalarınız və.s. internet üzərindən olan məxfi elektron mülkiyyətiniz də eyni durumda deyilmi? Müasir internet bunu diqtə edir, artıq məlumatlarımızın byulud serverlərdə cəmləşməsi zərurət halına gəlməkdədir. Hər halda əgər düşünürsüzsə ki sizin sənəd,şəkil,video məsələn GDrive-ın məxsus olduğu Google-un hər hansı xüsusi imtiyazlı işçisinə həyati önəmli ola bilər, o halda o tip sənədləri elə öz kompüterinizdə saxlayın 🙂
Təhlükəsizlik: Bu tip xidmətlərin kənar müdaxilədən qorunma keyfiyyəti çox yüksəkdir. Təhlükəsizliyə etibar etmək olar.
Alət proqramlar, istifadə qaydaları
Evernote, Dropbox və.s. bu tip proqram təminatlarından istifadə qaydaları çox asandır, hər hansı ciddi dokumentasiyaya gərək qalmadan özünüz praktiki məşq ilə öyrənə bilərsiniz.
Dropbox-da istifadə olunacaq alətlər: Dropbox proqram təminatı, smartfonlar üçün Dropbox app və Dropbox.com veb klientidir. Bu 3-lük sizə Dropbox-dan tam rahat istifadə imkanı verəcək: Həm smartfonlarda, həm tablerlərdə, həm kompüterin hard diskində, həm də birbaşa brauzerdə.
Evernote üçün lazım olan alətlər: Evernote proqram təminatı, Evernote.com veb klienti, Google Chrome üçün Evernote clipper extensionu(Digər brauzerlərdə də analoji pluginlər var)
Bəs bütün bunları edərkən meydana çıxan suallarıma cavabı haradan əldə edəcəm?
Yazıda təkliflər olsa da, realizasiya necə olacaq, şəkilli izahlar və.s. mövcud deyil. Çünki məqsəd istiqamət verməkdir. Sualların meydana çıxması təbiidir. Rus və ya ingilis dilində bu sualları Google-da axtarıb cavab ala bilərsiniz. Öz dilimizdə cavab və ya anlaşılmaz qalan məsələlərə izah lazımdırsa, Cavablar.net köməyinizə çata bilər.
Sonda yazını səhifənin yuxarı hissəsindəki sosial paylaşım düymələrinə(like,tweet,+1) klikləməklə dostlarınızla paylaşmağı unutmayın.
Elvin Hacı.