Hackathon-2 haqda

Baku GTUG və İlkaddımlar-ın birgə reallaşdırdığı Hackathon-2 Android proqram yarışması başa çatdı. Bu dəfəki müsabiqədə app-lar ilə tanış oldum, ona görə də istədim fikirlərimi yazam. Ümumi qənaət müsbət oldu, az sayda da olsa istedadlı və kreativ developerlərin yetişməkdə olması sevindirməyə bilməz. Bu tip müsabiqələr isə bu prosesə ciddi katalizator rolunu oynayır.
İndi app-lar haqda qısa fikirlərimi və subyektiv ballarımı yazacam, yəqin ki kimsə inciməz :) Çünki burada developerlərin istedad və bacarığına yox, hazırladığı app-a qiymət verilir. App keyfiyyəti isə tək bacarıqdan yox, ayrılan diqqət və zamandan, stimuldan, həvəsdən və.s. faktorlardan asılıdır.

Gombuless:
İdeya - 3/5 – İdeya yaxşıdır, bu tip app-lar çoxdur amma.
Dizayn - 5/5 – Dizaynı çox səliqəli, ürəkaçan, hətta az qala burdakı app-lardan ən yaxşısı.
Funksionallıq - 2/5 – Bir az qarışıqlıq var, ilk daxil olanda çətinlik yaranır ki hardan başlayım necə başlayım. Bir də crash olur tez-tez.
Faktiki faydalılıq  – 3/5 – Reallaşdırılması normaldır, ona görə də maraqlı auditoriya faydalana bilər. Amma update-ə ehtiyacı var.

Kub
Bu proqram sadəcə bir OpenGL kubdan ibarətdir deyə qiymət vermək mümkün deyil.

Polidroid
5/5 – İdeyaya söz ola bilməz, çox lazımlı və çatışmayan bir sahədir.
2/5 – Dizayn elə də ürəkaçan deyil.
1/5 – Funksionallıq pis həll olunub. Ümid edirəm update ilə inkişaf edər, çünki çox lazımlı app-dır.
2/5 – Hazırki durumda faydalılığı elə də çox deyil, çünki çox narahatdır. Amma inkişaf etsə tam faydalı 5/5 bir app olar.

Azdroid
3/5 – İdeya pis deyil, normal fikirdir.
3/5 – Dizayn da play store tərzindədir, bənzədilib, normaldır.
2/5 – Standartdır, maraqlı yanaşma yoxdur, sadəcə düzülüş var, statiklik var.
2/5 – Hazırki vəziyyətdə tam yararlı hesab edilə bilməz, amma gələcəkdə maraqlı funksionallıqlar əlavə edilsə əlaya çevrilə bilər(content auto-translate, user submission və.s.)

Sağlam qida
5/5 – İdeyaya söz ola bilməz, əladır.
2/5 – Dizayn qaneedici deyil
2/5  Funksionallıq da minimaldır
2/5 Potensial olaraq 5/5 faydalıdır, amma hazırda bir az narahatdır.

Catch me if you can
3/5 – Bu tip proqramlar hədsiz çoxdur, yeni nəsə yoxdur ideyada. Amma filmlə assosasiya rəng qatıb.
5/5 – Dizayn çox xoşuma gəldi, qəşəngdir, tam peşəkar app-da hiss edirsən özünü.
4/5 – Funksionallığın da üzərində ciddi işlənildiyi hiss olunur, bəzi kiçik çatışmazlıqlar gözə dəysə də.
2/5 – Bu tip proqram çox olduğuna görə faydalılıq elə də yüksək deyil, amma xaricə çıxarılası app-dır, ümumən qəşəng alınıb.

Xəritə-Guide
4/5 – İdeya maraqlıdır, yığcam app formasında informasiyanı çatdırmaq, maraqlı naviqasiya ilə
2/5 – Vizual yanaşma düzgün olsa da, dizayn realizasiyası zəif təsir bağışlayır.
2/5 – Funksionallıq kafidir, daha da yaxşı ola bilərdi.
4/5 – Faydalılıq hazırki durumda belə yaxşıdır, dizayn və funksional daha yüksək səviyyədə olsaydı lap yaxşı olardı.

TurboTranslate
4/5 – İdeya yaxşıdır, bu tip proqramlar olsa belə.
2/5 – Dizayn zəifdir, standart Android kompontentlərindən kənara çıxılmayıb, ümumi düzülüş də ürəkaçan deyil.
2/5 – Funksional ideyanı tam yansıda bilmir, nə nədir nə nəyə xidmət edir aydın deyil, (məsələn 2 mətn sahəsindən hansına yazmaq, birinci nəyi basmaq və.s. ilk öncə qaranlıq qalır)
2/5 – Faydalılıq 4/5 olmalı idi, amma hazırki duruma görə 2/5

Speedfinger
2/5 – Şərhsiz
1/5 - Şərhsiz
1/5 - Şərhsiz
2/5  - Şərhsiz

Herfler(Yarışaq)
2/5 – İdeya çox standartdır, maraqlı gəlmədi şəxsən mənə.
3/5 – Dizayn orta yaxşıdır.
4/5 – Funksional yaxşıdır, drag-drop və.s. yaxşı qoşulub.
1/5 – Faydalılıq haqda yaxşı nəsə deyə bilmərəm.

EMakler
4/5 – İdeya qəşəngdir, məhdud sahənin işçiləri üçün yaxşı app ideyasıdır(hərçənd praktiki olaraq bizim maklerlər çətin ki belə bir şey istifadə edə :) )
3/5 – Dizayn ortababdır, ortadan bir az da zəif demək olar.
3/5 – Funksionallıq yaxşıdır əslində, sadəcə narahatlıq var, qarışıqlıq var. Hər şey var, amma nə hardadır, çətin əlyetərlidir.
3/5 – Faydalılıq orta səviyyədədir.

EasyAzeri
4/5 – İdeya çox yaxşıdır, bu tip app-lar kaş çox ola.
3/5 – Dizayn ortababdır, üstündə işləyib əla səviyyəyə çatdırmaq olar.
2/5 – Funksional qaneedici deyil.
3/5 – Faydalılıq 5/5 ola bilər, update-də optimizə edilsə.

BullsandCows
2/5 – İdeyanı anlamaq üçün haqqındaya baş vurursan, burada isə çox qəliz cümlələr var.:) Nə deyilmək istənildiyini anlayınca bir neçə dəfə oxumaq lazım
2/5 – Dizayn elə də ürəkaçan deyil.
3/5 – Sadə app olduğuna görə funksional normal reallaşdırılıb.
2/5 – Arabir baş qatmaq olar :)

Offline tests
Bu öz app-ımdır, ortabab hesab edirəm ona görə də hər bir bəndə 3/5.

Beləliklə bütüb app-ları dəyərləndirdikdən sonra ən yüksək bal verdiklərimi sıralayım:

Gombuless-13,Kub-?,Polidroid-10,Azdroid-10,Sağlam qida-11,Catch me -14, Xəritə-12, Turbotranslate-10, Speedfinger-6, Yarışaq-10,Emakler-13,EasyAzeri-12,BullsandCows-9, Offline tests-?
Yekun nəticəyə görə ilk üçlüyüm:
1.  Catch me if you can
2. Gombuless
3. Emakler

Təbii ki bu subyektiv nəticədir, hər halda bir neçə münsifin birgə qərarı obyektivə daha yaxın olmalıdır.
Qalibləri təbrik edirəm :)

May 7, 2012. Dərc edildi: Qarışıq | 13 şərh var

Box.net qovluğunuzu Ubuntu-da sinxronizə edərək açın.

Bu barədə bir neçə gün öncə Twitterdə müzakirə getdi, Mac və Windows üçün həllər təqdim edildi. Ubuntu üçün həlli də mən paylaşdım. Sonradan bəzi problemlərin olduğu barədə məlumat aldım, test edərək həqiqətən də qovluğun yalnız readonly olaraq açıldığını gördüm. Ona görə də tələsik bir həll olaraq hazırki unix kodları paylaşıram.
İmkan olsa bu kodları shell skript formasına salaraq launcher düzəldib hazır bir kliklə Box.net-i Ubuntuya qoşan bir həll hazır edəcəm.
Qısaca məlumat verim ki Box.net cloud file storage sistemidir(Bulud fayl saxlama sistemi) Bu sistem sizin qovluqlarınız kompüterinizdə yox, internet üzərindən başqa serverlərdə saxlanılır, bu sizi tək kompüterdən azad edir, istənilən kompüterdən öz fayllarınıza ulaşa bilirsiniz.) Box.net-dən başqa bu sahədə əsas məşhur servis Dropbox-dur.
İndi isə kodlara keçək.  Ubuntuda ctrl+alt+T ilə Terminalı açırıq. Bu 3 sətri ardıcıl icra edirik:

sudo mkdir /media/box.net
sudo mount -t davfs https://www.box.net/dav /media/box.net
sudo chown -R sizin_user_adiniz  /media/box.net

Burada sizin_user_adiniz hissəsinə öz Ubuntu istifadəçi adını yazın. Məsələn mən default olaraq elvin:elvin yazıram. İstifadəçi adı:İstifadəçi qrupu adı.
İkinci sətrin icrası zamanı sizdən box.net login parolu istəniləcək ki, onları daxil etmək lazımdır. Bir də kimdə ki davfs quraşdırılmayıb(hansı ki default quraşdırılmış olmalıdır) ondan davfs quraşdırılması tələb olunacaq. Onu da bir sətirlə həll edə bilərsiniz:

sudo apt-get install davfs2

Vəssalam. Hər hansı problem çıxsa şərhlər bölməsində yaza bilərsiniz.
Shell skriptdə təcrübəsi olanlar bu kodu launcher formasına salıb linkini şərhlər bölməsində yazsa, daha əla olar :) (Sadə shell kod lazımdır, launcherə basanda .SH faylını çağırsın, prompt ilə Ubuntu root parolu, boxnet login parolu tələb olunsun, submit etdikdə yuxarıda yazdığım 3 sətir icra olunsun, vəssalam)

Mart 6, 2012. Dərc edildi: Ubuntu OS | Şərh yazın

Sadəcə daha bir WordPress aləti

Bu gün WordPress-də əksəriyyətin nəzərindən qaçan, amma əslində faydalı ola biləcək bir alət olan Bookmarklet haqda yazıram. Bayaq Launchpad-da WordPress tərcüməsində redaktə apararkən adına rast gəldim deyə xatırladım və yazmaq qərarına gəldim.

Bookmarklet bir düymədir, düyməni görməkçün WordPress idarə panelində Alətlər bölməsinə keçirik, orada “Kliklə”(Press this) adlı düyməni sürüşdürüb brauzerin seçilmişlər(bookmark) panelinə atırıq və orda qalır. Daha sonra istənilən bir saytı açırıq və həmin seçilmiş keçidə klikləyirik. Bu zaman yeni pəncərədə WordPress redaktoru açılır. Bu redaktor yazıya ad və qısa mətn düzəltmiş vəziyyətdə olur.
E-Haci.net baş səhifəsi üçün bu əməliyyatı etdim. Daha sonra İnsert image düyməsinə klik etdim. Və aşağıdakı durum yarandı:

Göründüyü kimi redaktorda yazının başlığı və kiçik giriş informasiya artıq yaranıb. Üstəgəl bizə lazım olan səhifədəki bütün şəkillər sıraya düzülərək yazıda istifadəyə hazır vəziyyətə gətirilib.

Dekabr 27, 2011. Dərc edildi: Məsləhətli | 1 şərh var

Elektron ödəməylə bağlı kiçik bir sorğu və nəticələri

Bu yaxında Xaricidil.net Conversation səhifəsində olan sorğu bölməsində elektron ödəməyə istifadəçilərin münasibətini öyrənmək üçün sorğu keçirmək qərarına gəldim. Səsvermədən bir müddət keçib artıq 400-ə yaxın gənc(əsas auditoriya tələbələrdir) münasibətini bildirib. Nəticəyə baxaq:

Sorğuda sevindirici cəhət odur ki, elektron ödənişə olan münasibət ümumən pozitivə doğru dəyişib. İştirakçıların təxminən 56%-i bu müasir, zəruri tələbata müsbət yanaşır. 26% artıq bunu reallaşdırıb, 30% isə bu fikirdədir.

Təəssüf doğuran məqam isə 44%-in elektron ödəməyə olan neqativ münasibətidir. 44% kifayət qədər yüksək göstəricidir və səbəbləri barədə düşünməmiz lazımdır.
Səbəblər sırasına nələr aid ola bilər?
1. Mühafizəkarlıq – hər şeyi nəqd alıram, belə şeylər mənlik deyil fikri.
2. Məlumatsızlıq – elektron ödəmə filan deyirlər, nədirsə mənlik deyil yəqin, çətin bir şeydir.
3. Etibarsızlıq – İnternet üzərindən kart məlumatlarımı daxil etsəm, bankdan pulumu çəkərlər və.s. kimi fikirlər.
4. Və.s. digər ümumi və fərdi səbəblər.
Dünyada vaxtı az olan insanlar ərzaq bazarlığını belə internet üzərindən edirsə, bizdə hələ elektron kart əldə etməyə neqativ yanaşan insanların olması təəssüf doğurur. Əminəm ki, sorğunu bir il öncə keçirsəydik, xoşagəlməz göstərici 44 yox, minimum 50-55% olardı. İldən ilə irəliləyiş var, sadəcə bu irəliləyiş zəif sürətlə gedir.

Noyabr 26, 2011. Dərc edildi: Maraqlı | 7 şərh var

WordPress-də email başlıqlarını dəyişmək

wp
Wordpress CMS-i istifadə edən developerlər yəqin ki, php-dəki wp_mail() funskiyasından xəbərdardırlar. Funksiyanın adı tanış gəlməsə belə gördüyü iş hamıya məlumdur. Bu funksiya vasitəsilə sistem emailləri göndərilir. Yəni yeni şərh olduqda, yazınıza şərh yazıldıqda, qeydiyyatdan keçdikdə, parolu unutduqda və.s. emailləri bu funksiya göndərir.

Bu funksiyanın header-başlıqları(Göndərənin adı, email ünvanı) WordPress-in nüvə fayllarından birində yerləşdiyindən(konkret desək wp-inclueds/pluggable.php) onu redaktə etmək əlverişli deyil, çünki redaktə etsək belə WordPress-in növbəti update-ində nüvə faylları yeniləri ilə əvəz olunacaq və əziyyət hədər gedəcək. Ona görə də bu məsələni ya pluginlə həll etmək lazım, ya da theme-in functions.php faylında hook filterlər(hook filter CMS-lərə aid termindir və izahı bu mövzuya aid deyil deyə üstündə dayanmayaq) yazmaq lazım. Biz 2-cini seçərək asan yolla bu problemi həll edək.

Ümumiyyətlə niyə buna problem kimi baxırıq, default(susmaya görə) başlıqların nə pis cəhəti var ki? Cavab bu: Default başlıqlar sizin istəyinizə uyğun qurulmayıb. Belə ki göndərənin adı olaraq WordPress, emaili olaraq wordpress@sizin_sayt_unvani.com göstərilir. Təsəvvür edək sizin istifadəçiyə məktub gedir sizin saytdan, istifadəçi mailini açır görür ki WordPress adlı şəxsdən ona məktub gəlib.
Yəni “WordPress” wordpress@sizin_sayt.com. 
Bu heç də yaxşı deyil. İstifadəçi belə bir başlıqla qarşılaşmalı:
“Sizin saytın adı, başlığı və ya adminin adı” sizin_saytin_adi@sizin_sayt.com

Bunu etmək üçün admin paneldən(Dashboard) Appearance->Themes->Editor bölməsinə daxil olun və theme-nizin functions.php faylını açıb bu kodu ora yerləşdirin.

function website_email() {
    $sender_email= 'Sizin saytın emaili buraya'; //məsələn info@saytiniz.com
    return $sender_email;
}
function website_name(){
    $site_name = 'Sizin saytın adı-başlıq və ya hər hansı ad-soyad buraya'; //məsələn Filankesov Filankes
    return $site_name;
}
add_filter('wp_mail_from','website_email');
add_filter('wp_mail_from_name','website_name');

Vəssalam, bu əməliyyatdan sonra sizin istifadəçilər sizin saytdan normal başlıqlı emaillər alacaqlar.

Sentyabr 6, 2011. Dərc edildi: Web proqramlaşdırma | Şərh yazın

İlk Android proqramım – İntuetta

Bu yaxınlarda Android development sahəsinə baş vurub ilkin anlayışlarla tanış olduqdan sonra qərara gəldim ki, öyrənmə prosesini applicationlar quraraq həyata keçirim, bu mənim üçün özünü doğrultmuş metod olduğundan bu dəfə də istisna olmadı. Bir sözlə bu ilk app-ım Android-də bilgimin qeyri-professional səviyyədə olduğu halda hazırlandı. Ona görə də dərin kodlu bir proyektə girişmədim. Yavaş-yavaş, asandan çətinə təkamüllə getmək lazım. :)
İntuetta app-ı kateqoriya baxımından Android market-in Games->Brain&Puzzles bölməsinə aid edilə bilər. Proqramın məntiqi sadədir, 3 adam ikonkasından birini proqram öncədən seçir, siz bu adamın hansı olduğunu intuisiya ilə tapmalısınız, 20 cəhddən sonra tapdığınız say faiz olaraq nəticə kimi qeydə alınır və siz istəsəniz nəticəni submit də edə bilərsiniz. Submitlər veb bazada toplanır və nəticədə proqramın high-scores bölməsində ən yüksən intuisiyaya malik istifadəçilərin siyahısı dərc olunur. Orta statistik göstərici normal halda 33.3% olmalıdır(1/3), bundan çox göstərici artıq nailiyyətdir. :) Hazırda ən çox xalı olan 55% ilə 3 nəfərdir.

Proqramın market ünvanı

Avqust 18, 2011. Dərc edildi: İşlərim | 3 şərh var

Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar “Electronic ink display” yazıb axtarış edə bilərlər.

2007-ci ildən başlayaraq Amazon-un alt şirkəti olan Lab126 şirkəti AmazonKindle adı altında bu tip eink ekranlı oxuyucu istehsalına başlayıb. Və hazırda ən son məhsulları 3-cü nəsil Kindle-lar olan Kindle 3 wifi, Kindle 3 wifi+3g, Kindle 3 DX cihazlarıdır.
Mənim əldə etdiyim cihaz adını ilk çəkdiyim Kindle 3 wifi-dır. Bu aparat haqda ilkin təəssüratlarımı qısaca paylaşıram.
E-oxuyucu son dərəcədə zərif və gözəl dizaynla hazırlanıb. Ələ yatımlıdır. Ekranı başqa texnologiya ilə hazırlandığından işiq saçmır, işıq əks etdirmir-güzgü effekti vermir. Ekrana saatlarla baxdıqda belə göz yorulmur, adi kitab vərəqindən fərqlənmir. Şəkildə solda Amazon Kindle, sağda isə planşet təsvir olunub, fərq aydın nəzərə çarpır.

İstifadəsi haqda qısaca deyim. Cihazın təyinatı əsasən 1 istiqamətə yönəlib. Kitab oxumaq. Kitabı əldə etmək üçün bir neçə üsul düşünülüb.
1. Wifi ilə internetə qoşularaq hər hansı saytdan yükləmək və ya Amazonun öz saytından almaq.
2. USB ilə kompüterə qoşularaq adi usb-yaddaş qurğusu kimi kitabları cihaza köçürmək.
1-ci halda istədiyimiz kitabı yükləyirik və istifadə edirik. 2-ci hal üçün isə ortaya bir sual çıxa bilər. Amazon hansı kitab formatlarını dəstəkləyir və ya hansısa formatı dəstəkləmirsə onda nə edək?
Bu sualın cavabı bu: Amazon bir neçə kitab formatını dəstəkləyir: MOBİ, PDF, PRC, TXT, TPZ, AZW. Dəstəkləməyən tiplərdə kitab kolleksiyanız varsa narahat olmağa dəyməz. Əksər e-oxuyucu istifadəçiləri məhz bu proqramdan istifadə edərək kitabların formatını çevirirlər. Bu kompüter proqramının adı Calibre-dır. Windows, MAC və Linux üçün versiyaları var. Proqramı quraşdırıb açırsınız, çevirmək istədiyiniz kitabı açıb convert düyməsini basırsınız, almaq istədiyiniz tipi seçib START edirsiniz. Vəssalam. Bu proqram elektron kitab oxuyanların kompüterində daim hazır vəziyyətdə olmalıdır. Proqramı buradan yükləyə bilərsiniz. Kindle üçün ən məsləhətli tip MOBİ formatıdır. Bu formatda kitablar Kindle-da çox aydın, səliqəli halda olur, miqyası böyütməyə və ya skroll-a və.s. ehtiyac olmur. Rahat kitabınızı oxuyursunuz.

Kindle menyusunda Experimental adlı bölmədə daha 3 maraqlı funksiya var.
1. Brauzer: Adi Webkit browserlə siz internet saytlara daxil olub istədiyiniz məlumatı əldə edə, əməliyyat apara bilərsiniz. Amma təbii ki hər şeyi edə bilərsiniz demək olmaz. Çünki bu cihazın təyinatı internetdə işləmək deyil. Birincisi ekran ağ-qaradır, ikincisi brauzer tam funksional deyil, məsələn çoxtablı rejim yoxdur.

2. Mp3 oxuyucu(player): Cihazın çox keyfiyyətli səsə malik mp3 playeri var. Mobil telefonlardan, hətta laptoplardan daha yaxşı, təmiz səs effektlərinə malikdir. Amma bu da tam funksional player deyil, playlist düzəltmək və başqa özəlliklər yoxdur, sadəcə mahnılar düzülüb, siz də hansını istəyirsiz oxudursunuz və ya özü oxuyur sıra ilə.

3. Mətn səsləndiricisi. Yalnız ingilis dilində olan kitabları avtomatik səsləndirmə imkanı. Bu xüsusən bizim istifadəçilər üçün çox faydalı ola bilər. Kitabı dinləməkdən əlavə ingilis dili öyrənmək üçün də köməkçi vasitə ola bilər. Funksiyanı işə salırsınız, standart kişi səsi ilə kitab oxunmağa başlayır.

Hələ ki bu qədər. Yeni-yeni təəssüratlar olsa şərhdə bölüşərəm. Bir az pulsuz reklam kimi çıxdı yazı, amma məncə hədəf kitab oxumaqdırsa, dəyər bunu etməyə. :)
P.S. Cihaz bir dəfəyə 1 ay(!) enerji saxlayır. Wi-fi daim açıq olduqda isə 2-3 həftə.

İyun 24, 2011. Dərc edildi: Məsləhətli | Açar sözlər , , , , | 10 şərh var

WordPress kateqoriyalarının Google chart ilə qrafik təsviri

Bu postda kiçik bir kod parçası paylaşmaq istəyirəm, bu kod wordpress bloqunuzun kateqoriyalarını yazı sayına görə qrafik təsvir edəcək, kod parçasını statistika ilə maraqlanan istənilən şəxs öz bloqunda yerləşdirə bilər.
Kod aşağıda yazılanlardan ibarətdir:

//Author: Elvin Haci
//Author url: http://webania.net
$ch_cats = get_categories(array('orderby'=>'count','order'=>'desc') );
$sayy= count($ch_cats);
$chd=''; $chl='';
for ($i=1;$i<=$sayy;$i++)
{
$chd=$chd.','.$ch_cats[$i-1]->count;
$chl=$chl.'|'.$ch_cats[$i-1]->name.'('.$ch_cats[$i-1]->count.')';
}
$chd=substr($chd,1);
$chl=substr($chl,1);
$ch_title="Yazı sayına görə mənim bloq kateqoriyalarım";
$ch_size="450x200"; // Şəklin ölçüsüdür, dəyişə bilərsiniz.
echo '<img src="http://chart.googleapis.com/chart?chtt='.$ch_title.'
&cht=p3&chd=t:'.$chd.'&chs='.$ch_size.'&chl='.$chl.'">';

Əgər siz qrafiki yazı daxilində yerləşdirmək istəyirinizsə o halda InlinePHP pluginini(qoşmasını) quraşdırmaq lazımdır. Quraşdırdıqdan sonra siz yazı daxilində [ exec ] …code here… [/exec] tag-larından istifadə edərək istənilən php kod parçasını işlədə bilərsiniz.
Yox əgər sizin theme redaktəsi ilə aranız yaxşıdırsa, təcrübəniz varsa, o halda qrafiki bloqunuzda istənilən bölgədə yerləşdirə biləcəksiniz. Məsələn yan sütunda yerləşdirmək olar(cari işlətdiyiniz theme qovluğunda sidebar.php faylı).

Sonra qrafiki demo olaraq təqdim edirəm. Təbii ki, bu qrafik yazının dərc olunduğu bloqun statistikasını əks etdirir.


Bu kodu asanlıqla plugin formasına salıb WordPress.org-da yerləşdirə bilərəm, əgər maraq olsa inşallah yəqin ki edəcəm. Uğurlar.
Yazının ilkin dərc etdiyim ünvan: Webania.net

İyun 22, 2011. Dərc edildi: İşlərim, Web proqramlaşdırma | 2 şərh var

Yeni ideya satmaq barədə maraqlı cavab

Sual: Salam. Ağlıma internet xidmətləri ilə bağlı unikal bir ideya gəlib, amma bunu reallaşdırmağa vəsaitim yoxdur. Onu necə sata bilərəm? Məsələn Google və ya Mail.ru kimi nəhənglərə. (X.Esmurziyev)

Cavab: Salam. Sizi məyus etməli olacam: Dünyada maraqlı ideya defisiti mövcud deyil. Sizin ağlınıza gələ bilən istənilən ideya, böyük ehtimalla neçə-neçə başqa şəxslərin ağlına artıq gəlib. Asan axtarış ilə buna əmin də ola bilərsiniz.
Heç kimə sadəcə yaxşı ideya lazım deyil. Hamıya yaxşı ideya zamanında və yerində(zərurət olduqda) lazımdır. Məhz bu son tələbi qoyduqda ideya verə biləcək adamların sayı kəskin azalır.
Məsələn götürək, bank biznesinin plastik kartlar bölməsini. Minlərlə yüksəkmaaşlı işçilər sutka boyu kiçicik də olsa xeyirgətirən yeni ideya düşünməyə çalışırlar. Kim nail olursa, ona afərin düşür. Amma yeni ideya həddən ziyadə azdır.
Odur ki əgər siz konkret sifariş olunan oblast üzrə məsələn 100 əla ideya düşünməyi bacarırsınızsa, o halda siz qabağa gedəcəksiniz. Yox əgər sizdə yalnız bir ideya varsa, onda o heç kimə lazım deyil.(A.Lebedev)

Mənbə: tema.livejournal.com

May 31, 2011. Dərc edildi: Maraqlı | 2 şərh var

.htaccess ignore olunursa

Qısa bir həlli paylaşmaq istəyirəm.  Php-Mysql-Apache qurduqdan sonra bəzi konfiqurasiyalı serverlərdə .htaccess faylının iqnor olunması problemi meydana çıxır. Yəni, məsələn WordPress-də sayt qururuq, Permalinks-dən URL-i friendly edirik(məsələn site.com?p=12-ni əvəz edirik site.com/salam strukturu ilə) və saytdakı linklər avtomatik dəyişir. Amma linklərə keçid etdikdə 404 xətası verir, belə bir ünvanın olmadığını deyir. Həll üsulunu aşağıdakıdır: (nümunə Linux-da qurulmuş standart Apache server üzərində verilir).

Terminalı açıb yazırıq: (Əgər serverə kənardan bağlanırıqsa, o halda SSH bağlantı pəncərəsini açırıq, məsələn Putty proqramı ilə)

sudo gedit  /etc/apache2/sites-available/default (1. defaultun yerində başqa ad da ola bilər, apache-də yaradılan saytın adından asılıdır. 2. SSH qoşulmada gedit əvəzinə vi və ya nano yazmalı)

Açılan editorda

<Directory /var/www/>
Options Indexes FollowSymLinks MultiViews
AllowOverride None
Order allow,deny allow from all
</Directory>

blokunda AllowOverride None yazılıbsa, onu AllowOverride All ilə əvəz edirik. Səhifəni yadda saxlayırıq.  Daha sonra terminalda yazırıq:

sudo a2enmod rewrite

sudo /etc/init.d/apache2 restart

Vəssalam, problem həll olmalıdır.

 

Aprel 6, 2011. Dərc edildi: Məsləhətli | 1 şərh var