Tarixə emosional baxış və zaman maşını

Məktəb illərindən bəri özümün də dəfələrlə yaşadığım və əminəm ki, az qala hər kəsin yaşadığı maraqlı bir fenomen var – keçmişdəki tarixi hadisələrə baxıb hansısasa təəssüf, qəzəb hissi keçirmək.

Çoxdur belə hadisələr,

  • Babək hərəkatı
  • Çaldıran döyüşü
  • Gülüstan və Türkmənçay müqavilələri,
  • 1918-ci il ADR-in qurulması və 1920-ci ildə işğal edilməsi.
  • 1937-ci il repressiyaları
  • İkinci dünya müharibəsində iştirakımız
  • Qarabağ müharibəsində baş vermiş ciddi siyasi səhvlər və bunun nəticəsində olan itkilər
  • və ya bir şəxsin öz ideologiyasına məxsus qüvvələrin hansısa zamanda məğlub olması

və.s.

Bunların hər birinə indidən boylanaraq keçmişə baxaraq hansısa hisslər keçirə bilirik.

Kaş ki… ilə başlayan o qədər cümlə qura bilərik ki.

– Kaş o vaxt ADR işğal edilməyəydi, indi daha firavan bir ölkədə yaşayardıq.
– Sovet olmasaydı indi daha yaxşı ölkə olardır.
– 37-ci ildə xalqımızın ən qaymaq təbəqəsini məhv etdilər. Yoxsa indi hər şey başqa cür olardı.
– Səhl ibn Sumbat o vaxt Babəki satmasaydı indi hər şey başqa cür ola bilərdi
və.s.

Bu fərziyyələrin bir çoxunun məntiqli olmasına şübhə etmirəm.

Amma gəlin, bir fikir eksperimenti edək, görək, biz bu fərqli ssenariləri doğurdan istəyə bilərikmi?

İndi fərz edək ki, sənə bir zaman maşınını idarə etmək səlahiyyəti verilib. Bu maşının keçmiş zamana qayıdıb məhz indi baxıb təəssüfləndiyin bir hadisəni dəyişmə gücün var. Müvafiq düyməyə sıxıb bunu etmək istədikdə isə qəflətən sənə aydın olur ki, keçmişdəki bu acı verən hadisəni tarixdən çıxarıb, daha yaxşı ssenariyə səbəb olmaqla bərabər sən həm də özünü yox etmiş olursan.

Yəni, sən, bütün ağrısı ilə acısı ilə, faciəsi və səhvləri ilə olan bir tarixin ssenarisinin gətirdiyi təsadüflər zəncirinin bəhrəsisən. Keçmişdəki istənilən kiçik mikro(kəpənək effekti) və ya makro dəyişiklik sənin dünyaya gəlməmən demək olacaq. Yəni yenilənmiş dünyada sən olmayacaqsan.

Tutaq ki, sən 1990-cı ildə dünyaya gəlmisən – ata və ananın, nənə və babalarının harada və zaman dünyaya gəlməsi, bir-biri ilə hansı şərtlərin nəticəsində tanış olması, evlənməsi və.s. kimi ardıcıllığı düşün – görəcəksən bu yalnız və yalnız keçmişin məhz indiki keçmiş olması halında mümkün olacaqdı. Yəni, məsələn, Sovet qurulmasaydı, indi sən fərd olaraq dünyada yox idin.
Çünki sənin dünyaya gəlmə ssenarində sovetin qurulmasının gətirdiyi hadisələr və şərtlər zənciri rol oynayır. (bu, fikri eksperimentdir deyə, “keçmişi dəyişsək paralel bir gələcək yaranar, indiki ssenari heç bir halda dəyişməz” kimi fərziyyələrə bu məsələmizdə yer vermirəm)

Maraqlıdır, belə olan halda nə qədərimiz tarixdə keçmişə qayıdıb bizi mənəvi əzab verən keçmiş bir xalq faciəmizi dəyişib daha yaxşı ssenari ilə davam etməyə razılıq verər?

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

2 Replies to “Tarixə emosional baxış və zaman maşını”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir