Buludlara köçək, köçməyək?

Əsas sual: Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Cavab hə isə davam edək.

Ön qeyd: Bu yazı əsasən İKT sahəsinə aid olmayan Azərbaycan internet istifadəçiləri üçün daha çox məsləhətlidir, əgər siz İKT sahəsinə aidsinizsə, mövzunun bir qismi və ya böyük hissəsi sizə asan və məlum məsələlərdən bəhs etmiş ola bilər. Amma məlumat xarakterli hissələrlə yanaşı yazıda şəxsi yanaşmalar və şəxsi həll təklifləri də var deyə hər kəs üçün faydalı məqamlar tapıla bilər.

Yazını çoxdan yazmaq istəsəm də mövzu üzrə qaneedici həlli özüm də tapmadığımdan yazmaq hər dəfə təxirə düşürdü. Qaneedici həllin çətinliyi təklif olunan xidmətlərin say çoxluğu, onların minimal sayda olanını seçib maksimal effektivlik çıxarmağın çətin olmasındadır. Hazırda gəldiyim nəticə özümü tam qane etməsə də, optimal varianta yaxınlaşdığım qənaətindəyəm.

Mövzu biz və kompüterlər – buludlara köçməkdir.

Mövzunun mahiyyəti

Başlıq bir az çaşdıra bilər. Ona görə də dərhal mövzunun mahiyyətini yazaq. Biz paralel olaraq bir və ya bir neçə ev kompüteri, laptop, netbook, smartfon, tablet və.s. işlədə bilərik. Bunların hər biri smart qurğular olduğundan ümumi olaraq hər birinə kompüter adı verək. Ki yazı daha asan alınsın.

Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Yəqin ki, azı bir neçəsi var. Bunları necə idarə edirsiniz? Kompüteriniz fiziki zədələnsə, itsə və.s. olsa, sizin kompüterinizin yaddaşına ulaşmanız bir an içində kəsilsə, o sənədlərin aqibəti necə olacaq? İtəcəkmi? Bəlkə ehtiyat nüsxəni saxlamaq üçün external diskdən, flash kartdan istifadə edirsiniz? Edirsinizsə yaxşıdır, amma bu optimal idarəetmədirmi? Axı neçə gündən bir kopya çıxaracaqsınız, son variantı təzələyəcəksiniz və.s.? Belə pərakəndə yanaşma ilə sözsüz ki, optimal idarəetmə əldə etmək mümkün deyil. Əksinə bu halda sənədləriniz daha da dağınıq olacaq, arzuolunmaz nüsxələr, əlavə yaddaş sahələri və.s. çıxacaq, üstəgəl yenə də ən son versiya problemi mövcud olmuş olacaq.

Məqsədimiz

Beləliklə ortalığa bir zərurət çıxır: Bütün adı çəkilən sənədləri vahid mərkəzdən idarə edə bilmək imkanını əldə etmək. Kompüterdən fiziki olaraq asılı olmamaq zəruridir. Bu asılılığı aradan qaldırmaq üçün bulud texnologiyalarından(cloud technology) istifadə etmək olar. Terminin xırdalığına getmədən(belə şeylər üçün Wikipedia var) məlumat verim ki, bulud həll variantında sizin sənədlər güvənli bir serverdə qorunub saxlanılır və sizin xüsusi login-parolla bütün kompüterlərinizdən öz sənədlərinizə əliniz yetir.

Hər dəfə birbaşa serverlə, yəni internet üzərindən işləməməyiniz üçün, offline rejimdə adi qaydada işləməyiniz üçün Sync(serverlə sinxronizasiya) adlanan texnologiya da var. Bu halda sizin sənədlər kompüterinizdə adi sənədlər kimi qalır və hər dəyişiklikdən sonra dəyişikliklər internet üzərindən serverə göndərilir və beləliklə sizin məsələn planşetdən girib planşetin yaddaşındakı sənədə gələn həftə üçün yazdığınız plan kompüterinizdən girdikdə kompüterinizdəki sənəddə də əks olunmuş olur. Və ya işdə hər hansı mətn yığırsınız, iş vaxtı bitir, kompüteri bağlayıb evə gəlirsiniz, evdəki kompüterdə sənədi açırsınız, işdə ən son harada qalmışdınızsa oradan da davam edirsiniz.

Yaxşı səslənir, bəs konkret hansı xidmətlərdən istifadə edək?

İşin qəliz tərəflərindən biri də məhz buradır. İnternet şirkətlərin sizə təqdim etdiyi 100-lərlə xidmətdən ən optimal variantı seçmək və xidmət sayını minimuma endirmək. Belə ki qeydlər üçüb ayrı, şəkillər üçün ayrı, videolar üçün ayrı, plan üçün ayrı və.s. ayrı-ayrı servislərdən istifadə etsəniz, mövzumuzdakı problemi həll edəcəksiniz, amma bu zaman yeni problem meydana çıxacaq, çoxsaylı account-hesabları yığıb-yığışdırmaq, idarə etmək çətinliyi. Mən bu yarımbaşlıqda sırf öz  həllimi, öz minimallaşdırılmış optimal seçimimi sizinlə paylaşacam:

1. Şəkillər, videolar, kitablar, sadəcə müxtəlif fayllar, ofis sənədləri, backup-lar və.s.

Bunları qoruyub saxlamanız üçün Dropbox və ya Google Drive-dan istifadə edə bilərik.(Mən bölgü aparmışam, sənədlər üçün GDrive, digər sadalananlar üçün Dropbox istifadə edirəm, amma əslində hər ikisini istifadə etməyə gərək yoxdur) Dropbox-un üstünlüyü daha asan, daha zəngin həllərə malik sistemə malik olmasında, bütün əməliyyat sistemlərini dəstəkləməsində, əlavə pulsuz yaddaş hədiyyə etməsində və.s.-dədir. GDrive-ın üstünlüyü isə- Google hesab altında olmasında(eyni hesabla siz Gmail, Youtube və.s. saytlara da girirsiniz), ofis(doc,xls,ppt) sənədlərinin yerindəcə online redaktə imkanındadır. Şərti olaraq Dropbox-un üzərində dayanaq. Dropbox seçdiyiniz halda Dropbox.com-a daxil olursunuz, proqramı yükləyib kompüterdə quraşdırırsınız. Vəssalam, sizə verilən papka artıq bulud server ilə Sync, yəni sinxronizə olunmuş vəziyyətdədir. Və siz bütün sənəd,şəkil,video və müxtəlif fayllarınıza dünyanın istənilən yerindən, istənilən kompüterdən ulaşa bilərsiniz. Sync məntiqinin hesabına hər bir kompüterdə offline rejimdə, internetsiz də işləyə bilərsiniz. Sonra nə vaxt internet olacaqsa, o zaman dəyişikliklər serverə göndəriləcək.

2. Qeydlər, planlar, görməli işlərin siyahısı, internetdən seçib yadda saxladığınız informasiya və.s.

Bu xidmətlərin şəksiz lideri Evernote adlanan proqram təminatıdır. Evernote.com-a daxil olaraq siz hesab əldə edə bilərsiniz.

Evernote-da mən aşağıdakıları cəmləşdirə bilmişəm:

  • Qeydlər, cızma-qaralar, ideyalar
  • Görüləsi işlərin siyahısı  – Todo adlı qol-stack yaradıb içində proyektlərin hərəsinə aid papka yaratmaq, onların da içinə işlərin hər hansı formada qeydini daxil etmək, bitdikdə YERİNE YETİRİLDİ adlı papkaya atmaq; və yaxud daha sadə variant hər həftə bir note yaradıb adını tarixə uyğun qoyub(məsələn 2012,14-21 avqust)  içinə həftəlik işləri yazmaq, işləri gördükcə pluslamaq. və.s. öz rahatlığınıza uyğun formalar düşünmək olar.
  • İnternetdən götürülən informasiya – Hər hansı saytda maraqlı şəkil,məlumat gördükdə onu copy edib Word-ə də atmaq olar, html kimi də saxlamaq olar. Amma bunlar qeyri-effektivdir. Ən gözəl yol Evernote plugini köməyilə məlumatları qeyd edib CLİP SELECTİON tıqlamaqdır. Bu halda yeni kəsilmiş qeyd gedib düşəcək məsələn “İnternetdən maraqlı seçmələr” adı papkanıza.

Bütün bunlar Sync hesabına hər yerdə əlçatan olacaq, asan axtarışla, açar sözlərlə daim köhnə məlumatı tapa biləcəksiniz və.s.

Beləliklə buracan hansı nəticəyə gəlmiş olduq: Biz sadəcə iki xidmətin sayəsində(Dropbox və Evernote) aşağıda sadalanan şəxsi elektron obyektlərimizin-mülklərimizin idarəetmə yüyənini əlimizə keçirmiş olduq.
Şəkillər, videolar, ofis sənədləri, istənilən tip digər fayllar, qeydlərimiz, planlarımız, ağlımıza qəfil gələn ideyalar, görməli işlərimizin siyahısı, intertnetdən kəsib götürdüyümüz informasiya və.s. Az deyil, deyilmi?

Təhlükəsizlik və məxfilik

Meydana təbii sual çıxa bilər. Əvvəllər bərbad idarə altında olsa da öz fayllarımı öz kompüterimdə saxlayırdım və təhlükəsizlik və məxfilikdən əmin idim. Bəs indi? Axı bütün məlumatlar hansısa amerikan yaxud Avropa serverində saxlanılmış olacaq.
Haqlı sualdır.
Məxfilik: Sizin facebook hesabınız, email yazışmalarınız və.s. internet üzərindən olan məxfi elektron mülkiyyətiniz də eyni durumda deyilmi? Müasir internet bunu diqtə edir, artıq məlumatlarımızın byulud serverlərdə cəmləşməsi zərurət halına gəlməkdədir. Hər halda əgər düşünürsüzsə ki sizin sənəd,şəkil,video məsələn GDrive-ın məxsus olduğu Google-un hər hansı xüsusi imtiyazlı işçisinə həyati önəmli ola bilər, o halda o tip sənədləri elə öz kompüterinizdə saxlayın 🙂
Təhlükəsizlik: Bu tip xidmətlərin kənar müdaxilədən qorunma keyfiyyəti çox yüksəkdir. Təhlükəsizliyə etibar etmək olar.

Alət proqramlar, istifadə qaydaları

Evernote, Dropbox və.s. bu tip proqram təminatlarından istifadə qaydaları çox asandır, hər hansı ciddi dokumentasiyaya gərək qalmadan özünüz praktiki məşq ilə öyrənə bilərsiniz.

Dropbox-da istifadə olunacaq alətlər: Dropbox proqram təminatı, smartfonlar üçün Dropbox app və Dropbox.com veb klientidir. Bu 3-lük sizə Dropbox-dan tam rahat istifadə imkanı verəcək: Həm smartfonlarda, həm tablerlərdə, həm kompüterin hard diskində, həm də birbaşa brauzerdə.

Evernote üçün lazım olan alətlər: Evernote proqram təminatı, Evernote.com veb klienti, Google Chrome üçün Evernote clipper extensionu(Digər brauzerlərdə də analoji pluginlər var)

Bəs bütün bunları edərkən meydana çıxan suallarıma cavabı haradan əldə edəcəm?

Yazıda təkliflər olsa da, realizasiya necə olacaq, şəkilli izahlar və.s. mövcud deyil. Çünki məqsəd istiqamət verməkdir. Sualların meydana çıxması təbiidir. Rus və ya ingilis dilində bu sualları Google-da axtarıb cavab ala bilərsiniz. Öz dilimizdə cavab və ya anlaşılmaz qalan məsələlərə izah lazımdırsa, Cavablar.net köməyinizə çata bilər.

Sonda yazını səhifənin yuxarı hissəsindəki sosial paylaşım düymələrinə(like,tweet,+1) klikləməklə dostlarınızla paylaşmağı unutmayın.

Elvin Hacı.

Sosial şəbəkələr və biz

Hal-hazırda orta statistik internet istifadəçisi haqda “Sosial şəbəkə istifadə edir ya etmir?” sualı aktual deyil, soruşula bilən sual “Neçə sosial şəbəkədən aktiv şəkildə istifadə edir?” sualı ola bilər.

Öyrəşiklik və səbəbləri

Bəs niyə bir yox, bir neçə sosial şəbəkələrdən(bundan sonra SŞ), servislərdən istifadə edirik? Səbəbi təxminən belə xarakterizə etmək olar: SŞ-ləri auditoriya,təyinat,xidmət və funksionallıq və.s. baxımdan bir-birindən fərqləndirən məqamlar mövcuddur, ona görə də əksər aktiv internet istifadəçiləri paralel olaraq bir neçə xidmətdən istifadə edir.

Nümunə 1: Sosial aktiv olan A adlı istifadəçi dostları ilə ünsiyyət qurmaq, paylaşmaq üçün Facebook-dan(bundan sonra FB), maraq dairəsinə uyğun mikrobloqlardan ibarət daha mobil, çevik və qısa paylaşım üçün Twitterdən, rusdilli auditoriya ilə, həmsiniflərlə danışmaq üçün Odnoklassniki-dən, maraq dairəsində olan multimedia materialları paylaşımı,reytinqi və.s. üçün Getglue-dan, maraqlı şəkillər üçün İnstagram-dan, vizual baxımlı paylaşımlar üçün Pinterest-dən, videolar üçün Youtube-dan və.s. xidmətlərdən istifadə edir. Siyahını kifayət qədər uzatmaq da olar.

Nümunə 2: Sosial aktiv olan B adlı istifadəçi kiçik sosial servislərdə elə də maraqlı deyil. O gününü əsasən FB-da keçirir. Digər servislərdə hesaba malik olsa da, onlardan nadir hallarda istifadə edir.

Fayda və zərərlər

Yaxşı bəs bu xidmətlərə nə qədər vaxt sərf olunur,  zərəri varmı, varsa nədən ibarətdir? Maraqsız olsaydı, təbii ki, bu xidmətlərdən heç biri populyarlıq qazanmazdı. Adları çəkilən hər bir xidmət A və B adlı istifadəçilərə maraqlıdır. Bu maraq sonda addiktivliyə çevrilir və A-nın həyatı SŞ-larda keçməyə başlayır, real həyat arxa plana keçir. B isə yalnız FB-da “oturur”, like toplamaqdan həzz alır, maraqlı şəkillərə,videolara baxır, paylaşır, oyun bölməsində çox xal toplamağa çalışır və.s.

SŞ-ların real həyatdakı fəsadları haqda ton-ton yazılar var. real dostları itirmək, açıq havada daha az vaxt keçirmək, ailə konfliktləri, yeniyetmə psixologiyasının pozulma halları və.s. bunlar haqda yazmağa ehtiyac yoxdur.

İndi SŞ-in A-ya və B-yə vurduğu iki zərər, vaxt və effektivlik göstəricisi haqda danışacam.

1. Vaxt: A adlı istifadəçi 7-8 SŞ-dən aktiv şəkildə istifadə edir. Bu şəbəkələrdən FB-a gün ərzində 2-3 və ya daha çox saat, Twitterə tutaq ki 2 saat, digərlərinin də hərəsinə yarım saat vaxt ayırır. B isə bu vaxtı FB-ya sərf edir. Cəmdə 7-8 saat vaxt SŞ-lara sərf edilmiş olur. Məlum “vaxt puldur” həqiqəti var, gənc bir insan üçün isə o puldan daha artıq bir məfhumdur. Nəsə öyrənə bilinəcək vaxtlar FB stream-ində yeni nə var nə yox buna baxmaq, maraqlı bir şəkli like etmək, videoya baxmaq və.s.-a sərf edilir.

2. İş effektivliyi. Əgər A və ya B işləyirsə, bu halda zərərin miqdarı daha böyük olur. Zehni əməklə məşğul olan insanlarda tez-tez antraktlara ehtiyac olur. Ən uzağı yarım saat dayanmadan işlədikdən sonra mütləq kiçik fasilə olmalıdır. Normalda bu antraktlar durub gəzişmək, kompüterdən və ya iş masasından aralanıb beynə dinclik verməkdən ibarətdirsə, A və B bu boş vaxtı FB-u açıb neçə bildiriş gəldiyinə baxmaqla, son dərcinə neçə yeni like gəldiyinə baxıb sevinməklə, paylaşımlara şərh yazmaqla və.s. keçirir. Burada artıq sağlamlıq baxımından zərərlər meydana  gəlməklə yanaşı başqa bir pis məqam da var: FB-dakı bu gəzişmələr zehni əmək tələb etmədiyindən qısa müddətdə daxili tənbəlliyin dəstəyi ilə A və B-yə qalıb gəlir və bir müddət sonra A və B artıq bütün iş günü FB-da gəzişir, yorulanda antrakt yerinə öz işinə baxır, yəni tam tərsinə edir. İş yorucu və maraqsız olduğundan az sonra yenidən şəbəkəyə qayıdır. Və iş günü beləcə başa çatır. Aylar illər hiss olunmadan ötüb keçir, A və B öz işində(~dərsində, təhsilində, elmində) günü gündən geriləyir, zehni kütləşmə baş verir, eyni zamanda karyerasında durğunluq olur.

Çıxış yolu təklifim və şəxsi həll metodum

Bu yazını qeydə alan müəllif də A  və B qədər olmasa da, bir müddət öncəyə qədər kiçik formada SŞ-ya aludə olmuş bir şəxsdir. Sadəcə vaxtında və ya vaxtından bir qədər gec ayılaraq müəyyən tədbir və islahatlar nəticəsində bu problemdən qismən azad olmuşam. Ona görə də bu yöndə nələr etdiyimi bu abzasda paylaşıram:

Hal hazırda ən zərərli SŞ sözsüz ki FB-dır. Ona görə ki populyardır, ona görə ki az qala hamı ordadır, ona görə ki qaynardır. Məhz bu səbəbdən ilk olaraq FB ilə məsələni çözmək lazımdır. FB-da uzaqda yaşayan dostlar, keçmiş məktəb ya tələbə yoldaşları və.s. ola bilər və bəziləri ilə yeganə əlaqə vasitəsi məhz oradır. Ona görə də FB hesabınızı silməyi təklif etməyəcəm.

1. FB-da Chat-ı OFF edin. Bunun faydası çoxdur.

2. FB-da bütün dostlarınızı Unsubscribe edin. Bu bir düyməyə klik etməklə olan asan işdir və hər kəs bacarar. İradə tələb etmir.

Bunu etdikdən sonra addiktivliyiniz sizi bir müddət yenə təhrik edəcək ki, antraktlarda, gecə yerinizə uzananda, yolda, metroda və.s. FB-ya daxil olasınız. Amma hər daxil olanda yeni heç nəyin olmadığını görüb gec-tez usanacaqsınız. Əgər paylaşımlardan mütləq xəbər tutmaq istəyirsinizsə, qeyri iş vaxtında, ya 2-3 gündə bir, ya həftədə bir dəfə sayta daxil olub sol sütundakı Listlərin köməyilə yenə də bütün paylaşımlardan xəbərdar ola bilərsiniz. Amma iradənizi çalışdırıb elə etməlisiniz ki, Listə baxmaq özü də bir aludəçiliyə çevrilməsin. Bir müddət sonra FB sizin üçün sönük bir servisə çevriləcək. Əvəzində hesabınız aktiv qalacaq, İnbox işləyəcək və kimsə sizə yazanda və ya kiməsə yazmaq istəyəndə adi mail xidməti kimi ora daxil olub məktubunuzu yazacaqsınız.

Keçdik digər servislərə:

3. Getglue, Pinterest, İnstagram və.s. kimi konkret təyinata malik, əslində heç bir ciddi faydası olmayan servislərdən tamamilə imtina etmək mümkündür, delete account və vəssalam. Əminəm ki, bunu asanlıqla edə bilərsiniz. Çünki bunlar FB kimi addiksiya yaratmaq gücündə deyil.

4. Youtube-da kifayət qədər faydalı kontent var. Ona görə də bu servisdən istifadəyə davam etmək hətta lazımdır. Amma gün ərzində 1 dəfə, ancaq seçdiyimiz abunə kanalların yeni videolarına baxmaqla. Daha gəzişmək olmaz, gəzişmək addiksiya yaradır və vaxtı boşa sərf edir.

5. Twitter saytının ya veb versiyasından istifadə etmək, hər istifadədən sonra pəncərəni mütləq bağlamaq, açıq saxlamamaq. Klientdən istifadə edilirsə, pop-up notificationları bağlamaq. Nəticədə baş verən heç bir yenilik diqqəti cəlb etməyəcək. Bu halda Twitter-dən istifadədə də dəyişikliklər hiss edəcəyik, gün ərzində əvvəl 15-20 və ya daha çox baxırdıqsa, indi artıq 3-4 dəfə baxacağıq.

Bu qədər. Ümid edirəm əsas fikirləri çatdıra bildim. Əsas məqam budur ki, yazıda SŞ-lardan imtina təklif edilmir, onları zəncirləmək təklif olunur.

Yuxarıda yazılanlar sırf şəxsi təcrübəyə əsaslanıb və artıq 70-80% uğurla reallaşdırılıb. Bəhrəsi də artıq hiss edilməkdədir. Düzdür, mən heç vaxt A və ya B qədər addiktiv olmamışam, vaxtı normadan bir az çox yalnız FB və Twitterə sərf etdiyim günlər, aylar olub. Amma bu yetərincə pis bir haldır və nə qədər ki, gec deyil, qarşı tədbir görmək yaxşı olar.

Bu prosesi uğurla reallaşdırandan sonra iş prosesimiz qaydasına düşəcək, məhsuldarlığımız xeyli artacaq, işdən sonra isə yaranacaq bol-bol vaxtlara kitab oxuya, filmə baxa, gəzməyə çıxa, dostlarla görüşə və.s. seçimlərdən istifadə edə biləcəyik. Özüm də daxil olmaqla hər birinizə uğurlar. Yazını elə məhz SŞ-ların özündə paylaşaq ki, hamı oxusun. 🙂

Elvin Hacı.

Çıxış keçidləri statistikasının asan tədqiqi

Veb saytlarda yerləşdirilən başqa saytların bannerlərinə olan keçid sayını və ya saytda olan birbaşa fayl yükləmələrinin sayını tədqiq etmək developer üçün daim maraqlı məsələlərdən biridir. Bu istiqamətdə ən tanınmış metod hər hansı out.php və ya download.php faylı yaradıb yükləməni və ya keçidi o faylda qeydə alıb daha sonra redirekt üsulu ilə keçidi tamamlamaqdır. Bu təcrübəli bir veb proqramçı üçün çətin olmayan bir məsələdir.
Bəs təcrübəsiz üçün hər hansı asan yol təklif edə bilərikmi? Və ya CMS-dən istifadə edən müvafiq plugin tapmayan bir developer üçün? Bəli təklif edə bilərik.
Bu yazıda bit.ly servisindən bu məqsədlə istifadə qaydasını təklif edirəm.
Bit.ly saytı uzun linkləri qısaltmaq(əsasən Twitter.com-da) üçün yaradılmış bir servis idi. Amma sonralar Twitter özü avtomatik qısaltmaya keçdi deyə bit.ly-nin bu əsas funksiyası aktuallığını itirdi. Düzdür hələ də istifadə olunur, amma əvvəlkitək yox.
Və beləliklə bit.ly bitly.com-a çevrilib link qısaltma işində bir qədər ətraflı servislər təklif etməyə başladı. Bunlardan biri də bit.ly-də hesab açaraq qısaldılmış linklərin istifadə sayının statistikasını təqdim etməkdir.
Beləliklə tutaq ki,
1. Siz saytınıza site.com saytının bannerini qoymusunuz və sizin saytdan olan keçidlərin sayından daim məlumatlı olmaq istəyirsiniz.
2. Saytınıza hər hansı proqram təminatınızı zip faylı şəklində yükləməyə qoymusunuz və maraqlanırsız ki fayl neçə dəfə yüklənib.
Hər iki hal üçün bitly.com-da sadə qeydiyyatdan keçirsiniz, sağ yuxarıda lazımi linki paste edib qısaldılmış linki alırsınız.

Linki yaratdıqdan sonra qısaldılıb sizə təqdim edilən yeni linki saytınızda olan bannerə qoyursunuz(yükləmə halında isə YÜKLƏYİN sözünı) və daha sonra STATS bölməsindən daim linklərə olan keçid sayını zaman filtri ilə asanlıqla tədqiq imkanına malik olursunuz.

Uğurlar. 🙂

P.S. Saytın developers bölməsində APİ imkanlar da təqdim olunur ki, bunların köməyilə bu prosesi avtomatlaşdırmaq olar. Məsələn çoxsaylı linklər generasiya edən bir saytda hər bir linki əllə yaratmaq əlverişli deyil. Və bunu APİ-lərlə avtomatik reallaşdırmaq olar. Amma bu yalnız təcrübəli developerlərə maraqlı ola biləcək mövzudur.

Samsung Galaxy S2 smartfonunda səsli idarəetməni silmək

Galaxy S2 smartfonu işlədənlərdən ən lazımsız funksiya hansıdır soruşsalar, yəqin ki, “Home düyməsinə iki dəfə basdıqda ekrana çıxan Vlingo səsli idarəetmə sistemidir” cavabını alarlar. Ayarlarda hər hansı normal imkan yaradılmayıb ki, bu bezdirici xidməti home düyməsindən çıxarasan. Bu gün xda-developers.com saytında root imkanı olmadan bu funksiyanın ləğv edilməsi yollarından birinə nəhayət ki, rast gəldim. Deməli addım-addım belə edirik:

1. Go Launcher örtük proqramını quraşdırırıq və açırıq. Bu bizə müvəqqəti lazımdır, sonra da silə də bilərsiniz(Play Store-da Go Launcher yazdıqda ilk çıxan nəticə. Proqram pulsuzdur)

2. Ekranda barmağımızı saxlayaraq çıxan menyudan App-Add seçirik və mavi ikonlu Voice Command ikonunu qeyd edərək OK düyməsini basırıq.

3. Ekrana mavi rəngli adı çəkilən ikon düşəcək. Onun üstündə barmağımızı saxlayırıq, alt menyu çıxır, oradan uninstall seçirik.

Vəssalam. Artıq öz launcher-inizə qayıdıb Go Launcher-i silə də bilərsiniz. Və 2 dəfə Home düyməsini basmaqla Vlingo səs proqramının açılmadığını da yoxlaya bilərsiniz.

Hackathon-2 haqda

Baku GTUG və İlkaddımlar-ın birgə reallaşdırdığı Hackathon-2 Android proqram yarışması başa çatdı. Bu dəfəki müsabiqədə app-lar ilə tanış oldum, ona görə də istədim fikirlərimi yazam. Ümumi qənaət müsbət oldu, az sayda da olsa istedadlı və kreativ developerlərin yetişməkdə olması sevindirməyə bilməz. Bu tip müsabiqələr isə bu prosesə ciddi katalizator rolunu oynayır.
İndi app-lar haqda qısa fikirlərimi və subyektiv ballarımı yazacam, yəqin ki kimsə inciməz 🙂 Çünki burada developerlərin istedad və bacarığına yox, hazırladığı app-a qiymət verilir. App keyfiyyəti isə tək bacarıqdan yox, ayrılan diqqət və zamandan, stimuldan, həvəsdən və.s. faktorlardan asılıdır.

Gombuless:
İdeya – 3/5 – İdeya yaxşıdır, bu tip app-lar çoxdur amma.
Dizayn – 5/5 – Dizaynı çox səliqəli, ürəkaçan, hətta az qala burdakı app-lardan ən yaxşısı.
Funksionallıq – 2/5 – Bir az qarışıqlıq var, ilk daxil olanda çətinlik yaranır ki hardan başlayım necə başlayım. Bir də crash olur tez-tez.
Faktiki faydalılıq  – 3/5 – Reallaşdırılması normaldır, ona görə də maraqlı auditoriya faydalana bilər. Amma update-ə ehtiyacı var.

Kub
Bu proqram sadəcə bir OpenGL kubdan ibarətdir deyə qiymət vermək mümkün deyil.

Polidroid
5/5 – İdeyaya söz ola bilməz, çox lazımlı və çatışmayan bir sahədir.
2/5 – Dizayn elə də ürəkaçan deyil.
1/5 – Funksionallıq pis həll olunub. Ümid edirəm update ilə inkişaf edər, çünki çox lazımlı app-dır.
2/5 – Hazırki durumda faydalılığı elə də çox deyil, çünki çox narahatdır. Amma inkişaf etsə tam faydalı 5/5 bir app olar.

Azdroid
3/5 – İdeya pis deyil, normal fikirdir.
3/5 – Dizayn da play store tərzindədir, bənzədilib, normaldır.
2/5 – Standartdır, maraqlı yanaşma yoxdur, sadəcə düzülüş var, statiklik var.
2/5 – Hazırki vəziyyətdə tam yararlı hesab edilə bilməz, amma gələcəkdə maraqlı funksionallıqlar əlavə edilsə əlaya çevrilə bilər(content auto-translate, user submission və.s.)

Sağlam qida
5/5 – İdeyaya söz ola bilməz, əladır.
2/5 – Dizayn qaneedici deyil
2/5  Funksionallıq da minimaldır
2/5 Potensial olaraq 5/5 faydalıdır, amma hazırda bir az narahatdır.

Catch me if you can
3/5 – Bu tip proqramlar hədsiz çoxdur, yeni nəsə yoxdur ideyada. Amma filmlə assosasiya rəng qatıb.
5/5 – Dizayn çox xoşuma gəldi, qəşəngdir, tam peşəkar app-da hiss edirsən özünü.
4/5 – Funksionallığın da üzərində ciddi işlənildiyi hiss olunur, bəzi kiçik çatışmazlıqlar gözə dəysə də.
2/5 – Bu tip proqram çox olduğuna görə faydalılıq elə də yüksək deyil, amma xaricə çıxarılası app-dır, ümumən qəşəng alınıb.

Xəritə-Guide
4/5 – İdeya maraqlıdır, yığcam app formasında informasiyanı çatdırmaq, maraqlı naviqasiya ilə
2/5 – Vizual yanaşma düzgün olsa da, dizayn realizasiyası zəif təsir bağışlayır.
2/5 – Funksionallıq kafidir, daha da yaxşı ola bilərdi.
4/5 – Faydalılıq hazırki durumda belə yaxşıdır, dizayn və funksional daha yüksək səviyyədə olsaydı lap yaxşı olardı.

TurboTranslate
4/5 – İdeya yaxşıdır, bu tip proqramlar olsa belə.
2/5 – Dizayn zəifdir, standart Android kompontentlərindən kənara çıxılmayıb, ümumi düzülüş də ürəkaçan deyil.
2/5 – Funksional ideyanı tam yansıda bilmir, nə nədir nə nəyə xidmət edir aydın deyil, (məsələn 2 mətn sahəsindən hansına yazmaq, birinci nəyi basmaq və.s. ilk öncə qaranlıq qalır)
2/5 – Faydalılıq 4/5 olmalı idi, amma hazırki duruma görə 2/5

Speedfinger
2/5 – Şərhsiz
1/5 – Şərhsiz
1/5 – Şərhsiz
2/5  – Şərhsiz

Herfler(Yarışaq)
2/5 – İdeya çox standartdır, maraqlı gəlmədi şəxsən mənə.
3/5 – Dizayn orta yaxşıdır.
4/5 – Funksional yaxşıdır, drag-drop və.s. yaxşı qoşulub.
1/5 – Faydalılıq haqda yaxşı nəsə deyə bilmərəm.

EMakler
4/5 – İdeya qəşəngdir, məhdud sahənin işçiləri üçün yaxşı app ideyasıdır(hərçənd praktiki olaraq bizim maklerlər çətin ki belə bir şey istifadə edə 🙂 )
3/5 – Dizayn ortababdır, ortadan bir az da zəif demək olar.
3/5 – Funksionallıq yaxşıdır əslində, sadəcə narahatlıq var, qarışıqlıq var. Hər şey var, amma nə hardadır, çətin əlyetərlidir.
3/5 – Faydalılıq orta səviyyədədir.

EasyAzeri
4/5 – İdeya çox yaxşıdır, bu tip app-lar kaş çox ola.
3/5 – Dizayn ortababdır, üstündə işləyib əla səviyyəyə çatdırmaq olar.
2/5 – Funksional qaneedici deyil.
3/5 – Faydalılıq 5/5 ola bilər, update-də optimizə edilsə.

BullsandCows
2/5 – İdeyanı anlamaq üçün haqqındaya baş vurursan, burada isə çox qəliz cümlələr var.:) Nə deyilmək istənildiyini anlayınca bir neçə dəfə oxumaq lazım
2/5 – Dizayn elə də ürəkaçan deyil.
3/5 – Sadə app olduğuna görə funksional normal reallaşdırılıb.
2/5 – Arabir baş qatmaq olar 🙂

Offline tests
Bu öz app-ımdır, ortabab hesab edirəm ona görə də hər bir bəndə 3/5.

Beləliklə bütüb app-ları dəyərləndirdikdən sonra ən yüksək bal verdiklərimi sıralayım:

Gombuless-13,Kub-?,Polidroid-10,Azdroid-10,Sağlam qida-11,Catch me -14, Xəritə-12, Turbotranslate-10, Speedfinger-6, Yarışaq-10,Emakler-13,EasyAzeri-12,BullsandCows-9, Offline tests-?
Yekun nəticəyə görə ilk üçlüyüm:
1.  Catch me if you can
2. Gombuless
3. Emakler

Təbii ki bu subyektiv nəticədir, hər halda bir neçə münsifin birgə qərarı obyektivə daha yaxın olmalıdır.
Qalibləri təbrik edirəm 🙂