Nexus 4 barədə ilkin təəssüratlar

3 həftədir sınamaq imkanı əldə etdiyim Google Nexus 4 smartfonu haqda ilkin təəssüratları paylaşmaq istəyirəm. Bundan öncə başqa 2 Android smartfon işlətdiyimdən(HTC Wildfire və Samsung Galaxy S2) daha yaxşı müqayisə aparmaq imkanı var.

unnamed

Nexus 4 smartfonunun özəllikləri ilə internetdə(məsələn Gsmarena.com) tanış olmaq olar.

Eləcə də performansı barədə Youtube.com-da icmallara baxmaq olar.

İndi yazacağım şəxsi təəssüratlardır, hansı ki parametrlərə yox, istifadədən sonra formalaşan fikirlərə əsaslanır.

Müsbət məqamlar  

1. Performans – Performansa söz ola bilməz. Aparat təminatı çox güclü olduğundan xeyli sayda app paralel açıldıqda belə aparatın resursları yarından azca çox dolur, bu isə aparatın heç nə olmayıbmış kimi tam sürətli işləməyinə səbəb olur. Əvvəlki smartfonlarımda bunu müşahidə etməmişdim. Bəlli olur ki, 2 GB RAM, 4 nüvəli prosessor hazırkı smartfonlar üçün artıqlaması ilə bəs edəcək parametrlərdir.

2. Pure(qarışıqsız,təmiz) Android – Təmiz Android olmasının üstünlüyü istehsalçının bizim seçimdən asılı olmayan quraşdırılmış app-larının smartfonda işə düşməsi halının olmaması, interfeysin native olması deməkdir bu da bir çox istifadəçilər üçün, o cümlədən mənim üçün müsbət məqamdır.

3. Enerji saxlaması – Enerji saxlaması əvvəlki smartfonlara nisbətən hiss ediləcək dərəcədə artıqdır.  1 sutkaya yaxın enerji saxlaya bilir. Təbii ki, optimal istifadədən də çox şey asılıdır.  Amma enerji ilə bağlı mənfi məqam da var ki, bu haqda mənfi məqamlar bölməsində yazacam.

4. Ən son Android – Nexus cihazları daim ən son Android versiyasına malik olurlar. Bu isə başqa heç bir device-da rast gəlinməyən üstünlükdür. Aparatda daim ən son ƏS versiyasından, ƏS-ə qoşulu gələn proqramların ən yeni variantından istifadə məmnun etməyə bilməz.

Mənfi məqamlar  

1. Enerji – Enerji ilə bağlı mənfi məqamın dəqiq səbəbi mənim üçün bir qədər anlaşılmazdır. Samsung Galaxy S2-də şarj 100% olandan sonra aktiv ekran rejimində istifadədə enerji bir neçə saatın içində boşalırdı. Super Amoled plus ekranlı smartfon ekran yanılı halda enerjini “içirdi”. Nexus 4-də isə elə deyil. Amma elə olmaması əsasən mənfi məqam kimi də hiss edilir. Məsələ bu ki, Galaxy S2 smartfonunu istifadə etməyəndə, cibdə qalanda, və ya gecə səhərədək interneti açıq vəziyyətdə olsa belə ekranı sönülü qalanda, ekranı açanda görürdüm ki, keçən bir neçə saatda enerji demək olar azalmayıb. Yəni Samsungda əsas problem aktiv rejimdə işləyəndə idi. Nexus-da isə sanki ekranın yanılı olub olmaması əhəmiyyət kəsb etmir. Aktiv ekran rejimində enerjiyə çox dözümlüdür, enerji daha az sürətlə əriyir, amma məsələn gecə 12-dən səhər 8-ədək sleep rejimindən sonra ekranı açanda görürsən ki, gecə azı 30% enerji xərclənib. Bu maraqlı faktın dəqiq səbəbini yəqin ki, mütəxəssislər bilər.

2. Bug – Android 4.2.2-də instant message servisi ilə bağlı bug var. Və maraqlısı odur ki, heç də bütün mobil operatorlarda rast gəlinmir. Bug bundan ibarətdir ki, çat servislərində 3G rejimində mesajlar gec çatır və gec qəbul edilir. Hiss olunacaq dərəcədə gec. 1-2 saniyəyə gəlməli olan 10-60 saniyəyə gəlir. Həmişə belə olmur, amma bəzən olur. Bu bug barədə Google Bugs-da şikayət açılıb və xeyli istifadəçi təsdiq də edib. Əksini iddia edən, hər şeyin qaydasında olduğunu deyən Nexus 4 istifadəçiləri də çoxdur. Deməli ola bilər ki, sırf bəzi mobil operatorlarla, 3G-nin tezliyi, keyfiyyəti və.s. parametrləri ilə bağlı həssaslıqdır bu. Bu təbii ki, həll olunası bug-dır, amma ən azı növbəti update-i gözləmək və ya bu bug-a malik olmayan kernel-lərdən birini müstəqil olaraq sistemə yazmaq lazımdır. Ki bunların hər birinin öz narahatlığı var. Birincisi gözləmək tələb edir, ikincisi isə sistemin qarışıqsızlığını, originallığını pozur, stabilliyi riskə salır.

3. İstehsalçı şirkətlərin əlavə etdikləri özəlliklərin pure Androiddə olmaması.
İstehsalçı şirkətlərin öz app-ları əsasən bezdirici və lazımsız olsa da, onların ƏS-ə etdiyi bəzi modifikasiyalar, bug fix-lər böyük üstünlük verir və bu modifikasiyalar pure Androiddə mövcud deyil. Məsələn Azərbaycan dilinin olması, Azərbaycan dilində klavituarın sistemin özündə olması, TouchWiz və Sense kimi tanınmış həllərin təklif etdiyi bir sıra maraqlı həllər,vidcetlər və.s. Bir sözlə sistem pure olanda onun təmiz olması müsbət məqam hesab edilsə də bu bənddə qeyd etdiyim məsələyə görə mənfi məqamlara da malikdir.

Hələ ki bu qədər. Sualı olan şərhlərdə fikrini yaza bilər.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir