.htaccess ignore olunursa

Qısa bir həlli paylaşmaq istəyirəm.  Php-Mysql-Apache qurduqdan sonra bəzi konfiqurasiyalı serverlərdə .htaccess faylının iqnor olunması problemi meydana çıxır. Yəni, məsələn WordPress-də sayt qururuq, Permalinks-dən URL-i friendly edirik(məsələn site.com?p=12-ni əvəz edirik site.com/salam strukturu ilə) və saytdakı linklər avtomatik dəyişir. Amma linklərə keçid etdikdə 404 xətası verir, belə bir ünvanın olmadığını deyir. Həll üsulunu aşağıdakıdır: (nümunə Linux-da qurulmuş standart Apache server üzərində verilir).

Terminalı açıb yazırıq: (Əgər serverə kənardan bağlanırıqsa, o halda SSH bağlantı pəncərəsini açırıq, məsələn Putty proqramı ilə)

sudo gedit  /etc/apache2/sites-available/default (1. defaultun yerində başqa ad da ola bilər, apache-də yaradılan saytın adından asılıdır. 2. SSH qoşulmada gedit əvəzinə vi və ya nano yazmalı)

Açılan editorda

<Directory /var/www/>
Options Indexes FollowSymLinks MultiViews
AllowOverride None
Order allow,deny
allow from all
</Directory>

blokunda AllowOverride None yazılıbsa, onu AllowOverride All ilə əvəz edirik. Səhifəni yadda saxlayırıq.  Daha sonra terminalda yazırıq:

sudo a2enmod rewrite

sudo /etc/init.d/apache2 restart

Vəssalam, problem həll olmalıdır.

 

Ubuntu – 32bit sistemlərdə RAM-dan tam istifadə

Yeni kompüterimdə Ubuntu quraşdırandan sonra system monitor-da gördüm ki, RAM 2.3 GB göstərir, halbuki kompüterin RAM-ı 4 GB-dır. İnternetdə araşdırma aparıb səbəbi tapdım. 32 bitlik sistemi RAM-ı yüksək olan kompüterlərə yazdıqda bu məhdudiyyət mütləq olur. 2 həll yolu var. 1-cisi 32bitliyi pozub 64bitlik yazmaqdır. Bu isə artıq formalaşmış sistem üçün əlverişli deyil, hər şeyə yenidən başlamaq xeyli vaxt alar. 2-ci həll yolu isə Physical Address Extension (PAE) adlanan köməkçi vasitənin quraşdırılmasıdır. Bu çox asan və effektiv həlldir. Terminalı açırıq və yazırıq.

free -m

Bu halda ilk sətirdə Mem: 2321 tipli yazı çıxacaq. RAM məsələn 4 GB-dırsa, burda 2321 MB göstərirsə, deməli mövzuda adıçəkilən məhdudiyyət mövcuddur. Davam edirik terminalda:

sudo apt-get install linux-generic-pae linux-headers-generic-pae

Təxminən 35-40 MB-lıq yükləmə tamamlandıqdan sonra kompüteri reboot(digər adı ilə restart) edirik.
Kompüter açıldıqdan sonra terminalda yenə də yoxlayırıq:

free -m

Bu dəfə isə çıxan nəticə sevindirici olacaq: Mem: 3687

Köməyə çatan mənbə

Ubuntu Terminal-da proxy internet

Ubuntu-da proxy server vasitəsilə internetə bağlandıqda Gnome-da, Synapticdə, Brauzerlərdə və.s. bu proxy ayarları tanıdıb rahat işlətmək mümkün olsa da, Terminal və digər alt təbəqələr Gnome-dan asılı olmadığından bu ayarları tanımır və internetə birbaşa qoşulmağa cəhd edir. Təbii ki bu cəhd uğursuz alınır və Terminal, Uuntu Software Center kimi vacib bölmələr internetdən yararlana bilmir. Bunun həllini araşdırıb tapdım. Qısa formada paylaşıram. Terminalı açırıq və yazırıq.
cd etc/apt
sudo gedit apt.conf

Bu zaman Gedit redaktorunda boş apt.conf faylı açılır, biz də ona bu sətirləri əlavə edirik və yadda saxlayırıq.
Acquire::http::Proxy “http://proxy_url:proxy_port/”;
Acquire::ftp::Proxy “http://proxy_url:proxy_port/”;

Vəssalam. Əgər proxy-də username password tələb olunursa o halda http://proxy_url:proxy_port/ əvəzinə http://username:password@proxy_url:proxy_port/ yazılışından istifadə edilir.

Chrome üçün Azerdict qoşması

ad
Bu gün ilk Chrome extensionumu(qoşma) hazırlayaraq rəsmi Chrome Extensions saytına yerləşdirdim. Qoşma kod baxımından mürəkkəb olmasa da, faydalılığı xeyli dərəcədə yüksək ola bilər. Qoşma hər hansı sayta girmədən, proqram yükləyib onu açıq saxlamadan, brauzerin daxilindəcə azərbaycanca-ingiliscə və tərsinə lüğətdən istifadə etmək imkanı təqdim edir. Proses boyu Azerdict heyətindən Fərhad lazımi texniki dəstəyi verdiyindən iş daha qısa zamanda hazır oldu. Rəsmi yükləmə ünvanı