Kənarstan və Ortastan – ətrafı ikiyə bölən 2 “ölkə”

N.Taleb-in Qara Qu (Black Swan) kitabında maraqlı və ətraf mühitimizi anlamaqda, düzgün qərarlar verməkdə kömək ola biləcək bir konsepsiya var – o kitabı oxumayanlar üçün də bu iki anlayış ayrıca anlaşıla bilər deyə, kiçik bir yazı şəklində təsvir etməyə çalışacam.

Deməli, Taleb zaman-zaman müşahidələr aparıb və nəticəyə gəlib ki, bizi əhatə edən davranış modellərini şərti olaraq iki alt-dünyaya bölmək olar: Mediocristan və Extremistan – təxmini tərcümə etsək, Ortastan və Kənarstan.

Ortastan – komfortlu, riskin az olduğu, təxmin edilə bilən dünya.

Kənarstan – təxmin edilə bilməyən, təlatümlü, yüksək riskli dünya.

Həyatda hər gün qərarlar verməli oluruq, ciddi və ya az əhəmiyyətli, fərq etməz. Hər verilən qərar isə özündə müəyyən qədər risk daşıyır.

Continue reading “Kənarstan və Ortastan – ətrafı ikiyə bölən 2 “ölkə””

Miletli Falesin sərvət qazanması

Bu barədə keçən yazımda qısa yazmışdım deyə indi ayrıca kiçik yazı şəklində paylaşıram.

Asimmetrik risklərə tarixdən ən yaxşı nümunələrdən biri, riyaziyyat dərsliklərimizdən də tanıdığımız Miletli Falesin(Thales of Miletus) nəql edilən macərasıdır. Bu əhvalat bizə Aristotelin yazılarından məlumdur.

Ətrafında onun kasıb olduğu üçün elminin və fəlsəsəfinin heç bir işə yaramadağını iddia edənlər varmış.

Fales də bir dəfə qərara gəlir ki, əksini onlara isbat etsin. Çünki kasıb həyat tərzi sürmək Falesin öz seçimi idi, əlacsızlığı deyildi. Qalırdı bunu isbat etmək.

Continue reading “Miletli Falesin sərvət qazanması”

Sonrakı ağıl və pandemiya dövrünün qaçırılan fürsəti

Məşhur milli frazamızı yəqin bilməyən yoxdur – müsəlmanın sonrakı ağlı.

Bu elə bir ağıldır ki, hər çətin situasiyada hər zaman hər şeyin ən doğrusunu tapır, amma bircə qüsur var – bu doğru variant hadisə baş verəndən sonra gəlir ağlımıza. Heç bir faydası olmur və bunu sonrakı ağlımız adlandırırıq.

Sonrakı ağlı indiki ağıla çevirmək doğurdanmı çətindir? Əlbəttə. Sonradan düşünəndə hadisənin sonunu bilirsən deyə ona uyğun düşünürsən və hər şey daha sadə görünür. Və yaxud hadisədən sonra xeyli saat və ya gün keçir və sən bu müddətdə xeyli düşünürsən və daha yaxşı variantlar ağlına gəlir, hansılar ki, qərar vermək üçün cəmi bir neçə saniyə vaxtın olduğuna görə lazım olan anda ağlına gəlməsi çox çətin idi.

Continue reading “Sonrakı ağıl və pandemiya dövrünün qaçırılan fürsəti”

Qanunauyğunluq axtarma mərəzi

İnsan adətən qeyri-müəyyənliyi sevmir. İş prinsipini anlamadığı mexanizmlərin ya iş prinsipini anlamağa çalışır, ya da sadə qanunauyğunluq tapıb qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır. Bu qanunauyğunluq uydurma olsa belə, insan özünü rahatca təsəlli edib nəticəyə qane olur. Yetər ki, qeyri-müəyyənlik yox olsun.

Ta qədimdən bəri təbiət hadisələrinə qarşı uydurulan inanclar məhz bu məqsədlə olub.
“Bir izahı varsa, bu heç izah olmamasından yaxşıdır” – məntiqi ilə.

Konspirasiyaların mütləq əksəri, səfsətələr və.s. bir çox şeylərin təməlində də məhz bu problem yatır. Təkamül zamanı sağqalma nöqteyi nəzərindən bu tip inanclar pozitiv rol oynayıb deyə bunlar bizdə var, yoxsa çoxdan ələnib getmişdi. Bəlli ki, təbiət və ətrafla savaş halında yaşayan qədim insan üçün sadə qanunauyğunluqlar özünüqoruma baxımdan faydalı olub. (məsələn qaranlıqda öz-özünə vahimələnin sənə hücum olacağından çəkinmən – sağqalma nöqteyi nəzərindən faydalıdır. Qaranlıqdan qorxub qaranlıq yerlərə çox getməmək insanı müəyyən real təhlükələrlə qarşılaşma ehtimalını azaldır)

Birdən-birə sıçrayırıq bugünümüzə. Bugünlərdə ABŞ-da baş verən etiraz aksiyalarının səbəbi bildiyiniz kimi, qara dərili vətəndaşın polis tərəfindən öldürülməsi oldu.

Və dərhal internetdə belə şəkil(lər) peyda oldu (bəziləri zarafat üçün və ya veb saytına əlavə trafik qazanmaq üçün hər zaman belə şeylər uydurur )

“Simpsonlarda sən demə bu epizod neçə illər öncədən varmış, demək hər şey plan üzrə gedir, gizli qüvvələr hər şeyi əvvəlcədən planlaşdırıb” – bu tip fikirə inanmaq üçün rasionallıqdan nə qədər uzaq olmaq lazımdır, təsəvvür belə etmək çətindir.

Amma minlərlə insan (heç də hamısı “çox savadsız” kəsimə aid edilməyəcək dərəcədə geniş kütlə) buna inanır və sosial şəbəkələrdə paylaşır.

Niyə? Təməlində nə yatır? ABŞ nifrəti? Xeyr. Qanunauyğunluq olmasına inanmaq istəyi? Bəli.

İnsan bu dünyada bir nizamın, kontrolun olmasını içdən arzu edir – nəinki xaos ilə hər şeyin mürəkkəb və idarəolunmaz təsadüflər nəticəsində ortaya çıxmasını.

“Masonlar bunu 100 il əvvəldən planlayıb” tipli cəfəngiyyata inanan şəxs masonlara nifrət etdiyini düşünsə də, içində rahatlıq tapır ki, hər şeyi idarə edən biriləri var və deməli hər şey idarəedilə biləndir.

Yeni formatda bloq yazıları

Təxminən bir illik fasilədən sonra bloq yazıları yazmağı bərpa edə bildim. Keçən bir il ərzində bloq yazma istəyi azalmamışdı, sadəcə necəsə alınmırdı. Az qala hər həftə yadımda düşdüyü, mənim üçün aktual qaldığı halda.

Bir il müddət keçməsi isə daha ciddi bir təkan oldu ki, nələrsə edim.

Bloq yazmaq istəyim var, amma yazmıramsa, özümü buna məcbur da etmək istəmirəm. Demək ki, ortada bir yanlışlıq var, onu aradan qaldırmaq lazımdır.

Bu yanlışlıq da fikrimcə uzun yazılara yetərincə diqqət və zaman ayıra bilməməyim + bu səbəbdən gec-gec yazmağım = nəticədə də vərdiş olmaqdan çıxması.

Bu səbəbdən də, yeni formatda yazılar ilə davam etmək qərarına gəldim – artıq sosial şəbəkə statusları tipində, qısa-qısa da olsa yazmağı düşünürəm.

Əsas odur, yazı bitkin bir fikri ifadə etmiş olsun. Həm özümü ifadə etməklə, fikrimi yazı ilə ifadə etməklə özümə faydası olsun, həm də maraqlı bilib oxuyan şəxslərə.

Niyə sosial şəbəkədə yox, burada? Bu barədə 2012-ci ildə yazmışam. Və əlavə də olaraq deyim ki, sosial şəbəkə aktual olan nələr üçünsə faydalı platforma olsa da, dəyərli ola biləcək məzmun üçün qəbiristanlıq deməkdir. Göz görə-görə çox yaxşı yazılar yazılır, 100-500 like toplayır və sonra da qeybə çəkilərək gedir. O məzmundan bir daha heç kim yararlana bilmir.

Müstəqil bloq platformasının isə axtarış motoru və digər vasitələrlə daim yeni oxucuları olur. Bəzən 10 il əvvəl yazılmış faydalı bloq yazısı belə oxuduğumuz olur.

Ona görə də bloqa davam. Yeni formatın necə effetiv olacağını isə qarşıdakı bir il göstərəcək.