Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu

Əslində bu tip yazıları bədii mövzulara aid olan bloqumda yazıram, amma bu yazıda riyaziyyat, informasiya saxlanması və.s. sahələrə də toxunulur deyə bu bloqumda da yazıram.

Keçən ayın sonunda oxuyub bitirdiyim bir əsər vardı, Haruki Murakaminin “Həqiqi möcüzələr diyarı və dünyanın sonu” (1985). Bu əsərdə bədii tərəfini bir kənara qoyaq, əsərdə informasiya qorunması, kriptoqrafiya, təhlükəsizlik, piratlıq və.s. barədə çox maraqlı epizodlar və bilgilər var. Bir dialoq isə diqqətimi xüsusilə çəkdi, əsəri bitirəndən sonra o dialoqa təkrar qayıdaraq üzərində bir qədər düşündüm, çünki mövzu diqqətimi çox çəkmişdi, sonda maraqlı şəxsi nəticələr çıxardım. İndi o dialoqu təxmini formada yazıram, mötərizələrdə isə şəxsi subyektiv nəticə-izahlarımı yazmışam. Diqqətlə oxuyub sonda hər kəs öz nəticələrini çıxara bilər.

Dialoq informasiya təhlükəsizliyi professoru ilə eyni sahənin şifrələmə proseslərini aparan işçisi arasında, qaranlıq mağarada düşmənlərdən gizlənən bir vaxtda baş verir.

(Söhbətin daha əvvəlində professor işçiyə deyir ki, sənin beynində olan filan[uzun söhbətdir] problemə görə cəmi 2 sutka ömrün qalıb, daha sonra koma kimi bir duruma düşəcəksən və yalnız şüurunda qurduğun bir aləmdə yaşayacaqsan, həmişəlik oranın sakini olacaqsan. Yeri gəlmişkən Inception filmində də yuxuda da olsa, buna bənzər məkanlar var)

– Bəs mən nə vaxta qədər orada, həmin dünyada qalacağam?

– Sonsuz olaraq.

– Anlamadım, necə yəni sonsuz? Axı hər bir halda hansısa fiziki sərhədlər mövcuddur. Bədən də, beyin də ölümlüdür. Beyin isə öldükdə şüur da ölür, elə deyil?

– Elə deyil. İnsanın düşüncəsi üçün zaman anlayışı mövcud deyil. Düşüncənin yuxudan əsas fərqi də budur. Düşüncə bir andaca bütün dünyanı özündə ehtiva edə bilər. Hətta sonsuz ömrü də fikrindən keçirə bilərsən.  Qapalı dairədə sonsuz dövrlər vura bilərsən. Elə bu səbəbdən də o düşüncə,fikir adlanır. Həm də o, yuxu kimi qəfil kəsilmir. İnsan düşüncəsi sonsuzluğu özündə ehtiva edə bilər, eynən   böyük ensiklopediyanın kiçik diş çöpündə yazıla bilməsi kimi.

– Nə? Diş çöpündə ensiklopediya?

– Aha, belə bir nəzəri imkan mövcuddur. Əsas məğz budur ki, çox böyük bir mətn balaca diş çöpündə yerləşə bilər. Bilirsənmi bunu necə etmək olar?

– Yox.

– Çox sadə. Böyük bir mətn götürək və onun hər bir simvolunu(hərf,rəqəm,boşluq, xüsusi simvol və.s.) sadə əvəzetmə üsulu ilə ədədlərlə əvəz edək. Boşluq olsun “00”,  “A” olsun “01”, B olsun “02” və.s. beləcə. Nəticədə nəhəng bir ədəd almış oluruq, düzdür? Davam edək. Bu ədədin soluna sıfır və vergül yazırıq, alınır onluq kəsr. Məsələn belə bir şey: 0,1732000631…  Daha sonra diş çöpünü götürürük, onun uzunluğunu vahid parça qəbul edərək məhz bu ədəd nisbətində hissədən xəttləyirik. Daha sadə desəm, tutaq ki bizim qədər 0,5000…, isə o halda tən yarıdan xətt çəkirik, və ya tutaq ki, bizim ədəd 0,3333… isə düz üçdə bir hissədən xətt çəkirik. Aydın oldu bu hissə?

– Aha aydın oldu.

– Bu üsulla istənilən həcmdə olan informasiyanı, mətni balaca diş çöpündə, sadəcə nazik bir xətt çəkməklə saxlaya bilərik. Təbii ki, praktiki olaraq bu demək olar ki, mümkün deyil.  Çünki bu qədər dəqiqliklə xətt çəkməmiz mətnin həcmi artdıqca çətinləşir, daha sonra hazırki texnologiyaların imkanlarını nəzərə alsaq demək olar mümkünsüzə çevrilir. Amma bu maraqlı model bizə insan təfəkkürünün xarakterini anlamağa kömək edər. Zaman o diş çubuğunun uzunluğudur. İçində nə qədər informasiya yerləşdirirsən yerləşdir, o dəyişmir və həmişə o informasiyanı saxlayacaq nöqtəyə malikdir.  Sən yazını böyütdükcə kəsrdəki ədədlər çoxalır, çoxalır… Sonsuz olmasa da, çox böyük miqdarda olur. Və əgər sən yazdığın informasiyanı sonsuz dövri onluq kəsrə çevirə bilsən(sonsuz dövri onluq kəsr haqqında oxu) o halda o kəsrə uyğun gələn yazın da sonsuz olar. (Daha doğrusu müəyyən həcmdə informasiyanın sonsuz təkrarlanması), oxunduqca heç vaxt bitmir, anlayırsanmı bunu? Bu məsələdə nə problem varsa proqramdadır, aparatda(bu halda çöpdə) deyil. Fərq etmir bizim parça dediyimiz diş çöpü olsun, 100 metrlik taxta olsun ya da bütün ekvator olsun, dediyim təklif hər birində nəzəri olaraq mümkündür.

Sənin bədənin ölür, şüurun sönür. Amma bundan öncə sənin fikrin həmin o nöqtəsini tapa və öz onluq kəsr ifadəsi ilə əbədiyyətə qarışa bilər(yəqin ki bu hissə tanış gəlir: ölməz şair, yazıçı, alim və.s. ifadəsi hamımıza tanışdır. O insanların məhz sonsuz təkrar olan, öyrənilən, oxunan, tətbiq edilən məhsulları-fikirləridir onları ölməz edən)

Qədim bir paradoks var – Havada uçan ox dayanmış haldadır (Zenon-un ox paradoksu). Hə, bax, bədənin ölməsi – uçan ox kimi bir şeydir. O birbaşa beyinə tuşlanıb, çatan kimi ölüm baş verəcək, qaçacaq yer yoxdur. İstənilən canlı bədən gec-tez toza çevrilir. Zaman o oxu irəliyə qovur, amma insan fikri ilə, ağlı ilə ilə o oxun uçuşunu(burada: sənin həyatını) istənilən qədər kiçik hissələrə bölə bilər(həyatının hər anının qədrini bilməklə onu daha da uzada bilərsən, nə qədər çox zaman boşa getmirsə, fikrə sərf olunursa, o qədər uzun ömürlüyük və bu məhdud ömür içində məhdudiyyətsiz uzun ömür uzatmaq imkanıdır) və bunu sonsuz sayda bölərək davam edə bilər. Gördüyün kimi bu halda paradoks reallığa çevrildi, ox dayanmış halda oldu.

– Yəni, başqa sözlə desək, ölümsüzlük?

– Eynən! Fikirlərə yüklənən, fikirləşən insan ölümsüzdür. Əlbəttə sözün əsl mənasında ölməz deyil, amma buna yaxın bir şeydir. O həmişəyaşardır – bu daha düzgün çıxır.

Son.

Əlavə maraqlı nəticələr:

1. Dialoqda bir çox sahələrə aid olan maraqlı məqamlara toxunulur. Məsələn istəsək, diş çöpündə nəhəng informasiyanı futuroloji proqnoz hesab etmək də olar. İndi diş çöpü və ondan kiçik ölçüdə usb flash disklərdə 128 GB və daha çox informasiya yerləşir. 128 GB təxminən 1 milyona yaxın yazı formatında olan kitab deməkdir. 128 milyarddan çox simvol, balaca bir çubuqda. Düzdür, flash diskdə saxlanma anlayışı tam başqadır, elektrik cərəyanı, mikro oyuqlar, ikilik say sistemi və.s. Çubuqda isə sadəcə və sadəcə bir xətt bütün informasiyanı özündə saxlayır, yerləşdiyi mövqenin çubuğun uzunluğuna nisbətindən alınan onluq kəsrin köməyilə.

2. Dialoqda bədii ifadə ilə işlədilən ölməzlik anlayışı sanki elmi-məntiqi yolla izah edilməyə çalışılıb. Və pis də alınmayıb. Əvvəl hansısa dahinin ölməzlik anlayışına sadəcə ona olan rəğbətin ifadəsi kimi baxırdıqsa, yuxarıdakı yanaşmadan sonra bir az daha ciddi yanaşa bilərik. Filankəs öldü, fikirləri, ideyaları yaşayır – ideya və fikirlər canlı orqanizm deyil, amma düşünəndə doğurdan da görmək olar ki, fikir, ideya insan ölüb getdikdən sonra da özünə uyğun bir informasiya fəzasında ömür sürür, sanki bir canlı orqanizmmiş kimi.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

2 Replies to “Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir