Müasir smartfonlarda əsas trendlər və seçim meyarlarımız

Tez-tez dost-tanışlardan smartfon seçimi ilə bağlı suallar eşidirəm deyə, qərara gəldim ki, hazırki smartfon bazarındakı ümumi vəziyyət haqda bir bloq post yazım. Alarkən nəyə fikir veririk, nəyə vermirik, nəyə verməliyik bunları punktlar ilə qeyd edim.

Smartfonlar hazırda maraqlı mərhələyə qədəm qoyublar. Bir neçə il əvvəl əsas kritik imkanların yaradılması və inkişafına güc ayrılırdısa, indi əsas dərdlərin çoxu həll olub deyə sərf edilən güc əslində çox da önəmli olmayan detallara da yönəldilir.

Tarixçəyə qısaca nəzər salıb, hazırkı gedişat və bizə əslində nələr daha çox lazımdır – bu barədə yazıram.

Məlumunuzdur ki, istifadəçi rahatlığı baxımdan Steve Jobs’un (Stiv Cobs) qəti inandığı bir baxış vardı ki, smartfon bir əllə rahat idarə edilməlidir, barmaqla ekranın hər yerinə çatmalıdır. Ona görə də Stiv sağ olduğu müddətdə iPhone ekranları çox kiçik idi.

Steve Jobs düşünürdü ki, smartfonların ekran ölçüsü elə olmalıdır ki, bir əlin barmaqları ilə rahat idadə edilə bilsin. Ondan böyük ölçü istəyənlər üçün tabletlər var.

Apple da smartfon bazarında ta 2007-dən əsas trend təyin edici qüvvə idi deyə bir çoxları onun təyin etdiyi standartlarla irəliləyirdi. Ta ki, Samsung’un bu qaydanı pozub Galaxy Note adlı iri ekranlı telefon buraxmasına qədər. Bundan sonra bazarda zaman-zaman yeni iri ekranlar peyda oldu və illər keçdikcə ortalama ekran ölçüsü də böyüməyə başladı. Nəhayət Apple da artıq bəzi trendləri özünün təyin edə bilməyəcəyini anlayıb bu trendə təslim oldu və iPhone’lar 6-ci seriyadan bəri böyüyə böyüyə gəlməyə başladılar.

Demək ki, istifadəçi idarəetmə rahatlığını ekran böyüməsi müqabilində qurban vermək əslində faciə deyilmiş və istifadəçilər buna razı imiş. (Avtomobil dünyasının atası Henry Ford demişkən, müştərilərin istəyinə qalsaydı, onlar daha sürətli fayton istəyərdilər, avtomobil yox.)

Hazırda smartfon dünyasında vəziyyət nə yerdədir, funksional və komponentlər üzrə qısa bir icmal kimi nəzər salaq:

Performans: İllər öncə bu əsas dərd idisə, indi artıq hardasa unudulmaq üzrədir. Əlbəttə ki, zəifləmə, donma kimi şeylər hələ də bəzi çox-ucuz sinif telefonlarda ola bilir, amma bu məsələn, 5 il əvvəlki qədər deyil. Üst sinif smartfonlar isə ümumiyyələ bu işi çözdülər saya bilərik. Artıq performans ilə bağlı kritik problem qalmayıb deyə smartfon seçimində bu meyara çox da fikir verilmir. Ona görə də bir neçə il əvvəl məndən smartfon məsləhəti soruşan tanışlara RAM, prosessor, qrafik kart və.s. haqda məlumat verərdimsə, indi bu barədə demək olar ki, ümumi bir fikir demək bəs edir: telefonlar 3 sinfə ayrılıb, ekonom, orta, yuxarı. Yuxarı və orta sinifdə performans məsələsi artıq problem deyil. Aşağı sinifdə isə diqqətli olmaq, digər istifadə edən tanışlardan fikir soruşmaq lazımdır. Məsələn aşağı sinifdə performansından əmin olduğum xətt Xiaomi Redmi xəttidir. Bu xətt modellərin performansında hər hansı problem nəzərə çarpmır.

Bu sahədə detallara varmaq istəyənlər üçün isə Antutu.com saytı var, orada bütün smartfonların performansları, oyunları necə açması və.s. barədə reytinq cədvəlləri mövcuddur.

Material: hazırda təkamülü bitmiş saymaq olmaz. Dominant metal karkas + şüşə korpus olsa da, tam plastik və tam metal korpuslu telefonlar da az deyil. Ekranların böyüməsi, korpusların qapağı açılan yox, vahid bədəndə olması və.s. smartfonları çox dözümsüz hala gətirib, əldən bir dəfə düşməsi bəs edir ki, əksərində çox iri xərc tələb edən zədə meydana gəlsin. Üstəlik dominant şüşə korpusun cızılma və dözümsüzlük probleminin həllində nəsə irəliləyiş ummaq olar. Smartfon seçərkən bu meyarı da çox da həlledici saya bilmirik təəssüf ki. Çünki, dediyim kimi, əksər modellər artıq şüşə ilə buraxılır deyə fərqli materialda telefon istəyənin model seçimi çox daralır. Ona görə də ehtiyatsız işlədənlər sadəcə qoruyucu örtük taxmaqla kifayətlənir.

Bu sahədə detallara varmaq istəyənlər üçün, youtube-da “modelin adı + drop test” yazmaqla telefonun nə dərəcədə zərbəyə, cızıqa, sürtülməyə davamlılığını görə bilərlər.

Kamera: Burada da iki istiqamət var –
1. kamera sayını artırmaqla şəkillərin dərinliyi, fokus və.s. – bir sözlə keyfiyyətini artırmaq, artırmaq … professional fotoaparatlara mümkün qədər yaxınlaşa və ya imitasiya edə bilmək.
2. Kameranın çəkdiyi görüntünün emal prosesini yaxşılaşdırıb, gücü emal prosesinə sərf edib daha yaxşı şəkil almaq.
1-ci istiqamət üzrə hazırda demək olar bütün istehsalçılar gedir, 2-ci üzrə isə hələ ki, tək Google-u göstərmək olar. Google əlində olan nəhəng foto arxivi (Google Photos, Google images və.s.) və bunlar üzərində qurduğu hədsiz güclü Süni İntellekt maşını sayəsində tək bir kamera ilə başqa smartfonların 2-3-4 kamera ilə çəkdiyi şəkillərdən bir çox hallarda daha yaxşı şəkil çəkə bilir. Amma bütün hallarda yox. Keçən il Google Pixel 2 uzun müddət dünyada ən yaxşı şəkil çəkə bilən smartfon idi (DXOMark reytinqinə görə), tək kamerasına rəğmən. Bu il isə artıq digər istehsalçılar 2-3-4 kamera və bunların emal prosesinin üzərində çox işlədilər deyə artıq Google Pixel 3 reytinqə sadəcə 11-12-ci yeri tuta bilir. İlk 10-luğu isə çoxkameralı telefonlar tutur.

Kamera məsələsində bu il ərzində görəcəyimiz çox yeniliklər var. Və kamera hazırda telefon alma meyarlarından demək olar ən birinci yerə gəlmiş vəziyyətdədir. Məsləhətim isə bu yaxşı çəkir o pis çəkir demək deyil, alan şəxs özü internetdə girib çəkilən şəkilləri rahat müqayisə edə bilir. Məsələn gsmarena.com saytının COMPARE PHOTO aləti vasitəsilə.

Ekran: Bu sahədə piksel, rəng və.s. məsələdə demək olar ki, ən yuxarı səviyyəyə nail olunub, insan gözünün ayırd edə bilməyəcəyi dəyişikliklər səviyyəsinə çatılıb deyə bu barədə elə də ciddi yeniliklər gözə dəymir. Amma ekranın forması məsələsi indi əsl keçid dövrünü yaşayır. Səbəb isə ön paneldə olan kamera və digər sensorlar məsələsidir. Bir çox şirkət bu barədə nə edib qabağa düşmək olar deyibən yola çıxdı və öncə tam düzgün olaraq ekranı böyüdüb ön panelin qeyri ekran hissələrini mümkün qədər azaltmağa çalışdılar. Bu əla gedişat idi, telefon həm klassik sayılacaq görünüşünü saxlayır, həm də get-gedə lazımsız bezel-lərdən qurtulurduq. Ta ki, kiçiltmə o həddə çatana qədər ki, dalana dirəndi və ondan çox kiçiltmə mümkün olmadı – bu zaman Sharp və Essential şirkətlərinin ağlına gəldi ki, ekran artıq toxunulmaz sayılan əraziyə, kamera və sensorların da ərazisinə girib daha çox böyüsün. Bu zaman notch anlayışı yarandı. Bir neçə ay sonra Apple öz notch’lu iPhone X telefonunu buraxmaqla bu məsələni əməllicə məşhurlaşdırdı. Buna qədər çəkinib bu riskə getməyən 90% istehsalçılar bu avantüraya gedərək oxşar modellər buraxdılar. (Sony, Meizu, Samsung. HTC və.s. 1-2 başqa istehsalçı xaric) Niyə avantüra deyirəm, çünki notch modelləri ilk çıxdığı anlardan etibarən böyük bir kütlənin antipatiyası ilə qarşılaşdı və sırf notch olduğuna görə bəzi modelləri almamağa başladılar. İlk bir neçə aydan sonra artıq məlum idi ki, bu gedişat o gedişat deyil və alternativ lazımdır. Bu minvalda notch buraxmayan şirkətlər ənənəvi dizaynda modellər buraxmağa davam edirdilər, notch buraxanlar isə (Apple xaric) artıq alternativ modellər də buraxmağa başlayırdılar.

iPhone-style notch-a alternativlər isə bunlardır:

  • tear-drop notch – yəni tam eybəcər formada uzun girinti yox, kiçik su damlası kimi kamera girintisi.
  • motorized slider – telefonda ön kamera ancaq lazım olan anda avtomatik slide mexanizmi ilə açılır.
  • magnetic slider – telefonda ön kamera istifadəçiyə lazım olanda telefonun arxa hissəsini sürüşdürməklə açılır.
  • periscope camera – telefonun üst hissəsindən kiçik bir kamera çərçivəsi lazım olan kimi avtomatik çıxır, sonra yenə öz yuvasına girir.
  • Ekran daxili dəlik – Tam ekran bütün ön tərəfi tutur, kamera isə ekranın içində açılan xüsusi dəlikdən boylanır. Samsung və Huawei-nin başlatdığı bu tərz hələ ki müsbət qarşılanır.
  • klassik – telefonda ekran özü 90%-ə yaxın yer tutur, üst və alt hissədə çox kiçik bir qalınlıqla məsafə qalır, üst hissəyə də normal qaydada kamera və sensorlar yerləşdirilir.

2019-un başlanğıcındakı yeni modellər onu göstərdi ki, artıq iPhone tərzində notch-dan imtina sürətləndi və çox güman ilin sonuna Apple-dan başqa heç kim yeni flaqmanını bu tip notch ilə buraxmayacaq. Huawei, Xiaomi, Oneplus tear-drop notch-a keçdilər, Oneplus artıq hazırlaşır ki, periscope kameraya keçsin.(hələ ki sadəcə şayiədir)

Ekran məsələsi də telefon seçimində ciddi təsiri olan meyarlardan biridir. Sadəcə bu məsələ artıq zövq məsələsidir. Şəxsən mən klassik və ya periskopdan yanayam. Digərlərinə nəzərən bu dediyim iki dənəyə üstünlük verərdim. Bu məsələdə seçim yəqin ki, istifadə praktikası və zövq məsələsidir.

Batareya: Bu mövzu sanki unudulub və hər kəs smartfon bir sutkaya çatacaq enerji tuta bilsin bəs edər – ilə barışmış kimi görünür. Yəqin ki, bu il də bu mövzuda hər hansı inqilabi yenilik görməyəcəyik.

Digər xüsusiyyətlər:

– Bluetooth, wi-fi direct, GPS – bunlar olmazsa-olmazlardır hələ ki.
– Radio, infrared: demək olar heç kimin yadına düşmür, zaman göstərdi ki, artıq onlar çox da lazım deyil.
– Barmaq izi və ya biometrik giriş – bu da artıq olmazsa olmaza çevrilir. Təkcə telefonu kilid rejimdən çıxarmaq üçün yox, həm də digər şəxsi icazə tələb edən əməliyyatlar üçün çox faydalıdır – bank əməliyyatları, ödəniş etmək, proqram quraşdırmasına icazə vermək və.s. kimi.
– NFC – bu texnologiya bir neçə ildir var olsa da, hələ ki, tam kütləviləşməyib, yəqin ki, daha 1-2 ildən sonra NFC vazkeçilməzə çevriləcək. Toxunuşsuz ödənişlər və.s. kimi şeylər üçün.
– Telefon qulaqlığı portu (3.5mm jack) – bu texnologiyada hazırda ikitirəlik hökm sürür. Bəzi istehsalçılar bundan imtina edib naqilsiz qulaqlıqları satışa çıxarsa da, bəziləri (məs. Samsung ) hələ də onu saxlayır. Naqilsiz qulaqlıqlara keçidə tam olaraq hazır deyilik deyə (2 səbəb var: çox baha olması, enerjini cəmi 1-2 gün saxlaya bilib enerji tələb edən daha bir cihazımızın artması) hələ ki, naqilli qulaqcığı dəstəkləyən modellərin olması çox yaxşıdır. Və ya USB-3 portundan naqilli qulaqlığı qoşma imkanı var deyə, telefonun qutusunun içində usb3<->aux keçiricinin olması əslində kifayət edə bilər – ki hər kəs məmnun qalsın. həm Smartfon daha incə, daha dözümlü olsun deyə istehsalçı bu portdan imtina edir, qutusunda keçirici verir deyə naqilsiz qulaqlıq istəməyən şəxslər də əlavə pul vermədən öz köhnə qulaqlıqlarından istifadə edir, həm də naqilsiz dəstəyi var deyə naqilsiz xoşlayanlar da istifadə edir. Hazırda bu dediyim ssenarini Apple xaric, digər istehsalçıların çoxu həyata keçirir. Yəni, keçirici kabeli təqdim edirlər ki, alın, qulaqlıq yeri qoymasaq da, keçirici kabel qoymuşuq ki, sizin mövcud qulaqlığınız əlinizdə qalmasın.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

One Reply to “Müasir smartfonlarda əsas trendlər və seçim meyarlarımız”

Məhəmməd üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir